"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1170
İspaniya Senatında Azərbaycana həsr edilmiş konfrans keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 22 Noyabr, 2012
Noyabrın 22-də İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans keçirilmişdir. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. İspaniya tərəfdən konfransda 80 senator və deputat, 70-ə yaxın akademik, professor, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbiri İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas açmışdır. O demişdir ki, Azərbaycan İspaniya üçün əhəmiyyətli ölkədir. İspaniya Azərbaycanın uğurlarını diqqətlə izləyir və ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Vitse-prezident konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan çox böyük iqtisadi potensiala malikdir və İspaniya şirkətləri Azərbaycana marağı artırmalıdırlar. Vitse-prezident qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bu münaqişə nəticəsində ölkənin əraziləri işğal edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə adam kütləvi şəkildə məhv edilmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəli olacaq və münaqişənin tezliklə tənzimlənməsinə xidmət edəcəkdir. Xarici Əlaqələr və Əməkdaşlıq üzrə Komissiyanın sədri Alexandro Munoz-Alonso Aledo demişdir ki, konfransın əsas məqsədi ikitərəfli münasibətləri dərinləşdirməkdir. Azərbaycan coğrafi ölçülərinə görə kiçik ölkə olduğuna baxmayaraq, onun çox böyük potensialı vardır. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan dövləti neft gəlirlərindən səmərəli istifadəni təmin edir. Komissiyanın sədri çıxışının sonunda vurğulamışdır ki, ikitərəfli münasibətləri möhkəmlətmək zəruridir. İspaniya Azərbaycana dost ölkə kimi həmişə onun yanındadır. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov konfransın təşkilatçılarına və iştirakçılarına nümayəndə heyəti adından təşəkkür edərək ispan və Azərbaycan xalqlarının ənənələri və mədəniyyəti arasında oxşar cəhətlər olduğunu qeyd etmişdir. O, əmin olduğunu bildirmişdir ki, bu səfər İspaniya-Azərbaycan ikitərəfli münasibətlərində yeni mərhələnin başlanğıcı olacaqdır. E.Süleymanov Azərbaycanın tolerant ölkə olmasını, burada hər kəsin hər hansı məhdudiyyət olmadan öz dininə etiqad edə bilməsini vurğulayaraq bildirmişdir ki, ölkəmizdə bütün Cənubi Qafqazda ən qədim xristian kilsəsi, habelə katolik kilsəsi və sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanlı deputat ölkəmizin tarixinə nəzər salaraq demişdir ki, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələləri Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamətlərdir. Qeyd edilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır. Elxan Süleymanov iki xalqın tarixinin oxşar cəhətlərindən söhbət açaraq qeyd etmişdir ki, həm Azərbaycan, həm də İspaniya təcavüzkar separatçı rejimdən əziyyət çəkir. Lakin bu iki ölkənin əməkdaşlığının indiki səviyyəsi onların imkanlarına və potensialına müvafiq deyildir. İspaniya demokratiyanın genişlənməsi və möhkəmlənməsi, müvafiq təsisatların yaradılması sahəsində öz təcrübəsini bölüşə bilər. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq demişdir ki, Azərbaycanın ən böyük problemi onun ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətidir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard dollar həcmində zərər dəymişdir. Sonra 2011-ci ildə “Euronews” telekanalı tərəfindən hazırlanmış “Dağlıq Qarabağ: qaçqınların yanında” adlı videoreportaj nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov konfransın təşkilatçılarına Azərbaycan hökuməti adından təşəkkür edərək Azərbaycanın tarixi barədə məlumat vermişdir. Hörmətli cənab sədr! Hörmətli deputatlar! Xanımlar və cənablar! İcazə verin, bu tədbirin təşkilinə görə Azərbaycan hökuməti adından İspaniya Senatına və Senatın Xarici Əlaqələr və Əməkdaşlıq Komissiyasının prezidenti cənab Alexandro Munoz-Alonso Aledona səmimi təşəkkürümü bildirim. Mənə yaradılmış şəraitdən istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında bəzi məlumatları Sizin diqqətinizə çatdırmaq istərdim. Son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir. Ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirmişlər. 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlmişdir. Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində 9,7 min kv. km-lik kiçik bir Ermənistan Respublikası yaradılmış, sonralar onun ərazisi Azərbaycan Respublikasının ərazisi hesabına tədricən böyüdülərək 29,8 min kv. km-ə çatdırılmışdır. Bu məkrli siyasət bölgənin Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra da davam etdirilmişdir. Belə ki, müxtəlif illərdə sovet hakimiyyəti orqanlarının qərarları ilə Azərbaycan SSR-nin əraziləri hesabına Ermənistan ərazisi genişləndirilmiş, tarixən orada yaşayan azərbaycanlı əhali müxtəlif bəhanələrlə kütləvi şəkildə itkilər verərək qovulmuşlar. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, Azərbaycana qarşı torpaq iddialarını davam etdirirdilər. 1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, Muxtar Vilayətin inzibati sərhədləri elə tərtib edilmişdir ki, burada ermənilərin say etibarilə əksəriyyət təşkil etməsi təmin edilsin. Sovet hakimiyyəti Azərbaycan ərazisində azsaylı ermənilərə muxtariyyət verilməsində “həssaslıq” göstərmiş, ancaq, Ermənistan SSR ərazisində öz tarixi torpaqlarında kompakt şəkildə məskunlaşmış yüz minlərlə azərbaycanlı üçün eyni addımı atmamışdır. Bundan sonra azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanılmış, nəticədə XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən köcürülmış, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınmışlar. Həmin dövrdə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri tədricən Ermənistanın tərkibinə qatılırdı. Kəndlərin yerli azərbaycanlı əhalisi isə müxtəlif üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi. Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. 1985-ci ildə Mixail Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilər "Böyuk Ermənistan" yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi. 1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatları vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı Azərbaycan, Ermənistan, eləcə də SSRİ-nin Xalq Deputatları Sovetinə müraciət etdilər. Azərbaycan SSR-in, eləcə də SSRİ-nin o vaxt qüvvədə olan Konstitusiyasına zidd olan bu müraciət SSRİ Ali Soveti tərəfindən rədd edilsə də, erməni millətçiləri bölgəni Azərbaycandan qoparmaq niyyətlərindən əl çəkməyərək, Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, etnik təmizləmə, terror aktları təşkil etməklə onları öz yaşayış yerlərindən qovmağa və bununla da Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi üçün zəmin hazırlamağa başladılar. 1991-ci ildə SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi. 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, ona bitişik olan 7 inzibati rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi, eləcə də Ermənistanla sərhəd boyu yerləşən bir çox yaşayış məntəqələrimiz işğala məruz qaldı ki, bunun da nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, yüzlərlə əhalimiz erməni işğalçılıarı tərəfindən öldürüldü və girov görtürüldü. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrildi, bütün infrastruktur darmadağın edildi, qəbristanlıqlar, məscidlər yerlə-yeksan olundu, toponimlər dəyişdirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serc Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndində yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım cinayətini həyata keçirdilər. Nəticədə 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyonadək Azərbaycan vətəndaşı öz daimi yaşayış yerindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurmuşdur. Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran münaqişənin kökündə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları dayanır. Bu da uzun illər davam edən tarixi bir prosesin müasir mərhələsidir. Belə ki, erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyası bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Münaqişə böyük humanitar fəlakətə səbəb olmuşdur. Öz doğma yurdlarından didərgin düşmüş insanlar ağır və dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır. Bildirmək istəyirəm ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir. Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında" Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmışdır. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası zaman-zaman bu sahəyə ayrılan vəsaitin həcmini artırmağa imkan yaratdı. Dövlət Neft Fondunun ilkin vəsaiti də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Ölkədə mövcud olmuş 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edildi, həmçinin ötən dövrdə 9 fin tipli qəsəbədə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürüldülər. Ümumiyyətlə, ötən dövrdə 26 min ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrstruktura malik 76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 mlrd. ABŞ dolları həcmində vəsait xərclənmişdir. O cümlədən, 3,0 mlrd. ABŞ dolları dövlət büdcəsindən, 1,375 mlrd. ABŞ dolları Dövlət Neft Fondundan və 930 mln. ABŞ dolları beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən. 2011-ci ildə bir nəfər məcburi köçkünə düşən vəsaitin həcmi 2003-cü ilə nisbətən 6 dəfə çox olmaqla, təxminən 894 ABŞ dolları təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Hazırda ölkəmizdə bu sahədə 49 beynəlxalq və 43 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir. Həmin təşkilatlardan biri də Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərən İspaniyanın “Aclıq Əleyhinə Hərəkat” beynəlxalq humanitar təşkilatıdır. Fürsətdən istifadə edərək, həmin təşkilatın rəhbərliyinə xeyirxah işinə görə səmimi təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, humanitar təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır. Bu, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir. Ölkəmizdə 2 dəfə səfərdə olmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu qeyd edərək demişdir: "Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlər çox vacibdir. Dünyada elə ölkələr var ki, qaçqın və məcburi köçkünlərə yardım etmir və onların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərə nail olmağa çalışırlar. Bundan fərqli olaraq, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirir". Azərbaycan Hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatı üçün tədbirlər görür. Bu irəliləyişlərin əldə edilməsi Azərbaycan Hökumətinə heç də asan başa gəlməmiş və problem tam həll olunmamışdır. 400 min məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. 1 milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir. Lakin, bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təminatı baxımından da kifayət deyildir. Beynəlxalq hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə ləyaqətlə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulmuşdur. Bu il biz müstəqilliyimizin 21-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə ciddi irəliləyiş əldə edib. Ölkəmizin sosial-iqtisadi qüdrəti nəzərəçapacaq dərəcədə yüksəlib, dünya dövlətləri içərisində nüfuzu xeyli artıb, beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənib, dünya ölkələrinə inteqrasiya sürətlənib, Azərbaycan ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib, beynəlxalq qurumlarla səmərəli və şəffaf əməkdaşlıq təmin edilib. "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən 2011-ci ildə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş, 142 ölkə arasında 55-ci yerə qalxmışdır. Hesabata görə ölkəmiz "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə dünyada 14-cü, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 16-cı olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 2010-cu ildəki 9,1 faizdən 2011-ci ilin yekunlarına əsasən 7,6 faizə enmişdir. Cari ilin 9 ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə 6,3 faiz artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, "Qlobal rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək 46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır. Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir. Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunda ÜDM-in xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatının zirvə görüşünün Yekun Sənədində təşkilata üzv olan 120 ölkənin münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə dair bəndin daxil edilməsi, "Avroviziya" musiqi yarışında birincilik qazanması, 2012-ci ilin aprelində Azərbaycanın daha bir nüfuzlu beynəlxalq təşkilata-BMT QAK-ın İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilməsi dediklərimə əyani sübutdur. Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycanın yalnız bir problemi var. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb edilmişdir. ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur.Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttlərində atəşkəs müntəzəm olaraq pozulur, təmas xəttlərinə bitişik ərazilərdə məskunlaşan əhalinin təsərrüfat fəaliyyətinə ciddi maneələr yaranır. Bundan da ən çox ziyan çəkən tərəf məhz Azərbaycandır. İşğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik, sosial, inzibati strukturu dəyişdirilib. ATƏT-in iki missiyası -faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfərləri zamanı hər şeyin dağıdıldığını və beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq, həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə ermənilər tərəfindən bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir. İşğal edilmiş ərazilərdə yerləşən dövlət və xüsusi mülkiyyətə məxsus obyektlər, təbii sərvətlər qanunsuz olaraq istismar edilir. Bu xüsusda, Ermənistan işğal edilmiş ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə bərpa etdirərək buraya mülki uçuşların təşkilinə cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq huququn norma və prinsiplərini, xüsusilə də mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır. Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə Əfqan narkotiklərin MDB və Avropa ölkələrinə əlverişli tranzit marşrutuna çevrilir. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinqin aparılması barədə müraciət etmişik. Hesab edirik ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə, beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Buna görə, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Buna baxmayaraq, Ermənistan tərəfi hər vasitə ilə bölgənin azərbaycanlı əhalisinin öz doğma yaşayış yerlərinə qayıtmasına mane olur və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına dair Azərbaycanın dəfələrlə irəli sürdüyü təkliflərin həyata keçirilməsinə imkan vermir. Bu məqsədlə, beynəlxalq hüququn norma və prinsiplərinə, münaqişə üzrə qəbul edilmiş qərarlara zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla, bundan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Ermənistan status-kvonu saxlamağa çalışır. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər. 20 il ərzində davam edən danışıqların nəticə verməməsinə baxmayaraq, biz ümid edirik ki, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi nəticəsində yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcək, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti bərqərar olacaqdır. Çünki Azərbaycan tolerant ölkədir, əsrlər boyu hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar burada bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Sonda bizim üçün olduqca əhəmiyyətli olan bu tədbiri yüksək dəyərləndirir və dəvətə görə İspaniya Senatına və sizin hər birinizə bir daha səmimi təşəkkürümü bildirirəm. Sonra çıxış üçün söz Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktoru Xesus Salvadora verilmişdir. O, Azərbaycanın tarixi barədə ətraflı məlumat vermişdir. 1988-ci ildə başlanmış münaqişə nəticəsində çoxlu insan tələfatı olduğunu vurğulayan X.Salvador faciəli 20 Yanvar hadisələrinin və Xocalı soyqırımının qurbanlarından da danışmışdır. X.Salvador vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda strateji rol oynayır. Müstəqillik əldə etdikdən sonra demokratiya yolunu seçmiş Azərbaycanın xarici siyasətinin əsas prioritetləri Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş bütün təhlükələri aradan qaldırmaq, milli təhlükəsizliyi təmin etməkdir. X.Salvador konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. O vurğulamışdır ki, Azərbaycan ilə diplomatik əlaqələrin genişləndirilməsi zəruridir. Meksika Parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr aparılmasının tərəfdarlarından biri, Meksika Parlamentinin deputatı Xesus Ramirez Rangel öz çıxışında onun ölkəsindəki Azərbaycan səfirliyinin fəaliyyətindən razı qaldığını bildirmişdir. Xesus Ramirez Rangel siyasi sahədə əlaqələri genişləndirməyin vacib olduğunu bildirmişdir. O, bir məqamı da diqqətə çatdırmışdır ki, Meksika yalnız faktlara əsaslansa da, Ermənistan tərəfindən təzyiq halları mövcuddur. Münaqişənin dinc yolla tənzimlənməsinə üstünlük verən Meksikanın fikrincə, ədalət beynəlxalq təşkilatlar tərəfindən bu problemin həllinə dair sənədlər, qətnamələr qəbul olunmasını tələb edir. Meksikalı deputat Azərbaycanın öz sərhədlərini beynəlxalq hüquq normaları çərçivəsində bərpa olunmasını tələb etdiyini vurğulayaraq qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə Ermənistan tərəfindən hələ də həyata keçirilməmişdir və Meksika hökuməti həmin qətnamələrin müddəalarının yerinə yetirilməsini tələb edir. Bu təcavüzə son qoyulmalıdır. Ermənistan müharibədən imtina etməli və regionda sülh yaradılmasını dəstəkləməlidir. Xesus Ramirez Rangel demişdir ki, Meksika Parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilməsi ölkənin yeni xarici siyasətinin əyani nümunəsi, fundamental və tarixi əhəmiyyətli hadisədir. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, XXI əsrin əvvəlində Azərbaycan regionda iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrilmişdir. Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının həcmi üç dəfə, ölkənin dövlət büdcəsi 13 dəfə artmış, yoxsulluq səviyyəsi 46 faizdən 7,6 faizə düşmüşdür. S.Həsənova vurğulamışdır ki, Azərbaycan Dövlət Neft Fondu neft gəlirlərinin səmərəli toplanması məqsədilə yaradılmışdır. Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də bəyənilmişdir. Nazir müavini Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq demişdir ki, 1,7 milyon hektar ərazi işğal altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min yaşayış evi və mənzil dağıdılmışdır. S.Həsənova vurğulamışdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən xarici şirkətlər barəsində müvafiq sanksiyalar tətbiq ediləcəkdir. S.Həsənova İspaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq xatırlatmışdır ki, hazırda Azərbaycanda İspaniyanın beş məşhur şirkəti fəaliyyət göstərir. Çıxışlardan sonra müzakirələr olmuşdur. Baş nazirin müavini Əli Həsənov çıxışlara münasibət bildirmişdir. Əli Həsənov Valensiya Katolik Universitetinin direktoruna Azərbaycanın tarixini və inkişafını təhlil etdiyinə görə təşəkkürünü bildirərək diqqətə çatdırmışdır ki, mümkün olan vasitələrdən istifadə etməklə regionda demoqrafik vəziyyəti dəyişmiş ermənilər Dağlıq Qarabağ əhalisinin 65 faizini təşkil edirdi. Azərbaycan Qərbin yolu ilə getmək niyyətində deyildir. Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, Azərbaycan öz yolu ilə gedir. Baş nazirin müavini Meksika parlamentinin deputatının çıxışını şərh edərək vurğulamışdır ki, Meksika senatının Dağlıq Qarabağ münaqişəsinə dair qərarı beynəlxalq hüquq normaları əsasında qəbul edilmişdir. Əli Həsənov diqqətə çatdırmışdır ki, Meksikada Azərbaycan-Meksika dostluq parkının, həmin parkda ulu öndər Heydər Əliyevin büstünün, habelə Xocalı qurbanlarının xatirə memorialının açılışı olmuş, bu memorial üzərində “soyqırımı” sözü yazılmışdır. Bundan dərhal sonra Ermənistanın xarici işlər naziri E.Nalbandyan Meksikaya səfər etmiş və onlara təzyiq göstərməyə çalışmışdır. Bu faktı Azərbaycan diplomatiyasının uğuru adlandıran Əli Həsənov Meksika Senatına təşəkkürünü bildirmişdir. Sonra Əli Həsənov suallara cavab vermişdir. Tədbirdə çıxış edən Arkadio Diaz-Tejera Dağlıq Qarabağ probleminə toxunaraq vurğulamışdır ki, əgər BMT-nin qəbul etdiyi, ədalətin bərpa olunmsı məqsədi güdən qətnamələri yerinə yetirilmirsə, onları qəbul etmək nəyə lazımdır. O bildirmişdir ki, dondurulmuş münaqişələrin həllində mühüm rol oynamalı olan İspaniya Senatı münaqişəyə dair müvafiq qətnamə qəbul etməlidir. Senatın nümayəndəsi Çikullio konfransa yekun vuraraq qeyd etmişdir ki, BMT-nin qətnamələri yerinə yetirilmir, Madrid prinsipləri həyata keçirilməli, qaçqınlar və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar. O bildirmişdir ki, İspaniya Senatı hüquqi qərar qəbul edəcəkdir. Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmalıdır. Axı, söhbət bir milyon insanın hüquqlarının pozulmasından, onların yaşayış şəraitindən gedir. Baş nazirini müavini Əli Həsənov İspaniya Senatında aparılmış dinləmələrin faydalı olmasını qeyd edərək demişdir ki, Azərbaycan nümayəndə heyəti bu bir neçə saat ərzində Azərbaycan reallıqları barədə söhbət açmağa, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verməyə çalışmışdır. Təəssüf ki, cəzasızlıq şəraiti münaqişələrin genişlənməsinə, qaçqınların sayının artmasına, günahsız insanların ölümünə gətirib çıxarır. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində dinc yolla tənzimlənməsinin tərəfdarıdır.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb