"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci il ərzində görülmüş işlər barədə
Çap et

Qaçqınların və Məcburi Köçkünlərin İşləri 
üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci il ərzində görülmüş işlər barədə



M Ə L U M A T

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası 2015-cı ildə də uğurla davam etdirilmişdir.

 

2003-2015-ci illərdə isə bu məqsədlə Ölkə Prezidenti tərəfindən 54 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 194 qərar və sərəncam, Milli Məclis isə 11 qanun qəbul etmişdir.

 

2015-ci il ərzində:

 

Bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 Fərman imzalanmış, Azərbaycan Respublikasının Nazirlər Kabineti 10 qərar və sərəncam qəbul etmişdir.  

 

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-2015-ci illərdə məcburi köçkünlərlə yeni salınmış yaşayış qəsəbələrində 30, 2015-ci ildə isə 2 görüş keçirmişdir.

 

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev 2015-ci il fevralın 24-də Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş 11 ədəd 9 mərtəbəli və martın 12-də isə Bərdə rayonu ərazisində 588 məcburi köçkün ailəsi üçün inşa edilmiş 14 ədəd 7 mərtəbəli yeni yaşayış kompleksinin açılışında iştirak etmişdir.

 

2015-ci il mayın 10-da Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə  Xırdalan şəhərində 121 məcburi köçkün ailəsi üçün yeni inşa edilmiş yaşayış binasının  açılışında Fondun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.

 

2015-ci ildə məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi, qəsəbə və məhəllə salınmışdır  (Bərdə rayonunda  588, Sabirabad rayonunda  234 və 206, Qazax rayonunda 304, Zaqatala rayonunda 135 ailəlik).

 

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 80,  Sabunçu rayonunun Ramana qəsəbəsində 80 və Şirvan şəhərində 21 ailə üçün hündürmərtəbəli yaşayış binaları, Ahıska türkləri üçün 94 ev tikilib istifadəyə verilmişdir. Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən aviasiya bazasının ərazisində 50 mənzilli 5 mərtəbəli yaşayış binasının inşası başa çatmış, Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsində 50 mənzilli yaşayış binasının tikintisi isə davam etdirilir.

 

İl ərzində 120  min kvadrat metr sahəsi olan 5 yeni yaşayış kompleksi  salınmış, 1380  şagird yerlik 5 məktəb binası inşa edilmiş, həmçinin  3 uşaq bağçası, 3 tibb məntəqəsi, 3 klub - icma mərkəzi, 3 inzibati bina tikilib istifadəyə verilmiş, 20 kilometr yol, 45,0  kilometr su xətti, 56,0 kilometr elektrik xətti, 35,0 kilometr qaz, 7 kilometristilik xətti  çəkilmiş, müxtəlif həcmə malik 25 ədəd su anbarı, 11 nasos stansiyası, 8 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

 

Ümumiyyətlə, 2015-ci ildə 2788 məcburi köçkün ailəsinin (Mingəçevir şəhərində 594, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Xırdalan şəhərində 121, Bərdə rayonunda 588, Sabirabad rayonunda 440, Qazax rayonunda 304, Zaqatala rayonunda 135, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 80,  Sabunçu rayonunun Ramana qəsəbəsində 80 və Şirvan şəhərində 21 ailə, Ahıska türkləri üçün 94 ev) yeni salınmış yaşayış komplekslərinə, qəsəbə və  məhəllələrə köçürülməsi təmin edilmiş və bununla da 15 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

 

Ümumilikdə 2001-2015-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və  rayonunda  Dövlət Neft Fondundan  və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır. Bunun da 2,7 milyon kvadrat metr yaşayış sahəsinə malik 89-u, yaxud 94 faizi  son 12 ildə inşa edilmişdir.

 

Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya  idman kompleksi tikilmiş, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442  kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Bu günədək 49 min ailə və ya 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, ondanda 45 min ailə,  yaxud 225 min nəfər (92 %) son 12 ilin payına düşür.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 4,0 milyon  manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Soba yanacağının  alınması üçün təsdiqlənmiş 5,0 milyon manat vəsaitdən yanvar ayında 1,0 milyon manat hesabına  hər ailəyə ayda 40 litr olmaqla,  41 min məcburi köçkün ailəsinə ağ neft paylanmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 20 rayon (şəhər) icra hakimiyyətinə  511 min manat məbləğində  humanitar yardım verilmişdir.

 

Əvvəllər  büdcədən  maliyyələşdirilən  müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən  asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və  işlə təmin olunmamış 9 min nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 72 obyektdə  cari təmir  işləri aparılmışdır. 

Azərbaycan  Hökuməti  ilə  Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsi üzrə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 60 min nəfərin faydalandığı dəyəri 6,6 milyon manat olan 80 icma mikrolayihəsi icra edilmiş, məcburi köçkünlərin sıx  məskunlaşdığı  31 obyektdə 9,2 milyon manat vəsait hesabına əsaslı təmir işləri həyata keçirilmişdir.

 

2015-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən: 

 

23909 şəxsə məcburi köçkün vəsiqəsi verilmişdir;

 

müvəqqəti məskunlaşma obyektlərinə 30 ədəd müxtəlif markalı güc transformatoru, 45 ədəd artezian və digər su nasosu,  5305 metr güc kabeli, 61,0 min  metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal-materiallar verilmişdir.

İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 21 beynəlxalq, 14 yerli humanitar təşkilata  yaradılmıış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 24,0 milyon manat məbləğində müxtəlif  humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

 

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir.
“Azərişıq”ASC tərəfindən ümumilikdə 151925 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda 148886 mənzildə (98%), o cümlədən 110061 fərdi evdə, yığcam məskunlaşma obyektlərində isə 38825  mənzildə elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 59554 ədədi (40,0%) "smart-kart" tipli sayğaclardır.

 

Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazla təchiz edilir. Yeni tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılmışdır.

 

Sıx müvəqqəti məskunlaşma yerlərində 184 məcburi köçkün daimi, 400 nəfər isə mövsümi işlə təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1726 nəfər daimi işlə təmin olunmuş, 383 nəfərə işsiz statusu verilmiş,  422 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 310  nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 203 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

 

Azərbaycan  Respublikası İqtisadiyyat və Sənaye  Nazirliyinin  Sahibkarlığa  Kömək Milli Fondunun xətti ilə 286 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat güzəştli kredit verilmiş və nəticədə 356 yeni iş yeri təşkil edilmişdir.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 450 nəfərə ümumi məbləği 4,5 milyon manat təşkil edən mikrokredit verilmişdir ki, bundan 7600 nəfər faydalanmışdır.

 

2015-ci ildə hər bir nəfər məcburi köçkünə 840 manat vəsait sərf olunmuşdur. 
Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalmışdır. 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə  Azərbaycan Respublikasının  Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  daxil olmuş müraciətlər əsasında cari ildə məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına  dair 263 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

2015-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 65 mindən artıq yazılı müraciətə baxılmış, 18 min nəfər qəbul edilmiş və müraciətlərin  80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata  keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Mövcud qanunvericilik aktlarında, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət Proqramına, həmin Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.