"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri 
üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü il ərzində görülmüş işlər barədə



M Ə L U M A T

 

2013-cü ildə Komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilmişdir.

 

İl ərzində bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 22 qərar və sərəncam qəbul edilmişdir. 2003-2013-cü illərdə isə bu məqsədlə ölkə Prezidenti tərəfindən 52 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 170 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir.

 

2013-cü il ərzində:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış 13 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin, aprelin 16-da Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsinə inşa edilmiş 10 ədəd 9 mərtəbəli yaşayış binasından ibarət məhəllənin və sentyabrın 10-da Bərdə rayonunda 870 məcburi köçkün ailəsi üçün salınmış 15 ədəd 5 mərtəbəli yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir.

 

Bakı Dövlət Universitetinin yataqxanalarında və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 1440 ailə üçün yeni salınmış məhəlləyə, Mingəçevir şəhərindəki fin tipli qəsəbədə və orta məktəb binalarında müvəqqəti məskunlaşmış 502 ailənin həmin şəhərdə yeni inşa edilmiş yaşayış kompleksinə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış yeni məhəlləyə, Qəbələ rayonunda müvəqqəti məskunlaşmış 155 ailənin həmin rayonda inşa edilmiş 2 ədəd 5 mərtəbəli yaşayış binasına, Bərdə rayonunda müvəqqəti məskunlaşmış 870 ailənin həmin rayonda inşa edilmiş yaşayış kompleksinə, İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsinin yeni salınmış qəsəbəyə, İmişli rayonunda 2-ci mərhələ üzrə 225 ailənin yeni salınmış qəsəbəyə köçürülməsi təmin edilmişdir;

 

bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsinə 25 ədəd 5 mərtəbəli yaşayış binası və 500 yerlik Mədəniyyət Sarayından (İncəsənət məktəbi ilə birlikdə) ibarət məhəllənin tikintisi başa çatdırılmış və 2014-cü il yanvarın 20-də açılışı olmuşdur;

 

eyni zamanda Sabunçu rayonunun Ramana qəsəbəsində 80 ailəyə 1 ədəd və Balakən rayonunda 45 ailəyə 1 ədəd 5 mərtəbəli yaşayış binalarının və Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisi başa çatdırılmışdır;

 

Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 160 ailə üçün 2 ədəd, Qaradağ rayonunun «Ümid» qəsəbəsində 1-ci mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatmaq üzrədir;

 

6 rayonda 2330 məcburi köçkün ailəsinin, o cümlədən Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632, Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisinə başlanılmışdır;

 

Mincəçevir şəhərində 1500 (birinci mərhələdə 594), Sabunçu rayonunda 800, Pirallahı rayonunda 330, Füzuli rayonunda 400, Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış komplekslərinin salınması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər davam etdirilmişdir;

 

Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində məcburi köçkünlər üçün yaşayış massivinin salınması ilə bağlı texniki şərtlər alınmış, kompleksin baş planı ilə birlikdə müfəssəl planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri üçün smeta sənədləri hazırlanmış və birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə bağlanmışdır.

 

Dövlət büdcəsində nəzərdə tutulan 3,5 milyon manat investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 114 evin tikintisi başa çatdırılmışdır.

 

Beləliklə, 2013-cü ildə 5.741 ailə və ya 28.700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bu da 2012-ci ilə nisbətən 1.188 ailə və ya 5.935 nəfər çoxdur.

 

İl ərzində 292 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 2736 şagird yerlik 5 məktəb inşa edilmiş, həmçinin incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət Sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilmiş, 30,7 kilometr yol, 54,0 kilometr su xətti, 117,0 kilometr elektrik xətti, 42,0 kilometr qaz xətti, 8,0 kilometr istilik xətti, 25,0 kilometr kanalizasiya xətti çəkilmiş, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

 

Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 68 milyon manat olmaqla 368 milyon manat vəsait ayrılmışdır ki, bu da 2003-cü ilə nisbətən 18 dəfə çoxdur.

 

Son 10 il ərzində 2,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da ümumiyyətlə indiyədək yeni salınmış qəsəbələrə köçürülənlərin 92 faizini təşkil edir.

 

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 1.585,4 milyon manat vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmışdır.

 

Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Beləliklə, indiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2013-cü ildə ayrılmış 91,29 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. Dövlət büdcəsindən 2013-cü il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədi ilə ayrılmış 113,4 milyon manat vəsait məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir. 

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 5,0 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 5,2 milyon manat vəsait hesabına payız-qış mövsümündə (oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında), hər ailəyə ayda 40 litr olmaqla, 50 min məcburi köçkün ailəsinə ağ neft paylanılmışdır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 18 rayon (şəhər) icra hakimiyyətinə 553,1 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 31 ailəyə 36,7 min manat, cəmi 589,8 min manat məbləğində humanitar yardım verilmişdir. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 11 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 72 obyektdə cari təmir işləri aparılmışdır. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2013-cü ildə 1 milyon 10 min manatlıq sənaye malları istehsal edilmişdir.

 

25651 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

 

2013-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 50 ədəd müxtəlif markalı güc tranformatoru, 44 ədəd artezian və digər su nasosu, 4370 metr güc kabeli, 82,5 min metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal- materiallar verilmişdir.

 

İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 42 beynəlxalq, 45 yerli humanitar təşkilata yaradılmıış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onların xətti ilə dəyəri 24,0 milyon manat həcmində prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həlli məqsədi ilə 2013-cü ildə ayrılmış 637 milyon manat həcmində vəsaitdən 299 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun, 24 milyonu beynəlxalq təşkilatların və 14 milyonu digər təşkilatların vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 528 milyon manat və ya 5,8 dəfə çoxdur.

1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,4 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,9 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

 

Bu vəsaitin 84 faizi, yaxud 3,7 milyard manatı son 10 ildə istifadə olunmuşdur. 

 

Dövlət Proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində olmuşdur.

 

Hesabat dövründə 1985, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 750 nəfər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 2244 nəfər daimi işlə, 4404 nəfər isə mövsümi işlə təmin olunmuşdur. 570 nəfərə işsiz statusu verilmiş, 615 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 455 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 185 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

 

Son 10 il ərzində isə 86,8 min nəfər müvafiq işlə təmin edilmiş, 4.340 nəfərə işsiz statusu verilmiş, 2716 nəfər peşə hazırlığı kurslarına, 1.901 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir.

 

Azərbaycan Respublikası İqtisadiyyat və Sənay e Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5,0 milyon manat güzəştli kredit verilmişdir.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi («Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi») üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2013-cü ildə respublikanın 16 şəhər və rayonunda dəyəri 2,58 milyon manat olan müxtəlif növ 31 icma mikrolayihəsi icra edilmişdir. Bu icma mikrolayihələrinin icrası nəticəsində 16 min nəfər faydalanmışdır. 


Ümumilikdə həmin saziş üzrə son 10 ildə 310 min nəfərin faydalandığı (bunun da 83%-i məcburi köçkündür) və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir. 

 

2013-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 688 nəfərə ümumi məbləği 1,38 milyon manat təşkil edən mikrokredit verilmişdir. Son 10 ildə isə 10,8 min nəfər məcburi köçkünə verilmiş mikrokreditin məbləği 7,7 milyon manat olmuşdur və bu proqramlardan 46 min məcburi köçkün faydalanmışdır.

 

«Azərenerji»ASC tərəfindən ümumilikdə 97630 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə 60800, yığcam məskunlaşma obyektlərində isə 33300 mənzildə, ümumilikdə - 94100 ədəd (96,4%) elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 32500 ədədi (34,5%) "smart-kart" tipli sayğaclardır. «Bakıelektrikşəbəkə» ASC tərəfindən fərdi və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması 100 faiz başa çatdırılmışdır.

 

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir. 

 

Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və yığcam məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazla təchiz edilir. Yeni tikilmiş binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə 380.552 nəfər məcburi köçkün təbii qazla təchiz olunur. 

 

Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan ınənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir.

 

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır. 2013-cü ildə hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1100 manat vəsait sərf olunmuşdur. Bu da dünyada mövcud olan digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

 

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

 

Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış «Azərbaycan» internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə də geniş məlumat toplanmışdır. Bununla bərabər, Fondun xətti ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirilir, hər il keçirilən Yeni il şənliklərinə qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir.

 

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 80-dan artıq ölkədə «Xocalıya ədalət» beynəlxalq məlumat-təşviqat kampaniyası ilə bağlı silsilə tədbirlər təşkil olunur. Artıq 7 dövlətin Parlamenti və ABŞ-ın 14 ştatı Xocalı soyqırımını soyqırım kimi rəsmi qaydada qəbul etmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən «Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)» və «Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı (2003-2013-cü illər)» kitabları nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çap edilmiş və müvafiq dövlət orqanlarına, beynəlxalq və yerli humanitar təşkilatlara paylanılmışdır. Eyni zamanda həmin kitabların, broşura və CD şəklində digər məlumatların BMT-nin müxtəlif dillərində hazırlanaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və keçirilən görüşlərdə yayılması təmin edilmişdir.

 

Həmçinin il ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının nümayəndələri ilə 195 görüş keçirilmişdir. O cümlədən:

 

fevralın 4-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə Proqramı üzrə koordinatorları Quenael Fontana və Fransua Blansi Komitədə olmuş və ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılmışdır; 

 

fevralın 20-də ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Riçard Morninqstar Komitədə qəbul edimiş və ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmişdir. Qonaq həmçinin Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasında və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olmuşdur;

 

fevralın 24-də Çexiya Parlamenti deputatlar palatasının üzvü Katerjina Koneçna Komitədə olmuş, qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri və Azərbaycan hökuməti tərəfindən bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir;

 

fevralın 26-da Azərbaycanda səfərdə olan Türkiyənin «TRT», «FOX TV», «Kanaltürk» televiziya kanallarının, «Bu gün», «Todays zaman», «Samanyoluxəbər», «Zaman» qəzetlərinin və «Media PR» agentliyinin əməkdaşları ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı və s. barədə ətraflı məlumat verilmişdir;

 

martın 14-də ABŞ Dövlət Departamentinin Əhali, qaçqınlar və miqrasiya idarəsinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə direktoru Nənsi Ayris ilə keçirilmiş görüşdə qonağı maraqlandıran məsələlər ətraflı cavablandırılmışdır; 

 

aprelin 4-də Kanada Parlamentinin İcmalar Palatası sədrinin müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti Komitədə qəbul edilmiş, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmişdir;

 

mayın 3-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində və Binəqədi rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərə baş çəkmiş və onların həyat şəraiti ilə yaxından tanış olmuşdur;

 

mayın 14-də Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin Yaxın Şərq, Avropa, Qafqaz və Asiya İdarəsinin rəhbəri Frank Smit və həmin qurumun Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Nadine Valik Qaradağ, Binəqədi, Biləsuvar və Beyləqan rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlər və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə ətraflı məlumat verilmişdir;

 

mayın 17-də Avropa Parlamentinin slovakiyalı üzvləri Boris Zala, Katarina Nevedalova və Avropa-Azərbaycan Cəmiyyətinin Belçikadakı Nümayəndəliyinin rəhbəri Roman Huna, mayın 30-da NATO baş katibinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skor Komitədə olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır;

 

iyunun 10-da Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin başçılıq etdiyi nümayəndə heyəti Komitədə və bir sıra dövlət orqanlarında qəbul edilmiş, həmçinin Qaradağ və Binəqədi rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşləri təşkil edilmişdir;

 

iyunun 14-də İsrail dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Rafael Harpaz Binəqədi rayonu ərazisindəki İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur;

 

iyunun 19-da «Şərq Tərəfdaşlığı» gənclər şəbəkəsi - regional platforma modeli» layihəsinin iştirakçısı olan əcnəbi gənclər Komitədə olmuş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilmişdir;

 

iyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə birgə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir;

 

iyunun 27-də Azərbycanda səfərdə olan İtaliyanın «Giovani nel Mondo» gənclər təşkilatının nümayəndələri Komitədə qəbul edilmiş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmişdir. Qonaqlar həmçinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəlləyə baş çəkmişlər;

 

iyulun 8-də Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti, iyulun 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun, avqustun 6-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin səhiyyə, müalicə və reabilitasiya üzrə müavini Əfsin Əlixaninin rəhbərlik etdiyi nümayəndə heyəti Komitədə olmuş, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmişdir;

 

avqustun 12-də İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Obişer ilə görüş keçirilmiş və görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır;

 

sentyabrın 19-da ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar və Dövlət Departamentinin qaçqın məsələləri üzrə regional əlaqələndiricisi Coşua Fişel və Səfirliyin bir sıra əməkdaşları ilə Komitədə görüş keçirilmiş və görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılmışdır; 

 

oktyabrın 8-də Azərbaycanda səfərdə olan Fransa Senatının deputatı xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərində ağır şəraitdə yaşayan və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və onların həyat şəraiti ilə yaxından tanış olmuşlar;

 

oktyabrın 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti Komitədə olmuş, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmişdir; 

 

noyabrın 1-də Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti Komitədə olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmışdır;

 

noyabrın 28-də Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Komitədə qəbul olunmuş, qonaqlara Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilmiş və nümayəndə heyətinin Sabunçu rayonu ərazisində müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşü təşkil edilmişdir;

 

dekabrın 4-də Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempellə keçirilmiş görüşdə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı qonağa ətraflı məlumat verilmişdir;

 

dekabrın 4-də ölkəmizdə səfərdə olan BMT-nin qadınlar üzrə xüsusi məruzəçisi xanım Rəşidə Manjun Sumqayıt şəhərində ağır şəraitdə yaşayan və Qaradağ rayonunun Müşviqabad qəsəbəsində yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və məcburi köçkün qadınlarla ətraflı fikir mübadiləsi aparmışdır;

 

dekabrın 16-da İspaniyanın, eləcə də Avropanın ən nüfuzlu informasiya agentliklərindən olan «EFE» agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonso Komitədə qəbul edilmiş, həmçinin Qaradağ, və Sabunçu rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, qonaqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox soydaşımızın vəziyyəti və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə ətraflı məlumat verilmişdir.

 

Ölkəmizdə səfərdə olan bütün qonaqlara Komitə tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və məşğulluğunun artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə müxtəlif dillərdə hazırlanmış video materiallar, məlumat kitabları və s. təqdim olunmuş, həmçinin keçirilmiş görüşlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 270 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 60 mindən artıq yazılı və şifahi müraciətə baxılmış, 13 min nəfər qəbul edilmiş və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.