"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 815
Doğma yurda səfərlər şəhid ailələri üçün böyük təskinlikdir
Mətbuat xidmətinin məlumatı 25 Aprel, 2022

Məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərir. Sosial müdafiəsi dövlət tərəfindən təmin edilən  məcburi köçkünlərin işğaldan azad edilmiş doğma yurd yerlərini görmək istəyi anlaşılandır. Bu məqsədlə, aprelin 16-da və 18-də Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkünün işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, əslən Kəlbəcərin Günəşli kəndindən olan Sənan HÜSEYNOV  hər iki səfərdə həmyerlilərini müşayiət edib. O, səfər təəssüratlarını bölüşərkən deyib:

 

- Otuz ilə yaxın müddətdə kəlbəcərlilər üçün aprel kədərli ay olub: Ağdaban, Başlıbel, Meydançay faciələri, rayonun işğalı bu ayda baş verib. Ermənilər mart ayının son günündə “Tunel” qətliamını törədiblər. 44 günlük Vətən müharibəsi kəlbəcərlilərin də yurd həsrətinə son qoydu. Şəhidlərimizin, soyqırımı qurbanlarının qisası alındı, doğma torpaqlarımızda üçrəngli  bayrağımız dalğalanmağa başladı. Ağdam və Laçın rayonları kimi  Kəlbəcər rayonunun ərazisi də döyüşsüz geri alındı. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli hərbi, siyasi, diplomatik addımları, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən Ağdam, Laçın rayonları kimi, Kəlbəcəri də döyüşsüz təhvil vermək məcburiyyətində qaldı. 2020-ci il noyabrın 25-də Azərbaycan Ordusu rayonun bütün ərazisini öz nəzarətinə götürdü. Kəlbəcərlilər dövlətimizin başçısına, onun sərkərdəliyi ilə torpaqlarımızı düşməndən azad edən hərbçilərimizə daim minnətdardırlar.

 

İşğaldan azad edilmiş Kəlbəcərə səfərlərin təşkili ilə bağlı komitəyə olunan müraciətlərə rəhbərlik xüsusi diqqət göstərir. İndiyədək bir neçə dəfə kəlbəcərlilər qrup halında komitənin dəstəyi ilə doğma yurdda olub, öz kəndini, valideynlərinin, yaxın qohumlarının məzarlarını ziyarət ediblər.

 

Bu il aprelin 8-də bir qrup məcburi köçkün şəhid ailəsi ilə birlikdə Kəlbəcər rayonunun Ağdaban kəndinə getdik. Bizi media nümayəndələri də müşayiət edirdi. Bilirsiniz ki, Ağdabanda 1992-ci ili aprelin 8-də qətliam törədilib. 33 nəfər dinc sakin qətlə yetirilib, onlardan 3 nəfəri ot tayasına atılaraq diri-diri yandırılıb. Bu hadisədə şəhid olanların bəziləri elə o vaxt kənd qəbirstanlığında, 14 nəfəri isə Kəlbəcərin özündə dəfn olunub. Kənddə olarkən şəhidlərin məzarlarını müəyyən etdik, hər birinin üstünə  adları yazılmış löhvə qoyduq. Onların ailə üzvləri üçün bu, böyük bir təsəlli oldu. Səfər zamanı Dədə Şəmşirin məzarı ziyarət olundu: onun qəbri də vandalizmə məruz qalıb.

 

Aprelin 16-da başqa bir qrupla Başlıbel kəndinə yollandıq: həmin gün bu kənddə ermənilərin törətdiyi qətliamın 29-cu ildönümü idi. Başlıbel rayon mərkəzindən xeyli uzaq olduğu üçün kənd sakinlərinin Kəlbəcərin işğalından sonra oradan çıxmaq imkanı olmayıb. Ermənilər bu kəndin 19 nəfər sakinini amansızcasına qətlə yetiriblər, sağ qalan 29 nəfər isə 113 gün sonra mühasirədən çıxa bilib.

 

Kəlbəcərdə Ermənistanın törətdiyi ən qəddar hərbi cinayət 53 nəfərin şəhid edildiyi “Tunel” qətliamıdır. Bu, Xocalı faciəsindən sonra, birinci Qarabağ müharibəsində Ermənistanın xalqımıza qarşı törətdiyi ikinci ən böyük soyqırımıdır. Kəlbəcər rayonunun 145 kəndinin 36-sının avtomobil yolu 200 metr uzunluğundakı bu tuneldən keçir. Orada iki maşın yanaşı gedə bilmir. 1993-cü il martın 31-də ermənilər tunelin Ağdərə istiqamətindəki çıxışında pusqu quraraq, buradan keçən avtomaşınlardakı dinc, əliyalın insanları gülləbaran ediblər. Orada 3 maşın yandırılıb, 53 nəfər qətlə yetirilib, 64 nəfər girov götürülüb.

 

Mövcud qanunvericiliyə əsasən, hər hansı şəxsə şəhid statusunun verilməsi üçün onun qəbri tapılmalı, cəsədi ekskumasiya edilməli, DNT analizi götürülüb təsbit olunmalı, bundan sonra kimliyi müəyyənləşdirilməlidir. Tuneldə girov götürülənlərin gözü qarşısında qətlə yetirilmiş 53 nəfərdən yalnız birinin - Quliyev İslam Məhəmməd oğlunun dəfn edildiyi yer məlumdur.  Onun məzarı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan  ərazidədir. Digər 52 nəfərin harada dəfn olunması haqqında  ermənilər bizə hələ də məlumat vermir. Cənab Prezident İlham Əliyev birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyinə Ermənistanın aydınlıq gətirməsi, kütləvi məzarlıqların yeri barədə məlumat verməsi ilə bağlı məsələni ən yüksək tribunalarda dəfələrlə qaldırıb.

 

İndiki halda Tunel qətliamı qurbanlarının ailə üzvlərinin, qohumlarının istəyi hadisənin baş verdiyi yeri görmək, şəhidlərin xatirəsini yad etmək idi. Biz onların istəyini yerinə yetirdik. Tuneldən sonra Günəşli kəndində olduq. Kəndin qəbirstanlığında Qarabağ müharibəsinin iki hərbi şəhidi - Əmirov Rəsul Soltan oğlu və Qurbanov Zülfüqar Alı oğlu da dəfn edilmişdilər. Ermənilər qəbirstanlığı tamamilə dağıdıblar: qəbirlərin baş hissəsi sökülüb, cəsədlərin kəllə hissəsi çıxarılıb. Ehtimal ki, qızıl diş axtarırmışlar. İki şəhidin qəbri isə dəhşətli vandalizmə məruz qalmış, bütün sümükləri ətrafa atılmışdı. Biz sümükləri toplaylb, yenidən boş məzarlara dəfn etdik, hər iki məzarın üstünə məlumat lövhəsi qoyduq. Həmin şəhidlərin qardaşları da səfərdə iştirak edirdilər və doğma torpağı ziyarət onlar üçün böyük təskinlik oldu...

 

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl edilməsi çox vacibdir. Məcburi köçkünlərin doğma yurda səfərləri orada təhlükəsizliyə cavabdehlik daşıyan qurumların dəstəyi ilə təşkil olunur. Səfər zamanı bizim təhlükəsizliyimiz 3 minaaxtaran hərbçi tərəfindən təmin edilirdi.

 

Səfərin iştirakçısı, Günəşli kəndinin sakini Mirzəyev Əfsəl Aslan oğlunun evləri qəbirstanlığın düz yanındadır. Biz qəbirstanlığa gedərkən, o, istədi ki, həyətlərinə tərəf dönsün. Bu zaman istehkamçı əsgər Mərdəli Aşurov minaaxtaranla önə keçdi və bir neçə addım atdıqdan sonra təhlükə barədə xəbərdarlıq etdi. Dərhal hərbçilər ona yaxınlaşıb axtarışa başladılar, tank əleyhinə mina və yanında sürpriz mina aşkarlandı. İstehkamçı əsgərin sayıqlığı, Müdafiə Nazirliyinin hərbçilərinin peşəkarlığı sayəsində təhlükədən qurtardıq. Yoxsa içərisində Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət heyətin (ümumilikdə 20 nəfər) olduğu və həmin yerdən keçməyə hazırlaşan “KamAZ” markalı avtobus minaya düşəcəkdi. Həyatımızı xilas etdiklərinə görə hərbçilərimizə, Müdafiə Nazirliyinə minnətdarıq. 

 

...Azad edilmiş bütün ərazilərdə olduğu kimi,  Kəlbəcərdə də bərpa-quruculuq işləri aparılır.  Cənab Prezident görülən işlər və qarşıya qoyulan məqsədlər, icra ediləcək layihələr barədə bu yaxınlarda keçirdiyi müşavirədə ətraflı danışdı. Dövlətimizin başçısının tapşırıqlarının intensiv şəkildə icra olunduğunu Kəlbəcərə səfərlərimiz zamanı biz də gördük.  Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələr məcburi köçkünlərimizin mümkün qədər qısa müddətdə öz doğma yurdlarına qayıtmasına imkan yaradacaqdır. Dövlətimizin  başçısının bəyan etdiyi kimi, həmin ərazilərdə yaşayış üçün ən yaxşı şərait yaradılacaqdır. Kəlbəcərlilərin də öz ata-baba yurdlarında yeni həyata başlayacaqları günlər uzaqda deyildir.

29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”