"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
Çap et

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.

 

Dövlət Proqramına uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə qərara alıram:

 

1.Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

 

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

 

3.Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, 2010-cu il Dövlət Neft Fondunun büdcəsi layihəsində bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutsun.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 sentyabr 2009-cu il.

№ 467