"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci il ərzində görülmüş işlər barədə
Print

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci il ərzində görülmüş işlər barədə

 

 H E S A B A T                                          

 

27 sentyabr 2020-ci il tarixində başlayan və qələbə ilə yekunlaşan 44 günlük “Vətən Müharibəsi” işğaldan azad olunmuş ərazilərdə yeni həyatın başlanmasının təməlini qoymuş oldu. Eyni zamanda əldə edilmiş uğur 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqların yenidən qurulmasını, həmçinin məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının dövlətin qarşısında olan ən prioritet məsələ olduğunu bir daha söyləməyə əsas verdi. Bu vacib faktorlar xüsusilə diqqət mərkəzində saxlanılaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2021-ci ildə də öz fəaliyyətini mövcud Əsasnaməsinin tələbləri nəzərə alınmaqla Ölkə rəhbərliyi tərəfindən qarşısında qoyulmuş tapşırıqların tam şəkildə icra olunması istiqamətində davam etdirmişdir.

 

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işinin təşkili məqsədilə Dövlət başçısınin tapşırığı ilə yaradılmış xüsusi qərargahın üzvü olaraq əldə olunmuş bir sıra məlumatlar, eləcə də hazırlanaraq təqdim edilmiş çoxsaylı təkliflər bu istiqamətdə fundamental addımların atılmasına geniş imkanlar yaratmışdır. Belə ki, toplanmış məlumatlar üzrə aparılmış təhlillər məcburi köçkünlərin öz doğma yurd-yuvalarına böyük qayıdışının layiqli yerinə yetirilməsinə şərait yaratmaqla yanaşı, bu sahədə gələcək fəaliyyətin uğurla davam etdirilməsinə ciddi zəmin yaratmışdır.

 

Son hazırlıq mərhələsində Komitədə görülən işlər, aparılan proqnozlaşdırmalar, həmçinin uzun illərin təcrübələri əsasında hazırlanaraq təqim edilən çoxsaylı rəy və təkliflər aidiyyəti qurumlar tərəfindən müsbət qiymətləndirilməkdədir.

                            

Ümumi məlumatlar

 

Komitə tərəfindən qüvvədə olan mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, ötən il inşasına başlanılmış qəsəbələrin tikinti işləri qismən yekunlaşdırılmış, məcburi köçkünlər üçün təyin olunmuş  vahid aylıq müavinətlərin ödənişi və bu kateqoriyadan olan vətəndaşların müvəqqəti məskunlaşma  obyektlərində tələb olunan təmir - bərpa işləri davam etdirilmişdir.

 

Koronavirusun (COVID-19) ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə həyata keçirilən zəruri qabaqlayıcı və səmərəli tədbirlər öz effektini göstərmişdir. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınmış, insanların koronavirusa kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli, 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə     2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın hədəflərinə nail olunması üçün Komitə tərəfindən mütəmadi olaraq məcburi köçkün əhali arasında vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Aparılmış işlər nəticəsində respublika üzrə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan 106138 nəfər vaksinasiya olunmuşdur. Komitənin strukturuna daxil olan idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında isə bu rəqəm 1783 nəfər təşkil etmişdir.

 

2021-ci il üzrə qarşıda duran tapşırıqların icrası üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 380339.4 min manat məbləğində vəsait ayrılmışdır ki, həmin vəsaitdən 327687.5 min manat məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsinə sərf edilmişdir. 2021-ci ildə Komitənin işçi heyətinə əmək haqqı və digər ödənişlər üçün smetada 4363.2 min manat nəzərdə tutulmuşdur.

   

Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə dair

 

 “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin proqrama edilmiş Əlavələrə uyğun olaraq, bir sıra yaşayış sahələri məcburi köçkünlərin istifadəsinə verilmişdir;

 

- Füzuli rayonu ərazisində inşa olunmuş 95 ailəlik qəsəbəyə, əsasən Bakı şəhərinin müxtəlif ünvanlarında və Füzuli rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələri köçürülmüşdür.

 

- Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda məskunlaşmış Füzuli rayonunun Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndlərindən olan 30 məcburi köçkün ailəsinə onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılmışdır.  Belə ki, bu ailələrə məxsus olan həyətyanı sahələrdə dağıntıya məruz qalmış evlər Dövlət tərəfindən Komitəyə ayrılmış vəsaitə qənaət hesabına ailə tərkibinə uyğun olaraq bərpa edilmiş və həmin ailələrin öz doğma kəndlərinə köçürülməsi təmin edilmişdir.

 

- Sumqayıt, Bakı və Mingəçevir şəhərlərində, Abşeron, Şamaxı, Cəlilabad, Beyləqan, Ağcabədi, Goranboy, Ağdam, Bərdə və Tərtər rayonlarında məskunlaşmış 50 məcburi köçkün ailəsi Ağdam rayonu ərazisində salınmış 50 mənzilli yeni yaşayış binasına köçürülmüşdür.

 

Məcburi köçkünlərin sosial qayğılarının təminatına və vahid aylıq müavinətlərin ödənişinə dair

 

Azərbaycan Respublikası Prezidentinin Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq, 2021-ci il ərzində də qüvvədə olan normativ-hüquqi aktlara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin müvəkkil bank vasitəsilə plastik kartlarla ödənilməsi təmin edilmişdir.

 

2021-ci il ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən məcburi köçkünlərə vahid aylıq müavinət kimi ümumilikdə  327687.5 min manat (o cümlədən 1045.3 min manat bank xərcləri olmaqla) məbləğində vəsait ödənilmişdir.

 

Vahid aylıq müavinətin ödənildiyi məcburi köçkünlərin orta aylıq sayı 480974 nəfər təşkil etmişdir ki, bunlardan orta hesabla 420297 nəfər aylıq - 60 manat olmaqla, 302613.8 min manat məbləğində, eləcə də 60677 nəfər isə aylıq - 33 manat olmaqla vəsaitlə təmin edilmişdir.

 

Ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşmış və kommunal xidmət  haqları dövlət büdcəsindən  ayrılmış vəsait hesabına ödənilən məcburi  köçkünlər tərəfindən istifadə edilmiş - içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə aidiyyəti xidmət təşkilatları ilə fəaliyyət qurulmuşdur.

                                

Məcburi köçkün statusunun verilməsi ilə əlaqədar

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü işlərin aparılması davam etdirilir ki, nəticədə məmur - vətəndaş təması aradan qaldırılaraq, şəffaflıq mühiti yaradılır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirməklə bərabər vətəndaşların müraciətlərinə həssaslıqla yanaşaraq,  müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Belə ki, Komitənin məlumat bazasının Elektron Hökumət portalı olan “my.gov.az”-a inteqrasiyası nəticəsində “Məcburi köçkün Statusu”na dair arayışın verilməsi xidməti tam elektronlaşdırılmışdır. 

 

Hazırda məcburi köçkün vəsiqələrinin xüsusi ardıcıllıqla  nömrələnməsi davam etdirilir ki, vəsiqələrdə qeyd edilən məlumatlar, məcburi köçkün vətəndaşların fərdi identifikasiya nömrələri (FİN) ilə elektron reyestr bazasında cəmləşdirilir. Bu da eyni nömrə ilə ikinci vəsiqənin mövcudluğuna imkan verməməklə yanaşı, bazaya müraciət etməklə hər bir süni surətdə təhrif edilmiş göstəricini dərhal aşkar etmiş olur.

 

İl ərzində Komitəyə məcburi köçkün statusunun və müvafiq vəsiqənin verilməsi ilə əlaqədar 15994 müraciət qəbul olunmuş və 10486  məcburi köçkünə,  özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən ilkin və təkrar “Məcburi köçkün” vəsiqəsi verilmişdir.

 

Məcburi köçkünlərin məşğulluğunun təminatına dair

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulmuşdur. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Dövlət Komitəsi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil edilmişdir. Qeyd edək ki, hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı daimi işlə təmin edilmişdir.

 

Məşğulluğun təmin edilməsi istiqamətində cari ilin noyabr ayının 15-də Komitə sədri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Azərbaycan üzrə direktoru Karin Hörhan arasında məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. 2021-2024-cü illəri əhatə edəcək layihədə Ağdam, Bərdə rayonları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını dəstəkləyən müxtəlif fəaliyyətlərin icra edilməsi nəzərdə tutulmuşdur.

 

Oktyabrın 1-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru Karin Hörhan, “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadı İnkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri Yörq Le Blank ilə birgə adıçəkilən layihənin əldə edilmiş nəticələri ilə bağlı Bərdə və Ağdam rayonlarına səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Bərdə İcma Mərkəzinə baş çəkmiş, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 866 saylı qəsəbənin sakinlərinin həyata keçirdikləri mikro-layihələrlə tanış olmuşlar. Daha sonra Ağdamda yaradılmış istixanalarda, quşçuluq, arıçılıq təsərrüfatlarında, çörəkbişirmə sexində çalışan məcburi köçkünlərlə görüşmüşlər.

 

Noyabrın 11-də Komitənin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən “Qobu Park” yaşayış kompleksində yerləşən “Xarı bülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri keçirilmişdir. “Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlər nümayiş etdirilmiş, müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar təqdim edilmişdir. Daha sonra tədbir iştirakçıları mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olmuş, burada çalışan məcburi köçkünlərlə söhbət aparmışlar.

 

Məcburi köçkünlərin məişət problemlərinin qarşılanması ilə əlaqədar müvəqqəti məskunlaşma obyektlərində görülmüş təmir-bərpa işləri barədə

 

Sıx məskunlaşma yerlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlılığını təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq, elektrik naqilləri və kabellər, elektrik avadanlıqları alınaraq mövcud anbarlarda mal-material ehtiyyatı yaradılmışdır. İcra Hakimiyyətlərinin və digər təşkilatların məktubları əsasında il ərzində respublikanın müxtəlif ərazilərində yerləşən məskunlaşma obyektləri 88 ədəd güc və kabinəli transformatorla, 53 ədəd elektrik şkafı, 36 dəst dizel generatoru, 207 dəst artezian nasosu, 12 dəst su nasosu, 50500 metr naqil, 118090 metr kabel, 1 ədəd elektrik şiti və 13 ədəd avtomatik elektrik ayırıcısı ilə təmin edilmişdir.

 

2021-ci ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşma obyektlərində cari təmir işlərinin aparılması üçün Dövlət büdcəsindən vəsait ayrılmışdır. Şəhər və rayon icra hakimiyyətlərinin, təşkilatların və vətəndaşların müraciətlərinə əsasən, müvəqqəti məskunlaşma obyektlərinə baxış keçirilərək həmin obyektlərdə cari təmir işlərinin həcmi müəyyən edilmişdir. Hazırlanmış layihə-smeta sənədlərinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən bazis smeta qiymətlərinə nisbətən artım əmsalları təyin edilmiş və həmin obyektlərdə təmir işlərinin aparılması üçün podratçı təşkilatların müəyyənləşdirilməsi ilə əlaqədar açıq tender elan edilmişdir. Məcburi köçkünlərin məskunlaşdığı 107 obyektin dam örtüklərində və yanaraq yararsız hala düşmüş mənzillərdə  təmir işləri aparılmışdır.  O cümlədən, 29637,7 m2  həcmdə rəngli metal dam örtüyü dəyişdirilmiş, 55374 m2 şüşəli ruberoid dam örtüyü yenilənmişdir. 18 obyekt üzrə yanaraq yararsız vəziyyət düşmüş 61 mənzildə təmir işləri aparılmışdır.

 

Məcburi köçkünlər üçün salınmış və Komitənin balansında olan qəsəbə və yaşayış komplekslərində aparılmış abadlıq və təmir işləri

 

Məcburi köçkünlərin yerləşdirildiyi qəsəbələrdə uzun illər istismar olunma nəticəsində binaların fasad və dam örtüklərində, texniki infrastruktur qovşaqlarında, eləcə də qəsəbədaxili yollarda yaranmış qüsurların müəyyən edilməsi məqsədilə Ağdam, Füzuli, Sabirabad, Biləsuvar, Goranboy, Ağcabədi, Zaqatala, Bərdə,  Şabran, Hacıqabul, Abşeron, Xətai, Binəqədi rayonları və  Şəki şəhəri üzrə mövcud qəsəbələrə baxış keçirilmiş, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Qüsur aktları tərtib edilərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Qiymətqoyma Mərkəzinə təqdim edilmişdir. İl ərzində bütün qəsəbələr üzrə 152  mənzil (ev) təmir olunmuşdur.

 

Məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə və yaşayış komplekslərində mövcud yaşıllığın qorunması və inkişaf etdirilməsi məqsədilə ümumilikdə 500-ə qədər qurumuş ağac yenisi ilə əvəz edilmiş, 2500-dən çox yeni ağac əkilmişdir.

 

2021-ci il ərzində müntəzəm olaraq bütün qəsəbələrdə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq dezinfeksiya işləri aparılmışdır.                                    

                                                                        

Məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş tədbirlər barədə

 

2021-ci il ərzində məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərlə və onlarla bağlı olan müvafiq məlumatlarla ictimaiyyətin daha geniş şəkildə tanış olması  üçün qeyd olunan işlərin bütün yerli kütləvi informasiya vasitələrində yayılması təmin edilmişdir.

 

Vətən müharibəsində qazanılmış qələbədən sonra Komitənin məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üzrə fəaliyyəti yeni istiqamətdə qurulmuşdur. Belə ki, keçirilən bütün tədbirlərdə, hazırlanan foto və video materiallarda Böyük Zəfərlə bağlı mövzulara xüsusi yer ayrılmışdır.

 

Dövlət Komitəsində xarici ölkələrin, diplomatik korpusların, beynəlxalq təşkilatların və KİV nümayəndələri  ilə il ərzində bir sıra görüşlər keçirilmişdir. Belə ki, Komitə sədri:         

 

- yanvarın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevlə,

 

- fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə,

 

- fevralın 15-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə,

 

- martın 5-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla,

 

- martın 13-də Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə,

 

- aprelin 12-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla,

 

- aprelin 14-də ölkəmizdə səfərdə olan Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərindəki Məsələlər üzrə nazir Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə,

 

- iyunun 9-da ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə,

 

- iyunun 9-da BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə,   

 

- iyunun 11-də Böyük Britaniya və Avstraliyadan olan Ros Corc Evans, Alban Martin Ceyms Nyuman və Pörsiy Mark Edvardanın başçılıq etdiyi nümayəndə heyəti ilə,

 

- iyunun 14-də Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə,

 

- iyulun 8-də İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara ilə,

 

- iyulun 17-də Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə,

 

- iyulun 23-də Türkiyə Respublikasının ölkəmizdə yeni fəaliyyətə başlamış səfiri Cahit Bağcı ilə,

 

- iyulun 27-də “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assossiasiyasının prezidenti Lev Spivak ilə, avqustun 3-də Böyük Britaniyalı siyasətçi və hüquqşünas,

 

- Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Heydər Kərim ilə,

 

- sentyabrın 30-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə,

 

- noyabrın 17-də Avropa İttifaqının Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Peter Mixalko ilə,

 

- noyabrın 30-da  Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədəki Baş Qərargahının Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin direktoru Cefri Maykl Labovitzlə,

 

- dekabrın 7-də  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti ilə,

 

- dekabrın 8-də Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri Ryan Qrist və Helen Kriger-Elis Makkenzi  ilə görüşmüşdür.

 

Görüşlər zamanı qonaqlara Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində son otuz ildə Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi,  onun həlli istiqamətində görülən işlər, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə məlumatlar verilmişdir. Məcburi köçkünlər və qayıdışla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Hesabat dövründə Ermənistanın işğal və deportasiya siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğalı və doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkün problemi, onların sosial məsələlərinin həlli istiqamətində həyata keçirilən dövlət siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlər görülmüşdür.

 

Belə ki, Komitə sədrinin “haqqın.az”, “İzvestiya” və “Ukrayna 24” mətbuat orqanlarında yayımlanmış müsahibələri zamanı, qurumda son üç ildə həyata keçirilən və planlaşdırılan islahatlar, məcburi köçkünlərin doğma yurda qayıdışı üçün nəzərdə tutulan tədbirlər, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, sülh quruculuğu kimi məsələlərlə bağlı suallar cavablandırılmışdır. Bundan əlavə:

 

 - iyunun 14-də Böyük Britaniyada fəaliyyət göstərən T-vine nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvardın təmsil olunduğu nümayəndə heyəti ilə, 

 

- iyulun 8-də İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin informasiya-xəbər saytının redaktoru, siyasi təhlilçi Reyçel Avraham ilə,

 

- iyulun 27-də fransalı jurnalistlər Alen Romestand və Qregori Herpe ilə,  

 

- avqustun 10-da İsrailin "Ronkino media group"un Marketinq direktoru Aleksandr Qur Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Epoxa" regional qəzetinin baş redaktoru Lyudmila Karasova ilə,                                                                                                

 

- avqustun 25-də ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlərlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Uarinqa ilə,

 

- sentyabrın 20-də İsveç Krallığında fəaliyyət göstərən jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və Kristian Peterson ilə,                                                   

 

- sentyabrın 22-də İngiltərənin nüfuzlu “Faynenşl tayms” ("Financial Times") qəzetinin müxbiri Ayla Cin Yaklini ilə,                                                                                               

 

- oktyabrın 25-də İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberqi ilə görüşlər təşkil edilmiş, onların sualları cavablandırılmışdır. Eyni zamanda, jurnalistlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrə səfərləri təşkil olunmuş, orada yaradılan şəraitlə, məşğulluğun təmin edilməsi üçün açılan iş yerləri ilə tanış olmuşlar.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında yaradılmış İctimai Şuraya növbəti seçkilərin keçirilməsi üçün tədbirlər həyata keçirilmişdir. Dövlət Komitəsi sədrinin imzaladığı əmr əsasında Seçki Komissiyası yaradılmış, namizədlər və seçicilər haqqında məlumatların təqdim edilməsi üçün elan verilmişdir. Elan Dövlət Komitəsinin rəsmi saytı, sosial şəbəkə hesabı və bəzi media orqanlarında yayımlanmışdır. Bir çox QHT üzvü, jurnalist və fəal şəxslər tərəfindən müraciətlər daxil olmuşdur. Onların müraciəti qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş və 26 aprel 2021-ci il tarixində İctimai Şuraya seçkilər keçirilmişdir. Şura üzvləri ilə sıx məskunlaşma yerlərində məcburi köçkünlərlə görüşlər təşkil edilmişdir.

        

Məcburi köçkünlərlə əlaqədar keçirilmiş mədəni - kütləvi tədbirlər barədə

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri yanvarın 11-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşmüşdür. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilmişdir. Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, onların da tez bir zamanda geri qayıdacaqlarına ümidvar olduqlarını bildirmişlər. Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran suallar cavablandırılmış, işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Dövlət Komitəsində hər zaman olduğu kimi, şəhid ailələri, müharibə veteranları və Qarabağ əlillərinə diqqət və qayğı ilə yanaşılmışdır. 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə, həmin faciənin qurbanı olmuş şəhidlərin bir qrup ailə üzvlərinə və əlillərinə, ümumilikdə 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında - 44 günlük  Vətən Müharibəsində iştirak etmiş Dövlət Komitəsinin 13 əməkdaşı ilə Komitə rəhbərliyinin görüşü keçirilmişdir. Onların hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsi kollektivdə qürur və iftixar hissi ilə qarşılandığı qeyd edilmiş, iştirakçılara rəhbərlik tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

2 fevral “Gənclər günü” ilə əlaqədar olaraq, məcburi köçkün gənclərin iştirakı ilə “Zoom” proqramı vasitəsi ilə görüş keçirilmişdir. Tədbirdə Dövlət Komitəsinin sədr müavini çıxış edərək ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolundan söz açmış, 44 gün davam edən Vətən Müharibəsi dövründə gənclərimizin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşdiyi xüsusilə vurğulanmış, tarixi Qələbədə böyük rolu olan gənclərin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında və dirçəldilməsində də fəal iştirak edəcəkləri qeyd olunmuşdur.

 

17 fevral 2021-ci ildə “Qaradağlı faciəsi”nin 29-cu ildönümü münasibəti ilə Beyləqan rayonu ərazisində yerləşən “Yeni Qaradağlı” qəsəbəsində anım tədbiri keçirilmişdir. Ermənistanın ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyənləşdirilərək milli və beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunması istiqamətində, 1993-cü il martın 30-da Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə baş vermiş cinayət hadisəsi ilə bağlı Komitənin mətbu orqanı olan “Vətən Səsi” qəzetinin əməkdaşları tərəfindən iki araşdırma yazı və bir video material hazırlanaraq rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılmışdır.

 

Əldə olunan Zəfərin 100-cü günü ilə bağlı keçirilmiş tədbirdə hazırlanmış videoçarxda Dövlət Komitəsi tərəfindən Vətən müharibəsinə qədər keçirilən hərbi-vətənpərvərlik tədbirləri haqqında məlumat və qələbəni əks etdirən görüntülər yer almışdır.   Mayın 27-də Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Respublika Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə iyunun 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılmışdır. “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə təsadüf edən təlimlərə ilk növbədə, məcburi köçkün məktəbliləri cəlb edilmişdir. AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri onlara mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini simulyativ oyunlarla izah etmiş, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrətmişlər. Təlimləri uğurla başa çatdıran məktəblilərə “Qobu park” yaşayış kompleksində yaradılan “Xarı Bülbül” sənət mərkəzində hazırlanmış hədiyyələr təqdim edilmişdir. Mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də isə Füzuli rayonlarında davam etdirilmişdir. Təlimlərə müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb edilmişdir.

 

23 iyun “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə Dövlət Komitəsinin nümayəndələri şəhid dövlət qulluqçusu, Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin məzarını ziyarət etmiş, mərhumun ruhuna dualar oxunmuş, məzarı önünə gül dəstələri düzmüşlər.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də məcburi köçkün bələdçilər və jurnalistlər üçün mina təhlükəsizliyinə dair təlim təşkil edilmişdir. Tədbirə peşə faəliyyəti ilə əlaqədar vaxtaşırı həmin ərazilərə səfər edən media nümayəndələri cəlb olunmuşlar. Təlim iştirakçılarına mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məlumat verilmiş, iştirakçılara müvafiq sertifikat və məlumat broşurları paylanılmışdır.

 

30 iyun tarixində Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və “Qartal” tikinti firmasının təşkilatçılığı ilə inşa edilmiş abidənin açılış mərasimi keçirilmişdir. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər heyəti və digər nümayəndələri iştirak etmişdir.

 

Sentyabrın 27-si “Anım günü” ilə əlaqədar olaraq, keçirilmiş tədbirdə Komitə sədri bir il əvvəl işğalçı Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusununun həyata keçirdiyi və qələbə ilə başa çatdırdığı əks-həmlə “Dəmir yumruq” əməliyyatında xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaətlərin tarixdə əbədi iz qoyduğunu diqqətə çatdırmışdır. Dövlət Başçısının böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbiçilərimizin rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradıldığı, üç rayonun ərazisini isə döyüşsüz tərk etməyə məcbur olduğu qeyd edilmişdir. Komitənin bölgələrdəki nümayəndəliklərində də “Anım günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə ağaclar əkilmişdir.   

 

Möhtəşəm Qələbənin 1 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, qazi əməkdaşlarımızın döyüş xatirələri dinlənilmiş, şəhidlərin ruhu dərin hüznlə anılmış və gənclərimizin daim Ali Baş Komandanımızın yanında olduğu bilavasitə onların öz dilindən səslənmişdir.

 

05-09 noyabr tarixlərində Dənizkənarı bulvarın bir neçə yerində və “Zəfər yarmarkası”nda “Zəfər arzuları” adlı aksiyası keçirilmişdir. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və sadə vətəndaşlar iştirak etmişlər. Ümumlikdə, Dövlət Komitəsi tərəfindən keçirilən tədbirlər və görüşlərdə, eyni zamanda rəhbərliyin iştirak etdiyi iclaslarda hər zaman qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında iştirakçılara məlumat verilmiş, ölkəmizin bu sahədə dünyada unikal model olduğu diqqətə çatdırılmışdır. Eyni zamanda, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıyla bağlı Komitə tərəfindən hazırlanmış videoçarxlarda məcburi köçkünlər hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşdıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Keçirilən bütün tədbirlər barədə ətraflı məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılmış, həmçinin Komitənin internet saytında, “Vətən səsi” qəzetində mütəmadi olaraq yerləşdirilmişdir.

 

Məcburi köçkünlərin hüquqlarının müdafiəsi, Böyük Qayıdışla əlaqədar normativ-hüquqi sənədlərin hazırlanması və tədbirlərin təşkili barədə

 

2021-ci il ərzində  Komitəyə hüquqi tənzimləmə mövzusunda 979 sənəd daxil olmuşdur. Onlardan 693-ü məhkəmə mübahisələri ilə bağlı prosessual sənədlər, 140-ı müxtəlif dövlət orqanları və qurumların məktubları, 66-sı vətəndaş ərizəsi, digərləri isə zəruri tədbirlərin təşkilinin təmin olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarları olmuşdur. Bildiririk ki, qeyd olunan sənədlərin icrası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.

 

Bununla yanaşı, cari il ərzində icraatda 488 məhkəmə prosesi olmuşdur.

 

 - BMT-nin “köləliyin müasir formaları, onun səbəb və nəticələri” üzrə xüsusi məruzəçisi Tomoya Obokata tərəfindən “Məcburi köçkünlük və köləliyin müasir formaları arasında əlaqə” mövzusunda hesabatın hazırlanmasına dair BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından daxil olmuş sorğu ilə əlaqədar aidiyyəti məlumatlar hazırlanaraq təqdim olunmuş, 

 

- “Xarı bülbül” əmtəə nişanının dövlət qeydiyyatına alınması təmin edilmiş.       

 

Cari il ərzində Hüquq və kadrlar şöbəsinin əməkdaşları Komitənin nümayəndəsi qismində Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya üzrə alt-komitənin 26-27 aprel tarixlərində keçirilmiş 9-cu iclasında,

 

- ATƏT Katibliyinin Gender Məsələləri üzrə Proqramı tərəfindən 8-9 iyun tarixlərində keçirilmiş “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyi üzrə seminarlarda,

 

- Azərbaycan Açıq Hökumət Platforması tərəfindən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində təşkil olunmuş “Açıq Hökumət məlumatlarının açıqlanması”na dair vebinarlarda iştirak etmişlər.         

                                  

Məcburi köçkünlərlərin müraciətlərinə baxılması ilə əlaqədar

 

2021-ci ildə də hökm sürən mövcud pandemiya səbəbindən insanlar arasında canlı təmasda dialoqlara  qoyulmuş məhdudiyyətlər nəzərə alınmaqla, Komitə sədrinin müavinləri və Aparat rəhbəri il ərzində onlayn qaydada 1116 məcburi köçkün soydaşlarımızın qəbulunu keçirmişlər.

 

Bundan əlavə, Komitəyə vətəndaşlardan daxil olan telefon zənglərinin operativ qəbul edilib, dolğun cavablandırılması, zərurət yarandıqda aidiyyəti üzrə istiqamətləndirilməsi məqsədilə  Komitənin inzibati binasında fəaliyyət göstərən “Qaynar xətt” xidmətinə 2021-ci il ərzində mövcud iş saatlarında ümumilikdə 2622 zəng daxil olmuşdur ki, onlardan 672-i mənzil-məişət şəraiti, 364-ü işğaldan azad olunmuş torpaqlara qayıdış, 320-si vahid aylıq müavinət, 179-u müvəqqəti qeydiyyat, 154-ü məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi, 158-i onlayn qəbul, 108-i FHN-in “112” Qaynar xəttindən  müxtəlif hadisələrə, 667-si isə digər məsələlərə dair təşkil etmişdir. Daxil olan bütün müraciətlər aidiyyəti üzrə məsul şəxslərə yönləndirilməklə araşdırılaraq cavablandırılmışdır.

 

2021-ci il ərzində Komitəyə 23853 yazılı müraciət (onlardan 10486 müraciət məcburi köçkün statusunu təsdiq edən vəsiqənin alınması ilə bağlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları RİH-lər vasitəsilə) daxil olmuşdur.

 

Hesabat dövrü ərzində status sənədləri istisna olmaqla daxil olmuş 13367 yazılı müraciətdən 9720-sini vətəndaşlardan daxil olan ərizələr, 3647-sini isə məktublar təşkil etmişdir. Bu müraciətlərdən 9720 ərizədən 9587-si (99%-i), 3647 məktubdan isə 3538-i (97%-i) icra olunmuşdur.

 

Komitə tərəfindən yuxarıda qeyd olunan və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində növbəti ildə də əməli fəaliyyətin davam etdirilməsi və müsbət nəticələrin əldə olunması üzrə planlı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.