Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barüədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 1-ci bəndinin 4 və 5-ci abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydası və məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülmüsi qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 dekabr 1999-cu il
№ 200
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması
QAYDASI
1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən sənəddir.
2. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir.
3. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr,Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xəstəsi daimi qulluq tələb edən ailələr, Milli Qəhrəman ailələri, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınmalıdır. [1]
4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.
5. Məcburi köçkünləri yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalarda məskunlaşdırmaq mümkün olmadıqda, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar.
6.Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
7.Məcburi köçkün ailələri məskunlaşdırılarkən onların hər birinə fərdi yanaşılmalı, əvvəlki peşəsi, sənəti, məşğuliyyəti və digər vərdişləri nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi
QAYDASI
1.Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini tənzimləyən sənəddir.
2.Məcburi köçkünlərin köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir.
3. Məcburi köçkünlər köçürülərkən mənzil sahəsinin həcmi, yararlılığı, su, istilik, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır.
Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır.
4.Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
5.Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.
6. Məcburi köçkün ailələri yeni yaşayış sahəsinə köçürüldükdən sonra onlar mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada güzəşt və imtiyazlardan istifadə edirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59) ilə “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 3-cü hissəsində “Qarabağ əlilləri” sözləri “Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.