Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK/UNHCR)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) - 14 DEKABR 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır.
Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
BMT QAK qaçqın məsələlərinin həllinə dair idarəetmə təcrübəsini və zəruri yardımı Azərbaycana gətirmiş ilk beynəlxalq təşkilatlardan biri idi.
Azərbaycan Respublikası 2012-ci ildən BMT QAK-ın İcraiyyə Komitəsinin üzvüdür və qurumun hər ilin oktyabr ayında təşkil olunan sessiyasında Azərbaycan yüksək səviyyəli nümayəndə heyəti ilə fəal iştirak edir.
2015-ci il 31 dekabr tarixindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı postuna əslən İtaliyadan olan Filippo Qrandi təyin olunmuşdur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir. Ötən dövr ərzində təşkilatın xətti ilə təxminən 112 milyon ABŞ dolları həcmdə müxtəlif layihələr həyata keçirilmişdir. Bu vəsaitin 22 milyon ABŞ dolları inzibati xərclərə aiddir. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambrosodur.
BMT QAK fəaliyyətə başladığı ilk illərdən etibarən qaçqın və məcburi köçkünlər üçün sığınacaq, əsas ehtiyacların ödənilməsi (ərzaq, qeyri-ərzaq yardımı, su təchizatı, sanitariya və s.), təhsil, səhiyyə, və s. layihələr həyata keçirmişdir. 90-cı illərdə təşkilatın Azərbaycanda olan məcburi köçkünlər üçün əməliyyatlarına hər il 8 milyon ABŞ dollarınadək vəsait sərf olunurdu.
Təşkilat hazırda ölkədə qaçqın və sığınacaq axtaran şəxslərə səhiyyə xidməti, təminatı aşağı olan ailələrə əsas ehtiyacların ödənilməsi üçün maliyyə yardımı, orta təhsilə dəstək, ali məktəblərdə təhsil alan qabaqcıl qaçqın tələbələri üçün Almaniya Hökumətinin ayırdığı təqaüdlərin təmin edilməsi, qaçqın və məcburi köçkün gənclər üçün kompyuter və digər təlim-tədris fəaliyyətinin təşkili, qaçqın və məcburi köçkünlərə hüquqi yardımın təmin edilməsi, həmçinin ailə-məişət zorakılığı ilə mübarizə və gender bərabərliyinin təşviqi üzrə layihələri birbaşa və ya icraçı tərəfdaşları vasitəsi ilə həyata keçirir.
2017-cı ildə həyata keçirilən layihələr:
I.Azərbaycanda məcburi köçkünlərin himayəsi, onlara yardım göstərilməsi layihəsi
Layihənin məqsədi
Məcburi köçkünlərin əmək bazarına, ödənişsiz səhiyyəyə və digər sosial xidmətlərə çıxışına şərait yaradılması, hüquqi müdafiə vasitələrinə (proseslərə) çıxışa əmin olmaq, məcburi köçkünlər arasında hüquq əsaslı məlumatlandırmanın aparılması, Cinsi və gender zəminində zorakılığın qarşısının alınması və cavab tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Layihənin maliyyə mənbəyi (donoru) və dəyəri
BMT QAK-ın qlobal donorları
311612 ABŞ dolları – əməliyyat xərcləri (Yaponiyanın Fuji Humanitar Missiyası tərəfindən ianə edilmiş 182484 ABŞ dolları daxil olmaqla)
36091 – inzibati xərclər
Layihənin həyata keçirildiyi müddət və regionlar
2018-ci ildə (1 yanvar-31 dekabr tarixləri ərzində) layihə ilə bağlı məcburi köçkünlər üçün məlumat, məsləhət və hüquqi yardımlar Bakı, Abşeron, Sumqayıt, Füzulidə, cinsi və gender zəminində zorakılığın qarşısının alınması və cavab tədbirləri isə Bakı Ağdam, Füzuli, Goranboy, Cəbrayılda həyata keçirilmişdir.
Layihə nəticəsində görülən işlər
Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə qiymətləndirmə missiyaları təşkil edilmiş, məcburi köçkün icmaları və yerli hakimiyyət orqanları ilə görüşlər keçirilmişdir. Məcburi köçkünlər hüquqi məsləhətlərlə və ödənişsiz hüquqi yardımla təmin edilmiş və həmçinin hüquqları haqqında və milli qanunvericiliyə və BMT-nin məcburi köçkünlərin himayəsinə dair Rəhbər Prinsiplərinə uyğun olaraq hüquq və imtiyazlarından istifadə etmələrinə imkan verən mövcud mexanizmlər barəsində məlumatlandırılmaları üçün informasiya sessiyalarında iştirak etmişlər. 2018-ci il ərzində ümumilikdə 4459 nəfər məlumatlandırma, hüquqi məsləhət və hüquqi yardım layihəsindən faydalanmışdır. Bundan əlavə, icmaların və fərdlərin problemlərinə dair təşviqat xarakterli görüşlər keçirilmiş və əlaqələr yaradılmışdır. 589 nəfər kişi, qadın və qızların iştirakı ilə cinsi və gender zəminində zorakılıq halları ilə bağlı məlumatlılığın artırılması sessiyaları keçirilmişdir.
2018-ci ildə layihə üzrə 7844 nəfər məcburi köçkün faydalanmışdır.
II.Görmə qabiliyyətinin müayinəsi üzrə “Fuji” missiyası layihəsi
Qaçqınların və məcburi köçkünlərin ödənişsiz göz müayinəsi və eynəklərlə təmin olunması məqsədi daşıyan “Görmə qabiliyyətinin müayinəsi missiyası layihəsi”nin maliyyə manbəyi (donoru) Yaponiyanın “Fuji Vision Aid Mission” Birləşmiş Assosiasiyasıdır və dəyəri (2018-ci il üçün) 205622 ABŞ dollarıdır. Donorun missiya üçün faktiki xərclədiyi bu vəsait BMT QAK tərəfindən natura şəkildə ianə kimi qəbul edilərək BMT QAK-ın Azərbaycanda məcburi köçkünlər üçün 2018-ci il əməliyyat büdcəsinin 182484 ABŞ dollar artırılmasına səbəb olmuşdur
Layihə nəticəsində BMT QAK-ın Bakı ofisi məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı şəxslər üçün görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması misiyasını hazırlamış və koordinasiya etmişdir. Azərbaycana 4000 eynək gətirilmiş, bilavasitə Yaponiyanın “Fuji Vision Aid Mission” birləşmiş assosiasiyası tərəfindən 1-11 iyul 2018-ci il tarixlərdə Gəncə, Şəmkir, Bakı regionlarında 2815 nəfər müayinə olunmuş və onlardan 2244 nəfərə eynək verilmişdir. İlin sonunda daha 1365 eynək məcburi köçkünlərə, qaçqınlara və digər aztəminatlı şəxslərə paylanılmış, o cümlədən 196 ədəd eynək xüsusi olaraq hazırlanaraq Yaponiyadan göndərilmiş və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən benefisiarlara çatdırılmışdır.
2018-ci ildə humanitar missiyadan 2596 məcburi köçkün faydalanmışdır.
Ümumiyyətlə, 2005-2017-ci illərdə Yaponiyanın “Fuji Vision Aid Mission” birləşmiş assosiasiyası tərəfindən Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləmişdir. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi arasında keçirilən görüşlər:
1999-cu ilin sentyabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı xanım Sadako Oqata Biləsuvar rayonu ərazisində çadır düşərgələrindəki məcburi köçkünlərlə görüşüb;
2004-cü ilin noyabrında BMT QAK-ın Ali Komissarı cənab Ruud Lubbers çadır düşərgələrinə səfər edib;
2006-cı il 16 avqust tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Beyləqan rayonundakı “Yeni Xocavənd” qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb;
2010-cu ilin martın 3-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) “Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili“ hesabatının təqdimatı olub;
2011-ci il mayın 18-də Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb;
2011-ci ilin mayın 18-də Azərbaycana ikigünlük səfəri çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Ağdam rayon 18 nömrəli məktəbinin həyətində məcburi köçkünlərlə görüşmüşdür və məktəblə tanıış olmuşlar. BMT QAK-ın nümayəndələri elə həmin gün Yevlax rayonunda da olmuşlar. Ali komissar və onu müşayiət edən şəxslər Yevlax şəhərində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni salınmış çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə baş çəkmişlər. Qonaqlar ağdamlı məcburi köçkün Şahmar Göyüşovun 4 otaqlı mənzilindəki şəraitlə tanış olmuş 23 nömrəli Ağdam, 30 nömrəli Kəlbəcər orta məktəbində məcburi köçkünlərlə görüş keçirilib;
2011-ci ilin mayın 19-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş və nümayəndə heyəti paytaxtın Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yataqxanalarda və yeni salınmış məhəllədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər;
2011-ci ilin dekabrın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə başlamış BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrə şəhərində səfər etmişdir. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri dekabrın 6-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin (HMƏO) Cenevrə bölməsinin rəhbəri və Gürcüstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə görüşülüb;
2014-cü ilin martın 12 -də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edilib;
2014-cü ilin noyabrın 7 -də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib;
2015-ci ilin iyunun 4 -də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volkeni və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib;
2015-ci ilin oktyabr 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoftun rəhbərlik etdiyi nümayəndə heyətini və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib;
2015-ci ilin dekabrın 16-17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun ”Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşündə iştirak etmişdir. Səfər müddətində Dövlət Komitəsinin sədri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş ilə görüşüb;
2016-cı ilin aprelin 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib;
2016-cı ilin mayın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonun müraciəti əsasında onunla görüşüb;
2016-cı ilin avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelisi qəbul edib;
2016-cı ilin sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul etmişdir. Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin dəvəti əsasında 2016-cı il 3-7 oktyabr tarixlərində Cenevrə şəhərində keçirilən Ali Komissarın Proqramının İcraiyyə Komitəsinin növbəti 67-ci sessiyasında komitə sədrinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılıb;
2016-cı ilin dekabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşüb;
2017-ci ilin yanvarın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib;
2017-ci ilin iyunun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klauv və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə görüşüb;
2017-ci ilin sentyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib;
2017-ci ilin oktyabrın 2-6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında iştirak etmişdir. Səfər müddətində Komitə sədri BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb;
2017-ci ilin noyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin qaçqınlar üzrə ali komissarının əməliyyatlar üzrə köməkçisi (müavini) Corc Uilyam Okos-Obbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;
2018-ci ilin martın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib;
2018-ci ilin mayın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb;
2018-ci ilin iyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb;
2018-ci ilin oktyabrın 1-5-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 69-cu sessiyasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri iştirak edib. Səfər proqramı çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial ilə görüşlər keçirilib;
2019-cu ilin iyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
2021-ci ilin iyunun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
2023-cü ilin martın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Bik Lum ilə görüşüb.