"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər barədə

 

H E S A B A T

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2023-cü il ərzində də ölkədə iqtisadi, sosial, eləcə də xarici diplomatiya sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilmiş, strateji məqsədlərə doğru inamlı addımlar atılmış, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar Azərbaycanın qətiyyətli mövqeyi ilə müşayiət olunmuşdur.

 

Tarixi uğurlarla, dinamik sosial-iqtisadi inkişafla səciyyəvi olan ötən ilin yadda qalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı imzaladığı Sərəncam olmuşdur. Bu il çərçivəsində ölkə daxilində və onun hüdudlarından kənarda müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaratmışdır.

 

Qlobal miqyasda Azərbaycanın il ərzində ən böyük uğurlarından biri də şanlı zəfərimizin beynəlxalq miqyasda tam qəbul olunmasıdır. Ötən dövr ərzində Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq həkk olundu.

 

Vətən müharibəsinin bitməsindən qısa dövr ötməsinə baxmayaraq, Ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri ötən dövr ərzində sürətlə davam etdirilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda qarşıya qoyulmuş, icrası vacib hesab edilən məsələlər keçmiş məcburi köçkünlər üçün təyin olunmuş vahid aylıq müavinətlərin ödənişi, sosial qayğılarının təminatı və bu kateqoriyadan olan soydaşlarımızın müvəqqəti məskunlaşma obyektlərində tələb olunan təmir - bərpa işləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir.

 

“Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq görülmüş işlər

 

- Əhali arasında aparılan sosioloji sorğulara və ilkin proqnozların hazırlanmasına dair

  

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 3.1.1-ci yarımbəndinin icrası ilə əlaqədar, 2022-2026-cı illərdə 45 000 ailəni əhatə edəcək “Məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması” məqsədilə hesabat dövrü ərzində işlər davam etdirilmişdir.

 

İlkin mərhələdə salınması nəzərdə tutulmuş yaşayış məntəqələrindən olan və Respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Tərtər, Xocavənd rayonları) əhali arasında 05.01.2023 - 20.12.2023-cü il tarixlərində 28 818 köçkün ailə (105 170 nəfər olmaqla) arasında sorğular həyata keçirilərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elektron informasiya sisteminə işlənilmişdir. Həmin ailələrdən 26 567 -, yəni 99 079 nəfəri qayıtmaq istəyən, 812  ailə, yəni 2 508 nəfəri müxtəlif səbəblərdən qayıtmaq istəməyən, qayıtmaq istəyi qeyri müəyyən olan ailələr isə 1 440, yəni 3 583 nəfər olmuşdur. Həmçinin, köçməyə razı olan 59 177 məcburi köçkün, yəni 15 749 nəfərlə Komitə arasında ilkin razılaşma protokollarının, qayıtmaq istəməyən 277-si  (898 nəfər olmaqla) imtina protokolları imzalamışdır.

 

“Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə 12500 ailəni əhatə edəcək sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması məqsədilə ADA Universiteti ilə müqavilə bağlanmışdır. Bu istiqamətdə 12 fokus qrup üzrə müxtəlif təbəqələri əhatə edən ailələrin sorğularının nəticələrinin təhlili həyata keçirilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirakı ilə Zəngilan rayonunda və Bakı şəhərində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilmişdir. Ölkə Başçısının həmin şəxslərlə görüşü zamanı verilən suallar və bu istiqamətdə ölkəmizin atdığı addımlar barədə cavablandırmalar dünya ictimaiyyəti ilə yanaşı məcburi köçkünlərin də böyük marağına səbəb olmuşdur.

 

- Bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsinə dair

 

2023-cü il ərzində “Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa edilmiş və ya yeni salınmış yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin köçürülməsi işi davam etdirilmişdir. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 408 ailə (1555 nəfər), Laçın rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinə 380 ailə (1392 nəfər) və Tərtər rayonunun Talış kəndinə isə 20 ailə (90 nəfər) olmaqla ümumilikdə 1186 ailənin (4691 nəfərin) köçürülməsi tərəfimizdən təmin edilmişdir.

 

 - Məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinə dair

 

Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri cari il ərzində də həyata keçirilmişdir. Görülmüş işlər üzrə 48000 nüsxə məlumat kitabçası/ maarifləndirici broşür hazırlanmış, 10 kütləvi tədbir, film nümayişi, müxtəlif media nümayəndələrinin iştirakı ilə 12 məlumat turu keçirilmiş, Komitə əməkdaşlarının yerli televiziya və radio kanallarında çoxsaylı çıxışları təmin edilmiş, həmçinin Böyük Qayıdışa dair müxtəlif mövzuları əhatə edən 95 videoçarxın, sosial şəbəkə hesablarında 365 poster, məcburi köçkünlərin maraqlarını əhatə edən sosial xarakterli 12 reklamın kütləvi informasiya vasitələrində paylaşımı reallaşdırılmışdır. Bundan əlavə, 11 flaşmob təşkil edilmiş, yerli televiziya və radio kanallarında məlumatlandırma-təbliğat sahəsində 50 dən artıq müsahibələr yayımlanmışdır.

 

Tərəfimizdən ərsəyə gətirilən, Qarabağa həsr olunmuş “Bura mənim evimdir” adlı qısametrajlı film Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı İzmir şəhərində, üç mindən artıq filmin nümayişi ilə keçirilən “Vəfa” Beynəlxalq EqeArt Qısa Film müsabiqəsində “Vəfa” mükafatına layiq görülmüşdür.

 

 - İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işlərinə dair

 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Zabux kəndində Baş Plan üzrə I mərhələdə 223 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsinin, sahədaxili mühəndis infrastrukturunun tikintisi başa çatdırılmışdır. Cari ildə Ölkə Başçısı cənab İlham Əliyevin iştirakı ilə kəndin açılışı olmuş, 26 avqust Laçın şəhəri günü münasibətilə yaşayış məntəqəsinin ilk sakinləri ilə görüş keçirilmişdir.

 

Cəbrayıl rayonunun Şükürbəyli (Dəjəl, Şıxalıağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə) kəndi üzrə birinci mərhələdə köçürüləcək ailələrin sayı 635 (cəmi 1042) ailə müəyyənləşdirilmişdir. Hazırlanmış Baş Plan üzrə kənddə bu mərhələdə 1 ədəd 360 şagird-yerlik məktəbin, 2 ədəd 80 yerlik uşaq bağçasının, ailə sağlamlıq mərkəzinin, inzibati binanın, klub-icma mərkəzinin, musiqi məktəbinin və yanğınsöndürmə deposunun tikintisi nəzərdə tutulmuşdur. Əlavə olaraq ticarət binası, məişət evi, idman-sağlamlıq mərkəzi, əczaxana, market layihələndirilməsi və tikintisi nəzərdə tutulmuşdur.

 

Laçın rayonunun Güləbird, Kəlbəcər rayonunun Zar, Yanşaq və Zallar yaşayış məntəqələri üzrə - Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli 3852 nömrəli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sözügedən ərazilərdə tikinti layihələrinin hazırlanması tapşırılmışdır.

 

Eyni zamanda tikintisi nəzərdə tutulan yaşayış məntəqələrinin ərazilərinə baxış keçirilmiş, ilkin məlumatlar toplanılmış, topoqrafik işlər yerinə yetirilmiş və Baş plan üzrə evlərin və sosial obyektlərin yerləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 04 may 2023-cü il tarixində Laçın rayonunun Güləbird, 27 may 2023-cü il tarixində isə Kəlbəcər rayonunun Zallar və Yanşaq kəndlərinin təməlqoyma mərasimləri keçirilmişdir.

 

 - Xüsusi qaynar xəttin yaradılmasına dair

 

Geri qayıdan əhaliyə dəstək, onların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Komitədə “Qaynar xətt” əlaqə mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Komitə tərəfindən açıq tender elan edilmiş, bir sıra iddiaçı şirkətlərin təklifləri qəbul edilmişdir. Hazırda bu istiqamətdə işlər yekunlaşdırılmaqdadır.

 

Məcburi köçkünlərin dayanıqlı məskunlaşması və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair

 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Ölkə başçısı hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərin tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin regionlarda yeni infrastruktur hazır olduqca keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə köçürülməsi həyata keçirilir.

 

2023-cü il ərzində işğaldan azad olunmuş ərazilərdə salınmış yaşayış məntəqələrində 1186 ailə (4691 nəfər) mənzillə (evlə) təmin olunmuşdur.   Bundan əlavə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə respublika üzrə müxtəlif rayonlarda salınmış, məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş Komitənin mənzil fonduna aid qəsəbə və şəhərciklərdə yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinin mütəmadi olaraq yoxlanılması cari dövr ərzində də tərəfimizdən davam etdirilmişdir. Üzürsüz səbəblərdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərə köçlə bağlı təhvil alınmış evlər hesabına hesabat dövründə mənzil-məişət şəraiti ağır olan şəhid ailələri, Qarabağ müharibəsi əlili ailələri, müharibə veteranları yaşayış sahəsi ilə təmin edilmişdir.    

 

Məcburi köçkünlərin sosial qayğılarının təminatına və vahid aylıq müavinətlərin ödənişinə dair 

 

Azərbaycan Respublikası Prezidentinin dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq, 2023-cü il ərzində də qüvvədə olan normativ-hüquqi aktlara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin müvəkkil bank vasitəsilə plastik kartlarla ödənilməsi davam etdirilmişdir.

 

İl ərzində vahid aylıq müavinət alanların siyahılarında mütəmadi olaraq dürüstləşmələr aparılmış, bununla da dövlət vəsaitinə qənaət edilməsinə nail olunmuşdur.

 

Ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşmış və kommunal xidmət  haqları dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilən məcburi köçkünlər tərəfindən istifadə edilmiş - içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində aidiyyəti xidmət təşkilatlarının hesabına vəsait köçürülmüşdür.

 

Məcburi köçkün statusunun verilməsinə və məcburi köçkünlərin müvəqqəti qeydiyyat ünvanlarının dəyişdirilməsinə dair

 

Hesabat dövrü ərzində 13440 məcburi köçkünə özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən yeni status sənədi (məcburi köçkün vəsiqəsi) verilmişdir. O cümlədən, vəsiqənin itirilməsinə və ya yararsız hala düşməsinə görə 98 nəfərə təkrar vəsiqə verilmiş, məcburi köçkünlərin şəxsiyyət vəsiqələrinin məlumatlarında baş vermiş dəyişikliklərə görə  mövcud 117 vəsiqədə isə onlar tərəfindən edilmiş müraciətlər əsasında müvafiq düzəlişlər aparılaraq təsdiq edilmişdir. Vəsiqələrdə qeyd edilən məlumatlar məcburi köçkün vətəndaşların fərdi identifikasiya nömrələri (FİN) ilə elektron reyestr bazasında cəmləşdirilmişdir. Bunun sayəsində  məcburi köçkün statusuna malik olan şəxslərin onların məcburi köçkün statusunu təsdiq edən elektron arayışın asan formada əldə etməsi və eyni ilə zərurət yarandığı hallarda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASAN Xidmət mərkəzləri və digər qurumlar tərəfindən şəxslərin köçkün statusuna malik olub-olmamasının elektron qaydada yoxlanılması təmin edilmişdir.   

 

Məcburi köçkün statusunun müəyyənləşdirilməsi prosesi zamanı əlavə araşdırmalara ehtiyac yaranmışdır ki, bu məqsədlə cari dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər bölmələrinə, əraziləri işğaldan azad olunmuş rayon icra hakimiyyətlərinə, habelə digər nazirlik və komitələrə status almaq niyyətində olan 313 nəfərlə bağlı ümumilikdə 553 sorğu xarakterli müraciət göndərilmişdir.

 

Hesabat dövründə məcburi köçkünlərin qeydiyyat ünvanının dəyişdirilməsi ilə bağlı Komitəyə edilmiş müraciətlər araşdırılmışdır. 375 müraciətə müsbət cavab verilmişdir ki, onlardan 329-u Bakı, Sumqayıt şəhərlərinin  və Abşeron rayonunun, 46-sı isə respublikanın digər şəhər və rayonlarının payına düşür.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərinin asanlaşdırılması, şəffaflıq və operativliyin yaradılması məqsədilə “myGov” sisteminə inteqrasiya ilə bağlı müvafiq işlər aparılmışdır. Hazırda “myGov” sistemində Dövlət Komitəsinə aid 4 xidmət yerləşdirilmişdir:

 

  1. Məcburi köçkünlərin status sənədi haqqında arayış;
  2. Məcburi köçkünlərin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri haqqında məlumat;
  3. Məcburi köçkünlərin vahid aylıq müavinətləri haqqında məlumat;
  4. Məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumat.

 

Məcburi köçkünlərin məşğulluğunun təminatına dair

 

Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən  məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların müvafiq peşələrə yiyələnməsi istiqamətində Komitə tərəfindən 2023-cü il ərzində işlər davam etdirilmişdir.              

                                       

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2022-2026-cı illər ərzində “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi nəzərdə tutulmuşdur. İlkin mərhələdə Laçın rayonunun Zabux və Sus, Kəlbəcər rayonunun Zallar kəndindən olan 45 məcburi köçkün üçün biznes təlimləri keçirilmiş, 40 nəfər fiziki şəxs olaraq vergi ödəyicisi kimi, 5 nəfər isə hüquqi müəssisə kimi qeydiyyata alınmış, peşə və biznes sahələri üzrə alət və avadanlıqlarla təmin edilmişdir.

 

Dövlət Məşğulluq Agentliyi ilə birgə  “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihəyə cəlb olunmaq üçün 2023-ci il ərzində 257 nəfərin adı Dövlət Məşğulluq Agentliyinə təqdim olunmuşdur. “Qarabağda dayanıqlı icma quruculuğu üzrə siyasətin formalaşdırılması” layihəsi  çərçivəsində ümumilikdə 500 nəfərin iştirakı ilə Bakı şəhəri, Bərdə, Tərtər, Ağcabədi və Zəngilan rayonları üzrə 12 qrupda müsahibə və fokus qrup müzakirələri aparılmışdır. “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı”  layihəsi çərçivəsində Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə 223 nəfərə peşə təlimləri keçirilmiş, 123 yeni iş yeri yaradılmışdır.   

 

Məcburi köçkünlərin təhsil imkanlarının artırılmasına dair

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə əməkdaşlığı çərçivəsində azad edilmiş ərazilərə geri qayıdacaq məcburi köçkünlərin kvalifikasiyalarının tanınması məqsədilə 39 nəfər məcburi köçkünün qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığı artırılmış və sonda onlara dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədi təqdim edilmişdir. Geri qayıdacaq məcburi köçkünlərin kvalifikasiyalarının tanınması məqsədilə həyata keçirilən "Qarabağa Qayıdış" şüarı altında "Sosial iqtisadi cəhətdən həssas olan vətəndaşların məşğulluğuna dəstək layihəsi"nin benefisiarları üçün təltifetmə tədbiri 16 fevral 2023-cü il tarixində keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.16-cı yarımbəndinə uyğun olaraq, erməni təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqları arasında ümumi təhsilin əlçatanlığının təmin edilməsi, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 04 sentyabr 2023-cü il tarixində Komitənin və işğaldan azad olunmuş rayon icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə respublikanın müxtəlif rayonlarında məskunlaşmış məcburi köçkün ailələrinin övladlarına müəyyən yaş qrupları üzrə 6798 dəst məktəbli forması, 08 dekabr 2023-cü il tarixində isə 1479 ədəd üst qış geyimi paylanılmışdır.

 

Bundan əlavə, il ərzində Komitəyə təhsil hüququnun həyata keçirilməsi ilə əlaqədar xüsusatlarla bağlı müraciət edən məcburi köçkünlərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə”, 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncamlarına və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq hüquqi yardım göstərilmişdir.

 

Məcburi köçkünlərin məişət problemlərinin qarşılanması ilə əlaqədar müvəqqəti məskunlaşma obyektlərində görülmüş tədbirlər barədə

 

Məcburi köçkünlərin məişət problemlərinin həlli məqsədilə 2023-cü ildə dövlət büdcəsindən sıx məskunlaşma yerlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə il ərzində gündəlik problemlərin qarşılanması üçün ayrılmış vəsait hesabına bir sıra kompleks tədbirlər həyata keçirilmişdir.

 

Belə ki, elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlılığının təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq, 94 dəst kabinəli transformator, 377 dəst artezian nasosu, 1 dəst mühərrikli su nasosu, 2 ədəd elektrik mühərriki, 233085 metr müxtəlif markalı kabel və naqil tələbat yerlərinə çatdırılmışdır.

 

İl ərzində vətəndaşların, icra hakimiyyətlərinin və digər qurumların müraciətləri əsasında təmirə ehtiyacı olan obyektlərə baxış keçirilmiş və 85 tikili üzrə  rəngli metal dam örtüyü və yumşaq dam örtüyü dəyişdirilmişdir. 4 şəhid ailəsi və ya Vətən müharibəsi qazisi ailəsinin evində təmir işləri aparılmışdır.

 

Bundan əlavə, cari ildə yanğın nəticəsində yararsız hala düşmüş 45 mənzil, eləcə də təbii fəlakət zamanı sel suları nəticəsində ziyan dəymiş 1 mənzil təmir olunmuşdur.

 

Bakı şəhəri üzrə müxtəlif ünvanlarda yerləşən pansionat, yataqxana, düşərgə və bu kimi inzibati binalarda məskunlaşmış məcburi köçkünlərin içməli suya olan tələbatının qarşılanması üçün 2023-cü il ərzində ümumilikdə 1868 reys içməli su (19640 t) daşınmışdır.

 

Məcburi köçkünlər üçün salınmış və Komitənin balansında olan qəsəbə və yaşayış komplekslərində aparılmış abadlıq - təmir işləri barədə

                     

Məcburi köçkünlər üçün salınmış qəsəbə və şəhərciklərdə uzun illər istismar olunma nəticəsində binaların fasad və dam örtüklərində, texniki infrastruktur qovşaqlarında, eləcə də qəsəbədaxili yollarda yaranmış qüsurların müəyyən edilməsi məqsədilə Komitənin balansında olan bütün yaşayış komplekslərinə baxış keçirilmiş, təmir-bərpa işlərinin aparılmasına ehtiyac olan qəsəbələr müəyyən edilmişdir. Nəticədə, ümumilikdə 210 yaşayış sahəsi olmaqla Füzuli  rayonu üzrə 50, Goranboy  rayonu üzrə 35, Saatlı rayonu üzrə 14, Ağcabədi rayonu üzrə 5, Abşeron rayonu Mehdabad qəsəbəsi üzrə 10, Masazır qəsəbəsi üzrə 2, Mehdabad qəsəbəsi “Qarant yaşayış masiivi” üzrə 1, Biləsuvar rayonu  üzrə 23, Qaradağ rayon “Qobu park 1-2” qəsəbəsi üzrə 6, “Qobu park 3” qəsəbəsi üzrə 6, Müşviqabad qəsəbəsi üzrə 3, Sabunçu rayon “Ramana - 450” qəsəbəsi üzrə 3, Sabran rayonu üzrə 1, Şirvan şəhəri üzrə 1, Sabirabad rayonu  üzrə 10, Sumqayıt şəhəri 12-ci mikrorayon “1005 ailəlik qəsəbə” üzrə 3, Xətai rayonu üzrə 1, Ağdam rayonu üzrə 24, İmişli rayonu üzrə 6, Mingəçevir şəhəri üzrə 2, Gəncə şəhəri üzrə 1, Binəqədi rayonu üzrə isə 3 mənzil (ev) təmir olunmuşdur.                       

     

Bundan əlavə, Sabunçu rayonu ərazisində yerləşən “Ramana 410” ailəlik məcburi köçkün qəsəbəsində  6 binanın, Qaradağ rayonu “Qobu park 1-2” qəsəbəsində 10 , “Qobu park 3” qəsəbəsində 1, “Ümid” qəsəbəsində 2 binanın dam örtüyü  və fasad hissəsinin təmir işləri yekunlaşmışdır.

 

Qəsəbələrdə yerləşən hündürmərtəbəli binaların lift qurğularının işlək vəziyyəti, pilləkən qəfəslərinin işıqlandırılması daim nəzarətdə saxlanılmış, mövcud yaşıllıqların qorunması və inkişaf etdirilməsi məqsədilə 1700 dən artıq müxtəlif növ ağac əkilmişdir.  

 

          “2023-cü il Heydər Əliyev ili” çərçivəsində görülmüş işlər barədə

 

Komitə ilə Vəkillər Kollegiyası arasında bağlanmış memorandum çərçivəsində, "Heydər Əliyev ili” ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-2” yaşayış kompleksində hüquqi maarifləndirmə aksiyası keçirilmişdir. Tədbir çərçivəsində 50 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilmişdir. Belə ki, onların müraciətləri dinlənilərək aidiyyəti dövlət orqanlarına (qurumlarına) ünvanlanması nəzərdə tutulan müraciətlərin mətni tərtib olunmuşdur.

 

Aprelin 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı ilə birgə tədbir keçirilmişdir. Tədbirdə fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açılmış, qalib Azərbaycan vətəndaşları tərəfindən ümummilli liderin hər zaman yüksək dəyərləndirildiyi, əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyi bildirilmişdir. Komitədə çalışan 13 nəfər əməkdaş YAP sıralarına qəbul edilmiş, bir sıra partiya üzvü isə fəxri fərmanla təltif edilmişdir.

 

Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət etmişdir. Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı önünə gül dəstələri düzülmüşdür. Daha sonra Dövlət Komitəsində davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət qayğısından, bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı ölkə daxilində və xaricində apardığı müdrik və uzaqgörən siyasətindən bəhs edən film nümayiş olunmuşdur.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının “Qızıl qaya” massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə yürüş edilmiş, dahi şəxsiyyətin barelyefi önünə gül dəstəsi qoyulmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnsan resursları və idarəetmə Forumu”nda Komitə əməkdaşlarının iştirakı təmin edilmişdir.

 

Məcburi köçkünlər üçün salınmış qəsəbə və yaşayış komplekslərində "Heydər Əliyev ili” çərçivəsində müxtəlif vaxtlarda ağacəkmə aksiyaları keçirilmişdir.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Komitəsi tərəfindən məcburi köçkün məktəbliləri arasında keçirilən şahmat turniri və ciu-citsu idman növü üzrə yarışda uğur qazanmış yeniyetmələrlə görüş keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

 

İyunun 8-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olmuşlar. Sonra Ulu Öndər Heydər Əliyev tərəfindən qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülmüş genişmiqyaslı tədbirlərdən bəhs edən film nümayiş olunmuşdur. Tədbir Azərbaycanın tanınmış muğam ifaçıları tərəfindən verilmiş konsert proqramı ilə yekunlaşmışdır.

 

İyunun 15-də ATV kanalında “ATV Səhər” verilişində Komitə sədrinin müavini Fuad Hüseynovun təqdimatında “Azərbaycana qurtuluşu bəxş edən ümummilli lider Heydər Əliyev” adlı reportaj və 1993-2003-cü illərdə məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətini əks etdirən film yayımlanmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilmişdir. Fləşmobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan 1000-dən çox sakini iştirak edib.

 

Dekabrın 25-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Laçın Abadlıq Xİdməti” ASC-nin birgə təşkilatçılığı ilə Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti - "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilmişdir. Tədbir iştirakçılarına “Böyük Qayıdış: Heydər Əliyev dühası" filmi təqdim olunmuş, Dövlət Proqramının icrası çərçivəsində təbliğat işlərindən bəhs edən videoçarxlar nümayiş etdirilmişdir. Tədbir  muğam ifaçılarının konsert proqramı ilə yekunlaşmışdır.

 

Məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş tədbirlər barədə 

 

Hesabat dövründə Dövlət Komitəsində xarici ölkələrin, diplomatik korpusların, beynəlxalq təşkilatların və KİV-in nümayəndələri ilə 30-a yaxın görüş keçirilmişdir. Görüşlərdə qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, minalardan təmizlənmə, təhlükəsiz və dayanıqlı məskunlaşma üçün zəruri olan fəaliyyətlərin icrası barədə ətraflı məlumat verilmişdir.

 

O cümlədən, 29 - 31 may tarixlərində Azərbaycana səfər etmiş Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupun (COEST) 40 nəfərlik nümayəndə heyəti ilk olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində olmuşlar. Səfər zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov nümayəndə heyətini işğaldan azad olunmuş ərazilərdə müşayiət etmiş, dövlət rəsmiləri ilə Ağdamda keçirilən görüşdə təqdimat ilə çıxış etmişdir.

 

22 iyun 2023-cü ildə ADA Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (İDD) birgə təşkil etdiyi "Əcnəbi Diplomatlar üçün Qabaqcıl Xarici Siyasət Proqramı" çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 23 xarici diplomata mühazirə demişdir. Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, qarşılaşdıqları çətinliklər, sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti, “Böyük Qayıdış” prosesi haqqında məlumat verilmişdir.

 

Məcburi köçkünlərlə əlaqədar keçirilmiş mədəni - kütləvi tədbirlər barədə

 

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq, yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya ölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşımışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsinə dair 2 təlim keçirilmişdir. Təlimlər yanvarın 28-də Bərdə rayonunun Həsənqaya kəndində 866 mənzilli məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 3 nömrəli tam orta məktəbdə, “Yeni qəsəbə” adlanan ərazidə yerləşən Kəlbəcər rayon 79 nömrəli ümumi orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə və fevralın 16-da Bərdə rayonunun Həsənqaya kəndində 866 mənzilli məcburi köçkün qəsəbəsində qapı-qapı sessiyaları şəklində həyata keçirilmişdir.

 

2 fevral “Gənclər günü” münasibəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bir qrup məcburi köçkün gənclərlə görüş keçirilmişdir. Tədbirdə Vətən müharibəsində qazanılan tarixi zəfərdə gənclərimizin rolu, onların Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər olması böyük məmnunluq hissi ilə qeyd olunmuşdur. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələrin düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacib olduğu vurğulanmışdır.

 

Martın 17-də “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadi inkişafı” layihəsi çərçivəsində iki sosial sahibkarlıq subyektinin təqdimatı olmuşdur. Tədbirdə əhalinin aztəminatlı təbəqəsinin maddi rifahının yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına müsbət təsir göstərən sosial sahibkarlıq təşəbbüslərin daha da genişlənməsinin vacibliyi vurğulanmış, məcburi köçkün icmalarının bu sahədə fəaliyyətinə dəstəyin davam etdiriləcəyi bildirilmişdir.

 

Aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbə   cər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilmişdir. Görüşdə Dövlət Proqramına müvafiq olaraq hazırlıq, bərpa və yenidənqurma işləri ilə bağlı məcburi köçkünlərin rəy və təklifləri dinlənilmiş, onların sualları cavablandırılmışdır. Mayın 8-də Dövlət Komitəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya, məcburi köçkünlük və qaçqınlıq problemlərinin həllində beynəlxalq təcrübə məsələlərinə həsr olunmuş tədbir Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun moderatorluğu ilə keçirilmişdir. Mövzu ilə bağlı müzakirədə Bohum Universitetinin (Almaniya) Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze, Şimali Karolina Universitetinin (ABŞ) professoru Əli Əsgərov, Bakı Dövlət Universitetinin professoru Əlimusa İbrahimov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Aydan Seyidova, İlkin Abdıyev, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Anar İskəndərov iştirak etmişdir. Tədbir iştirakçıları qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların repatriasiyası və reinteqrasiyası ilə bağlı dünyada mövcud olan təcrübə və beynəlxalq hüququn prinsiplərinə əsasən geri qayıdışının təmin edilməsi ətrafında fikirlərini bildirmişdir. 

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təhsil və idman sahəsində uğur əldə etmiş bir qrup məcburi köçkün məktəbli ilə görüş keçirilmişdir. Görüşdə onların ölkəmizin layiqli vətəndaşları olacaqları və vətənə daim fayda verəcəkləri əminliyi ifadə edilmişdir.

 

Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin      74-cü sessiyasında iştirak etmiş, Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq və deportasiya siyasəti, onun tarixi və nəticələri, bu siyasət nəticəsində ağır məhrumiyyətlərlə üzləşmiş qaçqın və məcburi köçkünlər və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı haqqında ətraflı məlumat vermişdir.  

 

Oktyabrın 26-da Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi (AİİATRM) tərəfindən Bərdə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlərə dair məlumatlandırma seminarı keçirilmişdir.

 

Noyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyasında iştirak etmiş, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən tədbirlərlə bağlı geniş məruzə ilə çıxış etmişdir.

 

Noyabrın 23-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin dəstəyi ilə “Gələcək indi” konsept ideyası ilə Təhsil Menecmenti Zirvəsi təşkil edilmişdir. Dövlət qurumlarının nümayəndələrinin, qabaqcıl təhsil müəssisələrinin rəhbərlərinin, elmi işçilərin, ictimai fəalların iştirakı ilə keçrilən tədbir üç paneldən ibarət olmuşdur. Panel müzakirələrində gənc nəslin təhsili, düzgün peşə və ixtisas seçimi, bu sahədə beynəlxalq təcrübə, praktik zəkaların formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində dövlət və qeyri-dövlət sektorlarının əməkdaşlığı məsələlərinə diqqət yetirilmiş, dünya ölkələri təhsil sistemində istifadə edilən yeni metodologiya və terminlər təhlil edilmişdir.

 

Noyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə təşkil edilmiş "Başarı seminarı”nda Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və məcburi köçkün gənclər iştirak etmişlər.

 

Noyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları İcma inkişafı məsələləri üzrə təlimdə iştirak etmişlər. Təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi əsasında, Beynəlxalq Əməkdaşlıq üzrə Alman Agentliyi (GİZ) ilə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi çərçivəsində təşkil olunmuşdur.

 

Dekabrın 11-də Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edilmişdir.        

 

Dekabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Niderlandın “Mine Mark” Fondunun dəstəyi ilə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları “Zəngilan” şəhərciyində məktəblilər üçün mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.

 

Dekabrın 28-də opera və klassik musiqi ifaçılığı sahəsində dünyanın tanınmış müğənnilərindən olan yaponiyalı Masaşi Tomosuqinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində konsert proqramı təşkil olunmuşdur.

 

Məcburi köçkünlərin müraciətlərinə baxılması ilə əlaqədar

 

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə rəhbəri tərəfindən hesabat dövrü ərzində 12 görüş keçirilmişdir. Təşkil olunmuş görüşlərdə 509 məcburi köçkün qəbul edilmiş, onların problemləri dinlənilərək müraciətlərinə aidiyyəti üzrə baxılmışdır.

 

Bundan əlavə, Komitənin inzibati binasında fəaliyyət göstərən “Qaynar xətt” xidmətinə 2023-cü il ərzində mövcud iş saatlarında ümumilikdə 4625 zəng daxil olmuşdur ki, onlardan 656-sı mənzil-məişət şəraiti, 1137-i işğaldan azad olunmuş ərazilərə qayıdış, 568-i vahid aylıq müavinət, 155-i müvəqqəti qeydiyyat, 337-si məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi, 225-i qəbul, 67-si məşğulluq, 29-u işğaldan azad olunmuş ərazilərə geri qayıdışla bağlı keçirilmiş sorğular, 119-u FHN-in “112” Qaynar xəttindən müxtəlif hadisələrə, 1332-si isə digər məsələlərə dair təşkil etmişdir. Daxil olan telefon zəngləri operativ qəbul edilmiş, zəruri hallarda aidiyyəti üzrə məsul şəxslərə yönləndirilməklə araşdırılaraq cavablandırılmışdır.

 

Komitə tərəfindən yuxarıda qeyd olunan və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində növbəti ildə də əməli fəaliyyətin davam etdirilməsi və müsbət nəticələrin əldə olunması üzrə planlı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.