Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış, məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddətinin uzadılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddətinin uzadılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1."Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2004-cü il yanvarın 1-dək uzadılsın.
2.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin siyahılarını dəqiqləşdirərək onların işlə təmin olunması barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş forma üzrə hər rübdə həmin nazirliyə təqdim etsinlər.
3.Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əmək haqqının verilməsi əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təqdim olunmuş siyahılar əsasında Birləşmiş Universal Səhmdar Bankı vasitəsilə həyata keçirilsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya, elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbələrinə həvalə edilsinBu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 fevral 2003-cü il
№ 21