"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə 2006-cı ildə orta aylıq əməkhaqqı verilməsi haqqında
Çap et

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə 2006-cı ildə orta aylıq əməkhaqqı verilməsi haqqında

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsinin təmin olunması və onlara orta aylıq əməkhaqqı verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2006-cı il dekabrın 30-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, digər aidiyyəti dövlət orqanları və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri:

 

büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra heç bir yerdə işləməyən məcburi köçkünlərin dəqiqləşdirilmiş siyahılarını 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

 

nəzərdə tutulan orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş siyahılar əsasında məcburi köçkünlərə verilməsini təmin etsinlər;

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiya yaşına çatmayan məcburi köçkünlərin müvafiq işlə təmin olunmasının başa çatdırılması üçün konkret tədbirlər görsünlər və bu sahədə görülmüş işlər barədə hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3. Nəzərə alınsın ki, işğaldan sonrakı dövrdə respublikanın ayrı-ayrı regionlarında müvəqqəti məskunlaşmış və işlə təmin olunmuş məcburi köçkünə öz ərizəsi ilə işdən çıxdıqda, həmçinin öz ixtisası üzrə ona təklif olunan və əməkhaqqı bu qərarın 1-ci bəndinə əsasən müəyyən edilmiş əməkhaqqından aşağı olmayan işdən imtina etdikdə, orta aylıq əməkhaqqının verilməsi dayandırılır.

 

4.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin 2007-ci il yanvarın 1-dən başlayaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət yardımı ilə əhatə olunması üçün tədbirlər həyata keçirsin.

 

5. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova həvalə edilsin.

 

6. Bu qərar 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 22 may 2006-cı il

№ 132