"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3256
Eldar Zeynalov: “Köçkünlərin qəzalı binalardan köçürülməsi üçün Yol Xəritəsi hazırlanıb”
Mətbuat xidmətinin məlumatı 04 Fevral, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalovun APA-ya müsahibəsi

 

Məcburi köçkünlər ən həssas əhali qrupu sayılırlar, onların müraciətlərinə də həssaslıqla yanaşmaq tələb olunur. Komitədə vətəndaşların müraciətlərinə baxılması işi necə təşkil edilib, bu sahədə hansı yeniliklər var?

 

- Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritetlərindəndir. Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib və aparılan siyasətin real nəticələri də bunu təsdiqləyir. Bu kateqoriyadan olan həmvətənlərimizə xüsusi diqqət və qayğı göstərilir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın nəzəri daim məcburi köçkünlərin üzərindədir. Onlarla mütəmadi görüşlər keçirir, müraciətlərini dinləyir, hər birinə qayğıkeşliklə yanaşır, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir. Yəni ölkəmizdə qaçqınlar və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə ediliblər. Onlarla iş sahəsində həyata keçirilən islahatlar, idarəetmənin təkmilləşdirilməsi, bu zaman innovativ metodların tətbiq edilməsi də bu qayğının təzahürüdür. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların müraciət etmək hüququnun mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün zəruri olan hər bir şərait yaradılıb. Komitənin mərkəzi aparatındakı qəbul otağının yenidən qurulması bu sahədə çox vacib addım oldu. Komitənin aparatının və strukturuna daxil olan  departamentlərin işçiləri burada vətəndaşları gün ərzində qəbul edirlər. Bütün müraciət edənlərin qeydiyyatı aparılır, hər birinə rəsmi  cavab verilir. Bundan əlavə, rəhbər işçilər tərəfindən hər həftə qəbul aparılır. Vətəndaşlar kimin qəbuluna istəsələr, yazıla bilirlər. Komitənin rəhbər şəxslərinə vətəndaşların elektron qaydada müraciət etmək imkanları da var. Elektron poçt ünvanları komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Belə müraciətlər də çoxdur və onların da hamısı müvafiq qaydada qeydə alınaraq, cavablandırılır.

 

Ötən il ərzində komitəyə 82 minə qədər müraciət daxil olub. Bunun 28 min şifahi, 53 mindən çoxu yazılı müraciətdir. Əvvəlki illə müqayisədə müraciətlərin sayında 25 minə qədər artım qeydə alınıb. Komitənin sədri ötən il Bakıda və bölgələrdə keçirdiyi qəbul və görüşlər zamanı 8 minə yaxın vətəndaşı fərdi qaydada dinləyib. Həmin vətəndaşların  qaldırdıqları məsələlərin bəziləri dərhal, yerindəcə həll edilib, bir çoxu ilə bağlı araşdırmalar aparılıb, nəticəsi barədə müvafiq qaydada cavablar verilib. Elə şəxslər var ki, bir ay ərzində beş instansiyaya yazılı müraciət edir və biz bu müraciətlərin hər birini cavablandırmalı oluruq. “Vətəndaşların müraciətləri haqqında” qanuna əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda həmin müraciəti baxılmamış saxlaya bilərik. Lakin biz məcburi köçkünlərin həssas təbəqə olduğunu nəzərə alaraq heç bir müraciəti cavabsız saxlamırıq.

 

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi,  həmçinin qəbul otağında aparılan yenidənqurma işləri, müraciətlərin qeydə alınması prosedurunun sahmana salınması, növbəlilik və operativ cavablandırma mexanizminin tətbiqi, qəbulu gözləyənlərin rahatlığı üçün müvafiq şərait yaradılması vətəndaşların da davranışına təsirsiz qalmayıb. Bizim ilk vaxtlarda müşahidə etdiyimiz nizamsızlıq, demək olar ki, aradan qalxıb.

 

Müraciətlərin xarakterinə gəldikdə isə, yeni yaşayış sahələrinə köçürülmək, vahid aylıq müavinət, məşğulluq məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil edir. Bu da təbiidir: uzun müddət ağır vəziyyətdə yaşayan, ciddi əziyyətlər çəkən, maddi sıxıntı ilə üzləşən, işsizlik problemini həll edə bilməyən məcburi köçkünlərimiz dövlətdən dəstək almaq istəyirlər. Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi, komitə  bütün bu məsələlərlə bağlı üzərinə düşən vəzifələri ölkə rəhbərliyinin tələb etdiyi səviyyədə, məsuliyyətlə yerinə yetirməyə çalışır.

 

2019-cu ildə beş mindən çox yeni ev və mənzil inşa edilərək məcburi köçkünlərə verilib. Bu il isə yeddi mindən artıq ailənin yeni mənzillərə köçürülməsi nəzərdə tutulub.

 

- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramı çərçivəsində və digər əsaslarla inşa edilmiş yaşayış sahələrinə məcburi köçkün ailələrinin köçürülməsi zamanı şəffaflığın və ədalətli bölgünün təmin edilməsi məqsədilə Komitədə 2018-ci ilin sentyabrında yaradılmış komissiyanın sədrisiniz. Bu komissiyanın yaradılması hansı zərurətdən irəli gəlib?

 

Komissiyanın yaradılması bu sahədə nizam-intizamın, şəffaflığın və kollegiallığın təmin edilməsi zərurətindən irəli gəldi. Komissiyanın fəaliyyətinin səmərəli təşkili üçün isə çevik işçi qrupunun yaradılması vacib hesab olundu. Cənab Prezident İlham Əliyevin məcburi köçkünlərə mənzillərin verilməsində şəffaflığı təmin olunması, əvvəllər yol verilmiş neqativ halların aradan qaldırılması ilə bağlı tapşırığının icrası üçün təxirəsalınmaz tədbirlər görülməli idi və bu tədbirlər görüldü. Əlbəttə, qabaqlar da müvafiq komissiya mövcud olmuşdu, lakin onun fəaliyyəti formal xarakter daşıyıb. Bunu həmin komissiyanın fəaliyyəti ilə bağlı heç bir sənədləşdirmə işinin aparılmaması göstərir. Bu gün fəaliyyət göstərən komissiyanın tərkibində ictimaiyyətin nümayəndələri də var. Məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsində onların müvəqqəti məskunlaşdıqları və daimi qeydiyyatda olduqları ərazilərin yerli icra hakimiyyəti orqanlarının iştirakına gəldikdə isə, köçürülmə obyektlərinin, köçürülməsi nəzərdə tutulan şəxslərin və ailələrin  siyahısı ilkin olaraq bu orqanlar tərəfindən hazırlanır və komitəyə təqdim edilir.

 

Xatırlayırsınızsa, möhtərəm Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərə yeni mənzillərin verilməsi barədə danışarkən “burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir” deyib. Bu sözlər görülən işə verilən qiymət kimi bizdə həm dərin minnətdarlıq, həm də çox böyük məsuliyyət hissi doğurur.

 

- İşçi qrup araşdırmanı hansı məqsədlə və necə aparır?

 

Sıx halda müvəqqəti məskunlaşma və yeni yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahısı komitəyə təqdim edildikdən sonra, komissiyanın işçi qrupu həmin siyahı üzrə yerində hərtərəfli araşdırma aparır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində faktiki yaşayıb-yaşamadığı dəqiqləşdirilir, onların sənədlərinin surətləri əldə edilir və elektron bazada yerləşdirilir. Sonrakı mərhələdə yeni yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin və onların ailə üzvlərinin mövcud əmlak sahibliyi vəziyyəti, statusu və digər amillər üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın müddəalarına uyğun olaraq,  dəqiqləşdirmələr aparılır, bütün sənədlərə komissiyada kollegial şəkildə baxılır, həmçinin ailə tərkibinə əsasən ayrılacaq otaqların sayı müəyyənləşdirilir və bundan sonra komissiyanın təqdimatı əsasında komitə rəhbərliyi tərəfindən yekun qərar qəbul edilir.  Mənzillərin ayrılması prosesi də elektronlaşdırılıb. Bunun üçün zəruri proqram təminatı hazırlanıb və tətbiq edilib. Otaq sayına görə təsnifat aparıldıqdan sonra komitənin Repatriasiya Departamenti sıx məskunlaşmış məcburi köçkün ailələri arasında mənzillərin bölüşdürülməsi üçün püşkatmanı və bunun da nəticəsində  köçürülməni təşkil edir. Köçürülmə dövlət vəsaiti hesabına həyata keçirilir.

 

Onu da qeyd edim ki, məcburi köçkünlər haqqında məlumatları yoxlamaq üçün komitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və digər əlaqədar  qurumların elektron bazalarından müvafiq məlumatlar  əldə edir.

 

Komissiyada yeni yaşayış sahələrinə köçürülmək barədə məcburi köçkün statusu olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranların, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin də fərdi müraciətlərinə də baxılır və müvafiq qərar qəbul edilir. Hər köçürülmədə, mərhələli şəkildə, bu cür imtiyazlı ailələrə də yeni mənzillər verilir.

 

- Bu gün respublika ərazisində məcburi köçkünlərin sıx məskunlaşdıqları, qəzalı vəziyyətdə olan obyektlərin sayı nə qədərdir?

 

 Respublika ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxana, məktəb, uşaq bağçaları, sanatoriya, pansionatlar və digər ictimai, inzibati binaların sayı 180-ə yaxındır. Bakı şəhərində qəzalı vəziyyətdə olması Fövqəladə Hallar Nazirliyinin rəyi ilə təsdiqlənən 60-a yaxın belə obyekt var. Bu obyektlərdə 24 minə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. Bu sahədə əsas məqsəd 2024-cü ilədək həmin ailələrin yeni mənzillərə köçürülməsinin təmin olunmasıdır. Bunun üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Yol Xəritəsi hazırlanıb və bu ildən icrasına başlanılıb. Yol Xəritəsinə əsasən, növbəti mərhələdə 40 minə yaxın məcburi köçkün ailəsinin yerləşdirilməsi tələb olunur. Bu siyahıya Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda, başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə, kirayə və qohum evlərində məskunlaşmış məcburi köçkün ailələr daxildir. Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılması təklif olunan torpaq sahələrinin yerləşmə sxemi hazırlanıb. Sxemə əsasən, ayrılacaq torpaq sahələrinin həcmi 331 hektar təşkil edir.

 

- Köçürülmə obyektlərinin ardıcıllığı necə müəyyən edilir?

 

Köçürülmə obyektlərini məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları  ərazilərin yerli icra hakimiyyətləri müəyyənləşdirir və siyahını komitəyə təqdim edir, bundan sonra komitə özü həmin siyahı üzrə araşdırma aparır, hər bir obyektin faktiki vəziyyətini araşdırdıqdan sonra yekun qərar qəbul edir. Bəzən elə olur ki, yerlərdən təqdim edilmiş siyahılarda göstərilən obyektlərin vəziyyətinin hələ qənaətbəxş olduğu aşkarlanır və texniki baxımdan daha yarasız obyektlər siyahıya daxil edilir. Bundan başqa, köçürülmə obyektləri müəyyənləşdirilərkən oradakı ailələrin sayının yeni inşa edilmiş qəsəbələrdə mənzillərin sayına uyğunluğu məsələsinə də diqqət yetirilir.

 

- Yeni yaşayış sahəsinə köçmək istəyində olan, buna ehtiyacı olan məcburi köçkünlərə sözünüz nədir?

 

- Dövlətimiz məcburi köçkünlər üçün yeni qəsəbələrin, yaşayış komplekslərinin salınmasını davam etdirir və bu işi çox sürətlə həyata keçirir. Çünki cənab Prezidentin apardığı mükəmməl siyasət sayəsində dövlətimizin iqtisadi gücü artır və bu sahəyə də böyük məbləğdə vəsait ayrılır. Bundan başqa, özəl sektor da, ölkə rəhbərliyinin tövsiyəsinə uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət probleminin həllinə öz töhfəsini verir. Qeyd etdiyim kimi, Yol Xəritəsi var, hələ də ağır vəziyyətdə, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələrin hamısı mərhələli şəkildə yeni mənzillərə köçürüləcəklər. Ancaq onların da, bizim də ən böyük arzumuz torpaqlarımızın işğaldan tezliklə azad edilməsi, həmin yerlərdə yenidən həyatın, yaşayışın bərpa olunmasıdır. İndi bəzən təzə mənzillərində belə darısqallıqdan gileylənən məcburi köçkünlərin dövlətimizin dəstəyi ilə öz ata-baba ocaqlarında geniş evlər tikəcəkləri, yenidən o yerləri canlandıracaqları günün uzaqda olmadığına əminəm.

23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir