"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2014-cü il ərzində görülmüş işlər barədə
Çap et

Qaçqınların və Məcburi Köçkünlərin İşləri 
üzrə Dövlət Komitəsi tərəfindən 201
4-cü il ərzində görülmüş işlər barədə



M Ə L U M A T

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli

 

Xalqımızın ümummilli lideri  Heydər Əliyevin siyasi kursunu sədaqətlə davam etdirən Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində də sahə ilə bağlı mövcud qanunvericiliyə və qəbul olunmuş Dövlət Proqramlarına uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

 

2014-cü il ərzində:

 

Sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 Fərman imzalanmış, Nazirlər Kabineti 14 qərar və sərəncam, Milli Məclis isə 1 qanun qəbul etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-2014-cü illərdə məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 28 dəfə, o cümlədən 2014-cü ildə 3 dəfə görüş keçirmişdir.

 

Cənab İlham Əliyev 2014-cü il  yanvarın 20-də Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış 25 ədəd 5 mərtəbəli yaşayış binalarından ibarət yaşayış kompleksinin, 2014-cü il avqustun 6-da   Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin,   2014-cü il noyabrın 14-də isə    Göygöl rayonu  (Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-IVQ saylı Qanununa əsasən həmin ərazi Gəncə şəhərinin inzibati ərazisinə daxil edilmişdir) ərazisində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir.

 

2014-cü ildə Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində  600, Saatlı rayonunda  230, Qaradağ rayonunda 200  məcburi köçkün ailəsi üçün 6 yeni qəsəbə, məhəllə və Mingəçevir şəhərində 594 ailəyə 11 ədəd 9 mərtəbəli yaşayış binasından ibarət bir yaşayış kompleksi  salınmışdır.

 

Eyni zamanda, Balakən rayonunda 45 ailə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 240 ailə və Abşeron rayonunun Ramana  qəsəbəsində 160 ailə üçün beşmərtəbəli binalardan ibarət yaşayış evləri tikilmişdir.

 

Həmçinin Maliyyə Nazirliyinin xətti ilə  zəruri dövlət ehtiyacları ilə əlaqədar 950 ailə, Yasamal rayonu «Qanlı Göl» adlanan ərazidə müvəqqəti məskunlaşmış 262 ailə yeni mənzillərə köçürülmüş, Axıska türkləri  üçün tikintisi yarımçıq qalmış 111 evin inşası başa çatdırılmışdır.

 

İl ərzində 270  min kvadrat metr sahəsi olan 7 yeni yaşayış kompleksi  salınmış, 2288 şagird yerlik 7 məktəb inşa edilmiş, həmçinin  6 uşaq bağçası, 6 tibb məntəqəsi, 5 klub - icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilmiş, 51,0 kilometr yol, 96,0  kilometr su xətti, 136,0 kilometr elektrik xətti, 86,0 kilometr qaz xətti çəkilmiş, müxtəlif həcmə malik 14 ədəd su anbarı, 9 nasos stansiyası, 16 komplekt transformator yarımstansiyası inşa edilmiş, 59 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

 

Beləliklə, 2014-cü ildə 4450 ailə və ya 22 min məcburi köçkünün mənzil- məişət şəraiti yaxşılaşdırılmışdır.    

 

Ümumiyyətlə, 2001-2014-cü illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 2,8 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınmışdır. Bunun da 2,5 milyon kvadrat metr yaşayış sahəsinə malik 84-ü, yaxud 94 faizi  son 11 ildə inşa edilmişdir.

 

Yeni salınmış yaşayış məntəqələrində 145 məktəb, 6 musiqi və  1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 50 mədəniyyət mərkəzi, 56 uşaq bağçası, 55 tibb məntəqəsi, 2  Olimpiya İdman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası  tikilmiş, 695 kilometr yol, 817 kilometr su, 1526 kilometr hava elektrik, 398  kilometr qaz, 38 kilometr rabitə, 20 kilometr istilik, 76 kilometr kanalizasiya xətti, 157 kilometr drenaj şəbəkəsi çəkilmiş, 776 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Beləliklə, indiyədək 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 42 min ailə,  yaxud 210 min nəfər (91 %) son 11 ilin payına düşür.

 

Hazırda  Dövlət Proqramı və Əlavələrin icrası məqsədi ilə  respublikanın  15 şəhər və  rayonunda  20 min ailəlik  qəsəbə və məhəllələrin (Bərdə rayonunda 1-ci mərhələdə 588, Füzuli rayonunda 612 və 400, Sabirabad rayonunda 440, Qazax rayonunda  300, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Bakı şəhəri, Pirallahı rayonunun ərazisində 330, Tərtər rayonunda  1170, Şirvan şəhərində 685, Ağdaş rayonunda 320, Beyləqan rayonunda 146, Zaqatala rayonunda 135, Bakı şəhəri, Qaradağ rayonunun «Ümid» qəsəbəsində 300 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbələri və məhəllələrinin, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsinə bitişik ərazidə əlavə 2 ədəd 40 mənzilli və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisində 80 mənzilli 5 mərtəbəli yaşayış binasının tikintisi, həmçinin Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış  500,0  hektar torpaq sahəsində Qobu Məcburi Köçkün Yaşayış Massivinin) salınması ilə bağlı lazımi tədbirlər həyata keçirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli sərəncamına əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ofisinin genişləndirilməsi ilə bağlı işlər başa çatdırılmışdır. 

 

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 5,1 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2,3 milyard manat dövlət büdcəsinin, 1,8 milyard manat Dövlət Neft Fondunun və 1,0 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 

 

Bu vəsaitin də 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2014-cü  ildə ayrılmış 93 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

 

Dövlət büdcəsindən 2014-cü il üçün yemək xərci müavinətinin ödənilməsi  məqsədi ilə ayrılmış 118,2 milyon manat vəsait  məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 6,0 milyon  manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 5,4 milyon manat vəsait hesabına payız-qış mövsümündə (oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında), hər ailəyə ayda 40 litr olmaqla,  42 min məcburi köçkün ailəsinə ağ neft paylanılmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 16 rayon (şəhər) icra hakimiyyətinə 977 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 6 ailəyə 3 min manat, cəmi 980 min manat məbləğində  humanitar yardım verilmişdir.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 56 obyektdə  cari təmir  işləri aparılmışdır.

 

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən «Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi» Layihəsi üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2014-cü il ərzində 50 min nəfərin faydalandığı, dəyəri 4,2 milyon manat olan 73 icma mikrolayihəsi icra edilmiş, məcburi köçkünlərin sıx  məskunlaşdığı  46 obyektdə əsaslı təmir işləri başa çatdırılmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2014-cü ildə 900 min manatlıq sənaye malları istehsal edilmişdir.

 

21684 şəxsə məcburi köçkün vəsiqəsi verilmişdir.

 

2014-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 43 ədəd müxtəlif markalı güc tranformatoru, 42 ədəd artezian və digər su nasosu,  8240 metr güc kabeli, 71,0 min  metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal-materiallar verilmişdir.

 

İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 42 beynəlxalq, 45 yerli humanitar təşkilata yaradılmıış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 24,0 milyon manat həcmində müxtəlif  humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

 

«Azərenerci»ASC tərəfindən ümumilikdə 100575 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə 67735, yığcam məskunlaşma obyektlərində isə 30225  mənzildə, ümumilikdə - 97960 ədəd (97,4%) elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 39184 ədədi (40,0%) "smart-kart" tipli sayğaclardır.  «Bakıelektrikşəbəkə» ASC tərəfindən fərdi və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması 100 faiz başa çatdırılmışdır.

 

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir. 

 

Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazla təchiz edilir. Yeni tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır.

 

Son zamanlar məcburi köçkünlər üçün tikilmiş çoxmərtəbəli binalarda olan mənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir.

 

Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni iş yerlərinin  yaradılması daim diqqət mərkəzində saxlanılmışdır.

 

Sıx müvəqqəti məskunlaşma yerlərində 430 məcburi köçkün daimi, 1500 nəfər isə mövsümi işlə təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1787 nəfər daimi işlə təmin olunmuş, 403 nəfərə işsiz statusu verilmiş,  513 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 369  nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 298 nəfər isə ictimai işlərə cəlb olunmuş, 8700 ailə ünvanlı sosial yardımla təmin edilmişdir.

 

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 317 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 7,7 milyon manat güzəştli kredit verilmiş və nəticədə 545 yeni iş yeri təşkil edilmişdir.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi («Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi») üzrə 561 nəfərə, o cümlədən 491 nəfər  məcburi köçkünə  ümumi məbləği 800 min manat təşkil edən mikrokredit verilmişdir.

 

2014-cü ildə hər bir nəfər məcburi köçkünə 1170 manat vəsait sərf olunmuşdur. Bu da dünyada mövcud olan digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 10 faizədək azalmışdır.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının 200-dən çox nümayəndəsi ilə  görüş keçirilmişdir.

 

BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani  mayın 18-dən 24-dək  Azərbaycanda səfərdə olmuş, Komitədə və bir sıra dövlət orqanlarında görüşlər keçirmiş, həmçinin məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə baş çəkmiş və səfərin sonunda keçirdiyi mətbuat konfransında məcburi köçkünlərin bütün sahələrdə dövlət tərəfindən dəstəklənməsini olduqca müsbət hal və digər münaqişə ölkələri üçün yaxşı nümunə kimi dəyərləndirmiş, Azərbaycanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, səfər zamanı bunun bir daha şahidi olduğunu bildirmişdir.

 

2014-cü il 29 sentyabr-3 oktyabr tarixlərində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 65-ci sessiyasında iştirak və çıxış etmişdir. Tədbir zamanı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş və Somalinin xarici işlər naziri Hon Buri Hamza ilə görüşlər keçirilmişdir.

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri cənab Əli Rəbiinin dəvəti əsasında ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın  daha da inkişaf  etdirilməsi məqsədi ilə 2014-cü il 23-27 noyabr tarixlərində İran İslam Respublikasında səfərdə olmuşdur.

 

Səfər çərçivəsində bu ölkənin birinci vitse-prezidenti cənab İshaq Cahangiri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaizi, kooperasiya, əmək və sosial rifah naziri cənab Əli Rəbii, İmam Xomeyni İmdad Komitəsinin sədri cənab Hüseyn Ənvari, Qızıl Aypara Cəmiyyətinin baş direktoru cənab Mirəhməd Musəvi və «Bərəkətel» Fondunun rəhbərliyi ilə görüşlər keçirilmişdir.

 

Keçirilmiş bütün görüşlərdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmiş və qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmış, onlara Komitə tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və məşğulluğunun artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə müxtəlif  dillərdə hazırlanmış video materiallar, məlumat kitabları və s. təqdim olunmuş, həmçinin keçirilmiş görüşlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən   müəllifləri yazıçı-publisist,  əməkdar curnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateci model)” adlı üç cildlik kitabları nəfis tərtibatla Azərbaycan dilində  çap edilmiş və müvafiq dövlət orqanlarına, beynəlxalq və yerli humanitar təşkilatlara paylanılmışdır. Eyni zamanda həmin kitabların ingilis, rus və ərəb  dillərinə tərcümə olunaraq çap edilməsi üçün müvafiq tədbirlər görülür.

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2014-2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri əhatə edən Strateci plan hazırlanmış, 2014-cü il 13 may tarixli, 51 nömrəli əmrlə təsdiq edilmiş və  İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış” Proqramının və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının (2015-2020)”    layihəsi hazırlanmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  daxil olmuş müraciətlər əsasında məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 319 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 70 mindən artıq yazılı və şifahi müraciətə baxılmış, 15 min nəfər qəbul edilmiş və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Mövcud qanunvericilik aktlarında,  sahə ilə bağlı qəbul edilmiş Dövlət  Proqramına, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.