"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Çap et

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin  yaxşılaşdırılması və  məşğulluğunun  artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi  haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.

 

Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.

 

Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:

 

1.Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

 

3. Özəl müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. 

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;

 

Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2004-cü il

№ 298