"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında
Çap et

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini vermiş, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır.

 

Məktəbin gələcəkdə də səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1.Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2012-ci il

№ 2650