"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
Çap et

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.

 

Dövlət Proqramına uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə qərara alıram:

 

1. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 (on dörd) milyon manat məbləğində vəsait ayrılsın.

 

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 fevral 2010-cu il.

№ 740