"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 1356
Dövlət Komitəsinin sədri Rövşən Rzayev: Məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin yaşadıqları şəhərlərə, kəndlərə qayıtmağa hazırdır
Mətbuat xidmətinin məlumatı 09 April, 2021

Azərbaycan uzun illərdi ki, dünyada əhalisinin hər on nəfərindən biri qaçqın və ya məcburi köçkün olan yeganə ölkə idi. Məcburi köçkünlərin problemləri onillərlə ölkədə ən ağrılı problem olub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun və həyatı vacib məsələlərinin həllinə dövlət hər il yüz milyon manatlarla vəsait xərcləyib. Bütün bu problemlərin kompleks həlli üçün Azərbaycanda xüsusi bir qurum - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsinin fəaliyyətində yeni mərhələ 2018-ci ildə, ölkədə həyata keçirilən islahatlar çərçivəsində onun rəhbərliyi dəyişdiriləndə başlayıb.

 

Ötən üç il ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu və fəaliyyəti ciddi dəyişikliklərə məruz qalıb. Beş ay əvvəl isə Azərbaycan Vətən müharibəsində qalib gələrək, 30 ilə yaxın işğal altında olan ərazilərinin çoxdan gözlənilən azadlığına nail olub. Öz evlərindən qovulmuş məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı gerçəkliyə çevrilib. Əlbəttə, onlar düşmənin darmadağın etdiyi şəhər və kəndlərə deyil, mina və partlayıcılarla dolu torpaqlara deyil, normal yaşayış üçün hazırlanmış, nəqliyyat və kommunal infrastrukturu bərpa olunmuş ərazilərə qayıtmalıdırlar. Və artıq bu istiqamətdə iş gedir, insanların mümkün qədər tez bir zamanda öz doğma torpaqlarına qayıtmaq imkanı əldə etməsi üçün dövlət zəruri tədbirlər görür.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qurumda son üç ildə həyata keçirilən və planlaşdırılan islahatlar, məcburi köçkünlərin doğma yurda qayıdışı üçün həyata keçirilən tədbirlər və digər mühüm mövzular barədə haqqın.az-ın suallarını cavablandırıb.

 

Komitə sədri təyin edilmiş vaxtda müsahibəyə gecikdiyi üçün üzrxahlığını bildirərkən hazırda Pirşağıda yaşayan bir qrup məcburi köçkünlə görüşdən gəldiyini söylədi. “Torpaq çökməsi nəticəsində onların yaşadığı evlərdə çatlar yaranıb. Hər birini dinləmək və hər bir konkret vəziyyətlə bağlı qərar qəbul etmək lazımdır.” - deyərək o, saytımızın heç də asan olmayan suallarını dərhal cavablandırmağa başladı.

 

- Aprelin 21-də Sizin Dövlət Komitəsinə rəhbərlik etməyinizin düz üç ili tamam olacaq. Təyinatınız bu qurumun işində ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilmişdi. Məcburi köçkünlər üçün normal yaşayış şəraitinin yaradılması və onların ölkənin ictimai-siyasi həyatında hərtərəfli iştirakı üçün indiyədək hansı işlər görülüb və qarşıda hansı vəzifələr durur?

 

- Öncə, fürsətdən istifadə edib, mənə belə mühüm işi etibar etdiyinə görə Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu vəzifədə işə başlayarkən mən üzərimə düşən bütün məsuliyyəti dərk edirdim və dərhal hansı problemlərə xüsusi diqqət yetirmək, ilk növbədə nələri etmək lazım olduğunu müəyyənləşdirməyə çalışdım. Dövlət Komitəsinin vəzifələri ilə əsaslı tanışlıqdan sonra əməkdaşlarımızla ən vacib problemlərin həllinə başladıq. Əvvəlcə kadr dəyişiklikləri apardıq. Sədr müavinlərindən biri işdən azad olundu, onun yerini gənc və istedadlı bir kadr tutdu, komitəyə yeni təcrübəli aparat rəhbəri təyin olundu. Bununla belə, Dövlət Komitəsində geniş kadr dəyişikliyi aparılmadı, yalnız öz işində ciddi qüsurlara yol verən əməkdaşlarla xudahafizləşdik.

 

Hər bir məcburi köçkünlə sıx əlaqə yaratmağı və əlbəttə, ümumi işləri sahmana salmağı komitənin əsas vəzifəsi kimi görürdüm. Ümumən də buna nail olduq. Son üç il ərzində məcburi köçkünlərlə görüşlərimiz müntəzəm xarakter alıb. Dövlət Komitəsinin rəhbəri kimi köçkünlərin məskunlaşma yerlərinin əksəriyyətində olmuşam, onların problemləri, təklifləri ilə şəxsən tanış olmuşam.

 

Dövlət Komitəsi məcburi köçkünlər arasında məşğulluq problemlərinin həlli ilə fəal şəkildə məşğuldur. Son illər ərzində minlərlə iş yerləri açılıb. Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Sumqayıtda və “Qobu Park”da üç dəfə əmək yarmarkası keçirilib.

 

Prezidentin tapşırığı əsasında və mövcud Dövlət Proqramına uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.Onların yeni evlərə köçürülməsi prosesini tamamilə şəffaflaşdırmağa çalışmışıq. İlk növbədə, məcburi köçkünlərin ağır şəraitdə yaşadıqları, Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilən yataqxanalardan, məktəblərdən, pansionatlardan köçürülmə aparılıb. Bunun üçün aparat rəhbərinin başçılıq etdiyi xüsusi komissiya yaradılıb. İndi bu komissiya məcburi köçkünləri dəvət edir, yeni evlərdə mənzil və mərtəbələr püşkatma ilə müəyyənləşdirilir. Prosesin şəffaflığı üçün bu işə ölkə ictimaiyyəti də cəlb olunur.

 

Xatırlayıram ki, mənim təyinatıma qədər Beyləqanda məcburi köçkünlər üçün tikintisinə başlanmış qəsəbənin təhvil verilməsi və evlərin bölgüsü bizim öhdəmizə düşmüşdü. Deyim ki, bu nə qədər xoş hadisə olsa da, xeyli çətin və həssas bir işdir. Orada cəmi 146 ev tikilmişdi, amma iddiaçı məcburi köçkün ailələrinin sayı bir neçə dəfə çox idi. Bu vəziyyətdə adamların evlərin bölgüsünə qısqanclıq və şübhə ilə yanaşacağını anlayaraq biz ictimai təşkilatların da nümayəndələrini dəvət etdik və onlar komissiyamızın üzvləri ilə birlikdə Beyləqana getdilər. Ümumən, hər şey camaatın qarşısında, göz qabağında və sakit keçdi, ev çatmayan heç kimdən sonradan heç bir şikayət almadıq.

 

Təkrarən deyim ki, püşkatma proseduru təşkil edirik və hər kəs ona düşən mənzili özü seçir. Hər bir ailəyə düşən otaqların sayına gəldikdə isə, bu, Nazirlər Kabinetinin  2017-ci il tarixli 65 saylı qərarı ilə tənzimlənir. Orada göstərilir ki, ailə tərkibi bir nəfər olduqda  bir otaq, iki-üç nəfər olduqda - iki otaq, dörd-beş nəfər olduqda - üç otaq, altı nəfər və daha çox olduqda dörd otaq verilir. Yəni mənzillərin verilməsində şəffaflıq və ədalətlilik  Nazirlər Kabinetinin qərarı, komissiyamızın fəaliyyəti və püşkatma prosedurunun tətbiqi ilə təmin olunur.

 

- Əvvəllər  məcburi köçkünlər, öz dedikləri kimi, mənzillərin bölgüsündəki haqsızlığa qarşı dəfələrlə etiraz aksiyaları keçirirdilər. Qeyd etmək lazımdır ki, son zamanlar belə hallar müşahidə olunmur.

 

- Etiraf edim ki, bizim də işlədiyimiz dövrdə bu çür çıxışlar baş verib. Amma fərq ondadır ki, komitəmizin qapıları həmişə və hamı üçün açıqdır - hər kəsi dinləyirik, kömək etməyə çalışırıq, kimə, nə və niyə ayrıldığını izah edirik və kimsə təsadüfən yaddan çıxıbsa - səhvimizi düzəldirik.

 

Bizə qədər burada nə olduğunu deməyəcəyəm, amma biz bu məsələdə şəffaflığın təmin edilməsi və işimizə inamsızlığın olmaması üçün bütün mümkün vasitələrə əl atırıq. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bəyan ediblər ki, çoxsaylı bəlalarla üzləşmiş məcburi köçkünlərə yalnız vicdanlı, ədalətli və onlar üçün son dərəcə anlamlı münasibət göstərilməlidir. Biz dövlətimizin başçılarının bu tapırığına tam əməl etməyə çalışırıq.

 

Ancaq şəffaflığın təmin olunması heç də müraciət edənlərin bütün əsassız istəklərinin (прихоти)  qarşılanması anlamına gəlməməlidir. Şikayətlərin heç də hamısına müsbət cavab vermək olmur. Hələ onu demirəm ki, bəziləri özləri üçün xüsusi güzəştlərə nail olmağa cəhd göstərirlər, hər şeyi və hamı üçün dərhal etmək isə fiziki cəhətdən mümkünsüzdür. Hətta məcburi köçkünlər üçün çoxlu sayda qəsəbələr tikməklə, böyük insan kütləsini normal şəraitə köçürməklə bunu mərhələli şəkildə etmək mümkün olar. Təəssüf ki, indinin özündə də qəzalı binalarda yaşayanlar çoxdur. Yeni mənzillərin, yeni qəsəbələrin tikilməsinə dövlət böyük vəsait yönəldir, lakin unutmayaq ki, erməni işğalı nəticəsində ölkədə bir milyondan çox məcburi köçkün olub.

 

Biz başa düşürük ki, bəzi məcburi köçkünlər, tam haqlı olaraq, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını tələb edirlər, lakin onların ehtiyaclarını dərhal ödəmək mümkün olmur. Bununla belə, tam məsuliyyətlə deyə bilərəm ki, daha pis şəraitdə yaşayanı qoyub, yaxşı şəraitdə yaşayan kimisə yeni mənzilə köçürməmişik. 

 

Əlbəttə, kiməsə rədd cavabı verildiyi hallar da var, ancaq bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara tam uyğun şəkildə baş verir. Məsələn, hansısa məcburi köçkün ailəsinə 15-20 il əvvəl mənzil ayrılıb. Lakin illər ötüb, ailə böyüyüb və yeni ev tələb etməyə başlayıblar. Gənclər, ailədən ayrılanlar hətta qəzalı vəziyyətdə olan yataqxanalarda məskunlaşıblar. Təəssüf ki, belələrinə, hələ ki, rədd cavabı vermək lazım gəlir.  

 

Bəzən sosial şəbəkələrdə bizim haqqımızda hər cür uydurmalar yazırlar. İstisna deyil ki, bu, kiminsə marağına görədir. Bununla belə, son üç il ərzində mənzillərin bölgüsü ilə bağlı heç bir neqativ fakt olmayıb və ola da bilməzdi. Ümumən, bu illər ərzində Dövlət Komitəsinin fəaliyyətində zamanın tələblərinə zidd olan bütün mümkün neqativ hallar aradan qaldırılıb. Hamı bilir ki, Prezidentimizin mövqeyi həmişə birmənalıdır, onun tapşırıqları ciddidir və qətidir, bunları icra etməkdən başqa bir yolumuz yoxdur.

 

 - Komitədə ehtiyacı və problemləri olan vətəndaşların qəbulu necə aparılır?

 

- Dövlət Komitəsində vətəndaşlarla iş sahəsində dəyişikliklər olub. İndi qapılarımız daim açıqdır, problemlə üzləşən məcburi köçkünləri, demək olar ki, hər gün qəbul edirik. Mənzillərin verilməsindən başqa, onlar üçün digər ciddi məsələlər də var. Bunlar  məşğulluğun təmin edilməsi və məcburi köçkün statusunun verilməsidir. Məcburi köçkünlərin sayı, onların ailələri, məşğuliyyəti və s. barədə məlumatların toplandığı elektron bazanın yaradılmasının bu məsələlərdə böyük əhəmiyyəti vardır. Vətəndaşların icra hakimiyyətlərinə, komitələrə və müxtəlif təşkilatlara çoxsaylı müraciətlərinə son qoymaq üçün biz bütün sənədləşdirməni elektronlaşdırmağı qərara aldıq. Bu gün məcburi köçkünlər komitənin müvafiq strukturları arasında get-gələ düşməkdən xilas olublar, internet üzərindən öz problemlərini həll edə bilirlər. Bunu nailiyyətimiz hesab edirik. 

 

Bununla yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 2018 və 2019-cu illərdə olduğu kimi, 2020-ci ildə də büdcədən ayrılan vəsaitə qənaət edilməsinə nail olub. Özü də söhbət milyon manatlardan gedir. Qənaət edilmiş vəsait hesabına Lənkəranda beşmərtəbəli 46 mənzilli bina və Ağdam rayonunda beşmərtəbəli 50 mənzilli bina tikilib. Füzuli İcra Hakimiyyətinin başçısının müraciəti əsasında, cəhbəyanı kənddə sakinlərin evləri bərpa edilib. Kənd Horadiz əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə qaytarılmışdı. O vaxtdan kəndin 30 ailəsi Bakıda yaşayırdı. Bu adamların öz doğma kəndlərindəki evlərini yenidən tikmək təklifi ilə ölkə rəhbərliyinə müraciət etdim. Razılıq aldıq və komitə bu işi gördü - 30 ailə yeni evlərə köçdü.

 

Ölkənin Hesablama Palatasına da təşəkkür etməliyəm. Dövlət Komitəsinin sədri kimi Palataya müraciət etdim ki, aydınlaşdırılsın, haradasa nöqsanlara yol verməmişik ki?.. Komitənin fəaliyyətinin yoxlanılması üçün Hesablama Palatasının göndərdiyi təcrübəli əməkdaşlar əhəmiyyətli iş gördülər. Hesablama Palatası bizim qəsdən edilməyən nöqsanlarımızı göstərdi və müvafiq araşdırma aparıldıqdan sonra onların hamısı aradan qaldırıldı. Bəzi kütləvi informasiya vasitələri vəfat etmiş məcburi köçkünlərin kart hesabına aylıq müavinətin ödənildiyi barədə düzgün olmayan məlumat veriblər. İnanıram ki, sonrakı illərdə belə nöqsanlar baş verməyəcəkdir.

 

Bizim qurum evi və əmlakı əlindən alınmış, yaxınlarını itirmiş insanlara kömək etmək üçün mövcuddur. Biz hər bir şeyi görməyə və qeydə almağa borcluyuq. Mənim üçün məcburi köçkünlər çox yaxın və doğma insanlardır, mən bu otuz ildə necə əziyyət çəkdiklərini yaxşı bilirəm. Bu gün isə Qələbəmiz sayəsində onların ən böyük arzusu gerçəkləşib - torpaqlarımız işğalçılardan azad edilib, ata-baba ocağına qayıda bilərlər. Prezident və Birinci vitse-prezident Şuşadan Azərbaycan xalqına müraciət edərkən qəlbimiz sevinc və qürur hissi ilə doldu. Yeri gəlmişkən,  mənim özüm də şuşalıyam.

 

İlham Əliyevin müdrik rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində baş verənləri Azərbaycan xalqının bütün gələcək nəsilləri dəyərləndirəcəklər. Ərazilərimizin dirçəldilməsinə cavabdeh olanlar isə özlərinin bütün güc və bacarıqlarını buna sərf etməlidirlər.

 

- Dediniz ki, məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıda bilərlər. Hansısa tədqiqat və sorğu keçirmisinizmi - onların neçə faizi qayıtmağa hazırdır, axı Bakıda və digər şəhərlərdə yaşamağa öyrəşiblər, əslən Füzulidən, Xocavənddən, Şuşadan və başqa yerlərdən olan yeni nəsil böyüyüb?

 

- Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin mütləq əksəriyyəti özlərinin və valideynlərinin yaşamış olduqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır. İşğaldan azad edilmiş ərazilərdə, Prezidentin sərəncamlarına uyğun olaraq, artıq bu gün dağıdılmış infrastrukturun və yaşayış fondunun bərpası işləri vüsətlə gedir. Bu işlərə çox böyük maliyyə vəsaiti ayrılıb, bu titanik işləri tənzimləyən xüsusi qərargah yaradılıb.

 

Məcburi köçkünlər arasında bizim komitə də sosial sorğular keçirib və nəticə belədir ki, onların əksəriyyəti öz əcdadlarının torpaqlarında yaşamaq ümidlərini heç vaxt itirməyiblər. Mən inanıram ki, onların istəkləri tezliklə yerinə yetiriləcək, üstəlik, hər biri üçün layiqli həyat şəraiti təmin ediləcək.

 

- Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl kimi iri şəhərləri, çoxsaylı kəndləri bu gün xarabalıqdan ibarətdir. Bununla yanaşı, ermənilərin yaşadıqları bəzi yaşayış məntəqələri və evlər qalıb.  Bunların həqiqi sahibləri azad edilmiş ərazilərdəki bu və ya digər evə öz sahibliklərini onillər sonra necə sübuta yetirəcəklər? Sənədləri hara verməlidirlər?

 

- Dövlət Komitəsinin elektron bazasında məcburi köçkünlər və onların ailə üzvləri haqqında bütün məlumatlar var. Hər bir rayonun icra hakimiyyətində də bu cür məlumatlar var. Biz əlimizdə olan məlumatları mütəmadi olaraq üzləşdiririk. Buna görə də hazırda azad edilmiş rayonlarda kimin nəyi olduğunu dövlət bilir. Yəni problem olmamalıdır. Böyük qayıdış proqramını həyata keçirmək vaxt tələb edir və bu mütləq olacaqdır.

 

- Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Azərbaycan işğal edilmiş ərazilərinə nəzarəti geri qaytardı. Bununla belə, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdikləri rayonlar var. Azərbaycanlı məcburi köçkünlərin həmin o Xankəndinə və ya Xocavəndə qayıtması məsələsi necə həll ediləcək?

 

- Bu, zaman məsələsidir. Bilirəm ki, bu istiqamətdə böyük və ciddi iş aparılır. Nəticədə hər şey üçtərəfli razılaşmadakı kimi olacaqdır. Heç bir başqa variant yoxdur və ola da bilməz. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi artıq çox şeydən xəbər verir. Ən mühüm olan Qələbənin təmin edilməsidir, ardınca işğaldan azad edilmiş bütün ərazilər həyata qaytarılacaqdır.

 

- Son illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət böyük səylər göstərib, onlar üçün bütöv şəhərciklər salınıb. Məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra bu mənzillər necə olacaq? Son vaxtlar məcburi köçkünlərin evlərinin Vətən müharibəsi veteranlarına verilməsi barədə çağırışlar səsləndirilir. Bu məsələdə mövqeyiniz necədir?

 

- Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında ölkə rəhbərliyinin sərəncamı və nəzarəti altında salınmış 115 qəsəbə var. Adamlar orada bütün şərtlərin razılaşdırıldığı müqavilə əsasında yaşayırlar. Qeyd edilib ki, bu, dövlət tərəfindən yaşayış üçün müvəqqəti yaradılmış şəraitdir və hər bir rayonun bərpasından, məcburi köçkünlərin öz evlərinə qayıdışından sonra müqavilə qüvvədən düşəcəkdir, mənzillər isə digər dövlət orqanlarının balansına veriləcəkdir. Düşünürəm ki, bu mənzil fondunun taleyini dövlət özü həll edəcəkdir.

 

Bir daha qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki məcburi köçkünlərin yaşayışı üçün şərait yaradılmasının, həm də onların öz doğma torpaqlarına qayıdışının nümunəsini bütün dünyaya göstərir. Bu tamamilə yeni bir situasiyadır, buna görə də biz bu böyük əmək tələb edən və mürəkkəb prosesə diqqətlə hazırlaşmalıyıq.

23 October, 2021 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini diplomatlara mühazirə deyib
15 October, 2021 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel mükafatı alması mənim üçün çox qürurvericidir”
09 October, 2021 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdardırlar
06 October, 2021 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında çıxış edib
01 October, 2021 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərlə bağlı keçirilən layihənin nəticələri ilə tanışlıq olub
30 September, 2021 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdardırlar
02 September, 2021 / Mətbuat xidmətinin məlumatı The State Committee is making videos about the memories of IDPs.
11 August, 2021 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
04 August, 2021 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
09 JULY, 2021 / Mətbuat xidmətinin məlumatı The State Committee joined to “Employment Marathon”
01 JULY, 2021 / Mətbuat xidmətinin məlumatı Qarabağ qazisi diaspor təşkilatlarının toplantısında iştirak edib
30 JUNE, 2021 / Mətbuat xidmətinin məlumatı Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub
24 JUNE, 2021 / Mətbuat xidmətinin məlumatı Rovshan Rzayev, Chairman of the State Committee was interviewed by Ukraine 24
10 JUNE, 2021 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
01 JUNE, 2021 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Rövşən Rzayev: Şuşaya qayıtmaq istəyənlərin sayı-hesabı yoxdur
07 MAY, 2021 / Mətbuat xidmətinin məlumatı Samir Nuriyev: Restoration and construction work in the territories liberated from occupation are always in the President’s spotlight
07 MAY, 2021 / Mətbuat xidmətinin məlumatı Tuneldə qətliam - Kəlbəcər
07 MAY, 2021 / Mətbuat xidmətinin məlumatı Tuneldə qətliamı - Kəlbəcər
05 MAY, 2021 / Mətbuat xidmətinin məlumatı The meeting was held in ANAS Institute of Economics
30 April, 2021 / Mətbuat xidmətinin məlumatı European Union – Azerbaijan: return of refugees was also discussed