"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu il ərzində görülmüş işlər barədə
Çap et

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu il ərzində görülmüş işlər barədə

  

    M Ə L U M A T

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi nəticəsində öz doğma yurdlarından məcburi köçkün düşmüş soydaşlarımızın müvəqqəti məskunlaşdıqları yerlərdə bütün sosial qayğılarla əhatə olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasi kursun prioritet istiqamətlərindən hesab olunur. Belə ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bütünlükdə 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanmış,  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  224 qərar və sərəncam verilmiş,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  11 qanun qəbul edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamlarla edilmiş 2 Əlavəyə uyğun olaraq, arxada qoyduğumuz illər ərzində bir-sıra tədbirlər həyata keçirilmiş və həmin proqramın icrası bu gün də uğurla davam etdirilir. Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə problemə həsr olunmuş 1 beynəlxalq konfrans və 2 geniş müşavirə keçirilmişdir. 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbənin ləğvi  2007-ci ildə, 16 fin tipli qəsəbədən sonuncusunun ləğvi isə 2016-cı ildə başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq, Azərbaycan 26 aprel 2012-ci ildə daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir. 

 

2016-cı ilin Aprel Zəfəri Azərbaycan xalqının öz torpaqlarının işğal olunması ilə heç zaman barışmayacağını bir daha sübuta yetirdi. Düşmənin daim atəş altında saxladığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, eləcə də Tərtər rayonunun Şıxarx qəsəbəsi, ətraf yüksəkliklərin Azərbaycan ordusunun nəzarətinə keçməsi ilə təhlükədən azad edildi və bununla da soydaşlarımızın öz əzəli torpaqlarına Böyük Qayıdışının təməli qoyuldu. Az müddət ərzində Cocuq Mərcanlıda 150 fərdi evlərdən, Şıxarxda isə 4 mərtəbəli 34 binadan ibarət, mindən artıq ailənin yaşadığı qəsəbə salındı.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən yenidən qurulan qəsəbələrdə insanların rahatlığı üçün zəruri olan və müasir tələblərə cavab verən hər cür infrastruktur yaradılmışdır.Ümumilikdə 1993-2019-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial - texniki infrastruktura malik, həyətyanı sahəsi olan fərdi evlərdən, çoxmənzilli binalardan ibarət 110 müasir qəsəbə və yaşayış kompleksi salınmışdır ki, bunun dа 311,2 min kvadrat metr ümumi yaşayış sahəsinə malik  olan 8  yaşayış kompleksi və 1 binadan ibarət yaşayış məntəqəsi 2019-cu ildə istifadəyə verilmişdir. Məcburi köçkünlər üçün  salınmış qəsəbə və yaşayış məntəqələrində infrastrukturun təmin edilməsi məqsədilə 2019-cu ilin sonunadək ümumilikdə 162 orta təhsil məktəbi, 71 uşaq bağçası, 66 klub-icma və mədəniyyət mərkəzi, 7 inzibati bina, 65 tibb məntəqəsi, 3 rabitə evi, 2 Olimpiya idman kompleksi, 1 polis məntəqəsi  və  mərasim evi istismara verilmişdir. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 1993 - 2019-cu illər ərzində ümumilikdə 7,7 milyard manata yaxın vəsait sərf edilmişdir ki, bundan da təxminən 3,8 milyard manatı dövlət büdcəsinin,  2,5 milyard manatı Dövlət Neft Fondunun və 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və digər təşkilatların vəsaiti hesabına xərclənmişdir. Bu vəsaitin 87 %-ni təşkil edən 6,7 milyard manata yaxın hissəsi 2004 – 2019-cu illər ərzində -  son 16 ildə istifadə olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ildə məcburi köçkünlərlə 3 dəfə (Kürdəxanı və Pirallahı qəsəbələrindəki və Lökbatan qəsəbəsindəki “Qobu Park-2”  yaşayış komplekslərinin açılışında) görüş keçirmişdir. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva  Ölkə Başçısının keçirdiyi görüşlərdə iştirak etməklə yanaşı, 26 aprel və 26 avqust 2019-cu il tarixlərində müvafiq olaraq, Azərbaycan Dövlət Tibb Universitetinin 4 nömrəli yataqxanası və Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirlərdə məcburi köçkünlərlə görüşmüş, onların problemlərini dinləyib, tapşırıq və tövsiyyələrini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin altı  sərəncamı ilə əvvəllər qəbul olunmuş qərar və qanunlara düzəlişlər edilmiş, o cümlədən 2019-cu il 16 yanvar tarixli Qərarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi müəyyən edilmişdir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış islahatlar və görülmüş işlər barədə

 

2019-cu ilin əvvəlindən etibarən Komitənin idarə strukturu daxilində müəyyən dəyişikliklər aparılaraq,  yeni – İnformasiya texnologiyalarının tətbiqi və elektron xidmətlər şöbəsi yaradılmış və “Çağrı mərkəzi”nin əsasında “Qaynar xətt” məlumat xidməti fəaliyyətə başlamışdır. Komitə sədrinin 2019-cu il 15 yanvar tarixli 4s nömrəli Sərəncamına əsasən Komitənin tabeliyində fəaliyyət göstərən Təchizat və İstehsalat İdarəsinin balansında olan kiçik istehsal sahələrinin işinin səmərəliliyinin artırılması və fəaliyyətin optimallaşdırılması məqsədilə xırda sexlər vahid Baza Sənaye Kombinatında birləşdirilmişdir. Komitənin həyətində abadlıq işləri aparılmış və vətəndaşların qəbulu otağı müasir üslubda yenidən qurularaq, zəruri elektron və rabitə vasitələri ilə təchiz edilmişdir.

 

2019-cu il ərzində 47 nəfər, o cümlədən 7 nəfər idarə aparatında işə qəbul olunmuş, 45 nəfər isə şəxsi təşəbbüsü ilə işdən azad edilmişdir. 24 nəfər Dövlət İmtahan Mərkəzindən uğurlu nəticələr əldə edərək, sertifikatlarla təmin edilmiş və dövlət qulluqçusu olmaq üçün müsahibəyə təqdim olunmuşdur.  Komitədə uzun illər qüsursuz fəaliyyət göstərmiş  4 nəfər dövlət qulluqçusu, rəhbərliyin təqdimatına əsasən  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2019-cu ilin yekunlarına əsasən Komitənin mərkəzi aparatında və tabeli təşkilatlarda çalışan əməkdaşların ümumi sayı 1.708 nəfər təşkil etmişdir ki, o cümlədən 73 nəfər  mərkəzi aparat işçiləri, 82 nəfər rayonlar üzrə nümayəndəliklər və 1.356 nəfər isə Mənzil İstismar Departamentinin yerlərdə fəaliyyət göstərən Mənzil Kommunal İstismar sahələrinin işçilərindən ibarət olmuşdur. Təchizat və İstehsalat İdarəsində 85 nəfərin fəaliyyət göstərdiyi qeydə alınmışdır. Hesabat ili ərzində 55 nəfər gənc könüllü Komitədə fəaliyyətə başlamış, onlardan 38 nəfərinin fəaliyyət müddətinin başa çatma ilə müvafiq sertifikatlar verilərək, gələcək karyeralarını qurmaq məqsədilə Komitəni tərk etmişlər. 2019-cu ilin sonuna 17 nəfər könüllü gənc müəyyən təcrübə toplamaq məqsədilə fəaliyyətini davam etdirir. Komitənin rəsmi internet saytı yeni domendə - idp.gov.az istifadəyə verilmişdir. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən rəsmi internet saytı tam olaraq yeni dizaynda yığılmış, əlavə bölmələrlə zənginləşdirilmişdir. Dövlət Komitəsinin rəsmi sosial şəbəkə hesabları sayta inteqrasiya olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsis etdiyi “Vətən səsi” qəzetinin məzmun və quruluşunda dəyişikliklər edilmiş - Yeni saytda  “Azərbaycan”, “Məcburi köçkünlər”, “Fəaliyyət” və  “Müraciətlər”  bölməsi istifadəyə verilmişdir. Məcburi köçkünlər tərəfindən daha çox ünvanlanan suallarla bağlı “Sual-cavab” bölməsi, gənclərin Dövlət Komitəsində könüllülük fəaliyyətinin təşviq edilməsi üçün “Könüllülər” bölməsi də yaradılmışdır.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elektron informasiya bazasının qurulması istiqamətində 2018-ci ildə başlanmış işlər cari il ərzində davam etdirilmişdir. Belə ki, məcburi köçkünlərin Vahid Məlumat Bazası yaradılmış, mərkəzləşdirilmiş informasiya sisteminin digər dövlət qurumlarına inteqrasiyası təmin edilmiş və məlumat bazası əsasında müxtəlif elektron xidmətlərin tətbiqinə başlanılmışdır. Elektron Sənəd Dövriyyəsi və kadrların uçot sistemi qurulmuş, eləcə də müraciətlərin qeydiyyatı üzrə işlərə başlanılmışıdr. Ölkə üzrə məcburi köçkünlərin cins və yaş kateqoriyalarına görə sayı dəqiqləşdirilmiş,  Komitənin yerli sektorlarından və yerli icra hakimiyyətlərindən əldə olunmuş  məlumatlar hesabına haqqında bütün məlumatlar tam toplanmış 592.929 məcburi köçkün barəsində göstəricilər məlumat bazasına köçürülmüşdür. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.

 

Məcburi köçkünlərin mənzil  problemlərinin həlli ilə bağlı görülmüş işlər

 

2018-ci ilin sonunda inşaat işləri başa çatdırılaraq, istifadəyə verilmiş –

 

Bakı şəhərinin Qaradağ rayonunda salınmış 300 mənzilli, 140 uşaq yerlik  uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati binadan  ibarət “Ümid-2” qəsəbəsinə;

Abşeron rayonu ərazisində (Sumqayıt d/y st-nın yaxınlığında) salınmış 1.001 mənzilli,  792 şagird yerlik orta təhsil məktəbi, 140 uşaq yerlik uşaq bağçası, tibb məntəqəsi,  klub-icma mərkəzi, inzibati bina və rabitə evi ilə təmin edilmiş yaşayış kompleksinə;    

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda inşa edilmiş 1.005 mənzilli, 450 şagird yerlik orta təhsil məktəbi və 60 uşaq yerlik uşaq bağçası ilə təmin edilmiş yaşayış kompleksinə 2019-cu ilin əvvəlindən etibarən məcburi köçkünlərin köçürülməsinə  başlanılmış və hesabat ilinin I rübü ərzində köçürülmə başa çatdırılmışdır.

 

2019-cu ilin  aprel ayından başlayaraq istifadəyə verilmiş –

 

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilmiş 810 mənzilli, 560 şagird yerlik orta təhsil məktəbi, 280 uşaq yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina və rabitə evi ilə təmin edilmiş yaşayış kompleksinə; 

Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsində inşa edilmiş 306 mənzilli, 220 şagird yerlik orta təhsil məktəbi, 150 uşaq yerlik uşaq bağçası və inzibati bina  ilə təmin edilmiş yaşayış kompleksinə; 

Beyləqan rayonu ərazisində inşa edilmiş 146 fərdi yaşayış evləri, 150 şagird yerlik orta təhsil məktəbi, 50 uşaq yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina və tibb məntəqəsi ilə təmin edilmiş məcburi köçkün qəsəbəsinə; 

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilmiş 1300 mənzilli, 780 şagird yerlik orta təhsil məktəbi, 220 uşaq yerlik uşaq bağçası ilə təmin edilmiş   “Qobu Park-2” yaşayış kompleksinə  2019-cu ilin noyabr ayında məcburi köçkünlərin köçürülməsi tam başa çatdırılmışdır.

 

2019-ci ilin sonunda inşaat işlərinin başa çatması ilə  istifadəyə verilmiş  –

 

Şirvan şəhəri ərazisində inşa edilmiş 685 mənzilli, 540 şagird yerlik orta təhsil məktəbi, 140 uşaq yerlik uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina ilə təmin edilmiş yaşayış kompleksinə; 

Göyçay rayonu ərazisində inşa edilmiş 80 mənzilli  yaşayış binasına;

Kürdəmir rayonu ərazisində inşa edilmiş 564 mənzilli,  432 şagird yerlik orta təhsil məktəbi, 140 uşaq yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ATS binası və inzibati bina ilə təmin edilmiş yaşayış kompleksinə; 

Ucar rayonu ərazisində inşa edilmiş 250 mənzilli, 220 şagird yerlik orta təhsil məktəbi, 100 uşaq yerlik uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina ilə təmin edilmiş yaşayış kompleksinə;

Göygöl rayonu ərazisində inşa edilmiş 130 mənzilli binalardan ibarət yaşayış məntəqəsinə;

2019-cu ilin son günlərindən  məcburi köçkünlərin köçürülməsinə başlanılmış və köçürülmə işlərinin 2020-ci ilin ilk aylarında  tam başa çatdırılması nəzərdə tutulmuşdur.

 

2020-ci ilin ilk aylarında inşası yekunlaşan  –

 

Ağcabədi rayonu, Taxta körpü qəsəbəsi ərazisində inşa edilən 645 fərdi yaşayış evlərindən, 2 ədəd 192 və 1 ədəd 108 şagird yerlik orta təhsil məktəbləri,  tibb məntəqəsi və  inzibati bina ilə təmin edilmiş 3 məcburi köçkün qəsəbəsinə; 

Füzuli rayonu ərazisində inşası davam edən 95 fərdi yaşayış evlərindən ibarət yeni qəsəbəyə -

2020-ci ilin I rübünün sonlarından məcburi köçkünlərin köçürülməsinə başlanılacaqdır.

 

Yeni qəsəbələrdə yaradılmış infrastrukturun idarə olunmasına dair

 

Əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin müraciətləri nəzərə alınaraq, istifadəyə verilmiş yaşayış kompleksləri və qəsəbələrdə inşa edilmiş infrastruktur obyektlərdə köçkün düşmüş təhsil və mədəniyyət müəssisələrinin fəaliyyət göstərməsinə şərait yaradılmışdır. Belə ki,

 

Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksində fəaliyyət göstərən orta təhsil məktəbinə - 7 nömrəli Şuşa, 38 və 39 nömrəli Ağdam, eləcə də 45 nömrəli Füzuli orta təhsil məktəbləri;Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsində inşa edilmiş orta məktəbə - Laçın rayonunun məktəbi;Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park” və “Qobu Park-2” yaşayış komplekslərindəki orta məktəblərə - 32 nömrəli Ağdam, 47 nömrəli Füzuli, 29 nömrəli Laçın və 20 nömrəli Zəngilan məktəbləri köçürülmüşdür.2019-cu ilin sonunda bölgələrdə istifadəyə  verilən yeni qəsəbələrdə yaradılmış infrastruktur obyektləri, o cümlədən məktəb və uşaq bağçaları  - Şirvan şəhərindəki qəsəbə üzrə Füzuli, Kürdəmir rayonundakı qəsəbə üzrə Ağdam və Laçın, Ucar rayonundakı qəsəbə üzrə Kəlbəcər, habelə Beyləqan rayonundakı yaşayış məntəqəsi üzrə Xocavənddən olan məcburi köçkün təşkilatlarının ixtiyarına verilmişdir.Abşeron rayonu ərazisindəki yaşayış kompleksində inşa edilmiş orta təhsil məktəbinə - Füzuli və Laçın rayonlarının məktəbləri yerləşdirilmiş, digər infrastruktur obyektləri – uşaq bağçası, klub-icma mərkəzi və tibb məntəqəsi isə Qubadlı rayonunun müvafiq qurumlarının istifadəsinə verilmişdir.Qeyd olunan obyektlərdə fəaliyyət göstərən işçi personalı əsasən həmin rayonlardan olan məcburi köçkünlərdən təşkil edilmişdir.Habelə, Komitənin Təchizat və İstehsalat İdarəsinin tabeliyində fəaliyyət göstərən Baza- Sənaye Kombinatının sexlərində, eləcə də Mənzil İstismar Departamentinin qəsəbələrdə yaradılmış Mənzil Kommunal İstismar sahələrində çalışan işçi heyətinin böyük əksəriyyəti də məcburi köçkün vətəndaşlardan təşkil edilmişdir.   

 

Məcburi köçkünlərin kommunal xərcləri və sosial müavinətləri ilə bağlı

 

Dövlət büdcəsindən məcburi köçkünlər  və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının dəqiq təmin edilməsi və catdırılması mexanizminin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi” haqqında 2017-ci il 23 yanvar tarixli 1206 saylı Fərman imzalanmış, həmin fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 saylı qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq olunmuşdur. Nəzərdə tutulmuş tapşırıqların icrasında xətalara yol verilməməsi, vahid aylıq müavinət şamil edilən məcburi köçkünlərin siyahılarının  düzgün tərtib edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  2019-cu il 19 iyul tarixli 8s saylı əmri ilə Komitənin tərkibində müvafiq komissiya və komissiyanın tabeliyində işçi qrupu yaradılaraq, fəaliyyətə başlamışdır.Azərbaycan Respublikası Prezidentinin dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq,  mövcud  normativ-hüquqi aktlara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin  müvəkkil bank vasitəsilə plastik kartlarla ödənilməsi qərara alınmış, nəticə etibarı ilə bu sahədə məmur-vətəndaş ünsiyyəti tam aradan qaldırımış və şəffaflıq təmin edilmişdir.Yeni qaydaların icrası zamanı vahid aylıq müavinətin verilməsi şamil olunmayan məcburi köçkünlər tərəfindən edilən yazılı və şifahi müraciətlər komissiyanın işçi qrupu tərəfindən araşdırılmış, haqlı müraciətlərin həlli təmin edilmiş, digərlərinə isə qaydaların tələblərinə uyğun olaraq müfafiq izahat və tövsiyələr verilmişdir. Komissiyanın işinin dürüst və şəffaf şəkildə qurulması, daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılması və bu sahədə məcburi köçkünlərlə maarifləndirmə işlərinin gücləndirilməsi hesabına əvvəlki aylarla müqayisədə 2019-cu ilin ortalarından müraciətlərin sayında kifayət qədər azalmalar müşahidə olunmuşdur.2019-cu ilin əvvəlinə bir nəfər məcburi köçkünə ödənilən vahid aylıq müavinətin məbləği fərdi yaşayış evlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə bütün kommunal xidmət xərclərinin onların özləri tərəfindən ödənilməsi şərtilə ayda  40 manat və təbii qazla təmin olunmayan, sayğac quraşdırılmayan kompakt məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərə isə kommunal xərcləri dövlət büdcəsindən xidmət təşkilatlarına ödənilməklə,  vahid aylıq müavinət 22 manat təşkil etmişdir. Lakin ölkədə gedən iqtisadi inkişaf fonunda, Azərbaycan Respublikası Prezidentinin məcburi köçkün vətəndaşlarına olan qayğısından irəli gələrək,  dövlətin maliyyə imkanları bir daha nəzərdən keçirilmiş və ölkə başçısının imzaladığı 2019-cu il 26 fevral tarixli - “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması” barədə Sərəncama əsasən 2019-cu ilin 1 aprel tarixindən etibarən vahid aylıq müavinətlərin məbləği 50% artırılmaqla, müvafiq olaraq – 60 və 33 manat həddində təyin edilmişdir.Bu sərəncamın icrası ilə 2019-cu il ərzində orta hesabla 495.306 nəfər məcburi köçkünə ödənilmiş vahid aylıq müavinətin ümumi məbləği  304.908.244 manat təşkil etmişdir. 2019-cu ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi orta hesabla 956 manat təşkil etmişdir ki, bu göstərici, oxşar kateqoriyadan olan insanlara ayrılan vəsaitin həcminə görə dünya dövlətləri arasında ən yüksək göstəricilərdəndir və araşdırmalara əsasən qeyd olunan vəsaitin həcmi son illər artmaqda davam edərək, aşağıdakı kimi qeydə alınmışdır:

 

Dövr

Xərclənən vəsaitin məbləği

Yoxsulluq həddi

2003-cü ildə

226 manat

75%

2015-cı ildə

840 manat

14%

2016-cı ildə

750 manat

13%

2017-ci ildə  

785 manat

12%

2018-ci ildə  

937 manat

12%

2019-cu ildə

956 manat

8%

       

Məcburi köçkünlərin təhsil alması və məşğulluğunun təminatı ilə bağlı

 

Məcburi köçkünlər üçün yaradılmış əsas imtiyazlardan biri - Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli  və 2011-ci il 14 sentyabr tarixli sərəncamları ilə ali və orta ixtisas təhsili müəssisələrində ödənişli bölmələrdə təhsil alan məcburi köçkünlərin təhsil haqqı ödəməkdən azad edilməsi olmuşdur. 2019-cu ilin əvvəlinə olan məlumatlara əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblərdə və orta texniki – ixtisas peşə təhsili ocaqlarında, ödənişli təhsil bölməsində 12.426 nəfər məcburi köçkün tələbə  təhsil almışdır ki, həmin tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən təkcə 2019-cu il üzrə 18,3 milyon manat vəsait  ayrılmışdır.

 

2019-cu ilin fevral ayından bir nəfər məcburi köçkün gənc  Koreya Respublikası səfirliyinin dəstəyi ilə bakalavr təhsili  almaq üçün Cənubi Koreyaya yola salınmışdır.2019-cu il ərzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin  ölkədaxili miqrasiyasına nəzarət olunması, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə məcburi köçkün ailələrinin vahid uçot sisteminin yaradılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Məcburi köçkünlərin müvəqqəti qeydiyyatında dəyişikliyin aparılması yalnız müvafiq şöbə  tərəfindən məzkəzləşdirilmiş qaydada icra olunmuş,  köçürülmə obyektlərinə müvəqqəti qeydiyyatın aparılmasına xüsusilə ciddi nəzarət təşkil edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş Əlavənin II bəndində məcburi köçkünlər arasında məşğulluğun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi öz əksini tapmış və aidiyyatı dövlət orqanlarına məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə onlara güzəştli kreditlərin verilməsi, kiçik emal sexlərinin, aqro-servis mərkəzlərinin, xalçaçılıq, toxuculuq və s. sexlərinin yaradılması üçün müvafiq tapşırıqlar  verilmişdir. 2003-cü ildən etibarən məcburi köçkünlərin məskunlaşdığı qəsəbə və yaşayış komplekslərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sakinlərinin müraciəti nəzərə alınaraq, ümumilikdə 2019-cu ilin sonunadək 106 qəsəbə  üzrə 451 qeyri-yaşayış və torpaq sahəsi müqavilə əsasında sakinlərin istifadəsinə verilmişdir.2019-cu ilin əvvəlinə olan göstəricilərə əsasən əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil etmişdir ki, bunlardan 200  min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin edilmişdir.Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi  Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin tərkib hissəsi olan    “Məcburi Köçkün Gənclərin Dəstəklənməsi” proqramına əsasən şəxsi biznes fəaliyyəti ilə məşğul olan gənclərin dəstəklənməsi məqsədilə  2019-cu ildə 4.664.108 manat vəsait ayrılmışdır  ki, bu məbləğin də 2.128.024 manatı tədris-təcrübə kursunu başa vurmuş müdavimlərə iş alət və avadanlıqların alınmasına sərf edilmişdir.Azərbaycan Hökumətinin Dünya Bankı ilə bağlanmış kredit sazişi çərçivəsində Azərbaycan Hökumətinin payından 2.090,0  min manat, eləcə də Dünya Bankının pay hissəsindən 12.761,5 min manat məbləğində vəsait ayrılaraq, 2019-cu il ərzində məcburi köçkünlərin məşğulluq və sosial problemlərinin həlli üçün istifadə edilmişdir.2019-cu il ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən ümumilikdə 1.615 nəfər məcburi köçkün  işlə təmin olunmuş, 155 nəfər işsizlik statusu almış, 126 nəfər peşə hazırlığı kursuna göndərilmiş, 143 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir. 156 nəfər məcburi köçkün ictimai işlərə cəlb olunmuşdur.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 62 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 3.850,5 min manat məbləğində güzəştli kredit  verilmiş, bu layihələr hesabına qeyd olunan dövr ərzində 210 yeni iş yeri yaradılmışdır.2019-cu il ərzində gənc məcburi köçkünlərin məşğulluğu məqsədilə 30 yaşadək olan  721 nəfər gənc məcburi köçkünün sənədləri toplanaraq,  Yanğından mühafizə dəstələrində işlə təmin olunmaları məqsədilə Fövqəladə Hallar  Nazirliyinə təqdim edilmiş və nəticə etibarilə təlim-sınaq prosesindən uğurla keçmiş 52 nəfər gənc məcburi köçkün yanğından mühafizə dəstələrində daimi işlə təmin edilmişdir.Eləcə də bölgələrdə yaşayan məcburi köçkün gənclərin elektroenergetika sahəsində işlə təmin olunması üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə yaradılmış, bir qrup gəncin müvafiq sənədləri toplanaraq, Səhmdar Cəmiyyətin Tədris Mərkəzinə göndərilmişdir. Sınaq müddətini başa vurduqdan sonra həmin gənclərdən 161 nəfəri  “Azərişıq” ASC-nin enerjitəchizatı şəbəkələrində işə qəbul olunmuşlar.2019-cu ilin 7 may tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin köməkliyi ilə məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədilə Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin sakinləri üçün  əmək yarmarkası təşkil edilərək,  80 müəssisə və təşkilatdan 881 vakant iş yeri yarmarkaya çıxarılmışdır.2019-cu ilin 18 sentyabr tarixində  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq idarəsi tərəfindən Bakı şəhərinin Nəsimi rayonu ərazisində keçirilən “Özünüməşğulluq proqramı”na dair tədbirdə 75 nəfər məcburi köçkünün müraciəti müsbət dəyərləndirilmişdir. 2019-cu ilin 19 noyabr tarixində  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində  istifadəyə verilmiş “Qobu Park-2” yaşayış kompleksinin sakinləri üçün növbəti əmək yarmarkası təşkil edilmişdir. Sakinlərin seçiminə 54 müəssisədən 644 vakant iş yeri təqdim olunmuşdur. Yarmarkaya müraciət etmiş 117 məcburi köçkündən 19 nəfər işə qəbul edilmiş, 12 nəfər peşə hazırlığı kurslarına və 7 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir.2019-cu ilin 24 dekabr tarixində  Azərbaycan Respublikasının - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  birgə təşkilatçılığı ilə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilmiş  810 məcburi köçkün ailəsi yaşayan  kompleksdə növbəti əmək yarmarkası təşkil edilmişdir. Sakinlərin seçiminə 32 müəssisədən 253 vakant iş yeri təqdim olunmuşdur. Yarmarkada iştirak edən 344 nəfərdən 18-nə göndəriş verilmiş, 2 nəfər isə özünüməşğulluq proqramına daxil edilmişdir.Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyə dəstəyi hesabına Gəncə və Mingəçevir şəhərlərində həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin bir hissəsi olan   “Məcburi Köçkün Gənclərin Dəstəklənməsi” proqramına əsasən 2500 məcburi köçkün gəncin peşə təlimləri keçdikdən sonra toplanılan təcrübəyə uyğun olaraq,  sertifikat və avadanlıqlarla təchiz olunması nəzərdə tutulmuşdur ki, layihənin şərtlərinə uyğun olaraq,  3 mərhələ üzrə həyata keçirilən proqramın  birinci mərhələsi çərçivəsində  833 nəfər  məcburi köçkün gənc  6 ay  peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçmişlər. Təlimləri uğurla başa vuran gənclərə əlavə olaraq,  “Biznesin idarə olunması” tədris olunmuşdur. Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran gənclərə, şəxsi bizneslərini  formalaşdırmaları üçün 2019-cu ilin 19 – 29  noyabr tarixlərində iş alətləri və avadanlıqlar təqdim edilmişdir.  2019-cu ilin əvvəlindən 29 nəfər məcburi köçkün və 5 nəfər ermənistan qaçqını olan soydaşımız Komitənin tabeliyində fəaliyyət göstərən Baza Sənaye Kombinatında daimi işlə təmin edilmiş, yeni salınmış qəsəbə və yaşayış komplekslərində yaşayan məcburi köçkünlərin şəxsi bizneslərinin yaradılması məqsədilə 104 məcburi köçkündən daxil olmuş müraciət müsbət həll edilərək, yaşayış yerlərinə yaxın ərazidə onlara,  pərakəndə satış və məişət avadanlıqlarının təmiri üzrə fəaliyyət göstərmələri üçün müvafiq yerlər ayrılmışdır.Hesabat dövrü ərzində məcburi köçkün “statusu” almaq məqsədilə təqdim olunan sənədlərlə bağlı  Komitənin müvafiq sektoruna şifahi – 5.139 nəfər və  yazılı - 2.889 nəfər olmaqla, ümumilikdə 8.028 nəfər məcburi köçkün müraciəti daxil olmuşdur.Komitənin Bakı şəhəri üzrə sektorlarından və respublikanın digər rayon status komissiyalarından  ümumilikdə “Status”la bağlı 29.185 sənəd daxil olmuşdur ki, onlardan 19.995 sənəd icraata yönəldilmiş, 9.190 sənəd isə mövcud qaydalara uyğun yığılmadığından, geri qaytarılmışdır.2019-cu il ərzində 22.586 nəfər məcburi köçkünə yeni və ya təkrar status sənədi (vəsiqə) verilmişdir. Hazırda məcburi köçkün vəsiqələrinin xüsusi ardıcıllıqla nömrələnməsi davam etdirilir ki, vəsiqələrdə qeyd edilən məlumatlar, məcburi köçkün vətəndaşların fərdi identifikasiya nömrələri (FİN) ilə elektron reyesr bazasında cəmləşdirilir. Bu da eyni nömrə ilə ikinci vəsiqənin mövcudluğuna imkan verməməklə yanaşı, bazaya müraciət etməklə hər bir süni surətdə təhrif edilmiş göstəricini dərhal ifşa etmiş olur.Məcburi köçkün statusunun müəyyənləşdirilməsi zamanı ortaya çıxmış problemlərin həlli məqsədilə aidiyyatı dövlət qurumlarına, o cümlədən Daxili İşlər Nazirliyinin şəhər və rayon polis şöbələrinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər bölmələrinə, rayon icra hakimiyyətlərinə, habelə nazirlik və komitələrə 213 nəfərlə bağlı ümumilikdə 234 sorğu xarakterli müraciət göndərilmişdir.  

 

Məcburi köçkünlərin fiziki sağlamlıq problemlərinin həlli ilə əlaqədar

 

2019-cu il ərzində İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin ölkəmizdə fəaliyyət göstərən tibbi klinikası ilə əldə olunmuş razılıq əsasında 600 ədəd tibbi müayinə kartı alınaraq, ciddi sağlamlıq problemləri olan məcburi köçkünlərə, müraciətləri əsasında verilmiş və nəticə etibarilə 600 məcburi köçkün yüksək səviyyəli tibbi müayinədən keçmişdir.

 

6 fevral 2019-cu il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki  yaşayış kompleksində məcburi köçkünlər üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən göz müayinəsi aksiyası keçirilmişdir. Aksiya çərçivəsində 180-dən çox məcburi köçkün müayinədən keçmiş, onlara ilkin diaqnoz qoyulmuş, zəruri hallarda eynək təyin edilmişdir.  Səhiyyə Nazirliyinin dəstəyi ilə 15 fevral tarixində Bərdə rayonunda  400-ə yaxın, 25 fevral tarixində isə Naftalan şəhərində 350-dən çox məcburi köçkün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ixtisaslaşdırılmış səyyar həkim briqadası  tərəfindən müayinə olunaraq, sağlamlıq durumları barədə mükəmməl məlumat əldə etmiş, ciddi xəstəlikləri qeydə alınanlar stasionar müalicəyə yönləndirilmişlər.7 mart 2019-cu il tarixində Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilmişdir. Tibbi aksiyanın keçirilməsində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaq olmuşdur. Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtərə ezam olunmuşdur. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilmişdir. Müayinəyə gələnlərdən 1 nəfərin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğu aşkarlanmış və o, dərhal əməliyyat edilmişdir. 15 nəfərə isə stasionar müalicə üçün Bakı şəhərinə göndəriş verilmişdir.13 mart tarixində Bərdə rayonunda növbəti tibbi aksiya keçirilmişdir. Rayon ərazisindəki 866 ailəlik yaşayış kompleksində  aksiya təşkil olunmuş və Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə müraciət edənlərdən qan nümunələri götürmüş və  nümunələrin əsasında irsi qan xəstəliklərinin mövcudluğu yoxlanılmışdır.5 aprel tarixində 2016-cı ilin “Aprel zəfəri”nin ildönümü ilə əlaqədar Qaradağ rayonunun Lökbatan qəsəbəsində tibbi aksiya keçirilmişdir. Aksiyada şəhid ailələrinin üzvləri və qazilər iştirak etmişdir. Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 20 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərə ixtisaslaşmış tibbi xidmət göstərmişdir. Briqadanın tərkibindəki ixtisaslı həkimlər 400-ə yaxın vətəndaşı müayinə etmişdir. Müayinədən keçmiş şəxslərə ilkin diaqnoz qoyulmuş, müalicə təyin edilmişdir. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilmişdir.14 may tarixində Yaponiyanın məşhur “Fuji Optical Co.Ltd” şirkətinin rəhbəri,dünya şöhrətli oftalmoloq-alim və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə Komitədə görüş keçirilmişdir. 2005-ci ildən mütəmadi olaraq ölkəmizdə humanitar aksiyalar həyata keçirmiş şirkət tərəfindən qaçqın və məcburi köçkün soydaşlarımıza 59 min yüksək keyfiyyətli optik eynək və digər ləvazimatlar hədiyyə edilmiş, 31 mindən çox insanın təmənnasız göz müayinəsi  həyata keçirilmişdir ki, o cümlədən 2019-cu ildə “Fuji” humanitar missiyasının xidmətlərindən 2.400 məcburi köçkün vətəndaşımız faydalanmışdır.14 iyun tarixində Bakı şəhəri, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa edilmiş yaşayış kompleksinin məcburi köçkün sakinləri üçün Səhiyyə Nazirliyinin Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 20 nəfərdən ibarət həkim personalı tərəfindən tibbi  müayinə aksiyası keçirilmiş və 300-ə yaxın məcburi köçkün ətraflı müayinə edilmişdir. Məcburi köçkünlərin  tibbi müayinədən keçirilməsi, sağlamlıq durumlarının nəzarətdə saxlanılması məqsədilə 2019-cu ilin 11-12 sentyabr tarixlərində Beynəlxalq “Qızıl xaç” Komitəsinin təşkilatçılığı ilə Tərtər rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərin kütləvi tibbi müayinə aksiyası keçirilmişdir. 20 - 21 sentyabr tarixlərində  Koreya Respublikasının SEBA təşkilatının dəstəyi ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində inşa edilmiş “Qobu Park” yaşayış kompleksinin sakinləri üçün sağlamlıq aksiyası təşkil edilmişdir. 2019-cu ilin 1-2 noyabr tarixlərində Ağdam rayonunda “Uşaq ürəkləri Qarabağda döyünür” adlı tibbi aksiya keçirilmişdir. Aksiyada Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin 20 nəfərdən ibarət tibbi personalı tərəfindən 250 nəfər məcburi köçkün uşaq və gənclər  tibbi müainədən keçirilmiş, onların sağlamlıq durumu müəyyən edilərək, müvafiq tövsiyyələr edilmişdir.

 

Məcburi köçkünlərlə əlaqədar keçirilmiş mədəni - kütləvi tədbirlər barədə

 

2019-cu ildə də əvvəlki illərdə olduğu kimi Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalı tarixləri anılmış, Komitəyə dəvət olunmuş müharibə iştirakçıları, Milli qəhrəmanlar və məcburi köçkün ziyalılar öz xatirələrini bölüşmüş, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı günlərin uzaqda olmadığına əminlik nümayiş etdirilmişdir. 

 

2019-cu ilin 19 yanvar tarixində, 1990-cı il 20 Yanvar faciəsinin ildönümü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Canımız bir, qanımız bir!” adlı könüllü qanvermə aksiyası təşkil edilmişdir. Aksiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının tibbi personalının köməkliyi ilə Komitə əməkdaşlarından 100 nəfər qan vermə aksiyasında iştirak etmişdir.Toplanmış qan Müdafiə Nazirliyinin xüsusi Qan Bankına təhvil verilmişdir.2019-cu ilin 2 fevral tarixində Gənclər Günü münasibətilə  Komitənin  təşəbbüsünə   Müdafiə Nazirliyinin razılığı əsasında veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilərdən ibarət dəstə, Komitənin bir qrup əməkdaşı ilə  Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirmiş,  məcburi köçkünlər tərəfindən hazırlanmış sovqat və hədiyyələri hərbi hissənin şəxsi heyətinə təqdim etmişlər. Sovqat qutularında əsgərlər üçün zəruri ləvazimatlar, əldə toxunma corablar, Qarabağ şirniyyatı, müharibə qəhrəmanları haqqında kitablar, həmçinin məcburi köçkün uşaqların məktubları gənc əsgərlərə təqdim olunmuşdur. Üzərində Lələ təpə yüksəkliyinin alınması zamanı şəhid olmuş hərbçilərin adları həkk olunmuş və onların ailə üzvləri tərəfindən imzalanaraq, xüsusi çərçivə içərisində yerləşdirilmiş köynək və s. xatirə hədiyyələri  hərbi qulluqçulara təqdim olunmuş, musiqiçilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilmişdir.18 mart 2019 – cu il tarixində  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Beynəlxalq Muğam Mərkəzinin, eləcə də Tərtər və Ağdam rayonları icra hakimiyyətlərinin dəstəyi ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirilmişdir. Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsini seyr etməsi ilə başlanmışdır.19 mart 2019 –cu il tarixində Abşeron rayonunda, Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində  və Gəncə şəhərində yerləşən məcburi köçkün qəsəbələrində Novruz şənliyi təşkil edilmişdir. 07 may 2019 – cu il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsert təşkil edilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd Rayon Tuğ Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Bakıda, Beynəlxalq Muğam Mərkəzində  Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı ilə çıxış etmişdir.Tədbirdə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 13 iyul 2019 -cu il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə məcburi köçkünlər üçün konsert təşkil edilmişdir. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iyulun 12-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert təşkil edilmişdir. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, məcburi köçkünlər və Ağdam rayonunun sakinləri iştirak etmişlər. 26 avqust 2019 –cu il tarixində  “Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Muğam Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib. Şamaxı rayonunun Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon icra hakimiyyətləri dəstək vermişlər.Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılamışlər ki, onlar üçün milli və hərbi üslubda hazırlanmış xüsusi  geyimlər  göz oxşamışdır. Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını  özündə əks etdirən etnoelementlərdən istifadə olunmuşdur. Konserti milli qəhrəmanlar, qazilər və müharibə veteranlarından, eləcə də  sıravi məcburi köçkünlərdən ibarət tamaşaçılar seyr etmişdir. 24 dekabr 2019 –cu il tarixində  Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilmişdir. Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” telekanalının dəstəyi ilə keçirilib. Tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaq olmuşdur. Tədbirdə  hökumət təmsilçiləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak etmişlər. 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nəsimi ili elan edilməsi və bu məqsədlə ölkə ərazisində bir-sıra bədii – ictimai tədbirlərin keçirilməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən təşəbbüsün irəli sürülərək, respublikanın hər bucağında ağacəkmə tədbirlərinin təşkil edilərək, ümumilikdə 650 min ədəd ağac əkilməsinə start verilməsi,  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini də bu aksiyaya qoşmuşdur. Komitənin kollektivi tərəfindən aksiyaya dəstək olaraq,  06 dekabr 2019-cu il tarixində  Bakı şəhərinin Qaradağ rayonu ərazisində 600 ədəd şam ağacı əkilmişdir. 31 dekabr 2019 –cu il tarixində  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış komplekslərində bayram tədbiri keçirilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Qaradağ rayonunun “Qobu Park” yaşayış komplekslərində və Sumqayıt şəhərinin 12-ci mikrorayonunda inşa edilmiş qəsəbədə fəaliyyət göstərən mənzil kommunal istismar sahələrinin əməkdaşları məcburi köçkün sakinləri əlamətdar bayramlar münasibəti ilə təbrik etmişlər.     

 

Məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş tədbirlər barədə

 

Komitə sədri tərəfindən 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpus və səfirliklərinin nümayəndələri ilə 5 dəfə (BMT təsisatlarının məsul işçiləri ilə 4  və Koreya Respublikasının səfiri ilə 1), eləcə də ölkəmizə səfərə gəlmiş nüfuzlu beynəlxalq qurumların nümayəndələri ilə 4 görüş keçirilmişdir. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatları rəhbərlərinin iştirakı ilə 9 iyul 2019-cu il tarixində Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün. Heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilmişdir.Səfər çərçivəsində BMT-nin Gənclərin Məşvərət Şurasının üzvləri  məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim  keçmişlər. Komitə sədrinin müavinləri müxtəlif konfrans və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə cari ilin 7 may, 18 - 24 iyun  tarixlərində Bern və Strasburq şəhərlərində ezamiyyətdə olmuş, 28 iyun - 1 iyul tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində tədbir iştirakçılarına müvafiq məlumatlar vermişlər. Komitənin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru 2019-cu ilin 25 fevral tarixində Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə ezam olunaraq,  Amerika Sefard Federasiyası və Müsəlman Amerika Liderlik Alyansının birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımına həsr edilmiş anım tədbirində iştirak etmişdir. 

 

Məcburi köçkünlərlərin müraciətlərinə baxılması ilə əlaqədar

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vətəndaşlardan daxil olan telefon zənglərinin operativ qəbul edilib, dolğun cavablandırılması, zərurət yarandıqda aidiyyatı üzrə istiqamətləndirilməsi məqsədilə Komitə sədrinin 2019-cu il 28 mart tarixli, 35 nömrəli əmrinə əsasən Komitənin inzibati binasında “Qaynar xətt” xidməti yaradılmışdır ki, Komitənin mövcud iş saatlarında fəaliyyət göstərən xidmət, sərəncamında olan 3 ədəd telefon aparatı vasitəsilə vətəndaşların suallarını cavablandırmaqla məşğuldur. Belə ki, fəaliyyətə başladığı dövrdən 2019-cu ilin sonunadək “Qaynar xətt” xidmətinə 9.145 zəng daxil olmuşdur ki, bunlardan 6.149-u şifahi cavablandırılmış, qeydiyyata alınan 2.996 müraciətdən 1.287-si mənzil problemi ilə 473 ədədi isə müavinətlə bağlı olmuşdur.2019-cu ilin yanvar – dekabr ayları ərzində Komitəyə məcburi köçkünlərlə bağlı  48.391 yazılı müraciət daxil olmuşdur. Həmin mürciətlərin 45.452-nin (93,9%) icrası təmin olunmuşdur.Müxtəlif təşkilatlardan -  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Nazirlər Kabinetindən, Milli Məclisdən, habelə  nazirlik və komitələrdən ümumilikdə 8.095 məktub daxil olmuşdur ki, bunların da 6.763 (83,5%) ədədi icra olunmuşdur ki, qalan sənədlərin icra müddətinə uyğun olaraq növbəti ayda cavablandırılması nəzərdə tutulmuşdur.Komitə sədri tərəfindən keçirilən ümumilikdə  86 görüş zamanı 7.525 vətəndaşın qəbulu baş tutmuşdur.

 

O cümlədən:

 

– komitədə hər həftənin çərşənbə axşamı qəbul günü keçirilərək, Komitə sədri tərəfindən ümumilikdə 47 qəbul zamanı 4.711 məcburi köçkün vətəndaşın müraciətinə baxılmışdır.

-  məcburi köçkünlərin sıx məskunlaşdığı bölgələrdə  keçirilən 6 görüş  zamanı ümumilikdə 490 nəfərin müraciəti dinlənilmişdir.

- Bakı və Sumqayıt şəhərlərində salınmış qəsəbələrdə və müvəqqəti yaşayış yerlərində məcburi köçkünlərlə keçirilən 21 səyyar görüş zamanı 1.777 vətəndaşın şikayətinə baxılmışdır.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə - mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin,  vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq müxtəlif bölgələrdə təşkil edilmiş  ümumilikdə 12  görüş zamanı 547 məcburi köçkün iştirak etmiş, onları  narahat edən problemlərlə bağlı Komitə sədri tərəfindən yerində aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdir.

 

2019-cu il ərzində ayda bir dəfədən az olmayaraq, Komitə sədrinin müavinləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri ilə birgə işğal olunmuş  rayon icra hakimiyyətlərinin müvəqqəti yerləşdiyi inzibati binalarda aidiyyatı rayonların məcburi köçkünləri ilə görüşləri keçirilmişdir.Məcburi köçkünlərin hüquqlarının və Komitənin mənafeyinin müdafiəsi ilə əlaqədar  604 məhkəmə prosesi keçirilmişdir. Qaldırılan iddiaların 196-sı Komitəyə qarşı, 255 proses digər şəxslərin mülkiyyətində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin çıxarılması və 153 məhkəmə iddiası isə  müxtəlif məsələlər mövzusunda olmuşdur. Məhkəmə proseslərinin əksər hissəsi Komitənin mənafeyinə uyğun olaraq yekunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi rəhbər tutularaq, məhkəmələr tərəfindən məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasına dair qərarların icrası Komitə tərəfindən dayandırılmaqla, məcburi köçkünlərə məhkəmə predmeti olan ünvanlarda mənzillə təmin olunanadək yaşamaq möhləti əldə edilmişdir. Məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində böyük işlər görülmüş, yaraşıqlı və rahat yaşayış kompleksləri, qəsəbələr salınmış, iri miqyaslı müasir tələblərə cavab verən layihələr icra olunmuşdur. Görülən işlərinin nəticəsində məcburi köçkün soydaşlarımızın cəmiyyətə inteqrasiyası təmin edilmiş, onların Azərbaycan Dövlətinə və Azərbaycan Hökumətinə inamı möhkəmlənmişdir.