"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 279
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər
Rəsmi xronika 27 May, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər.

 

Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.

 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.

 

Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

 

Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

 

***

 

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.

 

Dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verildi.

 

Bildirildi ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

 

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoydu.

 

Bildirildi ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

 

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.

 

***

 

Mayın 26-da “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

 

Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası layihənin həyata keçirilməsi üçün üçmərhələli planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq.

 

Prezident İlham Əliyev “Cəbrayıl” enerji qovşağının təməli qoydu.

 

Bildirildi ki, “Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək. Ən əsası isə Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək. “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.

 

Diqqətə çatdırıldı ki, “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq. Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.

 

Qeyd edək ki, “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna da səfər ediblər.

 

Dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verildi.

 

Bildirildi ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.

 

Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

 

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

 

Onu da deyək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.

 

***

 

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

 

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

 

Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.

 

Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

 

Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.

 

x x x

 

Sonra dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər.

 

Məlumat verildi ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.

 

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.

 

Dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.

 

İşğal Muzeyi düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

 

Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Zəfər Muzeyinin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq. Muzeyin foyesi vizual texnologiyalar vasitəsilə Zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi istifadə olunacaq. Həmçinin muzeydə 80 tamaşaçı yeri olan 4D kinoteatr da yaradılacaq. Bu muzeyin inşasında əsas məqsədlərdən biri də məhz gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması və Zəngilanda törədilmiş ekoloji terroru beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

 

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

 

Zəngilanla bağlı tarixi faktların yaradıcı üsulla dağıntılar üzərində əks etdirilməsi üçün xüsusi layihə həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən cəlb olunacaq rəssamlar dağıntılar üzərində fərqli divar rəsmləri (“Street art”) yaradacaqlar. Beləliklə, 10 min 500 kvadratmetr sahəni əhatə edən dağıntılardan ibarət Memorial Park boyunca açıq səma altında sərgi təşkil olunacaq.

 

x x x

 

Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verdi ki, Baş plan Komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Diqqətə çatdırıldı ki, Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “sa_partners” şirkətinin nümayəndələri ilə söhbət etdilər.

 

Prezident İlham Əliyev dedi: Salam. Siz görməyimə şadam. Təbrik edirəm. Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır.

 

Şirkətin nümayəndəsi: Əvvəla, təşəkkürümüzü bildirməliyəm. Biz çox şadıq ki, burada - Azərbaycanın çox gözəl guşəsindəyik. Bura ən yaxşı yerlərdən biridir. Biz buraya öz töhfəmizi verdiyimizə görə fərəhlənirik. Hesab edirəm ki, eyni konsepsiya ölkənizin digər əraziləri üçün örnək olmalıdır.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Oxçuçayın mənzərəsini seyr etdilər.

 

***

 

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov ilə bağban Qalib Hümbətov dövlətimizin başçısına və birinci xanıma intensiv meyvə bağında görülən işlər barədə məlumat verdilər.

 

Bildirildi ki, burada 40 hektar sahədə intensiv ərik bağı salınıb. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulur.

 

İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzi tikiləcək. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaq.

 

Qeyd edək ki, “Ağıllı təsərrüfat” “Ağıllı kənd” fəlsəfəsinin 3 sütunundan biridir. Burada toxumun seçimindən başlamış aqrotexniki qulluq məsələlərinə qədər hər bir detal nəzərə alınır, nəticədə vahid sahədən maksimum məhsul götürmək mümkün olur. 

08 Noyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
08 Noyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub
20 Oktyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda olublar
20 Oktyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər
13 Avqust, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev: Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq
13 Avqust, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
10 Avqust, 2022 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
01 Avqust, 2022 / Rəsmi xronika Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb
01 Avqust, 2022 / Rəsmi xronika Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb
22 İyun, 2022 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib
17 İyun, 2022 / Rəsmi xronika “Qlobal dünya nizamına təhdidlər” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb
28 May, 2022 / Rəsmi xronika Azərbaycan və Türkiyə prezidentləri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər
28 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakıda ucaldılmış abidəni ziyarət edib
28 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər
23 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib
14 May, 2022 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
12 May, 2022 / Rəsmi xronika Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub
10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar
10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinə səfər edib
10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər