Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 1-ci bəndinin 8-ci abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).
2. "Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 dekabr tarixli 587 nömrəli qərarının 3-cü bəndindəki "onların başçılığı" sözlərindən sonra "habelə şəhər və rayonlardakı müvəkkil banklar vasitəsi" sözləri əlavə edilsin.[1]
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 dekabr 1999-cu il
№ 184
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 dekabr tarixli 184 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi
QAYDASI
1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsini tənzimləyən sənəddir.
2.Məcburi köçkünlərə mütəmadi pul yardımları (yemək xərci üçün verilən aylıq müavinət və s.) dövlət büdcəsi hesabına ödənilir.
3.İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edir.[2]
4.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin siyahılarını aldıqdan sonra müavinətin məbləğini müəyyənləşdirir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir.
5.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yemək xərci üçün aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir.
6.Məcburi köçkünlərə mütəmadi pul yardımlarının (yemək xərci üçün verilən aylıq müavinət və s.) paylanılması Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə müvafiq müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə həyata keçirilir.[3]
7.Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımları müstəqil şəkildə həyata keçirirlər. Bu şəxslərin humanitar fəaliyyətini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası əlaqələndirir.
8.Məcburi köçkünlərə mütəmadi pul yardımları (yemək xərci üçün verilən aylıq müavinət və s.) onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan (təhlükəsizliyin tam təmin olunması, adi həyat şəraitinin yaradılması, iş yerlərinin açılması və s.) üç il keçənədək ödənilir.
9.Azərbaycan hökumətinin ünvanına göndərilmiş yardımlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının qərarına əsasən məcburi köçkünlər məskunlaşmış şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən təyinatı üzrə çatdırılır.
10.Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin olunmasına Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla iş şöbəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə şəhər və rayon icra hakimiyyəti orqanları nəzarət edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2001-ci il tarixli 139 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 562)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2002-ci il tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 200)
3. 11 noyabr 2010-cu il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1036)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2001-ci il tarixli 139 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 562) ilə 2-ci bəndi çıxarılmışdır.
[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2002-ci il tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 200) ilə "Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası"nın 3-cü bəndində "ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş" sözləri "hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş" sözləri ilə əvəz edilmişdir.
[3] 11 noyabr 2010-cu il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1036) ilə “Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası”nın 6-cı bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
6.Məcburi köçkünlərə mütəmadi pul yardımlarının (yemək xərci üçün verilən aylıq müavinət və s.) paylanılması işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən təyin edilən məsul şəxslər, habelə şəhər və rayonlardakı müvəkkil banklar vasitəsilə təyinatı üzrə çatdırılır.