"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011 - ci il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011 - ci il ərzində görülmüş işlər barədə

 

  M Ə L U M A T

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Əlavələr» təsdiq edilmiş, qaçqınlar və məcburi köçkünlərlə bağlı Milli Məclis tərəfindən 1 qanun, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 12 qərar və sərəncam qəbul edilmişdir. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2011-ci il fevralın 10-da- Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin açılış mərasimində iştirak və çıxış etmişdir. Məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə köçürülməsi təmin edilmişdir. 

 

Goranboy şəhəri ərazisində inşa edilən məhəllənin baş planına II mərhələdə əlavə sosial obyektlərin (musiqi məktəbi, inzibatı bina) daxil edilməsi və baş planda düzəlişlərin edilməsi məqsədi ilə layihə təşkilatı ilə müqavilə bağlanmış, layihə-smeta sənədləri hazırlanaraq yeni variantda məhəllənin Ekspertiza rəyi alınmışdır. Məhəllədə qalan 9 ədəd beşmərtəbəli yaşayış binasının (8 ədəd – 60 mənzilli, 1 ədəd – 45 mənzilli) və sosial obyektlərin (musiqi məktəbi və inzibati bina) inşası ilə əlaqədar podrat təşkilatları ilə müqavilələr bağlanmışdır. Hazırda tikinti işləri başa çatmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2011-ci il dekabrın 24-də Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün tikilmiş yeni qəsəbənin və 360 şagird yerlik məktəbin açılış mərasimində iştirak və çıxış etmiş, həmçinin rayon ərazisində digər rayonlardan olan 560 məcburi köçkün ailəsi üçün tikintisi həyata keçirilən məhəllədə 10 ədəd (8 ədəd 60 mənzilli, 1 ədəd 45 mənzilli, 1 ədəd 35 mənzilli, cəmi 560 mənzil) beşmərtəbəli binaların, 360 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və müvafiq texniki infrastruktur obyektlərinin tikintisi prosesi ilə yerində tanış olmuş, görüləcək işlərə dair öz tövsiyələrini vermişdir. Hazırda məcburi köçkün ailələrinin qəsəbədəki evlərə köçürülməsinə başlanmış, 560 məcburi köçkün ailəsi üçün tikintisi həyata keçirilən məhəllənin tikintisi isə 2012-ci ilin əvvəlində başa çatdırılaraq məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə köçürülməsi təmin ediləcəkdir. 

 

Biləsuvar rayonu ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi, binanın otaqlarının mebel və avadanlıqlarla təchizatı başa çatdırılmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. 

 

İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır. 

 

Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmış, hazırda layihə-smeta sənədlərində bəzi korrektə işləri aparılmış, binalar və sosial obyektlər üzrə layihə sənədləri Dövlət Ekspertiza Baş İdarəsinə (DEBİ) təqdim edilmiş, sənədlərə baxılması başa çatmışdır. Hazırda texniki infrastruktur obyektləri üzrə layihə sənədlərinə baxılması davam edir. 

 

Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı evlərin), sosial və infrastruktur kommunikasiyalarının layihələri və smetaları hazırlanmışdır. Layihə-smeta sənədlərinin razılaşdırılması üçün müvafiq təşkilatlardan rəylər alınmış, DEBİ-yə təqdim edilərək müsbət rəy alınmışdır. 

 

Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin yerləşdirilməsi üçün 14 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və layihə təşkilatı ilə müqavilənin bağlanması üçün tender proseduru keçirilmiş və layihə təşkilatı ilə müqavilə bağlanmışdır. Hazırda məhəllənin baş planı hazırlanmış, binalar və sosial obyektlər üzrə geoloci axtarış işlərinə başlanmışdır. Bundan əlavə həmin rayonun ərazisində 195 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin yerləşdirilməsi və əkin sahəsi üçün 134 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün müvafiq qaydada icazə alınaraq, «Bakı İnşaat Layihə» QSC ilə müqavilə bağlanmışdır. 

 

Balakən rayonunda 43 məcburi köçkün ailəsi üçün yeni beşmərtəbəli yaşayış binasının tikintisi məqsədilə 0,7 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün icazə alınmış və layihə təşkilatı ilə müqavilə bağlanmışdır. 

 

İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınması məqsədilə 9 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün müvafiq qaydada icazə alınmış və layihə təşkilatı ilə müqavilə bağlanmışdır. 

 

Hacıqabul rayonunda 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin yerləşdirilməsi üçün 30 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir. 

 

Saatlı rayonunda 320 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınması məqsədilə 13 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir. 

 

Ağdam rayonunun «Dördyol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtlər alınmış və «İnşaat Pasportu» hazırlanmışdır. 

 

Beyləqan rayonunda 320 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınmasına 385 hektar torpaq sahəsi ayrılmış (o cümlədən 320 ha suvarılan sahə nəzərə alınmaqla), texniki şərtlər alınmış və layihə təşkilatı ilə müqavilənin bağlanması üçün tender proseduru keçirilmiş və müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda qəsəbənin baş planının hazırlanması başa çatdırılmış, Beyləqan və Xocavənd Rayon İcra Hakimiyyətləri ilə razılaşdırılmışdır. 

 

Beyləqan rayonu ərazisində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmış və podrat təşkilatı ilə müqavilə bağlanmışdır. Tikinti-quraşdırma, binanın xarici və daxili divarlarında bəzək-tamamlama işləri başa çatmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilmişdir. 

 

müvafiq göstərişə uyğun olaraq, Abşeron rayonunun Masazır kəndinin ərazisində ayrılmış 12,0 ha torpaq sahəsində 2012-ci ilin birinci rübündə tikinti işlərinə başlanılacaq və həmin əraziyə Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkünlər köçürüləcəkdir; Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında ayrılmış 22,0 ha torpaq sahəsində salınacaq çoxmərtəbəli yaşayış binalarından ibarət məhəlləyə köçürülməsi nəzərdə tutulmuşdur; 

 

Ramana qəsəbəsinin yaxınlığında Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən «Səttərxan adına maşınqayırma zavodu» TASC-yə məxsus, tikintisi yarımçıq qalmış 4 mərtəbəli binada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 ədəd 80 mənzilli 5 mərtəbəli binanın tikinti işləri başa çatdırılaraq məcburi köçkün ailələrinin mənzillərə köçürülməsi təmin olunmuşdur. 

 

Qazax rayonunda Konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli binanın tikintisi başa çatmışdır. 

 

Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşmış 406 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar məskunlaşdıqları obyeklərdən öz daimi yaşayış yerlərinə qayıtmalarınadək yaşamaları və istifadə etmələri üçün Abşeron rayonunun ərazisində dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülmüşlər. İl ərzində 2123 ailə, 10615 nəfər məcburi köçkünün, onlardan 1637 ailə 8427 nəfərinin Dövlət Proqramı və Əlavələr çərçivəsində, 486 ailə 2188 nəfərin isə dövlət ehtiyacları ilə əlaqədar mənzil- məişət şəraiti yaxşılaşdırılmışdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təkliflərin və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamları ilə təsdiq edilmiş «Əlavələr»in icrası olaraq: 

 

Füzuli rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 612 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin salınması məqsədilə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qış otlaq fondunun 18 h nömrəli ərazisindən 700,0 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməsi başa çatmaq üzrədir. Sənədlər qısa vaxt ərzində icra üçün sifarişçi təşkilat olan MKSİF-ə göndəriləcəkdir. 

 

Gəncə şəhəri ərazisindəki ali təhsil müəssisələrinin yataqxanalarında, məktəb binalarında, hərbi hissələrə məxsus binalarada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə-Bakı avtomobil yolunun sağ tərəfindəki ərazidən 25,0 ha torpaq sahəsi ayrılmış və sənədlər icra üçün MKSİF-ə göndərilmişdir. 

 

 

Hesabat dövründə 2171 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 374 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1797 nəfər daimi işlə, 2532 nəfər isə mövsümi işlə təmin olunmuşdur. 352 nəfərə işsiz statusu verilmiş, 430 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 478 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 140 nəfər isə ictimai cəlb olunmuşdur. 

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2011-ci il ərzində MKSİF tərəfindən 106 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 11,564 mln ABŞ dolları təşkil etmişdir) başa çatmışdır və bu mikrolayihələrdən 54,84 min nəfər əhali faydalanmışdır. Bunlardan 38,38 mini (70%) məcburi köçkünlərdir. 

 

Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 254 nəfərə, o cümlədən 210 nəfər məcburi köçkünə ümumi məbləği 437,0 min manat təşkil edən mikrokreditlər verilmişdir. Bu mikrokreditlərin verilməsi nəticəsində 823 nəfər faydalanmışdır ki, onların 83%-i, yəni 683 nəfəri məcburi köçkünlərdir. 

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Komitəyə 827 müraciət (498 müraciət qaçqın və məcburi köçkünlərdən, 329 müraciət isə vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 211 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir. 

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 43 obyektdə cari təmir işləri, Füzuli rayonunun Haramı ərazisində məcburi köçkünlər üçün salınmış 1221 ailəlik 6 yaşayış qəsəbəsində çökmə nəticəsində zədələnmiş 80 evin bərpası, investisiya vəsaiti hesabına isə məshəti türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin , o cümlədən 17 ədəd Sabirabad rayonunda, 19 ədəd Beyləqan rayonunda, 14 ədəd Oğuz rayonunda, 2 ədəd Xaçmaz rayonunda tikintisi başa çatdırılmışdır. 

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2011-ci ildə təsdiqlənmiş 89,3 milyon manat vəsaitdən 87,1 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. 

 

«Azərenerji» ASC tərəfindən ümumilikdə 94910 elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hesabat dövrünədək fərdi evlərdə 57786, kompakt məskunlaşma obyektlərində isə 25734 mənzildə sayğac quraşdırılmışdır. «Azərenerji» ASC üzrə ümumilikdə cəmi 83520 ədəd (88 %) sayğac quraşdırılmışdır. Bunlardan 25774 ədəd (31%) Smart-Kart tipli sayğaclar quraşdırılmışdır. «Bakıelektrikşəbəkə» ASC tərəfindən fərdi və kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır. Respublikanın bütün ərazilərində nəzərdə tutulmuş kompakt məskunlaşma obyektlərinin elektrik təchizatının sərbəstləşdirilməsi tamamilə 100% başa çatdırılmışdır. Respublikanın bütün şəhər və rayonlarında məskunlaşmış məcburi köçkün ailələri elektrik enercisi ilə fasiləsiz təchiz olunurlar və enerci təchizatında heç bir məhdudiyyətlərə yol verilmir. 

 

«Azəriqaz» İB üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tamamilə başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazlaşdırılır. Yeni binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə məcburi köçkün ailələrinin yarısından çoxu təbii qazla təchiz olunurlar. 

 

Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan ınənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir. 

 

2011-ci ildə müxtəlif rayonlar üzrə 79 məskunlaşma obyektlərinə 45 ədəd müxtəlif markalı güc transformatoru, 21 ədəd KTP şkafı, 54 ədəd su nasosu, 3930 metr güc kabeli, 65650 metr elektrik naqili verilmişdir. 

 

Dövlət büdcəsindən 2011-ci il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 99,0 milyon manat vəsaitdən 96,8 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir. 

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 4,0 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir. 

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,0 milyon manat vəsaitdən 75,2 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar, fevral, oktyabr, noyabr və dekabr aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 6,5 milyon manat vəsait sərf olunmuşdur. 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş və davam etdirilir. 2011-ci il yanvarın 28-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Belçikanın Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri cənab Villi Fautreni ilə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermişdir. Görüşün məqsədi Xocalı soyqırımı ilə bağlı obyektiv hesabat hazırlamaq, həmin hesabatın Avropa Parlamentində təqdimatının keçirilməsi və yayılması, Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində «New Europe» qəzetində məqalə dərc etmək olmuşdur. Eyni zamanda 2012-ci ildə soyqırımın 20-ci ildönümü münasibəti ilə müvafiq fəaliyyətin davam etdirilməsi, Avropa və Belçika Parlamentlərində Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Qonaqlar Bakı şəhərində məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşmüşdür. 

 

2011-ci il fevralın 17-də «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması» İctimai birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar keçirilən anım mərasimində azərbaycan, rus və ingilis dillərində hazırlanan «Soyqırım. Qaradağlı» filminin təqdimatı olmuş, dünyanın bir çox ölkələrində də təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur. 

 

2011-ci il fevralın 21-də Xocalı soyqırımının ildönümü ərəfəsində türkiyəli recissor Cem Oğuzun ekranlaşdırdığı «Qaçqın Anar Usubovun uzun səyahəti» adlı filmi azərbaycan və ingilis dillərində tərcümə edilmiş, Xocalı faciəsi haqqındakı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə ABŞ-ın Los-Anceles və Vaşinqton şəhərlərində təqdimatı keçirilmişdir. 

 

İsveçrədə fəaliyyət göstərən müstəqil curnalist Andre Vidmer mart ayının 16-17-də Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşmüş, Ağcabədi rayonunun Taxta körpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuş və bildirmişdir ki, onların vəziyyəti, hələ də öz torpaqlarına dönə bilməmələri ilə bağlı faktları kitabında işıqlandıracaqdır. 

 

Fransa senatının üzvü xanım Natali Qulinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Pedaqoci Universitetinin yataqxanasında və Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. 

 

Mayın 4-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Əl-Cəzirə” telekanalının müxbiri Robin Forestier-Walker və Nasyr Cakypbek Uulunə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bunun nəticəsində ölkədə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün problemi və onlara dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. 2011-ci il may ayının 19-20-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Azərbaycanda səfərdə olmuş Ağdam, Yevlax rayonlarında və Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olmuşdur. Ali komissar Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri digər ölkələr üçün nümunə kimi qiymətləndirmiş və bildirmişdir ki, dünyanın digər münaqişə zonaları ilə müqayisədə Azərbaycan hər bir məcburi köçkünə il ərzində sərf olunan vəsaitin həcminə görə dünyada öndədir. 

 

Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Mark Fieldin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri mayın 26-da Azərbaycanda səfərdə olmuş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, qaçqın və məcburi köçkünlərin mövcud vəziyyəti və onlara göstərilən dövlət qayğısı barədə məlumat verilmişdir. Nümayəndə heyəti mayın 28-də Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və həmin gün Komitə əməkdaşlarının müşaiyəti ilə Ağdam rayonuna səfər etmiş və cəbhə xəttinə yaxın hərbi hissədə olmuşlar. 

 

İyunun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri və onlara dövlət qayğısı barədə məlumat verilmişdir. 

 

İyunun 16-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının üzv ölkələrinin və Avropa Komissiyasının nümayəndələrindən ibarət heyət Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər. -İyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, BMT-nin QAK-ın Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə «20 iyun Dünya Qaçqınlar Günü»nə, BMT-nin Qaçqınların Statusu haqqında 1951-ci il Konvensiyasının 60 illiyinin, Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasının isə 50 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən, xarici ölkələrin ölkəmizə akreditə olunmuş səfirlərinə, beynəlxalq təşkilatların nümayəndələrinə və digər iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri və onlara dövlət qayğısı barədə məlumat vermişdir. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri iyulun 5-də Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, iyulun 15-də Avropa Parlamentinin üzvləri, iyulun 20-də Türkiyənin “Radikal”, “Hürriyyət”, “Todays Zaman”, “Zaman”, “Milliyyət” və “Haber Türk” kimi nüfuzlu qəzetlərinin nümayəndələri, iyulun 20-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının (AXP) üzvləri, iyulun 27-də İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duranın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilə görüşmüş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri, onlara dövlət qayğısı barədə məlumat vermişdir. 

 

Ölkəmizə səfərləri çərçivəsində Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdam rayonunda olmuş və məcburi köçkünlərlə görüşmüşlər. 

 

Avqustun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Əl-Cəzirə türk” telekanalının müxbiri İrfan Bozana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bunun nəticəsində ölkədə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün problemi və onlara dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. - Ölkəmizdə səfərdə olan ABŞ konqresmenlərindən bir qrupunun köməkçilərinin daxil olduğu nümayəndə heyəti avqustun 17-də Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər. 

 

Sentyabrın 8-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Fələstin dövlətinin Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Əbdürrəhmanla görüşmüş, ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllində dövlətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir. 

 

Oktyabrın 13-də Argentina İslam Mərkəzinin üzvləri, oktyabrın 18-də Böyük Britaniya, Almaniya və İtaliyadan olan bir qrup curnalistlərdən ibarət nümayəndə heyəti, Noyabrın 29-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql, dekabrın 6-da Türkiyə Cumhuriyyətinin xarici işlər nazirliyi baş idarə rəisinin müavini, səfir Ahmet Rza Demirerin rəhbərlik etdiyi nümayəndə heyəti, dekabrın 9-da Avropa Parlamentində Fransanı təmsil edən deputatlar Dominik Rike və Filip Bulan ölkəmizə səfərləri çərçivəsində Komitə rəhbərliyi ilə görüşmüş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri barədə məlumat verilmişdir. 

 

Qonaqlar məcburi köçkünlərin məskunlaşma vəziyyəti ilə yerində tanış olmuşlar. 

 

Dekabrın 7-8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrə şəhərində səfərdə olmuş və BMT-nin Qaçqınların statusuna dair 1951-ci il və Vətəndaşsızlıqla bağlı 1961-ci il konvensiyalarının əhəmiyyətindən danışaraq diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmişdir. 

 

Komitə üzrə 18 rayon (şəhər) icra hakimiyyətlərinə 812,5 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 32 ailəyə 6000 manat, cəmi 818,5 min manat məbləğində humanitar yardım, həmçinin 376 ədəd odeyal, 287 ədəd çadır verilmişdir. 

 

Qurban bayramı münasibətilə 10 min ailəyə İslam İnkişaf Bankının xətti ilə 37,3 ton ət payı verilmişdir. 

 

Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2011-ci ilin məhsulu üçün 136 ha sahədə taxıl səpini işləri aparılmış, 138 ton məhsul istehsal olunmuşdur. Həmçinin Sənaye, AS və AFT-da 900,0 min manatlıq sənaye malları istehsal edilmiş, 2012-ci ilin məhsulu üçün 50 ha sahədə taxıl səpini işləri aparılmışdır. 

 

23990 şəxsə məcburi köçkün, 1 şəxsə qaçqın statusu və bu barədə müvafiq vəsiqə verilmişdir. -Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 9422 nəfər vətəndaş qəbul olunmuş, qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 45283 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 99,7 %-i icra olunub, 71,7 %-i müsbət həll edilmişdir. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 1004 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 154 nəfər fərdi qaydada , 850 nəfər isə kollektiv formada (5 kollektiv) olmuşdur.