"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1318
Prezident İlham Əliyev Qəbələdə yeni salınmış məhəllənin açılış mərasimində məcburi köçkünlərlə görüşmüş və çıxış etmişdir.
Mətbuat xidmətinin məlumatı 28 Fevral, 2010
    Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.     Prezident İlham ƏLİYEV yeni mənzil alan məcburi köçkünləri təbrik edərək dedi:     - Mən sizi ürəkdən salamlayıram və məcburi köçkünləri yeni gözəl evlərin istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Siz bu evlərdə rahat yaşayın, yaxşı yaşayın. Siz uzun illərdir ki, turbazada, pioner düşərgəsində çətin, ağır vəziyyətdə yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Dövlət Proqramı qəbul edilibdir və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.     Qəbələ rayonunda bu proses gedir və demək olar ki, ölkəmizin müxtəlif yerlərində biz bu işlərə başlamışıq. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir. Burada yaşayış şəraiti yaxşıdır və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı yüngülləşdirək. Ancaq əsas məsələ öz həllini tapmalıdır.     Biz, bütün Azərbaycan xalqı dünən böyük faciənin ildönümünü qeyd etdik. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcəkdir. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünən dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik.     Ancaq bu, hələ işin birinci mərhələsidir. Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcəkdir. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik.     Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf – Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir.     Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olubdur. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır.     Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.     BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər.     Amma, erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.     Biz bilirik ki, dünyada erməni lobbisinin imkanları, o cümlədən maliyyə imkanları vardır. Onlar müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar. Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılmışdır. Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız, qayıtsın. Bizim vətəndaşlarımız, siz oraya qayıdasınız. Öz doğma torpağınıza qayıdasınız. Bizim istəyimiz budur.     Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər, gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?!     Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın. Bunu etmək üçün bir daha demək istəyirəm ki, biz güclü olmalıyıq. Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür.     Hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə getməlidir. Çox işlər görülüb, amma hələ də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra edilir. O cümlədən regional inkişaf proqramı və bütün regionlarda gedən quruculuq işləri əlbəttə ki, ölkəmizi gücləndirir. Bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır.     Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ sözün əsl mənasında sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Bu gün, misal üçün, artıq bir neçə tədbirdə iştirak etmişəm. Qəbələdə ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verilibdir. Bu, çox böyük bir hadisədir və onu göstərir ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim. Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış müəssisələrlə tanış oldum. Qəbələnin, bildiyiniz kimi, çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki, həm təbii şərait, həm də ki, artıq infrastruktur vardır. Bakı-Qəbələ yolu - artıq onun bir hissəsi tikilib. Bakı-Şamaxı yolu artıq bütün dünya standartlarına cavab verir. Ondan sonra Şamaxı-İsmayıllı, İsmayıllı-Qəbələ, Qəbələ-Balakən yolu da tikiləcəkdir. Beləliklə, turizmin inkişafı üçün vacib olan yol infrastrukturu tamamilə yeniləşəcəkdir. Qəbələnin içməli su, kanalizasiya problemləri öz həllini tapmaqdadır. Artıq böyük layihə də icra olunmağa başlamışdır və Qəbələnin bütün içməli su, kanalizasiya problemi iki il ərzində həllini tapmalıdır. Elektrik enerjisi ilə təchizat yaxşılaşdırılacaqdır. Bu gün yeni yarımstansiyanın açılışında iştirak edəcəyəm. Qazlaşdırma prosesi sürətlə gedir, sosial obyektlər - uşaq bağçaları, məktəblər tikilir. Yəni rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bunun nəticəsidir ki, son altı il ərzində Qəbələnin iqtisadiyyatı təxminən 4 dəfə artıb. Böyük bir nailiyyətdir və göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, bu, təkcə statistik rəqəmlərlə ölçülmür, eyni zamanda, burada gedən abadlıq-quruculuq işlərini hər bir vətəndaş öz gözü ilə görə bilər.     Mən görülən bütün bu işlərlə bağlı müsbət rəyimi bildirmək istəyirəm. Qəbələlilərə yeni uğurlar arzulamaq istəyirəm və bilin ki, Qəbələni müasir, gözəl turizm mərkəzinə çevirmək üçün əlavə tədbirlər də hazırlanır və o da tezliklə reallaşacaqdır.     Sizi isə, əziz soydaşlarım, bu evlərin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edirəm. Burada yeni bir ev də tikiləcək, məktəb də artıq tikilməkdədir. Yəni, müvəqqəti olsa da, burada yaşamaq üçün bütün şərait vardır. Mən əminəm ki, gün gələcək və biz yeni gözəl evlərin tikintisini işğaldan azad ediləcək torpaqlarda qeyd edəcəyik.     Yeni mənzil alanlar adından çıxış edən Şuşa rayonundan məcburi köçkün Əhəd HƏSƏNOV dedi:     - Cənab Prezident, Qəbələ rayonunda məskunlaşmış 598 məcburi köçkün ailəsi adından Sizi salamlayırıq. Vaxtınızı ayırıb biz köçkünlərlə bu gün görüş keçirdiyinizə görə Sizə böyük minnətdarlığımızı bildiririk.     Mən tarixi heç vaxt yaddaşımdan silinməyən ulu öndərimizin belə bir müdrik kəlamını bu gün xatırlatmaq istəyirəm. Hələ vaxtilə, 1993-cü ildə ulu öndərimiz demişdi: “Vaxt gələcək Azərbaycan bütün dünyaya günəş kimi doğacaqdır”. Bəli, ulu öndərimiz tərəfindən deyilən deyim artıq bu gün reallıqdır. Günəşli Azərbaycanımız dünyanın bütün ölkələrinə nur saçır. Dünyanın qabaqcıl ölkələri bu gün Azərbaycan dövləti, onun Prezidenti ilə hesablaşır. Sizin dediyiniz kimi, Azərbaycan elə inkişaf etməlidir ki, gələcəkdə dünyanın zəngin və qüdrətli dövlətinə çevrilsin. Bu gün inamla, fəxrlə deyə bilərik ki, bəli, cənab Prezident, məhz, Sizin gərgin əməyinizin, fəaliyyətinizin nəticəsində müstəqil Azərbaycanımız beynəlxalq aləmdə qüdrətli bir dövlətə çevrilmişdir. Azərbaycan xalqı tam inamla əmindir ki, onun gələcəyi, onun dövlətçilik taleyi etibarlı əllərdədir.     Biz 18 ilə yaxındır ki, bu gözəl diyarda, Qəbələdə məskunlaşmışıq. O gündən bu günə, - icazənizlə bir məqamdır, mən bütün mehriban qəbələlilərə çatdırmaq istəyirəm, bugünkü məqamdan istifadə edib deyirəm, - həmişə çətin günümüzdə bizə dayaq olublar. Odur ki, bütün zəhmət adamlarına, qəbələlilərə məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk.     Qaldı ki, bu gözəl, yaraşıqlı, müasir tələblərə cavab verən binaya, onu bu gün 152 ailəyə bağışlayırsınız. Bunun özü, - sözlə ifadə etmək çətindir, - biz köçkünlərə dövlətimizin böyük qayğısının təzahürüdür. Ancaq biz belə rahat otaqlarda yaşamaqla, çox gözəl açıqladınız, cənab Prezidentimiz, əmin olun ki, heç də bununla kifayətlənmək arzusunda deyilik. Bütün məcburi köçkünlərin yeganə arzusu işğal altında olan torpaqlarımıza qayıtmaqdır. Biz gecəli-gündüzlü qəlbimizi yaralayan, bizi rahat buraxmayan ana torpağımıza qayıdacağıq. Biz buna varlığımız kimi əminik. Ona görə ki, belə müdrik, ulu öndərimizin sadiq siyasi davamçısı olan cənab Prezidentimiz İlham Əliyev kimi liderimiz, şəxsiyyətimiz vardır.     Bir daha xatırlatmaq istəyirəm ki, doğrudan da Ulu Tanrımız bizim Azərbaycana böyük bir xoşbəxtlik də qismət edibdir. Cənab Prezident Siz, həm də Azərbaycanımızın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım kimi bir şəxsiyyətlə düşmənlərimizə qarşı birgə mübarizə aparırsınız. Mehriban xanımı da ürəkdən alqışlayırıq. Təkcə Sizin ikinizlə yekunlaşmır. Hamıya məlumdur ki, Sizin gənc övladınız Leyla xanım Əliyeva, - bu günlərdə mətbuatda, televiziyada biz gördük, buna fərəhlənirik, buna qəlbimiz coşur, - Xocalı fəryadını bütün dünyaya yaydı. Bax, görülən işlərin hamısı son nəticədə bunlarla ölçülməlidir.     Mən əminəm ki, doğma yurdumuz, - Kəlbəcərimiz, Şuşamız, Ağdamımız, bütün işğal altında olan rayonlarımız azad olunacaqdır. Biz çal-çağır dövrlərimizi o diyarda yaşadacağıq. Mənim ən böyük arzum budur ki, tarixi abidələr şəhəri olan, gözəl təbiətinə görə seçilən Kəlbəcərimiz, Qarabağın zümrüd tacı olan doğma Şuşamız işğaldan azad edilsin, üçrəngli bayrağımız Şuşada dalğalansın. Cənab Prezident, arzumuz budur ki, o torpaqlarda yeni binaların, abidələrin açılışında şəxsən Sizinlə və Sizin bütün ailə üzvlərinizlə, respublikamızın qabaqcıl ziyalıları ilə birlikdə iştirak edək. Ulu Tanrı Sizi qorusun. Allahdan arzum budur.     Sözümü yekunlaşdırmaq istəyirəm. Amma qəlbim doludur, çünki hörmətli Prezidentimizin qarşısında çıxış etmək mənim üçün, bütün məcburi köçkünlər, bütün vətəndaşlar üçün şərəfdir. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan Respublikamızın qüdrətli dövlətə çevrilməsi işində, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli və cəsarətli davamçısı cənab Prezident İlham Əliyevə öz əməli fəaliyyətimizlə dayaq olmalıyıq. Respublikamızda bu gün reallıq, durum bax belədir. Dövlətimiz, Prezidentimiz xalqa, xalqımız isə dövlətimizə, Prezidentimizə arxa və dayaqdır. Ulu Tanrı həmişə Sizə yar olsun.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir