"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında
Çap et

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycanda 1993-1995-ci illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, bir çox sahələrdə, xüsusilə makroqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlığın təməli qoyulmuş və onun inkişafında əhəmiyyətli uğurlar qazanılmış, əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Son 5 ildə ümumi daxili məhsul 60 faiz, kapital qoyuluşu 2,8 dəfə, orta aylıq əmək haqqı 2,2 dəfə artmışdır. Bu dövrdə dövlət büdcəsinin kəsiri 2 faizdən, inflyasiyanın səviyyəsi isə 2,5 faizdən çox olmamışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 1998-ci ildəki 59,5 faizdən 2003-cü ildə 73 faizə, o cümlədən sənayedə 26 faizdən 54 faizə çatmışdır. Bu gün ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək və problemləri kompleks həll etmək məqsədi ilə 10-dan çox dövlət proqramı həyata keçirilir.

 

 

Ölkədə aparılan uğurlu neft strategiyası nəticəsində ildən-ilə artan neft gəlirlərindən daha səmərəli istifadə etmək üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Hazırda bu Fondda 800 milyon dollardan çox vəsait toplanmışdır və ondan ölkə üçün böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi layihələrin reallaşmasına istifadə edilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisində və Şahdəniz layihəsinin icrasında işlər proqrama uyğun olaraq uğurla davam etdirilir.

 

Bütün bunlar, mövcud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası və bu sistemdə özünə layiq yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırlması üçün etibarlı zəmin yaratmışdır.

 

İqtisadiyyatda müşahidə olunan müsbət meylləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə qərara alıram:

 

1.Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birlikdə:

 

ölkənin sosial-iqtisadi həyatında əldə edilmiş dinamik inkişafın davam etdirilməsinə nəzarəti artırsın, bu sahədə qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirsin və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarının (Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər), 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf, Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı, Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf və digər proqramların) icrası vəziyyətini araşdırsın, bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin etsin və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına yönəldilmiş tədbirlər planı hazırlayıb 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün yeni müvəqqəti qəsəbələrin və evlərin tikilməsini təmin etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq məqsədi ilə 1 ay müddətində xüsusi dövlət proqramı hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

regionların yerli resursları və digər amillər nəzərə alınmaqla, onların sosial-iqtisadi inkişafı məqsədi ilə müvafiq dövlət proqramının layihəsini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

dünya təcrübəsində olan alternativ enerji mənbələrindən (günəş, külək, termal sular enerjisindən, kiçik su elektrikstansiyalarından) ölkədə istifadə etmək və onları inkişaf etdirmək məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olmaq məqsədi ilə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən işlər görsün, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirsin və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul istehsalını və onların dünya bazarlarına ixracını stimullaşdıran müvafiq tədbirlər görsün;

 

əhalinin sağlamlığını qorumaq məqsədi ilə yüksək keyfiyyətli məhsul və dərman ləvazimatının istehsalını və idxalını təmin edən tədbirlər (keyfiyyətə nəzarətin maddi-texniki bazasının gücləndirilməsi də daxil olmaqla) hazırlayıb həyata keçirsin;

 

aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaq və bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək məqsədi ilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə daha böyük həcmdə təmin olunması, toxumçuluq bazasının inkişaf etdirilməsi, yeni emal müəssisələrinin yaradılması və s.) 1 ay müddətində müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

iqtisadiyyatın idarə edilməsi sistemində islahatların başa çatdırılması, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi və bir sıra icra hakimiyyəti orqanlarında vəzifə və səlahiyyətlərin dəqiqləşdirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya barədə təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədi ilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlər görsün;

 

dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsini, gəlirlərin artırılmasını və xərclərin səmərəli istifadəsini təmin etmək məqsədi ilə 1 ay müddətində müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsinə dair 2 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparsın və 2004-cü ilin birinci yarısının nəticələrinə görə onların artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

əhalinin pensiya təminatını yaxşılaşdırmaq məqsədi ilə sosial sığorta sistemində islahatları sürətləndirsin və vətəndaşların pensiya təminatı ilə bağlı yeni qanun layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

aidiyyəti dövlət orqanları ilə birlikdə ölkədə kommunal islahatlarının aparılması mexanizmini 2 ay müddətində hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət orqanları ilə birlikdə sosial sahələrdə islahatları sürətləndirsin, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, mövcud nöqsanların və neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsin və görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. [1]

 

3.Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: [2]

 

sahibkarlığın inkişafı ilə bağlı əvvəllər qəbul olunmuş qərarların icrasını sürətləndirsin, bu işdə qarşıya çıxan maneələrin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görsün və görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq özəlləşdirməyə açıq elan olunmuş dövlət müəssisələrinin özəlləşdirilməsini və idarəetməyə verilməsini sürətləndirsin, bununla bağlı təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirsin;

 

Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə sahibkarların maliyyə resurslarına olan ehtiyacını daha dolğun ödəmək məqsədi ilə verilən kreditlər üçün girov təminatının təkmilləşdirilməsi barədə təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

ölkənin beynəlxalq və regional maliyyə və iqtisadi qurumlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparılmasını təmin etsin.

4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

 

dövlət büdcəsi vəsaitinin təyinatına görə səmərəli istifadə olunmasına və dövlət vəsaiti hesabına satınalmalara nəzarəti gücləndirsin, maliyyə intizamına riayət etməyən büdcədən maliyyələşən təşkilatlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görsün;

 

dövlət büdcəsinin tərtibi üçün elmi cəhətdən əsaslandırılmış normativlərin hazırlanmasını sürətləndirsin və büdcə sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi barədə 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etsin.

 

5.Dövlət müəssisələrinin, şirkətlərinin, səhmdar cəmiyyətlərinin və digər təşkilatların rəhbərlərinə tapşırılsın ki, maliyyə intizamını gücləndirsinlər, bu sahədə olan nöqsanları aradan qaldırsınlar və ödəməmələr probleminin həlli istiqamətində konkret tədbirlər hazırlayıb həyata keçirsinlər. Görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu məsələlərin icrasını daim nəzarətdə saxlasın, yaranmış vəziyyəti araşdırıb müvafiq tədbirlər görsün və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

6.Azərbaycan Respublikasının Milli Bankı bank sistemində islahatların sürətləndirilməsinə və bank xidmətinin yaxşılaşdırılmasına dair təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

7.Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər.

 

8.Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2003-cü il

 № 4

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

 

2.14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

 

3.16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 11, maddə 634) 2-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.