"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1292
2008-ci il 4 oktyabr tarixdə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün tikilmiş 500 ailəlik qəsəbənin açılış mərasimi olmuşdur.
Mətbuat xidmətinin məlumatı 06 Oktyabr, 2008
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə oktyabrın 4-də Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbənin açılış mərasimində iştirak etmişlər. Burada “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin (bənd 1.4 və 1.5) icrası ilə əlaqədar inşa olunmuş ümumi sahəsi 25885,5 kvadratmetr olan 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı və 15 dördotaqlı mənzil vardır.Qəsəbədə 360 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, 25 çarpayılıq xəstəxana, klub-icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları da vardır. Yeni salınmış qəsəbə yollar, su və elektrik təchizatı ilə təmin olunmuşdur. Prezident İlham Əliyev ilk öncə Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid anası Sevil Əzizovanın mənzilinə baş çəkmişdir. İki övladı Vətən uğrunda şəhid olmuş Sevil Əzizova məcburi köçkünlər üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. Mənzillərdə yetərincə şəraitin yaradıldığını vurğulayan Prezident İlham Əliyev dedi: -Gəldik ki, baxaq, şərait necədir. Çox gözəldir, hər şey yaxşıdır. Əli Həsənov: İki oğlu şəhid olub. Bu kənddə hər 10 nəfərdən biri şəhid olmuşdur. Bizim günahımızdır ki, bu məsələni qabartmamışıq. Rayon üzrə hər 10 nəfərdən biri şəhiddir. İlham Əliyev: Bunu hamı bilməlidir. Sevil Əzizova: Rayonumuzun döyüşkən camaatı var. Əli Həsənov: Ermənilər bir gündə 45 nəfəri qətlə yetirib silos quyusunda basdırmışdılar. Onların arasında Sevil xanımın iki övladı da olmuşdur. Sevil Əzizova: Möhtərəm Prezident, biz analar oğullarımızla fəxr edirik. Oğulları torpağımızı, Vətənimizi, biz anaları qorumaq üçün böyüdürük. Biz onlarla fəxr edirik. Bilirik ki, Sizin siyasətiniz nəticəsində torpaqlarımız azad olunacaq, öz yurd-yuvamıza qayıdacağıq. Ancaq lazım gəlsə, bir oğlum var, onu da şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək üçün döyüşə göndərməyə hazıram. Bunu bütün şəhid anaları adından deyirəm. İlham Əliyev: Biz çalışırıq ki, məsələni müharibəsiz, sülh yolu ilə həll edək. Amma bununla bərabər, biz bütün başqa variantlara da hazırıq. Biz heç vaxt barışmayacağıq ki, torpaqlarımız işğal altında qalsın. Ya sülh yolu ilə, ya da hərbi yolla torpaqlarımızı azad edəcəyik. Sevil Əzizova: Biz buna inanırıq. Sizin zəhmətinizi, əməyinizi qiymətləndiririk, siyasətinizi bəyənirik və öz minnətdarlığımızı bildiririk. Mehriban xanımın da işini bəyənirik. Bizə olan diqqət və qayğınıza, hər bir şəhid ailəsinə aylıq müavinətə, yemək xərclərinin, əməkhaqlarının, pensiyaların artırılmasına görə biz analar Sizə çox minnətdarıq. İlham Əliyev: Sağ olun. Siz buna layiqsiniz. Mən çalışıram ki, qaçqın-köçkün soydaşlarımızın həyat səviyyəsinin, yaşayış imkanlarının yaxşılaşdırılması üçün nə lazımdırsa, onu edək. Həm proqramlar qəbul edilir, həm də belə gözəl qəsəbələr salınır, binalar tikilir. İndi çadır şəhərciklərinin heç biri yoxdur. Biz hamısını ləğv etdik. Onların yerində belə gözəl evlər tikdik. Siz buna layiqsiniz, daha da böyük imkanlara layiqsiniz və gələcəkdə daha böyük işlər görüləcəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev məktəblə tanışlıqdan sonra məcburi köçkünlərlə görüşdü. Xocavəndlilər dövlətimizin başçısını və xanımını böyük səmimiyyətlə salamladılar. Prezident İlham Əliyev onları təbrik edərək dedi: Sizi təbrik edirəm. Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Burada gözəl evlər tikilib, gedib baxdım, tanış oldum. Burada gözəl məktəb, tibb məntəqəsi - yəni yaşamaq üçün bütün imkanlar var. Bu qəsəbə çox qısa müddət ərzində salınıb, böyük keyfiyyətlə tikilibdir. Bu qəsəbənin açılışı bir daha onu göstərir ki, bizim bu istiqamətdəki siyasətimiz çox uğurludur. Son illər ərzində məcburi köçkünlərin yeni yaşayış qəsəbələri ilə təmin edilməsi işində çox böyük işlər görülmüşdür. On minlərlə soydaşımız artıq normal şəraitdə yaşayır, bütün çadır şəhərcikləri ləğv edilibdir, bir dənə də qalmayıbdır. Onların əvəzinə belə gözəl qəsəbələr, evlər tikilib, 500 kilometrdən çox avtomobil yolları, elektrik xətləri çəkilib, onlarca məktəb, tibb məntəqəsi inşa olunub, əkin sahələri ayrılıbdır. Yəni bütün imkanlar yaradılır ki, erməni işğalından, etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız normal şəraitdə yaşasınlar. Azərbaycan dövlətinin imkanları artdıqca, bu işlərə daha da böyük vəsait ayrılacaqdır. Qaçqınların və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən başlanmışdır və bu məqsədlərə nail olmaq üçün ilk vəsait Dövlət Neft Fondundan ayrılmışdır. Dövlət Neft Fondunun hesabına, daha doğrusu, Azərbaycan dövlətinin hesabına bu gün də belə gözəl işlər görülür. 500 milyon manatdan çox vəsait xərclənib və növbəti illərdə daha da çox xərclənəcəkdir. 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Demək olar ki, bu Proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Keçən il Proqrama əlavələr edilmişdir və bu əlavələr nəticəsində növbəti illərdə bütün başqa yerlərdə – fin qəsəbələrində, hərbi hissələrin ərazilərində, məktəblərdə, başqa yerlərdə yaşayan soydaşlarımız üçün də gözəl şərait yaradılacaqdır. Bu, Azərbaycan dövlətinin siyasətidir. Bizim imkanlarımız artır və uğurlu neft strategiyamız hesabına ölkəyə böyük vəsait daxil olur. İlk xərclər də məhz bu məqsədlərə sərf olunubdur. Biz növbəti illərdə bunu daha böyük məbləğdə ayıracağıq ki, bizim soydaşlarımız, müvəqqəti də olsa, normal şəraitdə yaşasınlar. Burada tikilmiş evlər, bütün sosial infrastruktur, işlə məşğul olmaq üçün imkanlar onu göstərir ki, bu siyasət öz gözəl nəticələrini verir. Arzu edirəm ki, bundan sonra da burada, bu bölgədə abadlıq işləri, yeni qəsəbələrin salınması sürətlə getsin. Hələ buna böyük ehtiyac var. 2009-cu və ondan sonrakı illərdə bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Sizi bir daha təbrik edirəm. Respublikanın əməkdar müəllimi Gültəkin Ağayeva dövlətimizin başçısına müraciətlə dedi: -Hörmətli Prezident! Hörmətli Mehriban xanım! Sizin göstərişinizlə qısa müddət ərzində tikilib istifadəyə verilmiş bu yeni yaraşıqlı Xocavənd qəsəbəsinə xoş gəlmisiniz! Sizin kimi xalqına bağlı, dövlətini sevən, ürəyi vətən eşqi, vətənpərvərlik ruhu, qəlbi azərbaycançılıq hissi ilə döyünən, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən bir dövlət başçısını aramızda görmək bizim üçün çox əlamətdar, çox sevindirici hadisədir. Ömrünə, müvəqqəti də olsa, məcburi köçkünlük taleyi yazılan biz xocavəndlilərin sevincinin həddi-hüdudu yoxdur. Uşaqdan-böyüyə qədər hər birimiz bu görüşü heç vaxt yaddan çıxarmayacağıq. Möhtərəm Prezident! Sizi özünün ən yaxın dostu, ən yaxın sirdaşı, arxası hesab edən Xocavənd camaatına 500 evlik belə gözəl qəsəbəni hədiyyə etməklə, inanın ki, onlara dünyanı bağışlamısınız. Bir müəllim, ziyalı qadın, ana kimi mən burada yaşayan insanların adından, bu evlərin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir və ürəkdən çox sağ olun deyirəm. Belə yaraşıqlı, möhtəşəm, bütün infrastrukturu olan qəsəbədə bundan sonra bizim heç bir sosial problemimiz olmayacaqdır. Möhtərəm Prezident, Dağlıq Qarabağda bizim belə evlərimiz olmayıbdır. Ona görə yox ki, biz buna layiq deyildik. Ermənilər bizə imkan vermirdilər. Hörmətli Mehriban xanım, Sizin Azərbaycan üçün etdiyiniz bütün işlərin vurğunuyuq. Sizin etdiklərinizi sadalasaq, saatlar bəs etməz. Ona görə də mən istəyirəm ki, fikrimi bir cümlə ilə ifa edim: Mehriban xanım, ölkəmizin birinci xanımı kimi Siz dünya ölkələrinin birinci xanımlarının birincisisiniz. Gördüyünüz bu işlərə görə mən bütün xocavəndlilər adından, Azərbaycan qadınları adından sizi alqışlayır və öz təşəkkürümü bildirirəm. Möhtərəm Prezident, Siz vəd etmişdiniz ki, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Siz vədinizin üstündə durdunuz və özü də onu vaxtından əvvəl yerinə yetirdiniz. Artıq biz belə gözəl qəsəbədə yaşayırıq. Mən özüm 30 ilə yaxındır ki, müəllim işləyirəm. Belə gözəl, möhtəşəm məktəbdə heç vaxt işləməmişəm. Möhtərəm Prezident, mən bu fürsətdən istifadə edərək, 2005-ci ildə Sərəncamınızla “Respublikanın Əməkdar Müəllimi” fəxri adına layiq görüldüyümə görə Sizə təşəkkürümü bildirirəm. Siz qısa vaxt ərzində ölkəmiz üçün çox gözəl, çox dəyərli işlər görmüsünüz. Bu işlərin hamısı Azərbaycanı bütün dünyada tanıdır. Artıq bütün dünya ölkələri, xalqları bilir ki, belə bir ölkə var, belə bir xalq var. Bundan böyük fəxarət hissi nə ola bilər?! Qonşuluğumuzda baş verən sonuncu hadisələri götürək. Siz o vaxt elə təmkinlə, səbirlə düzgün mövqe tutdunuz ki, bütün dünya Sizi qəbul etdi. Siz bizim fəxrimizsiniz. Biz bu işlərinizə görə Sizinlə fəxr edirik. Hörmətli Prezident və Mehriban xanım, sizə gələcək işlərinizdə bol-bol uğurlar arzulayırıq. Bir daha təşəkkür edirik ki, siz qəsəbəmizə gəlib bizimlə görüşdünüz. Bu, biz xocavəndlilər üçün tarixi bir gündür. Qızıl hərflərlə yazılmış bir tarixi gündür və biz bunu heç vaxt unutmayacağıq. Hər ikiniz çox sağ olun. Sizlərə bir daha minnətdarlığımızı bildiririk. İlham Əliyev: Sağ olun. Mən gəldim ki, bu gözəl gündə sizinlə bərabər olum və bu qəsəbənin açılışında iştirak edim. Çox şadam ki, qısa müddət ərzində belə gözəl qəsəbə salınıbdır. Bir daha demək istəyirəm ki, burada yaşamaq üçün bütün gözəl imkanlar var. Belə gözəl məktəb var, bütün başqa infrastruktur ən müasir səviyyədədir. Bu, bir tərəfdən, Azərbaycan dövlətinin gücünü göstərir, bizim imkanlarımız artır. Digər tərəfdən, bizim siyasətimizin nəticəsidir. Siz qeyd etdiniz, mən demişdim ki, bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Artıq yoxdur. Bundan sonra da heç vaxt olmayacaqdır. Biz bu səhifəni bağladıq. Növbəti illərdə, mən qeyd etdiyim kimi, məktəblərdə, hərbi hissələrin ərazilərində, digər yerlərdə yaşayan qaçqın-köçkün soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Beləliklə, biz bu böyük sosial problemi aradan qaldıracağıq. Amma bu, məsələnin bir hissəsidir. Sosial yükün azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələnin tam həlli demək deyildir. Məsələnin tam həlli torpaqlarımızın işğalçılardan azad olunmasıdır. Bu məqsədə nail olmaq üçün biz bütün gücümüzü səfərbər etməliyik və edirik. Azərbaycanın artan imkanları, iqtisadi gücü, bölgədəki mövqeləri, bizim həm daxili, həm də xarici siyasətimiz o günü yaxınlaşdırır. İndi Azərbaycanla hesablaşırlar. Bölgədə gedən proseslər böyük dərəcədə Azərbaycanın mövqeyindən asılıdır. Bizim iştirakımız olmadan bu bölgədə heç bir layihə icra oluna bilməz. Heç bir təşəbbüs, istər siyasi, istərsə də iqtisadi və başqa sahələrdəki təşəbbüs icra oluna bilməz. Yəni bu, onu göstərir ki, ölkəmizin önəmi artır, çəkisi və təsir imkanları artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, Dağlıq Qarabağ münaqişəsini öz xeyrimizə, yəni, ədalətli və beynəlxalq hüquq normaları əsasında həll edək. Çünki bunu etmək üçün beynəlxalq hüquq bizə əsas verir. Ermənistan öz işğalçı siyasəti ilə, etnik təmizləmə siyasəti ilə bizim torpaqlarımızın bir hissəsini işğal edibdir. Bütün dünya bunu bilir və müxtəlif mötəbər beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı bir dövlət kimi göstərilir. Digər tərəfdən, bölgədəki mövcud vəziyyət əlavə imkanlar yaradır. Azərbaycan bölgədə böyük imkanlara malikdir. Həm iqtisadi, həm siyasi, həm enerji baxımından, həm də coğrafi mövqeyi baxımından. Yəni bizim təsir imkanlarımız artır. Biz bütün imkanları bir nöqtəyə yönəldirik. Bizim bir nömrəli və deyə bilərəm ki, birinci, bəlkə də, sonuncu problemimiz budur. Çünki başqa problemlər həll olunur, iqtisadiyyat artır, iş yerləri açılır, yoxsulluğun səviyyəsi aşağı düşür, insanların yaşayış səviyyəsi yaxşılaşır, yeni müəssisələr yaradılır. Çadır şəhərcikləri ləğv edilibdir və bu onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik. Nəzərə alsaq ki, növbəti illərdə bizim iqtisadi imkanlarımız daha da artacaq, neftdən əldə olunacaq gəlirlər iqtisadi inkişafa daha da böyük təkan verəcək, bu halda mən ölkə qarşısında ciddi problem görmürəm. Bir problem var. Biz onu da həll etməliyik. Biz çalışırıq ki, bunu danışıqlar yolu ilə, beynəlxalq təşkilatlarda vasitəçilərin iştirakı ilə həll edək. Amma siz görürsünüz ki, heç bir nəticə yoxdur. İrəliləyiş var, elə bil, Ermənistan tərəfi başa düşməyə başlayıb ki, onların siyasətinin axırı yoxdur. Amma, nəticə yoxdur. Biz nə vaxta qədər gözləməliyik?! İndi Ermənistanda yeni rəhbərlik bəzi ümidverici bəyanatlar verir, bəzi təşəbbüslər irəli sürür. Biz baxmalıyıq, təhlil etməliyik ki, bu bəyanatlar nə dərəcədə səmimidir və bu görünən yeni yanaşma məsələnin həllinə nə dərəcədə kömək göstərəcəkdir. Əgər görsək ki, bəli, danışıqların aparılmasına ehtiyac var və bu danışıqlar nəticə ilə sonuclana bilər, biz, əlbəttə, sülh danışıqlarında iştirak edəcəyik və öz mövqeyimizi müdafiə edəcəyik. Ancaq görsək ki, yox, bu, sadəcə olaraq, taktiki bir gedişdir, yaxud da vaxt uzatmaq cəhdidir, onda biz öz siyasətimizə düzəlişlər edəcəyik. Bir sözlə, biz danışıqlarda iştirak etməklə yanaşı, öz hərbi gücümüzü də artırırıq. İndi Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Son illər ərzində biz ordumuzu çox böyük dərəcədə gücləndirmişik. Həm peşəkarlıq baxımından, həm hazırlıq baxımından, həm də avadanlıq, texnika, silah-sursat baxımından. Mən bütün bölgələrdə təmas xəttində olmuşam. Aprel ayında Füzuli rayonunda, ondan əvvəl Ağdam, Tərtər istiqamətlərində səngərlərdə əsgərlərlə görüşmüşəm və bir daha gördüm ki, gənc əsgərlərimizdə çox böyük ruh yüksəkliyi var. Bununla bərabər, iqtisadi imkanlar, hərbi gücümüz, ordu potensialı öz rolunu oynamalıdır. Yəni qarşı tərəf bilməlidir və artıq bilir ki, Azərbaycanın hərbi imkanları şərait yaradır ki, torpaqlarımızı istənilən yolla qaytaraq. Bu, bizim haqqımızdır. Bizim heç bir başqa ölkənin torpağında gözümüz yoxdur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu, tarixən də belə olub və beynəlxalq hüquq da bunu göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olanda Dağlıq Qarabağ da Azərbaycanın ayrılmaz hissəsi kimi tanındı. Belə olan halda, danışıqlarda bizim mövqeyimiz birmənalı olaraq qalacaqdır: erməni işğalçı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları bu bölgələrə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dediyim bütün məsələlər danışıqlar prosesində öz əksini tapır. Sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına riayət etməlidir və işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmalıdır. Əgər belə olsa, onda Ermənistanın gələcək inkişafı uğurlu ola bilər. Çünki özünü təcrid edilmiş vəziyyətə salan ölkənin gələcək perspektivləri o qədər də aydın deyildir. Azərbaycanın qarşısında bütün imkanlar açılıbdır. Bizim həm siyasi istiqamətdə, həm iqtisadi islahatlar istiqamətində gördüyümüz işlər, həm sosial məsələlərin həlli, həm də bölgədəki rolumuz və çəkimiz Azərbaycanı çox zəngin və güclü ölkəyə çevirəcək və bu proses başlamışdır. Nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsinin həllindən başqa bizim qarşımızda elə bir ciddi məsələ yoxdur, bütün səylərimiz bu məsələnin həllinə yönəldilibdir. Həm Prezident kimi mən, həm bütün icra strukturları, həm də bizim insanlarımız, vətəndaşlarımız bu işlərdə fəaldırlar. Mən ümid edirəm ki, bu fəallıq və düşünülmüş, məqsədyönlü ciddi siyasət nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail ola bilərik. Ancaq siz hələ ki, bu müvəqqəti şəraitdə yaşayacaqsınız. Mən çox istəyirəm ki, çətin vəziyyətdə olan insanların yaşayış səviyyəsi yaxşılaşsın. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz belə gözəl binaları Qarabağda tikəcəyik. SAKİNLƏR: İnşallah, Allah qoysa. İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Sağ olun. Prezident İlham Əliyev Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki 360 şagird yerlik orta məktəbin binasının açılışında iştirak etdi. Dövlətimizin başçısı əvvəlcə qəsəbənin Baş Planına, məcburi köçkünlər üçün ayrılmış əkin-səpin sahələrinin, suvarma şəbəkəsinin sxeminə baxdı, sonra məktəbin idman salonu, sinif otaqları, kompüter və fənn kabinetləri ilə tanış oldu, binanın ikinci mərtəbəsinin eyvanından ətrafı seyr etdi. Prezidentə məlumat verildi ki, hazırda məktəbdə 200 şagirdin təlim-tərbiyəsi ilə 27 müəllim məşğuldur. Sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqlarla təmin olunmuşdur. Kitabxana latın qrafikası ilə nəşr edilmiş ədəbiyyatla komplektləşdirilmişdir. 15 sinif otağından ibarət məktəb Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə tikilmişdir. Prezident İlham Əliyev idman salonunda şagirdlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Məlumat verildi ki, məktəbin şagirdləri müxtəlif idman yarışlarında uğurlu nəticələr qazanmışlar. Dövlətimizin başçısı və xanımı Xocavənd şəhidlərinin fotoşəkillərindən ibarət guşəyə də baxdılar.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb