Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Məcburi köçkün ailələrinin sosial iqtisadi vəziyyətini nəzərə alaraq və onların uşaqlarının ali və orta ixtisas təhsil müəssisələrində təhsillərinin davam etdirilməsinə dövlət köməyi göstərmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilsinlər. [1]
2.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2003-cü il
№ 1308
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2011-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 820)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“(“Azərbaycan” qəzeti, 15 sentyabr 2011-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 820) ilə 1-ci hissəsində “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir.