"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2314
Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir
Mətbuat xidmətinin məlumatı 28 Dekabr, 2012
Dekabrın 27-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. Dövlətimizin başçısı əvvəlcə Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Nazilə Tağıyevanın mənzilində yaradılan şəraitlə maraqlandı. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, üzvlərinin sayı beş nəfərdən ibarət olan ailənin mənzili dördotaqlıdır. Mənzildə hər cür şərait yaradılmışdır. Ailə üzvləri dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəbinə gəldilər. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Dövlətimizin başçısı məhəllənin maketinə baxdı. Baş nazirin müavini Əli Həsənov məlumat verdi ki, məhəllə Müşfiqabad qəsəbəsi ərazisində Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni məhəlləyə 1440 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Bildirildi ki, məhəllədə 140 yerlik uşaq bağçası da inşa olunmuşdur. Zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilən məhəllə Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat hesabına inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış, bu ilin sonunda tam başa çatdırılmışdır. Dövlətimizin başçısı bu günə qədər istifadəyə verilən yeni qəsəbələrin fotostendlərinə də baxdı. Məlumat verildi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər. Bildirildi ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanmışdır. Ötən dövrdə iki Dövlət Proqramı və həmin Dövlət Proqramlarına edilən əlavələr təsdiq edilmiş və onlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə 26 min ailə və ya 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkün üçün 76 qəsəbə, hündürmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 37 rabitə evi tikilmiş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənmişdir. Bu ilin ötən dövründə Şəkidə 423, Bərdədə 195, İmişlidə 325, Qaradağ rayonunda 1440, Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə üç qəsəbə və iki yaşayış məhəlləsi salınmışdır. Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi və ya 3 min 420 nəfər üçün yeni qəsəbənin salınması başa çatmaq üzrədir. Ümumiyyətlə, 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da ötən illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. Bu illər ərzində qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin idman zalında təşkil olunan Qarabağ xalçalarından və əraziləri işğal edilmiş rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatlarından ibarət sərgi ilə tanış oldular. Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Bu bir daha təsdiqləyir ki, zəngin təbii sərvətləri ilə öyünən Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçmişdir. Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu vacib amilin son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edildiyini təsdiqləyir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış, onlar internetə qoşulmuşdur. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə əhəmiyyəti ilə diqqəti cəlb edir. Dövlətimizin başçısı məktəbdə kompyuter otağı, hərbi hazırlıq kabineti, akt zalı və yeməkxanada yaradılan şəraitlə tanış oldu. Məktəblə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada məhəllənin sakinləri ilə görüşdü. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi: - Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ürəkdən təbrik edirəm. Eyni zamanda, bu gün bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. Bu qəsəbənin tikilməsi Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Bu siyasəti ulu öndər Heydər Əliyev qoymuşdur. Biz onun yolu ilə gedirik və bildiyiniz kimi, Dövlət Neft Fondunun birinci ödəmələri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər Dövlət Neft Fondu məcburi köçkünlərin rahat evlərlə, mənzillərlə təmin edilməsi sahəsində çox böyük iş görmüşdür. Təkcə bu il 20 min köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilir, belə gözəl qəsəbələr tikilir. Bu qəsəbədə gözəl binalarda, gözəl mənzillərdə 7 min köçkün rahat yaşayacaqdır. Bu məktəb isə Azərbaycanda müstəqillik dövründə tikilmiş ən böyük məktəbdir. 1300 şagird yerlik məktəb son 20 il ərzində tikilmiş ən böyük çox gözəl, geniş məktəbdir. Burada yaşamaq üçün bütün şərait vardır – uşaq bağçası, gözəl binalar, məktəb. Ölkəmizin müxtəlif yerlərində məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün belə gözəl qəsəbələr, fərdi evlər tikilir. Bildiyiniz kimi, indi biz bu işi ardıcıllıqla aparırıq. Birinci mərhələdə biz, əlbəttə, ən ağır vəziyyətdə yaşayanların vəziyyətini yaxşılaşdırmalı idik. Bu məqsədlə 2007-ci ilə qədər çadır şəhərciklərinin ləğvi ilə bağlı böyük işlər görüldü. Ondan sonrakı mərhələdə artıq yataqxanalarda, fin qəsəbələrində, hərbi hissələrin ərazilərində yaşayanların sosial vəziyyəti yaxşılaşdırılmalıdır və biz bunu görürük. Burada, bu qəsəbədə yaşayacaq insanların böyük əksəriyyəti uzun illər yataqxanalarda ağır vəziyyətdə yaşamışdır. Bu gün Azərbaycan dövləti bu istiqamətdəki siyasətini uğurla aparır. Bütövlükdə son illər ərzində bu məqsədlər üçün milyardlarla manat vəsait ayrılmışdır. Bu il 20 min köçkün yeni evlərə köçürülür. Gələn il 20 mindən artıq köçkün yenə də yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Bu il Dövlət Neft Fondundan bu məqsədlər üçün tarixdə ən böyük vəsait ayrılmışdır – 300 milyon manat. Gələn il də 300 milyon manatdan az olmayan məbləğ nəzərdə tutulur. Yəni, biz bu məsələni ardıcıllıqla həll edirik və əminəm ki, bir neçə ildən sonra məcburi köçkünlərin əsas məişət problemləri öz həllini tapacaqdır. Bildiyiniz kimi, Dövlət Proqramı həyata keçirilir. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Biz təkcə qəsəbələrin, evlərin tikilməsi ilə öz işimizi məhdudlaşdırmırıq, eyni zamanda, məşğulluq məsələlərini də həll edirik. Rəsmi statistikaya görə, son illər ərzində köçkünlərin arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşübdür. Bütövlükdə ölkə üzrə yoxsulluq artıq çox aşağı səviyyədədir. Keçən ilin yekunlarına görə 7,6 faiz, bu ilin yekunlarına görə daha da aşağı olacaqdır. Köçkünlər arasında da yoxsulluq aşağı düşür, məşğulluq artır. Ölkəmizdə bütövlükdə yeni iş yerlərinin açılması prosesi uğurla gedir. Son on il ərzində 1 milyon 100 min iş yeri açılmışdır və məcburi köçkünlər də bu imkanlardan bəhrələnirlər. Bütövlükdə iqtisadi islahatlarımız və iqtisadi sahədə apardığımız siyasət bizə belə gözəl binaların, qəsəbələrin tikilməsinə imkan yaradır. Əgər ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın yeni neft strategiyası aparılmasaydı, yəni, əgər biz o strategiyanın həyata keçirilməsində uğur əldə etməsəydik, bu gün biz belə qəsəbələri tikə bilməzdik. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var, biz bunu bilirik. Yenə də deyirəm, biz bu məsələni ardıcıllıqla həll edirik. Çadır şəhərcikləri, fin qəsəbələri ləğv edildi. Yataqxanalarda, uşaq bağçalarında yaşayanlar var, biz onların da məişət problemlərini həll edəcəyik. Yəni, bu, onu göstərir ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətimizdə ön plandadır. Həmişə belə olubdur. Sadəcə olaraq, indiki mərhələdə dövlətimizin gücü daha da çoxdur. Maliyyə imkanlarımız daha da böyükdür. Amma xatırlayıram, Dövlət Neft Fondu yarananda oraya ilk vəsait daxil olunanda birinci ödəmələr ulu öndər Heydər Əliyev tərəfindən məhz köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdi. Yəni, o vaxt bu məsələ prioritet kimi müəyyən edilmişdir. Bu gün də bu, prioritet olaraq qalır. Çünki köçkünlər ən ağır vəziyyətdə yaşayan insanlardır. Ermənilər Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparıblar. Xocalı soyqırımı artıq dünya miqyasında soyqırımı kimi tanınır. Üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıbdır və bu proses davam edəcəkdir. Azərbaycanlıların elementar insan hüquqları tapdalanır. Bir milyondan artıq vətəndaşın elementar əsas insan hüquqları kobudcasına tapdalanır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul ediblər və Azərbaycan diplomatiyasının səyləri nəticəsində bu gün bütün beynəlxalq çərçivələrdə bizim haqq işimiz artıq üstünlük təşkil edir. Erməni təbliğatı bizim qabağımızda acizdir. Ancaq bu beynəlxalq təşkilatların qətnamələri əfsuslar olsun ki, reallığa çevrilmir. Beynəlxalq aləm, xüsusilə bu münaqişə ilə bağlı vasitəçilik funksiyalarını öz üzərinə götürən ölkələr, Minsk qrupu daha da fəal olmalıdır. İşğalçıya öz yerini göstərməlidir, onlardan kəskin şəkildə tələb etməlidir ki, artıq münaqişəyə son qoyulmalıdır, işğalla barışmaq olmaz və işğala son qoyulmalıdır. Biz də Azərbaycan dövləti olaraq öz tərəfimizdən ölkəmizi gücləndirməklə, iqtisadi, siyasi islahatları aparmaqla, ordumuzu gücləndirməklə qələbə gününü yaxınlaşdırırıq. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Əminəm ki, Azərbaycan xalqında da bu barədə şübhə yoxdur. Sadəcə olaraq biz çalışırıq ki, bunu tezliklə edək. Bu gün işğal altında olan torpaqlara vətəndaşlarımız tezliklə qayıtsın. Tezliklə o şəhərləri biz yenidən tikək, yenidən quraq, bərpa edək. Çünki bildiyiniz kimi, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Erməni quldurları, erməni vəhşiləri tərəfindən bizim bütün tarixi abidələrimiz dağıdılıbdır. Məktəbin idman zalında indi nümayiş etdirilən eksponatlar bizim tarixi sərvətimizdir. Ancaq bizim o muzeylərdə saxlanılan, əsas maddi irsimizin nümunələri artıq ermənilər tərəfindən talan edilib, dağıdılıb, yandırılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb. Bunu ermənilər ediblər, erməni faşistləri ediblər. Bu vəziyyətlə bu gün hələ də barışan beynəlxalq birlik hesab edirəm ki, çox ciddi nəticələr çıxarmalıdır. Çünki Azərbaycanın imkanları, ordumuzun gücü artır. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Biz bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişəyə nə qədər tez son qoyulsa, hər kəs üçün də o qədər yaxşı olar. Biz öz siyasətimizi davam etdirəcəyik. Öz prinsipial mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik. Çünki həm beynəlxalq hüquq, həm tarixi ədalət bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bundan sonra da Azərbaycan torpağı kimi qalacaqdır. Dünya birliyi qondarma Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Dağlıq Qarabağda keçirilən bütün saxta seçkilər beynəlxalq birlik tərəfindən tənqid edilir. O saxta seçkilərin nəticələri tanınmayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Azərbaycan dövləti bu istiqamətdə bütün imkanlardan istifadə edir. Yenə də demək istəyirəm ki, biz həm siyasi, diplomatik istiqamətdə, iqtisadi sahədə, əlbəttə, ordu quruculuğu işində daha da güclü olmalıyıq. Gün gələcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ondan sonra bu gün dağıdılmış şəhərləri yenidən quracağıq, bərpa edəcəyik. Azərbaycanlılar öz doğma torpaqlarında yaşayacaqlar, yaşamalıdırlar. Mən buna inanıram, buna əminəm və əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və biz qələbə gününü görəcəyik. Bununla bərabər, biz soydaşlarımız üçün müvəqqəti olaraq belə gözəl binalar tikirik. Siz də bilirsiniz, biz də bilirik ki, bu, müvəqqəti yaşayış yeridir. Bu yerlərdə hələ ki, siz yaşamalısınız və müvəqqəti də olsa şərait yaxşı olmalıdır. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir. Çox geniş, işıqlı otaqlar, çox gözəl planlaşdırılmış qəsəbə, məktəb, uşaq bağçası, bütün kommunikasiyalar, işıq, qaz, su xətləri - hər şey burada nəzərdə tutulub ki, siz müvəqqəti də olsa burada rahat yaşayasınız. Sizi bir daha qarşıdan gələn bütün bayramlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İşğaldan əziyyət çəkən bütün soydaşlara bu gün öz salamlarımı, hörmətimi, məhəbbətimi bildirmək istəyirəm. Sağ olun. Ağdam rayon 33 nömrəli tam orta məktəbin direktoru Nəsibə Hüseynova məcburi köçkünlər adından dövlətimizin başçısına minnətdarlığını çatdırmışdır. Sonda xatirə şəkli çəkdirildi.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib