"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 621
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri
Rəsmi xronika 20 Fevral, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

 

Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

 

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdi.

 

Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirdi.

 

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirdi.

 

Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Bildirdi ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.

 

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verdi, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verdi. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət etdi.

 

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.

 

Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi.

 

Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd etdi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirdi. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd etdi, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini dedi və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumun əhəmiyyətini qeyd etdi.

 

Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğuladı, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını dedi. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırdı.

 

Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğuladı, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi.

 

***

 

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

 

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

 

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

 

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğuladılar, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdilər və onun davamlı olacağına əminliklərini bildirdilər.

 

***

 

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

 

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparıldı.

 

Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd etdi.

 

Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirdi.

 

Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

 

Görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etdi.

 

Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırdı.

 

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit 1997-ci ildə Azərbaycana səfərini və Ulu Öndər Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı, Ümummilli Liderlə görüşün onda zəngin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğuladı, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

 

Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu dedi. O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğuladı, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını dedi.

 

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd etdi.

 

Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

Görüşdə Avropa yəhudi icmasının nümayəndələrinin Azərbaycana səfər etmək niyyətində olduqları vurğulandı.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.

 

Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların və telefon danışıqlarının olduğunu məmnunluqla vurğuladı.

 

Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirdi.

 

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

Yoav Qallant İsrail Dövlətinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını İsrail Dövlətinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

 

Nazir Yoav Qallant Azərbaycanla İsrail arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirdi, vaxtilə Azərbaycana səfər etməsini xatırladı, Quba şəhərində yəhudi icmasının yaşaması üçün yaradılmış şəraitin onda böyük təəssürat yaratdığını dedi.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

***

 

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

 

Görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan Regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı.

 

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırdı ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.

 

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini dedi.

 

Neçirvan Bərzani İraqın Kürdüstan Regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd etdi.

 

Dövlətimizin başçısı öz növbəsində bildirdi ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

 

Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etdi.

 

Dəvət məmnunluqla qəbul olundu.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

 

Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.

 

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etdi.

 

Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

 

Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdı, "Ansaldo Energia" şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd etdi.

 

Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfə verdiyini vurğuladı.

 

"Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirdi. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını dedi.

 

Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirdi.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.

 

Dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirdi.

 

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.

 

Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini dedi.

 

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladı.

 

Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

 

Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğuladı. Dövlətimizin başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırdı, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğuladı.

 

Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.

 

Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirdi və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. O, Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırdı.

 

Verner Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu vurğuladı. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə etdi.

 

Görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olundu.

 

***

 

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

 

***

 

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə görüşü olub.

07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub
05 May, 2023 / Rəsmi xronika Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub
04 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
03 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
08 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
06 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib
04 Aprel, 2023 / Rəsmi xronika Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
04 Aprel, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
28 Mart, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
27 Mart, 2023 / Rəsmi xronika Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib
08 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib