"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 300
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
Rəsmi xronika 03 May, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

 

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

 

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəz və kompleks barədə ətraflı məlumat verdi.

 

Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Burada mühəndis–texniki heyətin səmərəli fəaliyyətini təmin edən müasir avadanlıqla təchiz olunmuş iş otaqlarının, vətəndaş qəbulu üçün şəraitin yaradılması nəzərdə tutulub.

 

Qeyd olundu ki, Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq.

 

Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulacaq.

 

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib olunub, həm personalın, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Burada elektroenergetika sahəsində əldə olunmuş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları) və təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim ediləcək.

 

Məlumat verildi ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Poliqonda günəş və külək enerji mənbələrinin qurulması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.

 

Burada yaradılacaq Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın daşınması, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.

 

Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.

 

Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

 

Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən paylayıcı elektrik şəbəkəsinin qurulması istiqamətində görülmüş işlər barədə də məlumat verildi. Qeyd edildi ki, Ağdam rayonu ərazisində yerləşən infrastruktur və strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib, 7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Hazırda isə 35 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq “Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib. Hazırda 35/0,4 kV-luq “Kəlbəcər” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi işləri aparılır. Laçın rayonunda da bir çox işlər görülüb, o cümlədən Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində qurulan sərhəd-keçid məntəqəsini elektrik enerjisi ilə təmin etmək üçün 1,8 kilometr uzunluğunda 0,4 kV-luq kabel xətləri çəkilib və 160 kVA gücündə 2 transformator quraşdırılıb. Hazırda Kilsəlidağ, 6-cı rayon və Şəlvə əraziləri istiqamətində 66 kilometr uzunluğunda 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi və müxtəlif gücdə komplekt transformator məntəqələrinin quraşdırılması işləri aparılır.

 

Prezident İlham Əliyev Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoydu.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verdi.

 

Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək.

 

Qeyd edək ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

 

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Son illərdə muğam müsabiqələrinin keçirilməsi bu əvəzsiz sənət incisinin yaşadılması istiqamətində mühüm hadisə kimi tarixə düşüb. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlini qoydular.

 

***

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.

 

Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

 

Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

 

Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

 

Dövlətimizin başçısı Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməlini qoydu.

 

 ***

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

 

Dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.

 

Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.

 

Məlumat verildi ki, ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.

 

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

 

Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

 

Dövlətimizin başçısı Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoydu.

 

***

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi.

 

Bildirildi ki, zirzəmi və beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.

 

İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq.

 

İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.

 

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

 

***

 

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

 

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.

 

Bildirildi ki, dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir.

 

Diqqətə çatdırıldı ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.

 

Dövlətimizin başçısına Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi barədə də məlumat verildi.

 

Bildirildi ki, kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək.

 

Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.

07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub
05 May, 2023 / Rəsmi xronika Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub
04 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
08 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
06 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib
04 Aprel, 2023 / Rəsmi xronika Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
04 Aprel, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
28 Mart, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
27 Mart, 2023 / Rəsmi xronika Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib
20 Fevral, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri
08 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib