"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında
Çap et

Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Bu siyasət iki istiqamətdə gerçəkləşdirilirdi. Bir tərəfdən, Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başlanmışdı. Digər tərəfdən isə, torpaqları zəbt olunmuş azərbaycanlılar qaçqın və köçkün vəziyyətinə salınırdılar. Təkcə XIX əsrdə imperiya qüvvələrinin dəstəyi ilə 400 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana köçürülmüşdü. O zaman yaranmış vəziyyətdən narahatlıq keçirən bir çox alim, siyasətçi və diplomat Azərbaycana qarşı aparılan siyasəti pisləyərək Azərbaycan torpaqlarının zəbt olunması nəticəsində gələcək nəsillərin hansı problemlərlə üzləşəcəklərini böyük uzaqgörənliklə xəbər verirdilər.

 

1905-1907 və 1918-1920-ci illərin hadisələri, mart qırğınları zamanı azərbaycanlılar kütləvi surətdə qətlə yetirilir, onların yaşadıqları kəndlər talan edilir, viran qoyulur, minlərlə soydaşımızın qaçqın və didərgin vəziyyətinə salınması üçün müxtəlif silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunurdu. 1918-ci ildə Zaqafqaziya Seymi nəzdində Müsəlman fraksiyasının qaçqınlar şöbəsinin yaradılması sayəsində bu insanların problemlərini qismən həll etmək mümkün oldusa da, kütləvi qırğınlara son qoyula bilmədi.

 

1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan öz sərhədlərini təyin etmək istədikdə, yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəldi. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının torpaqlarında erməni dövləti yaratmaq ideyası ortaya atıldıqdan sonra bu məsələlər daha kəskinləşdi. Bu dövrün Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyin zəruriliyini dərk edirdilər. Yüz ildən də çox bir zaman ərzində ermənipərəst qüvvələrin və erməni millətçilərinin yürütdükləri siyasətin nəticələri göz qabağında idi. Artıq bu acı tarixi gerçəkliklə hesablaşmamaq mümkün deyildi. Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski həmin günlərdə gedən gərgin danışıqları yekunlaşdıraraq qeyd edirdi ki, ermənilər dövlət yaratmaq niyyətlərini siyasi mərkəzləri olmadığına görə gerçəkləşdirə bilmirdilər. Ona görə də qərara alındı ki, ermənilərin bütün ərazi iddialarını aradan qaldırmaq məqsədilə İrəvan onlara paytaxt kimi verilsin. Lakin hadisələrin sonrakı gedişatı, xususən Zəngəzurda baş verənlər göstərdi ki, erməni millətçiləri öz məkrli planlarından heç də əl çəkmək niyyətində deyildirlər. İrəvan xanlığı ərazisindən minlərlə soydaşımızın didərgin salınması davam edirdi. Nəticədə ermənilər Zəngəzur dəhlizini ələ keçirərək İranla sərhəd yaradılmasına nail oldular.

 

Beləliklə, tarixin bu mərhələsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhərində olan erməni dövləti yaradıldı. Bundan sonra azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və onlara qarşı tətbiq olunan etnik təmizləmə siyasətinin yeni mərhələsi başlandı. Zaqafqaziya Federasiyasının qurulması və ləğvi, Azərbaycan SSR və Ermənistan SSR-nin yaradılması dövründə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri yenə də Ermənistan SSR-in tərkibinə salınırdı. Həmin kəndlərin köklü azərbaycanlı əhalisi isə bu və ya digər üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi.

 

Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib hissəsini təşkil edirdi. 1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir.

 

SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 nömrəli qərarı, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 nömrəli ikinci qərar əsasında 150 minə yaxın azərbaycanlı yaşadıqları yerlərdən didərgin salmaraq öz doğma torpaqlarından köçürüldü.

 

1987-ci ildən Dağlıq Qarabağ ətrafında cərəyan etməkdə olan məlum hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesi misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başlandı. 250 mindən artıq soydaşımız mərhələ-mərhələ öz yurdlarından qovuldu və didərgin salındı. Həmin dövrdə Azərbaycan hökuməti belə bir problemin mövcud olduğunu rəsmən inkar edirdi. Yalnız 1990-cı il dekabrın 22-də Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Statistika Komitəsinə və digər qurumlara Ermənistan Respublikasında öz yerlərini məcburi tərk etmiş insanlar haqqında ilkin statistik məlumatlar toplanmasını tapşırdı. Təqribən bir il sonra isə həmin insanlara yardım proqramlarının gerçəkləşdirilməsi işinə başlandı. Sovet hökuməti və Azərbaycan rəhbərliyi dünya ictimaiyyətinə 250 min insanın faciəsi barədə heç bir məlumat çatdırılmasına imkan vermirdi. Hadisələrin cərəyan etdiyi ilk vaxtlardan düz beş il keçdikdən sonra qaçqınların və məcburi köçkünlərin statusu məsələsinə baxıldı.

 

Beləliklə, XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən köçürülmüş, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək öldürülmüş və ya didərgin salınmışdır.

 

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi Konvensiyaya görə insanların kütləvi şəkildə məhv edilməsi, deportasiya və bu qismdən olan cəza aksiyaları soyqırımı sayılmalıdır. Buna görə də 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» və 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları imzalandı. Eləcə də "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edildi.

 

1988-1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın Azərbaycana gəlməsindən ötən müddət ərzində onların məskunlaşması və digər problemlərinin həlli ilə əlaqədar dövlət səviyyəsində xeyli işlər görülməsinə baxmayaraq, bu günədək həllini tapmamış bir sıra problemlər mövcuddur. Rayon və şəhər icra hakimiyyətlərinin məlumatına əsasən 1000-ə yaxın qaçqın ailəsi daimi yaşayış yeri ilə təmin olunmamış və hazırda onlar yaşayış üçün yararsız olan binalarda yerləşdirilmişdir.

 

Bundan başqa Ermənistan Respublikasından qaçqın düşmüş, oradakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınmaması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsi ala bilməməsi, respublikanın müxtəlif bölgələrində qaçqınların məskunlaşdırılması üçün tikintisi yarımçıq qalmış evlərin inşasının başa çatdırılmaması və digər problemlər mövcuddur.

 

Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə qərara alıram:

 

1.Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası" əsasında verilən "Qaçqın" statusu öz qüvvəsində saxlanılsın.

 

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər.

 

3.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpasını təmin etsin.

 

Goranboy Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə həmin kəndlərdə məskunlaşan qaçqınlara müəyyən olunmuş qaydada həyətyanı və əkin üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və müvafiq rayon, şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, müvəqqəti məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini təmin etsinlər.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, qaçqınların köçürülməsi ilə əlaqədar repatriasiya xərclərinin maliyyələşdirilməsini təmin etsin.

 

4.Azərbaycan Respublikasının Dövlət Neft Fondunun hesabından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların daimi məskunlaşması üçün ayrılacaq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin, mühəndis xətlərinin tikintisi üçün 20,0 milyard manat, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi üçün 53 milyard manat, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin tikintisinin başa çatdırılması üçün 10 milyard manat məbləğində vəsait ayrılsın.

 

5.Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında qaçqınların daimi məskunlaşması məqsədilə ayrılacaq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını təmin etsin.

 

6.Sifarişçi təşkilat Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik təyin edilsin.

 

(qüvvədən düşüb) [1]

 

9.Azərbaycan Respublikası Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 22 avqust 2001-ci il
№ 562

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 25 may 2006-cı il tarixli412 nömrəli Fərmana(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmana (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410) ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

7.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin.

 

8.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin.