«Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki, «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 avqust 1998-ci il
№ 752