"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlərlə bağlı
Print

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2020-ci il  ərzində məcburi köçkünlərin mənzil – məişət və sosial problemlərinin həlli ilə əlaqədar görülmüş işlərlə bağlı

 

 M Ə L U M A T  

 

2020-ci ildə   Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında qoyulan tapşırıqların icrası  nəzərdə tutulduğu kimi icra edilməyə başlamış və  müəyyən  nəticələr əldə edilmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzil tikintisi işləri, bu kateqoriyadan olanlar üçün təyin olunmuş  vahid aylıq müavinətlərin ödənişi və məcburi köçkünlərin müvəqqəti məskunlaşma  obyektlərində tələb olunan təmir – bərpa işlərinin icrasında heç bir ixtisar və gecikmə hallarına yol verilməmişdir.

 

Həmin işlərin icra vəziyyətinə şəxsən nəzarət etmək məqsədilə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda və digər ictimai binalarda müvəqqəti məskunlaşmış 3.042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində inşa edilən çoxmənzilli yaşayış binalarından ibarət məhəllələrdə və iyunun  24-də Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən 200 mənzilli yaşayış kompleksində olaraq,  tikinti işlərinin gedişatı  ilə tanış olmuş, məcburi köçkünlərin qayğıları ilə maraqlanmış və əlavə tapşırıqlar vermişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2020-ci il  25 sentyabr tarixli 2279 nömrəli Sərəncamla məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Prezidentin ehtiyat fondundan ayrılmış  vəsait 2020-ci ildə yeni yaşayış sahələrinin  tikintisinin başa çatdırılmasına  yönəldilmişdir. Bu sərəncamın imzalanması məcburi köçkünlərin sosial problemlərinin həllinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet hissəsi olduğunu  bir daha təsdiqləmişdir.

 

Məcburi köçkünlərin mənzil - məişət problemlərinin həllinə dair

 

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki məcburi köçkün şəhərciyində özəl sektor tərəfindən  inşa edilmiş və 2020-ci ilin 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı həyata keçirilmiş,  növbəti - 1.336 mənzilli “Qobu Park-3” yaşayış kompleksinə qeyd olunan tarixdən məcburi köçkünlərin köçürülməsinə başlanılmış və  sentyabr ayında köçürülmə tamamlanmışdır. Yaşayış kompleksində sakinlərin rahatlığı məqsədilə zəruri texniki infrastrukturla yanaşı müasir tələblərə cavab verən 960 şagird yerlik tam orta təhsil məktəbi, 280 yerlik uşaq bağçası,  ticarət və ictimai iaşə obyektləri, eləcə də milli və müasir arnamentlərin vəhdət təşkil etdiyi layihə üzrə inşa edilmiş xalçaçılıq və toxuculuq emalatxanası ərsəyə gətirilmişdir.

 

“Qobu Park-3” yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsi - Bakı şəhəri ərazisində müvəqqəti sığınacaq tapmış məcburi köçkünlərin 2020 – 2024-cü illər ərzində mənzil – məişət şəraitinin yaxşılaşdırılması üzrə təsdiq edilmiş Yol Xəritəsinə (tədbirlər planına) uyğun olaraq,  Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin paytaxtın Yasamal rayonu, A.Şərifzadə    küçəsi 1 ünvanında yerləşən yataqxanalarında və 1 sanatoriya binasında, eləcə də yaxın ətrafdakı yarıtikililərdə məskunlaşmış məcburi köçkünlər ilk növbədə olmaqla, şəhər ərazisində ağır şəraitdə yaşayan məcburi köçkün  ailələri  köçürülmüşdür.

 

“Qobu Park-3” yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsi zamanı xüsusi imtiyazlı məcburi köçkün ailələri diqqətdən kənarda qalmamışdır. Belə ki,  yeni yaşayış kompleksində 29 şəhid ailəsi, 20 Qarabağ müharibəsi əlili ailəsi, 16 Qarabağ müharibəsi veteranı ailəsi və eləcə də vətəndaşlardan daxil olmuş şikayətlər əsasında məhkəmə qərarlarına uyğun olaraq, digər şəxslərin mülkiyyətində olan mənzillərdə məskunlaşmış 7 məcburi köçkün ailəsi mənzillə təmin edilməklə, məhkəmə qətnamələrinin icrası təmin edilmişdir.

 

2020-ci ilin sonunda  inşaat işləri yekunlaşmaş  qəsəbə və yaşayış kompleksləri

 

  • Bakı şəhərinin Qaradağ rayonunda 180 mənzilli “Ümid-3” qəsəbəsi;  
  • Füzuli rayonu ərazisində - həyətyanı sahəsi olan 30 fərdi ev;
  • Ağdam rayonunda -    50 mənzilli    1 yaşayış binası; 
  • Lənkəran rayonunda - 46 mənzilli 1 yaşayış binası;
  • Abşeron rayonunun inzibati ərazisi, Ramana qəsəbəsində - 1.512 mənzilli

yaşayış kompleksi;              

  • Samux rayonunda - 200 mənzilli yeni yaşayış məntəqəsi;
  • Abşeron rayonunda (Sumqayıt d/y stansiyasının yanı) – 1.890 mənzilli yeni yaşayış kompleksi;
  • Bakı şəhərinin Binəqədi rayonu, Xocasən qəsəbəsində  -  810 mənzilli yaşayış kompleksində  inşaat işləri başa çatdırılmışdır.

 

Qeyd: Ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar,  məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı nəzərə alınaraq,  2020-ci ildə inşası başa çatdırılmış yaşayış kompleksləri və yaşayış məntəqələrindəki bütün mənzillərin (Füzuli rayonlarında inşa edilmiş 30 fərdi ev istisna olunmaqla)    Vətən müharibəsi  şəhidlərinin və qazilərin ailələrinə verilməsini   Azərbaycan Respublikasının Prezidenti 2021-ci ilin 6 yanvar tarixində videoformatda keçirdiyi  - 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bildirmişdir.  

 

 

Məcburi köçkünlərin sosial qayğılarının təminatına dair

 

Azərbaycan Respublikası Prezidentinin dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq,  mövcud  normativ-hüquqi aktlara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin müvəkkil bank vasitəsilə plastik kartlarla ödənilməsi qərara alınmış, nəticə etibarı ilə bu sahədə məmur - vətəndaş ünsiyyəti tam aradan qaldırılaraq,  şəffaflıq təmin edilmişdir.

 

Yeni qaydaların icrası zamanı vahid aylıq müavinətin verilməsi şamil olunmayan məcburi köçkünlər tərəfindən 2020-ci ilin yanvar – dekabr ayları ərzində edilən yazılı və şifahi müraciətlər Komitədə fəaliyyət göstərən komissiyanın işçi qrupu tərəfindən araşdırılmış, haqlı müraciətlərin həlli təmin edilmiş, digərlərinə isə qaydaların tələblərinə uyğun olaraq müvafiq izahat və tövsiyə xarakterli cavablar təqdim edilmişdir.   

 

2020-ci il ərzində məcburi köçkünlərə vahid aylıq müavinətlərin ödənişi

 

2020-ci il  ərzində Azərbaycan Respublikasının Dövlət Büdcəsindən məcburi köçkünlərə vahid aylıq müavinət kimi ümumilikdə 332.579,1 min manat (o cümlədən 1.061,9 min manat bank xərcləri olmaqla) məbləğində vəsait ödənilmişdir.

 

Vahid aylıq müavinətin ödənildiyi məcburi köçkünlərin orta aylıq sayı - 489.541 nəfər təşkil etmişdir ki, bunlardan orta hesabla 424.865 nəfər aylıq - 60 manat, 64.676 nəfər isə aylıq - 33 manat məbləğində vəsaitlə təmin edilmişdir.

 

Ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşmış və kommunal xidmət  haqları dövlət büdcəsindən  ayrılmış vəsait hesabına ödənilən məcburi  köçkünlər tərəfindən istifadə edilmiş – içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə 2020-ci il ərzində ümumilikdə 17.088,0 min manat məbləğində vəsait aidiyyatı xidmət təşkilatlarının hesabına köçürülmüşdür. Aparılmış dürüstləşdirmə tədbirləri nəticəsində, eləcə də kommunal xidmət xərcləri dövlət tərəfindən ödənilən məcburi köçkünlərin fərdi qaydada sayğaclaşdırılmış mənzillərə köçürülməsi hesabına 2020-ci ildə sıx məskunlaşma obyektlərində istifadə olunan kommunal xərclərə ümumilikdə 506,5 min manat məbləğində  qənaət edilmişdir. 

                                

Məcburi köçkün statusunun verilməsi ilə əlaqədar

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü işlərin aparılması davam etdirilir. Nəticədə məmur - vətəndaş təması aradan qaldırılaraq, şəffaflıq mühiti yaradılır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirməklə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşaraq,  müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Belə ki, Komitənin məlumat bazasının Elektron Hökumət portalı olan “mygov.az”-a inteqrasiyası nəticəsində “Məcburi köçkün Statusu”na dair arayışın verilməsi xidməti tam elektronlaşdırılmışdır. 

 

Hazırda məcburi köçkün vəsiqələrinin xüsusi ardıcıllıqla  nömrələnməsi davam etdirilir ki, vəsiqələrdə qeyd edilən məlumatlar, məcburi köçkün vətəndaşların fərdi identifikasiya nömrələri (FİN) ilə elektron reyestr bazasında cəmləşdirilir. Bu da eyni nömrə ilə ikinci vəsiqənin mövcudluğuna imkan verməməklə yanaşı, bazaya müraciət etməklə hər bir süni surətdə təhrif edilmiş göstəricini dərhal ifşa etmiş olur.

 

2020-ci il ərzində məcburi köçkün statusunun və müvafiq vəsiqənin verilməsi ilə əlaqədar komitəyə 24.581 müraciət daxil olmuş və hesabat dövrü ərzində 15.924 məcburi köçkünə,  özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən “Məcburi köçkün” vəsiqəsi verilmişdir. 

 

Məcburi köçkünlərin məşğulluğunun təminatına dair

 

Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkünlər üçün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu Park” şəhərciyində 2020-ci ilin may ayında istifadəyə verilmiş növbəti – 1.336 mənzilli “Qobu Park-3” yaşayış kompleksində bir ilkə imza atılmışdır. Belə ki, yaşayış kompleksinin ərazisində əsasən məcburi köçkünlərin tətbiqi sənət və xalçaçılıq üzrə müəyyən peşələrə yiyələnmələri və əmək fəaliyyəti ilə məşğul olmaları məqsədilə milli və müasir arnamentlərin vəhdəti ilə inşa edilmiş toxuculuq emalatxanası ərsəyə gətirilmişdir. Simvolik olaraq “Xarı Bülbül” adı verilmiş bu tədris və istehsal müəssisəsi öyrənmək və işləmək istəyən hər bir məcburi köçkünün üzünə daim açıq elan edilmişdir. Hazırda müəssisənin emalatxanalarında şəhərcik ərazisində yaşayan 70 nəfər məcburi köçkün işlə təmin olunaraq, Qarabağın maddi - mədəni irsini özündə yaşadan xalça və kilim toxumağın, eləcə də qədim milli naxışlarla işlənmiş zərgərlik məmulatları hazırlamağın sirlərinə yiyələnməklə yanaşı, istehsal etdikləri məhsulların satışından mənfəət əldə edə bilər. Belə ki, ustad dərslərini uğurla keçmiş müdavimlər, ayrıca - ev şəraitində bu işlə məşğul olmaları üçün təmənnasız verilmiş kiçik dəzgahlarda işləyib, hazırladıqları məmulatları, müəssisədə yaradılmış satış xidmətinə təqdim edə bilərlər ki, bu da öz növbəsində məcburi köçkünlərin daim təlabat olan peşələrə yiyələnməsi ilə yanaşı, davamlı məşğulluğun  təminatı üçün faydalı hesab edilir. Komitə gələcəkdə qeyd olunan müəssisədə istehsal olunmuş məhsulların xarici ölkələrə, istehsalçı məcburi köçkünün imzası və ingilis dilində köçkünlük tarixçəsi barədə məlumatlar əlavə edilmiş əmtəə nişanları ilə ixracının təşkil edilməsini planlaşdırır.  

 

Əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin müraciətləri nəzərə alınaraq, Komitə rəhbərliyinin qərarı ilə istifadəyə verilmiş yaşayış kompleksləri və qəsəbələrdə inşa edilmiş infrastruktur obyektlər,  köçkün düşdükdən sonra müxtəlif təşkilatların balansında olan, istismara yararsız binalarda ağır şəraitdə fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istifadəsinə verilmişdir . Belə ki, 2020-ci ilin əvvəlindən etibarən pedaqoji və işçi heyəti əsasən məcburi köçkünlərdən ibarət olan Ağdam rayonunun 3, Cəbrayıl rayonunun 1,  Zəngilan rayonunun 2, Laçın rayonunun 3 və Füzuli rayonunun 3 tam orta təhsil məktəbi, habelə Füzuli rayonunun  1 orta ixtisas musiqi məktəbi, eləcə də Füzuli və Cəbrayıl rayonlarının uşaq bağçaları və Laçın rayonunun 1 səhiyyə müəssisəsi fəaliyyətlərini yeni salınmış qəsəbələrdə inşa edilmiş müasir tədris – təlim və tibb ocaqlarında bərpa etmişlər.

 

2020-ci il ərzində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə iş yerlərinin yaradılması məqsədilə 137 məcburi köçkün ailəsinə ticarət-xidmət obyektlərinin qurulması üçün müvafiq yerlər ayrılmış və bunun sayəsində 300-ə yaxın məcburi köçkün işlə təmin edilmişdir. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən il ərzində 23 məcburi köçkün sahibkar subyektinin investisiya layihəsinin maliyyələşdirilməsi üçün güzəştli kredit verilmiş və həmin layihələr hesabına 27 iş yeri açılmışdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Füzuli rayonu ərazisində salınmış qəsəbələrdə 2020-ci il ərzində 5 yeni Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır.

 

Məcburi köçkünlərin  məişət problemlərinin qarşılanmasına dair

 

Müvəqqəti məskunlaşma obyektlərində görülmüş tədbirlər

 

2020-ci il ərzində Komitəyə daxil olan şikayət məktubları əsasında məcburi köçkünlərin sıx məskunlaşdığı ictimai binaların yararsız vəziyyətdə olan dam örtüyünün təmiri aparılaraq, 18.837 m2 sahədə yumşaq və 14.053 m sahədə metal üzlüklə əvəzlənməsi təmin edilmiş, 26-sı yanmış mənzil olmaqla, 27 mənzildə daxili təmir bərpa işləri aparılmışdır. Məcburi köçkünlərin kompakt yaşayış yerlərində elektrik və su təchizatı üzrə qarşıya çıxan problemlərin aradan qaldırılması məqsədilə 2020-ci il üçün ayrılmış vəsait hesabına  güc transformatorları, elektrik su nasosları və artezian avadanlıqları, eləcə də  müxtəlif  materiallar alınaraq, anbarda saxlanılan əmtəə - material qalığı ilə birgə  aidiyyatı rayon icra  hakimiyyətlərinin müraciətinə əsasən tələb olunan ərazilərə göndərilmiş və ehtiyac duyulan yerlərdə quraşdırılaraq, aktlaşdırılmışdır.

 

Məcburi köçkünlər üçün salınmış və Komitənin balansında olan qəsəbə və yaşayış komplekslərində aparılmış abadlıq və təmir işləri

 

Məcburi köçkünlərin yerləşdirildiyi qəsəbələrdə uzun illər istismar olunma nəticəsində binaların fasad və dam örtüklərində, texniki infrastruktur qovşaqlarında, eləcə də qəsəbə daxili yollarda yaranmış qüsurların aradan qaldırılması  və yaşıllıq zolaqlarının qorunması, eləcə də istirahət guşələrinin yaradılması, bərpası ilə bağlı 157 mənzildə təmir işləri görülmüş, İmişli rayonu ərazisində salınmış qəsəbəyə aparan qum – çınqıl yolun 12 km-lik və Ağcabədi rayonu ərazisində 552 mənzilli qəsəbəyə gedən yolun 14,7 km-lik hissəsində il ərzində yolun bərpasına başlanılmış və ilin sonunadək ümumilikdə 26,7 km uzunluğunda olan yollar çınqıl örtüklü materialla hamarlanaraq, bərpa edilmişdir. Təmir edilən yolların yağış sularının ötürülməsi məqsədilə yol kənarlarına borular çəkilmişdir.  Qəsəbələrdəki çoxmərtəbəli binaların fasadında qopmuş üzlük daşları və dam örtükləri bərpa edilmişdir. Belə ki, Mingəçevirdəki qəsəbənin 11 binasının ümumilikdə 1.377  msahədə dam örtüyü yenilənmiş, binaların fasadında 2.506,5 m2 sahədə tökülmüş üzlük daşları bərpa edilmişdir. Bərdə rayonu ərazisində yerləşən qəsəbələrdə 276,6 m2 sahədə dam örtükləri təmir edilmiş, bina fasadlarının 966,4 msahəsində qopmuş fasad üzlükləri bərpa edilmişdir. Qəsəbələrdə geniş vüsət almış abadlıq işləri çərçivəsində yaşıllıq zolaqlarında 1.000-dən çox ağac əkilmiş və sakinlərin istirahətini təmin etmək üçün ərazilərdə 8 söhbətgah və 170 skamya quraşdırılmışdır. Vətən müharibəsi zamanı düşmən tərəfindən qismən dağıdılaraq, yararsız vəziyyətə düşmüş - Tərtər rayonunun Şıxarx qəsəbəsindəki 34 binada,  Füzuli rayonunun Zobucuq qəsəbəsindəki tamamilə dağılmış 3 evdə və qismən zərər çəkmiş 47 evdə, eləcə də Ağdam rayonu ərazisindəki qəsəbələrdə yaşayış üçün yararsız hala salınmış 365 evdə və tamamilə dağıdılmış 34 evdə  tez bir zamanda təmir-bərpa işlərinin aparılması  üzrə tədbirlər  görülməsinə başlanılmışdır.

 

Məcburi köçkünlərin gündəlik - məişət problemlərinin aradan qaldırılması  istiqamətində aparılmış işlər

 

Məcburi köçkünlər yumşaq inventar, yataq ləvazimatları, məktəbli forması və xüsusi geyimlərlə, habelə digər zəruri vasitələrlə  təmin edilmiş və məcburi köçkünlərin COVİD-19 pandemiyası ilə mübarizəsinə dəstək məqsədilə gündəlik tələbat və tibbi ləvazimatlar alınması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyi tərəfindən yardım göstərilmişdir. 

 

2020-ci il ərzində Baza Sənaye Kombinatının sexlərində 8.078 yataq dəsti, 5.111  məktəbli forması, 970 ədəd məktəbli qış üst geyimi istehsal olunmuş, eləcə də  6.000 dəst məktəbli forması, 60 kişi kostyumu, 80 qadın paltosu və 57.000 ədəd tibbi maska və s. əmtəə və mallar müxtəlif müəssisələrdən alınaraq,  mərkəzi anbarda cəmləşdirilmişdir.

 

Komitənin müvafiq əmrlərinə əsasən Cəbrayıl, Xocalı, Zəngilan, Ağdam, Fizuli, Qubadlı, Xocavənd, Şuşa, Kəlbəcər və Laçın rayonlarının və Bakı şəhərinin Qobustan, Xəzər və Səbail rayonlarının icra hakimiyyətlərindən, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətindən, bir sıra ictimai birlik və təşkilatlarlardan -  Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondundan, Xocalı Soyqırımının Tanınması İctimai Birliyindən, Qarabağ qaziləri İctimai Birliyindən, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyindən  və Xocalı şəhər 2 saylı tam orta təhsil məktəbindən daxil olmuş müraciətlər əsasında müxtəlif uşaq, qadın və kişi paltarları, yataq dəstləri ilə yanaşı, 57.000 ədəd tibbi maska, 7 ədəd planşet və 6.901  bağlama ərzaq sovqatı və s. mal - materiallar humanitar yardım şəklində müraciətlərdə qeyd olunan  aztəminatlı məcburi köçkün ailələrinə göndərilmişdir.

 

2020-ci ilin aprel ayı ərzində Komitə və digər təşkilatların birgə əməkdaşlığı ilə koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükənin qarşını almaq tədbirləri çərçivəsində ağır vəziyyətdə yaşayan məcburi köçkün ailələrinə humanitar yardımların paylanılması işləri həyata keçirilmişdir. Belə ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” məcburi köçkün şəhərciyinə 2.000 bağlama, “Ümid” qəsəbəsinə 500 bağlama ərzaq göndərilmiş, 1.235 bağlama Yasamal rayonu, 1.765 bağlama Binəqədi rayonu, 100 bağlama Sabunçu rayonunun Pirşağı qəsəbəsinə, 1.001 bağlama  Sumqayıt şəhəri və 300 bağlama isə müxtəlif rayonlara və Şirvan şəhərində salınmış yeni qəsəbədə yaşayan məcburi köçkün ailələrinə paylanılmışdır.

 

2020-ci il ərzində Komitənin sərəncamında olan 9 ədəd yük avtomobili və 3 ədəd sudaşıyan (2 ədədi kənardan icarəyə götürülməklə) nəqliyyat vasitələri ilə respublikamızın bölgələrində salınmış məcburi köçkün qəsəbələrinə 146 reys elektrik avadanlığı, 34 reys sənaye malları, 23 reys inventar, 2 reys xalçaçılıq avadanlıqları, 36 reys ev əşyaları, 1 reys teleçəkiliş avadanlıqları, 35 reys ərzaq sovqatı, 12 reys humanitar yardım, 3 reys təbliğat lövhələri, 5 reys tikinti materialları, 8 reys müxtəlif mallar və 1.584 reys içməli su daşınmışdır.

 

Məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş tədbirlər barədə

 

Ölkədə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə ictimaiyyətin daha geniş şəkildə məlumatlandırılması üçün 2020-ci il ərzində müvafiq məlumatların bütün yerli kütləvi informasiya vasitələrində mütəmadi yayılması təmin edilmişdir.

 

Hesabat dövründə Dövlət Komitəsinin sədri tərəfindən - məlum “Covid-19” pandemiyası səbəbindən ölkə ərazisində karantin tətbiq edildiyi üçün digər görüşlər ləğv edilməklə, beynəlxalq təşkilatların nümayəndələri ilə 3 görüş keçirilmişdir.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2020-ci ilin 22 yanvar tarixində QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyeva ilə, 5  fevral tarixində isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler  və seçki təhlilçisi xanım Maşa Yanyuseviclə, 21 sentyab tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Bauer ilə və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena  Aymone Sessera ilə görüşmüşdür.

 

Komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov 3 - 6 mart tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclasında iştirak edərək,  geniş məruzə ilə çıxış etmişdir.

 

Dövlət Komitəsi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş fləşmob keçirilmişdir. Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək vermişdir. Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılmışdır. Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırım  qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca “JUSTİCE FOR KHOJALY”, “XOCALI”  sözləri və soyqırımının baş verdiyi tarix, soyqırım qurbanlarının sayını, faciədən ötən müddəti ifadə  edən “26 02 1992, 613, 28” rəqəmlər əks olunmuşdur.

 

Hesabat dövründə “Əsgərə salam” layihəsi davam etdirilmiş və bu sahədə müəyyən tədbirlər icra edilmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulmuşdur. Bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olmuş, baş əsgər Elşad Dönməz oğlu Məmmədovun azyaşlı övladı Məhəmməd olmuşdur. Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş  general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da "Əsgərə salam" layihəsində iştirak etmişlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılmışdır. Digər şəhidlərimiz –mayor Anar Gülverdi oğlu Novruzovun, mayor Namiq Hajan oğlu Əhmədovun və çavuş Vüqar Lətif oğlu Sadıqovun övladları da bu tədbirə qoşulmuşlar. “Əsgərə salam” aksiyasına qoşulmuş şəhid övladları ilə bağlı iki video çarx hazırlanmış və onların hər biri televiziya, sayt və sosial şəbəkələrdə paylaşılmışdır.

 

Hesabat dövründə - 10 avqust tarixində Dövlət Komitəsi tərəfindən “Öncə Vətən!” adlı daha bir sosial layihəyə start verilmişdir. Layihə çərçivəsində Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, batalyon komandirləri və gənclərin iştirakı ilə 100-dən çox videoçarx hazırlanmışdır. Çəkilişlərdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, dövlətimizin başçısının daxili və xarici siyasəti, ordumuzun Tovuz istiqamətində erməni təxribatına qarşı apardığı döyüşlər, şəhid olan hərbçilərimizə göstərilən rəğbət və ehtiram, orduya ümumxalq dəstəyi ifadə edilmişdir. Məcburi köçkünlər - ağsaqqallar, ziyalılar, fəallar, müharibə veteranları və digər sosial qrupların nümayəndələri Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücü və nüfuzunun daha da möhkəmlənməsi üçün ölkə başçısının ətrafında birləşməyin vacibliyini bildirmişlər.

 

“Öncə Vətən!” sosial layihəsi çərçivəsində Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanmışdır. Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara qarşı mübarizəsi və  işğala şərait yaradan amillər barədə fikirlərini bildirmiş, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini ifadə etmişlər.

 

15 fevral 2020-ci ildə Dövlət Komitəsinin  və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Kürdəxanı qəsəbəsində vətəndaşlarımıza hüquqi yardım xidmətləri göstərilmişdir. Tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən göstərilmişdir.

 

18 mart 2020-ci ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,  "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilmişdir. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” şəhərciyində və “Ümid” qəsəbəsində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanmışdır.

 

Pandemiya dövründə Dövlət Komitəsi tərəfindən yerli və beynəlxalq təşkilatların dəstəyi ilə aztəminatlı ailələrə ərzaq yardımı edilmişdir.

 

Aprelin 27-də Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında Memorandum imzalanmışdır. Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanmışdır.

 

Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilmişdir. Gündəlik tələbat mallarından ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilmişdir.

 

Oktyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” layihəsinin dəstəyi ilə yardım aksiyası gerçəkləşdirmişdir. Belə ki, müxtəlif rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə, ümmulikdə, sanitar-gigiyenik vasitələr və ərzaq mallarından ibarət 11 tonluq yardım 550 ailəyə təqdim olunmuşdur. Risk qrupuna daxil olan insanların evdə qalmasına və  virusa yoluxmaqdan qorunmasına dəstək  məqsədi daşıyan yardım aksiyası zamanı məcburi köçkünlərə  infeksiyanın qarşısının alınması üçün zəruri olan sanitar-gigiyenik tələblərə və sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə edilmişdir.

 

Yardım aksiyalarının hər biri ilə bağlı xüsusi məlumat hazırlanmış və ölkənin aparıcı sayt və agentliklərində yayımlanması təmin edilmişdir. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə komitə tərəfindən Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük! / We Are Stronger Together!” adlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olmuşdur. Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur. Tədbir 3 televiziya və 27-dən çox yazılı KİV-də işıqlandırılmışdır.

 

Sentyabrın 27-də Azərbaycan ordusunun erməni təxribatının qarşısının alınması və ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı başladığı əks-hücum   – Vətən müharibəsi dövründə bir sıra tədbirlər icra edilmişdir. Oktyabrın 6-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi torpaqlarımızın işğaldan azad edilməsi  uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürmüşdür. Dövlət Komitəsinin rəhbər şəxslərinin könüllü olaraq bir aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi ilə bağlı məlumat KİV-də paylaşılmışdır. Bundan başqa oktyabrın 16-da Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinə məktubla müraciət etmişdir. Müraciətin məqsədi mövcud münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi üçün mandat almış dövlətlərin diqqətini Ermənistanın yeni təcavüzünə yönəltməkdən ibarət olmuşdur.

 

Oktyabrın 22-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göstərmişdir. Hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanmışdır. Noyabrın 26-da isə Koreya səfirliyi tərəfindən həmin rayonlarda yaşayan məcburi köçkün ailələrinə yardım göndərilmişdir.

 

Noyabrın 13-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilmişdir. Qeyd olunmuşdur ki,  möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur. Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbə münasibətilə görüş iştirakçılarını təbrik edən Dövlət Komitəsinin sədri məcburi köçkünlərin ölkə rəhbərinə və onun apardığı siyasətə daim dəstək verdiyini, doğma Qarabağın məhz bu siyasət sayəsində işğaldan azad olunacağına bəslədikləri böyük inam və ümidin artıq doğrulduğunu bildirmişdir. Bundan sonrakı dövrdə məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəraitdə öz yurdlarına, ata-baba torpaqlarına qayıtması üçün dövlət tərəfindən zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.

 

44 günlük Vətən müharibəsi dövründə yerli və xarici media nümayəndələri tərəfindən Komitəyə çoxsaylı müraciətlər daxil olmuşdur. İşğaldan azad edilən rayon və kəndlərdən olan məcburi köçkünlərlə bağlı 200-dən çox süjet və yazı ilə mətbuata məlumat paylaşılmışdır. Bundan başqa, ərazilərimiz işğaldan azad edildikcə, həmin rayon və kəndlərin əhalisi haqqında statistik məlumat hazırlanıb, sorğu əsasında digər dövlət qurumlarına təqdim edilmişdir.

 

Dövlət komitəsinin sosial şəbəkə hesablarında paylaşmaq üçün müxtəlif məzmunlu posterlər hazırlanaraq paylaşılmışdır.

 

Komitənin internet saytında fəaliyyət göstərən Qaynar xətt bölməsinə,   Komitə rəhbərliyinin və mərkəzi aparatın elektron poçt ünvanlarına daxil olmuş 1000-dən çox ərizə və müraciətlərə baxılmışdır. Eyni zamanda hesabat dövrü ərzində Dövlət Komitəsinin sosial şəbəkə hesabı da nəzarətdə saxlanılmışdır. Buradan edilən 250-dən çox müraciət aidiyyatı şöbə və departamentlərlə araşdırıldıqdan sonra cavablandırılmışdır. Bundan başqa, müxtəlif KİV nümayəndələri tərəfindən  ünvanlanan 450-dən çox suala cavab verilmişdir.

 

Keçirilən bütün tədbirlər barədə ətraflı məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılmış, həmçinin bütün bu tədbirlər  Komitənin internet saytında,  Komitənin təsisçiliyi ilə nəşr edilən “Vətən səsi” qəzetində və həmin qəzetin internet saytında mütəmadi olaraq yerləşdirilmişdir.

 

Məcburi köçkünlərlə əlaqədar keçirilmiş mədəni - kütləvi tədbirlər barədə

 

21 fevral tarixində Xocalı şəhərindən məcburi köçkünlərin köçkün düşdüyü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən orta təhsil məktəbinin ibtidai sinif şagirdlərinə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanılmış,  Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunmuşdur. 

 

25 fevralın tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə  Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan “Xocalı - bu olub” tamaşası nümayiş olunmuşdur. Komitə tərəfindən 12 mədəni-kütləvi maarifləndirmə tədbiri keçirilmiş, sosial çarxlar çəkilərək KİV və sosial şəbəkələrdə paylaşılmışdır.

 

“Əsgərə salam” adlı layihə çərçivəsində komitə tərəfindən silsilə tədbirlər keçirilmişdir. Müxtəlif kateqoriyadan olan insanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkə hesablarında #esgeresalam #dovletqachqinkom həştəqləri ilə paylaşmışlar. Respublika daxilində və xaricdə yaşayan on minlərlə soydaşımız bu aksiyaya qoşulmuşdur. Aksiyanın məqsədi, könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdən ibarət olmuşdur. Qeyd edilən layihə çərçivəsində Bakı şəhərində yerləşən 9 məcburi köçkün qəsəbəsini təmsil edən komandalar arasında futzal turniri keçirilmişdir. Turnirin yekununda I, II və III yerlərin qaliblərinə diplom və mükafatlar verilmiş, turnirin “ən yaxşıları” əlavə olaraq, fərdi qaydada mükafatlandırılmışlar.

 

Ərazisi işğalda olan rayonların məktəbliləri arasında keçirilmiş Əsgərə salam” adlı inşa müsabiqəsi isə məcburi köçkün yeniyetmələrin vətən keşikçiləri haqqında öz ürək sözlərini, duyğu və düşüncələrini ifadə etməsinə şərait yaratmışdır. Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı rayonları məktəblilərinin  ümumilikdə 41 yazı işi  göndərilmişdir. İnşa işləri birinci mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

 

Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil etmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi bu kütləvi tədbirdə 1200 nəfər gənc iştirak etmişdir. Ağdamda kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilmişdir. Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilmişdir. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak etmişdir. Eyni zamanda, “Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi qeyd kitabçası hərbi hissəyə hədiyyə olunmuşdur.

 

Məcburi köçkünlərin fiziki sağlamlıq problemlərinin həlli ilə əlaqədar

 

Hesabat dövründə komitə tərəfindən 2 humanitar aksiya keçirilmişdir. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” şüarı altında könüllü qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına köməkdən ibarət olmuşdur. Aksiya Müdafiə Nazirliyinin Hərbi Qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilmişdir. Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər könüllü donor kimi qan vermişlər.

 

7 mart tarixində Şəki rayonunun ərazisində salınmış Yeni Çələbixan məcburi köçkün qəsəbəsində müxtəlif ixtisaslı 12 həkim tərəfindən səyyar tibbi xidmət göstərilmişdir. Məcburi köçkünlər ilk növbədə koronavirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılmışlar. Bundan başqa aksiya zamanı məcburi köçkünlərə stomatoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılmışdır. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə etmişdir. Müayinələrin nəticəsindən asılı olaraq yoxlamadan keçmiş məcburi köçkünlərə müvafiq tövsiyələr verilmiş və bir qisminə tibbi müalicələr yazılmışdır.

 

Hesabat dövrünün 22 – 25 sentyabr tarixlərində  Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)  və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quzanlı qəsəbəsində ilk yardım üzrə təlimlər keçirilmişdir. Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb edilmişdir. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri yüksək ixtisaslı mütəxəssislər aparmışlar. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri,  ilkin test,  şəxsi təhlükəsizlik və baş vermiş hadisə yerinin qiymətləndirilməsi, zərərçəkmişin müayinəsi və bərpası, yanıqlar zamanı ilk yardım üzrə praktiki vərdişlərin nümayişi daxil edilmişdir.  İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsindən ibarət olmuşdur.

 

Məlum “Covid-19” pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyasına Dövlət Komitəsi də qoşulmuşdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambrosodan estafeti qəbul edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov kampaniyada iştirak edərək, estafeti Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevə ötürmüşdür.  Kampaniyada iştirakla bağlı video çarx hazırlanmış və sosial şəbəkədə yerləşdirilmişdir ki, həmin videoçarx  o ərəfədə  ən  çox izlənən videolar sırasında yer almışdır. 

 

Məcburi köçkünlərlərin müraciətlərinə baxılması ilə əlaqədar

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vətəndaşlardan daxil olan telefon zənglərinin operativ qəbul edilib, dolğun cavablandırılması, zərurət yarandıqda aidiyyatı üzrə istiqamətləndirilməsi məqsədilə  Komitənin inzibati binasında fəaliyyət göstərən “Qaynar xətt” xidmətinə 2020-ci il ərzində   mövcud iş saatlarında ümumilikdə daxil olan 4.987 müraciət aidiyyatı üzrə məsul şəxslərə aşağıdakı kimi yönləndirilmişdir:

 

 Mənzillə bağlı – 2320; vahid aylıq müavinətlə bağlı – 401; qeydiyyatla bağlı – 215; məcburi köçkün statusu ilə bağlı – 156; digər məsələlərlə bağlı – 993 müraciət vətəndaşlardan və 269 müraciət isə Fövqəladə Hallar Nazirliyindən daxil olmuşdur ki,  həmin müraciətlərin məzmunu nəzərə alınmaqla müvafiq əlaqələndirmə təmin edilmişdir. Komitənin rəhbər işçiləri ilə online bağlantı qurulması məqsədilə - 633 müraciət qeydə alınmışdır. Bunlardan əlavə daxil olan 4000-ə yaxın müraciət xidmətin operatorları tərəfindən şifahi cavablandırılmışdır.

 

2020-ci ilin yanvar – dekabr ayları ərzində Komitəyə 32.190 yazılı müraciət (o cümlədən məcburi köçkünlər tərəfindən müxtəlif Dövlət və Hökumət orqanlarına ünvanlanmış 29.579 ərizələrə əsasən)  daxil olmuşdur. Həmin mürciətlərin 31.615-nin (98,2%) icrası təmin olunmuşdur.

 

2020-ci ilin əvvəlindən etibarən Komitə sədri həftədə bir dəfə olmaq şərti ilə Komitənin inzibati binasında keçirilən qəbullar zamanı 621 nəfəri qəbul etmiş, məlum pandemiya ilə əlaqədar 17 mart tarixindən ölkədə tətbiq edilən karantinlə bağlı qəbulların online qaydada keçirilməsinə qərar verildikdən sonra Komitə sədri tərəfindən ümumilikdə 1.144 nəfərin müraciətinə online baxılaraq, cəmi 1.765 nəfər məcburi köçkünün qəbulu təmin edilmişdir. Qeyd olunanlarla yanaşı Komitə sədrinin bölgələrdəki səyyar qəbulları zamanı Sabirabad rayonunda 36, Goranboy rayonunda 111, Ağdamda 36, Samuxda 12 vətəndaşın müraciətinə baxılmaqla, ümumilikdə 195 məcburi köçkünün qəbulu keçirilmişdir. Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında keçirilmiş qəbullar zamanı ümumilikdə 326 vətəndaşın müraciətinə baxılmışdır. Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində salınmış  “Qobu Park-2” yaşayış kompleksində keçirilən 3 görüş zamanı 262, Sabunçu rayonunun Pirşağı qəsəbəsində məskunlaşmış soydaşlarımızla keçirilən 2 görüş ərzində Komitə sədri 64 nəfərin müraciətini dinləmiş, qaldırılan məsələlərlə bağlı Komitənin aidiyyatı şöbə və departament rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar vermişdir.

 

2020-ci ilin pandemiya səbəbindən insanlar arasında canlı təmasda dialoqlara  qoyulmuş məhdudiyyətlər nəzərə alınmaqla, Komitə sədrinin müavinləri, Aparat rəhbəri və şöbə müdirləri də hesabat ili ərzində online qaydada yüzlərlə vətəndaşın qəbulunu keçirmişlər.