Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-cı il ərzində görülmüş işlər barədə
M Ə L U M A T
Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu kateqoriyadan əhali qrupunun sosial problemlərinin həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 fərman və sərəncam imzalanmış, Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 qərar və sərəncam qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-2018-ci illərdə yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə 36 dəfə, o cümlədən 2018-ci ildə 2 dəfə görüş keçirmişdir.
2018-ci il mayın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış 1.026 ailəlik müasir tipli “Qobu Park” yaşayış kompleksinin açılışında şəxsən iştirak etmişlər. Hər cür infrastrukturla təchiz edilmiş həmin yaşayış kompleksinə Bakı şəhəri ərazisində zirzəmilərdə və digər ağır şəraitli tikililərdə yaşayan məcburi köçkün ailələri köçürülmüşdür. 2018-ci ildə təməli qoyulmuş 1.300 mənzilli “Qobu Park-2” yaşayış kompleksinin də inşası hazırda intensiv surətdə davam etdirilir.
2018-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1.001 mənzilli, zəruri infrastrukturla təmin edilmiş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinin açılışında iştirak etmişlər.
2018-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sumqayıt şəhərində 1.005 mənzildən və lazımi infrastrukturdan ibarət məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılışında iştirak etmişlər.
1993-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 7,1 milyard manat vəsait sərf edilmişdir.
Bundan:
- 3,4 milyard manat dövlət büdcəsinin,
- 2,3 milyard manat Dövlət Neft Fondunun,
-1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 85 faizi, yaxud 6,1 milyard manatı son 15 ildə istifadə olunmuşdur.
Beləliklə, 2018-ci ilin sonunadək 58.223 ailənin və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 54.223 ailə, yaxud 272 min nəfər (93%) son 15 ilin payına düşür.
2018-ci ildə 5.923 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilmişdir.
2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Bunun dа 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si, yaxud 95 faizi son 15 ildə inşa edilmişdir.
Yeni yaşayış коmplеkslərində 156 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 62 mədəniyyət və 63 səhiyyə müəssisəsi, 65 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 775 kilometr asfalt yol çəkilmiş, 985 kilometr su xətti, 1,8 min kilometr elektrik xətti, 655 kilometr qaz xətti, 78 kilometr rabitə xətti, 62 kilometr istilik xətti, 102 kilometr kanalizasiya xətti, 193 kilometr drenaj şəbəkəsi inşa edilmişdir, 866 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılmış, 217 artezian quyusu qazılaraq, istifadəyə verilmişdir.
Son 15 il ərzində Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 600 mindən çox insanın faydalandığı və dəyəri 125,4 milyon manat təşkil edən 910 icma mikrolayihəsi icra edilmişdir.
Son 15 il ərzində sahibkarlığın inkişafı məqsədi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2.116 nəfər məcburi köçkün sahibkara 47,7 milyon manat güzəştli kredit verilmiş, 4.025 yeni iş yeri açılmışdır. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir.
2018-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi 937 manat təşkil etmişdir.Bu kateqoriyadan olan insanlara ayrılan vəsaitin həcminə görə Azərbaycan dünya dövlətləri arasında ilk yerlərdə qərarlaşır.
Azərbaycan Respublikası Prezidenti məcburi köçkünlərin məişət qayğılarının bir qədər də azaldılması, onlara ödənilən vahid aylıq müavinətin məbləğinin artırılması məqsədilə 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli - “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana dəyişiklik edilməsi barədə 2018-ci il 16 aprel tarixli 1920 nömrəli Fərman imzalamışdır. Həmin Fərmandan irəli gələn Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fərdi yaşayış evlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə kommunal xərcləri özləri ödəməsi şərti ilə ayda hər nəfərə 40 manat, kompakt yaşayış yerlərində müvəqqəti məskunlaşmış (təbii qazla təmin olunmayan və yaşadıqları otaqlara elektrik sayğaclarının quraşdırılması mümkün olmayan) məcburi köçkünlərə isə kommunal xərclər dövlət tərəfindən ödənilməklə, ayda hər nəfərə 22 manat məbləğində vahid aylıq müavinətin ödənilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarl ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın düzgün təmin edilməsinə nəzarət olunması, vahid aylıq müavinət alanların siyahısının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi hesabına 2017-ci illə müqayisədə 2018-ci ildə vahid aylıq müavinət alan məcburi köçkünlərin sayında 20.488 nəfər azalma qeydə alınmışdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi məlumatına əsasən bütün dünyada 40 milyon məcburi köçkün, 25.4 milyon qaçqın, sığınacağa müraciət edən 3.1 milyon insan olduğu halda tək Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün mövcuddur.
Mövcud problemin miqyasına baxmayaraq, görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azaldılmışdır.
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində 2018-ci ildə həyata keçirdiyi islahatların tələblərinə uyğun olaraq, Dövlət Komitəsinin tərkibində 2 yeni struktur vahidi – Təşkilat-nəzarət və analitika şöbəsi, habelə “Çağrı mərkəzi” yaradılmaqla, eləcə də bəzi şöbələrin adlarında və funksiyalarında dəyişiklik aparılmaqla yeni struktur formalaşdırılmışdır.
Bundan başqa, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsində şəffaflığın təmin edilməsi üçün Dövlət Komitəsində müvafiq komissiya yaradılmışdır. Belə ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar daxil olan müraciətlər komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupu tərəfindən yerində baxış keçirilməsi və müxtəlif orqanların informasiya bazasında məcburi köçkün barəsində toplanmış məlumatlarla üzləşdirilməsi yolu ilə araşdırılmaqla dəqiqləşdirilmiş nəticələr komissiyada müzakirə edilib, qərar qəbul olunur. Komissiyanın yekun rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və ilk növbədə ən ağır məişət şəraiti olanların köçürülməsi yolu ilə mərhələlərlə məcburi köçkünlərin müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi təmin edilir.
Komitədə vətəndaşların qəbulu prosesi təkmilləşdirilmiş, bütün iş günlərində gün ərzində onların aidiyyatı strukturların nümayəndələri tərəfindən qəbulu təşkil edilmişdir.
Hər həftənin çərşənbə axşamı və şənbə günü isə Dövlət Komitəsinin sədri və rəhbər şəxsləri tərəfindən vətəndaşlar ayrı-ayrılıqda fərdi qaydada qəbul edilirlər.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qarşısında qoyduğu - şəhər və rayonlarda vətəndaşların qəbuluna dair tapşırığına uyğun olaraq, Dövlət Komitəsinin sədri 2018-ci il ərzində 11 dəfə respublikanın bölgələrində və 27 dəfə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə səyyar görüşlər keçirmiş və vətəndaşların müraciətlərini qəbul etmişdir.
2018-ci il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfəri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilmişdir.
Komitədə beynəlxalq əlaqələr çərçivəsində 2018-ci il ərzində xarici ölkələrin və beynəlxalq təşkilatlarının nümayəndə heyətləri ilə 50-dən çox görüş keçirilmiş, həmçinin onların yeni salınmış qəsəbələrlə yanaşı, müvəqqəti sığınacaq yerləri –yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında, və digər qeyri-yaşayış təyinatlı sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərlə görüşü təşkil edilmişdir. Görüşlər zamanı qonaqlara Ermənistan - Azərbaycan münaqişəsinin tarixi kökləri, nəticələri, yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bu günkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmiş və qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparılmış, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, bu kateqpriyadan olan vətəndaşlar arasında yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə müxtəlif dillərdə hazırlanmış videomateriallar, məlumat kitabçaları, xüsusi nəşrlər və s. təqdim olunmuşdur.Keçirilmiş görüşlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Dövlət Komitəsi tərəfindən ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına həsr edilmiş “Böyük Qayıdışa doğru” adlı film hazırlanmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2018-ci il oktyabrın 1-dən 5-dək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən 69-cu sessiyasında iştirak və çıxış etmişdir. Səfər çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Patrik Vial ilə görüşlər keçirilmişdir. Cenevrədə, Millətlər Sarayında keçirilən tədbirdə BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri, qaçqın və məcburi köçkünlərə yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə tərəfdaş təşkilatların təmsilçiləri iştirak etmişdir.
Dövlət Komitəsinin sədr müavini 2018-ci il sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə iştirak etmişdir. Tədbir çərçivəsində humanitar məsələlər, o cümlədən insan alveri, qaçqın və məcburi köçkün problemləri üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında sədr müavini təcavüzkar Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açmışdır.
Dövlət Komitəsinin sədr müavini 2018-ci il dekabrın 18-19-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) üzv dövlətlərinin iştirakı ilə Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclasında iştirak və çıxış etmişdir. İclasda qaçqın və məcburi köçkünlərin müdafiə məsələləri, şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı, yerli özünüidarəetmə orqanlarının bu sahədə rolu müzakirə olunmuşdur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018- ci ildə aşağıda qeyd edilən tədbirlər həyata keçirilmişdir:
l.Dövlət Komitəsi tərəfindən işğal altında olan rayonların anım günlərinə həsr olunmuş silsilə tədbirlər:
Dövlət Komitəsində mayın 8-də Şuşa şəhərinin, mayın 18-də Laçın rayonunun, iyulun 23-də Ağdam rayonunun, avqustun 20-də Füzuli və Cəbrayıl rayonlarının, avqustun 29-da Qubadlı rayonunun, sentyabrın 29-da Xocavənd rayonunun, oktyabrın 29-da Zəngilan rayonunun, dekabrın 26-da Xankəndi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümləri ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, aparatın rəhbərliyi və əməkdaşları, tabe departamentlərin rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, işğal olunmuş rayonlardan olan ziyalılar, “SABAH” qrupunun ərazisi işğal altında olan rayonlardan olan tələbələr, millət vəkilləri iştirak etmişlər.
ll.Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbirləri:
İyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilmişdir. Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub. Əmək yarmarkalarının digər yerlərdə də keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 26-da məcburi köçkünlərin kompakt yaşadığı Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilmişdir. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Aktiv məşğulluq tədbirində 68 müəssisədən 462 vakant iş yeri sakinlərə təqdim olunmuşdur. Onlardan 393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələr olmuşdur.
III.Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlər üçün keçirilən sağlamlıq aksiyaları :
Oktyabrın 13-də Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilmişdir. Müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edilmiş, onlara məsləhətlər verilmişdir.
31 oktyabr, 1 noyabr tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində humanitar tibbi aksiya keçirilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyinin təşkil etdiyi aksiya zamanı 300-ə yaxın məcburi köçkün ödənişsiz oftalmoloji müayinədən keçmişdir. Humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların görmə ilə bağlı problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərmək olmuşdur.
Noyabrın 29-da Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 23 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərlə yanaşı, daimi sakinlərə də ixtisaslaşmış tibbi yardım göstərib. Briqadanın tərkibindəki kardioloq, nefroloq, endokrinoloq, qastroenteoloq, ginekoloq, lor, nevropotoloq, pediatr və digər tibbi sahələr üzrə həkimlər ümumilikdə 500-ə yaxın vətəndaşı müayinə etmişlər.
lV. Dövlət bayramları və xüsusi günlər münasibətilə keçirilən tədbirlər:
Mayın 7-də Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
İyunun 13-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Milli qurtuluş hərəkatının Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.Tədbirdə Komitə sədri və sədr müavinləri, Komitənin əməkdaşları, Milli Məclisinin deputatı, mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri iştirak etmişlər.
İyulun 19-da bir qrup jurnalist üçün “Qobu Park” yaşayış kompleksinə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş məcburi köçkünlərın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə KİV nümayəndələrinin ilk mənbədən daha dolğun məlumat əldə etməsi məqsədi daşıyan infotur təşkil edilmişdir.
Avqustun 24-də Cocuq Mərcanlıda Qurban bayramı münasibətilə tədbir təşkil edilib. Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub. Tədbirdə Komitə sədri və sədr müavinləri, “Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Qurban Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Oqtay Həziyev və başqaları iştirak etmişlər. Tədbirdən sonra kənd məscidində ehsan süfrəsi açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilmişdir.
Sentyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edilmişdir. Məktəbli geyimləri sentyabrın 15-də Bilik günü münasibəti ilə keçirilən tədbirdə şagirdlərə təqdim olunmuşdur.
V.Dövlət Komitəsinin təşəbbüsü ilə mütəmadi olaraq məcburi köçkün şagirdlərlə və tələbələrlə keçirilən görüşlər:
Mayın 25-də Dövlət Komitəsi ərazisi işğal altında olan rayonlardan “SABAH” qrupunun tələbələrinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat vermək və gələcəkdə onları Komitədə çalışmaları üçün təşviq etmək məqsədilə Komitədə info-tur təşkil edilmişdir.
Oktyabrın 20-də Şəki şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyi və Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Xocalı rayon 3 saylı, Ağdam rayon 29 saylı, Laçın rayon M.Süleymanov adına tam orta məktəblərdə tədbir keçirilmişdir. Tədbir zamanı ibtidai sinif şagirdlərinə dərs ləvazimatları paylanılmışdır.
Noyabrın 27-də məcburi köçkünlər üçün inşa edilib istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “Milli qəhrəmanları tanıtma” İctimai Birliyinin dəstəyi ilə, Komitənin əməkdaşları, Azərbaycanın Milli Qəhrəmanları, istefada olan general-mayor Fəxrəddin Cəbrayılov və istefada olan polkovnik-leytenant Vahid Quliyevin iştirakı ilə “Mənim qəhrəmanım” hərbi-vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə Ağdam və Laçın məktəbliləri qəhrəmanlara suallar verib, onlarla maraqlı dialoq qurublar. Fəxrəddin Cəbrayılov və Vahid Quliyev görüşdə fəallıq göstərən şagirdlərə Azərbaycan bayrağının təsviri olan döş nişanları hədiyyə etmişlər.
Vl.Məcburi köçkünlər üçün həyata keçirilən mədəni-kütləvi tədbirlər:
Dekabrın 24-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzində “Bir gün Qarabağda” adlı bədii-musiqili yaradıcılıq tədbiri keçirmişdir. Tədbirdə Qarabağ bölgəsinin folklor, xalçaçılıq, mətbəx mədəniyyəti nümunələri, məcburi köçkünlərin rəsm əsərləri və digər yaradıcılıq işləri nümayiş olunmuş, Qarabağ muğam məktəbinin yetirməsi olan incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər. Beynəlxalq Muğam Mərkəzində Dövlət Komitəsinin sədri, sədr müavinləri, məcburi köçkünlər, bu il keçirilən imtahanlarda yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş məcburi köçkün tələbələrin valideynləri, Milli qəhrəmanlar, Qarabağ müharibəsi veteranları və əlillərinin, ümumilikdə 350 nəfərin iştirakı ilə sərgi və konsert keçirilmişdir. Tədbirdə öncə məcburi köçkünlərin əl işlərindən ibarət sərgiyə baxış olmuş, daha sonra konsert proqramı təqdim edilimişdir.
Komitənin Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən rəsmi internet səhifəsi yenidən dizayn edilmiş, səhifəyə yeni bölmələr əlavə olunmuşdur. Hazırda səhifədə son tamamlama işləri aparılır və onun yeni tərtibatda tezliklə istifadəyə verilməsinə hazırlıq görülür.
Məcburi köçkünlərin sosial problemləri, o cümlədən mənzil-məişət şəraiti ilə bağlı problemlər Dövlət Komitəsində ətraflı araşdırılıb təhlil edilmiş, bu sahədə qarşıda duran məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
Qaçqınlar və məcburi kökünlərlə iş sahəsində mövcud qanunvericilik aktlarında, qəbul edilmiş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə nəzərdə tutulmuş məsələlər, Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında həyata keçiriləcəkdir.