Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Saatlı, Sabirabad rayonları ərazisində çadır düşərgələrində və İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Saatlı və Sabirabad rayonları ərazisindəki çadır düşərgələrinin ləğv edilməsi, habelə Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin 2004-cü ildə başlanmasını təmin etmək məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il üçün təsdiq olunmuş büdcəsinin xərcləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında 100 fərdi evin inşasına başlanması və Biləsuvar, Füzuli, Ağdam, Ağcabədi rayonları ərazisində 4179 məcburi köçkün ailəsi üçün elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi təmin edilsin.
| Xərc istiqamətləri | Xərclərin məbləği (milyon manat) |
1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarının, 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamının icrası, habelə Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün fərdi evlərin layihələndirilməsi və tikintisi, Biləsuvar, Füzuli, Ağdam, Ağcabədi rayonları ərazisində 4179 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin salınması üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı xərclər | 90 000,0 |
2.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 mart tarixli 45 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 146) 3-cü bəndindəki cədvəlin 1-ci sıra nömrəsi aşağıdakı redaksiyada verilsin:
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4.Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2004-cü il
№ 132