"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1866
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdir
Mətbuat xidmətinin məlumatı 26 Dekabr, 2011
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşlar. Dövlət başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxdı. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, dövlətimizin başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülmüşdür. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınmışdır. Bu qəsəbələrdə 20 min mənzil tikilmiş, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilmişdir. Diqqətə çatdırıldı ki, son yeddi ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Prezidenti 27 Fərman və Sərəncam imzalamış, bir Dövlət Proqramı və ona əlavələri təsdiqləmişdir. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilmiş, Milli Məclisdə qanun qəbul olunmuşdur. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Yeni yaşayış massivinin əsas texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verilərkən bildirildi ki, bu məhəllənin salınmasına dövlətimizin başçısının 2004-cü ildə təsdiq etdiyi Dövlət Proqramına əlavələr edilməsi haqqında 2007-ci ildə imzaladığı Sərəncama əsasən bu ilin iyununda başlanılmışdır. İnşaat işlərinə ölkənin 14 tikinti şirkəti cəlb olunmuşdur. Yeni məhəllə gələn ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Məlumat verildi ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxdılar. Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılmışdır. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilmişdir. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur. Məhəllə ilə tanış olan dövlətimizin başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etdilər. Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, ölkəmizdə aparılan tikinti-quruculuq işləri Laçından olan məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində də vüsət almışdır. Buradakı parklarda, Şəhidlər kompleksində və Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu ilin əvvəlindən Taxtakörpü ərazisinə 21 kilometr uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, 4 kilometrlik içməli su xətlərində təmir-bərpa işləri aparılmış, köhnə borular yeniləri ilə əvəzlənmişdir. Alxaslı və Qarakeşiş obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Taxtakörpü-Mais və Taxtakörpü-Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min kvadratmetr yol asfaltlanmışdır. Diqqətə çatdırıldı ki, respublikamızın ümumilikdə 58 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Taxtakörpü ərazisində yerləşmişdir. İndi burada məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri salınır. Bu qəsəbələrdən biri də dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əlavələr olunması haqqında 2007-ci il 31 oktyabr tarixli Sərəncamına əsasən Ağcabədi rayonu Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədir. Bu qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti mühüm addımlardan biridir. Bildirildi ki, ümumi sahəsi 111 hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi ümumilikdə 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin 12 sot torpaq sahəsi vardır. Qəsəbədə müasir standartlara cavab verən, 360 şagird yeri olan məktəb binası, uşaq bağçası, bir klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi üçün inzibati bina inşa edilmiş, park və yaşıllıqlar salınmışdır. Qəsəbə elektrik, qaz və içməli su ilə təmin olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikilmişdir. Qəsəbədə ümumi uzunluğu 15 kilometr olan yol salınmışdır. Dövlət başçısına və xanımına yeni qəsəbənin tikintisi üzrə əsas texniki-iqtisadi göstəricilər barədə məlumat verildi. Bildirildi ki, zəruri infrastrukturun yaradıldığı qəsəbədəki evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır. Qəsəbədə iki transformator stansiyası, altı qaztənzimləyici məntəqə yaradılmış, biraşırımlı körpülər inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evində yaradılan şəraitlə tanış oldular. Azərbaycan Prezidenti çay süfrəsi arxasında ev sahibi ilə söhbət etdi. Ev sahibi Cənnət ƏLİYEV dövlətimizin başçısını salamlayaraq dedi: -Xoş gəlmisiniz! Prezident İlham ƏLİYEV: Ev necədir? Xoşunuza gəlir? Cənnət ƏLİYEV: Cənab Prezident, bizə gözəl şərait yaratdığınıza, gözəl qəsəbə tikdirdiyinizə, çox əlamətdar gündə laçınlılarla görüşə gəldiyinizə görə Sizə ailəmiz adından və öz adımdan səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm. Prezident İlham ƏLİYEV: Sağ olun, mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl hadisəni qeyd edirik. Yeni qəsəbənin istifadəyə verilməsi, doğrudan da çox gözəl hadisədir. Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində onlarla yeni qəsəbə salınmışdır, on minlərlə köçkün yeni evlərə köçürülmüşdür. Bütün evlər də gözəldir. Bütün şəraiti, həyət sahəsi, bütün infrastruktur - işıq, su, qaz vardır, yaşamaq üçün hər şey yaradılıb. Əlbəttə, əvvəlki dövrdə sizin məişət şəraitiniz o qədər də lazımi səviyyədə deyildi. Ancaq indi Azərbaycan dövlətinin imkanları var və ən əsası bizim siyasətimiz bundan ibarətdir ki, çətin vəziyyətdə yaşayan soydaşlarımızı gözəl şəraiti olan evlərlə təmin edək. Burada indi böyük qəsəbə salınıbdır, 552 ev tikilibdir. Görürəm, keyfiyyətlə tikilib, gözəl, geniş, rahat evlərdir. Bu münasibətlə sizi təbrik edirəm, burada rahat yaşayasınız. Cənnət ƏLİYEV: Cənab Prezident, ulu öndərimizin gördüyü bütün işlərə görə Azərbaycan xalqı ona borcludur. Ən böyük həqiqət budur ki, Sizin kimi kadr yetişdirib, Azərbaycana bəxş edibdir. Ulu öndərimiz həmişə deyirdi ki, mən İlhama özüm qədər inanıram, o, mənim yarımçıq qalan işlərimi başa çatdıracaqdır. Siz 2003-cü ildən ölkəmizə rəhbərlik edirsiniz. Bu illər ərzində respublikamızda gedən tikinti, quruculuq, abadlıq işləri, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, sosial-iqtisadi sahələrdəki nailiyyətlər, siyasi sabitlik, sürətli inkişaf Azərbaycanı doğrudan da bütün dünyada inkişaf etmiş respublikalar sırasına çıxardı. Bu, Sizin əməyiniz nəticəsində oldu. Bu, Sizin rəhmətlik atanız kimi daim bölgələrdə olmağınız və insanlarla sıx əlaqə saxlamağınızın nəticəsində oldu. Bunun üçün mən bir azərbaycanlı kimi fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Prezidentimiz vardır. Prezident İlham ƏLİYEV: Sağ olun, Siz tamamilə haqlısınız. Bu sahədəki işləri də vaxtilə ulu öndər başlamışdı. Çünki ölkəyə daxil olan ilk vəsait məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxt, 1999-cu ilin sonunda Neft Fondunun yaradılması və neftdən əldə edilən ilk gəlirlərin daxil olunmasından sonra birinci ödəmələr köçkünlər üçün yeni qəsəbələrin salınmasına sərf edilmişdir. Biz bu siyasəti davam etdiririk. Əlbəttə, indi dövlətimizin maliyyə imkanları da böyük dərəcədə artmışdır və biz çalışırıq və çalışmalıyıq ki, bütün köçkünlərin problemlərini həll edək və həll edirik də. Cənnət ƏLİYEV: Ulu öndərimiz laçınlıların sevimlisi olub. Onun gözəl bir sözü vardır: “Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Doğrudan da bu gün onun övladı – Siz işinizin çoxluğuna baxmayaraq vaxt tapıb biz laçınlılarla görüşə gəldiyinizə görə hədsiz dərəcədə sevinirik. Doğrudan da əgər ulu öndər hakimiyyətə gəlməsəydi, biz köçkünlərə ögey münasibət davam edəcəkdi. Xilaskarımız hakimiyyətə gəldi, biz məcburi köçkünlərə də diqqət və qayğı artırıldı. Siz bayaq dediniz, Laçından olan məcburi köçkünlər burada, susuz səhrada, ilan mələyən düzlərdə, 86 obada, ictimai yerlərdə məskunlaşmışdılar. Dəhşətli günlər idi. Maşınla su çatdıra bilmirdilər, 30-40 kilometrdən su gətirilirdi. Allah o günləri bir də bizə göstərməsin. Ulu öndər hakimiyyətə qayıtdı və həqiqətən də hər şeyi yoluna qoydu. Siz doğrudan da ulu öndərin siyasətini şərəflə davam etdirirsiniz. Sizin daxili və xarici siyasətinizi laçınlılar 100 faiz dəstəkləyirlər. Prezident İlham ƏLİYEV: Sağ olun, doğrudan da elədir. Ulu öndərin Laçına, laçınlılara çox xüsusi münasibəti var idi. Mən də laçınlıları çox sevirəm və bu gün laçınlılarla birlikdəyəm. Bir şeyi qeyd etmək istəyirəm ki, əgər ulu öndər o vaxt, Azərbaycan üçün həlledici anlarda hakimiyyətdə olsaydı, Laçın heç vaxt işğal altına düşməzdi, heç vaxt. O vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan antimilli qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində Laçın işğal edildi və demək olar ki, torpaqlarımızın işğalı elə Laçının işğalından başladı. 1992-ci ilin mayında Laçının işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqənin yaranmasına səbəb oldu. Cənnət ƏLİYEV: Ermənilər Laçını “Alaqapı” adlandırırdılar. O vaxtkı səriştəsiz rəhbərlərin xəyanətkarlığının nəticəsində 1992-ci ildə ermənilər Laçını işğal etdilər. Prezident İlham ƏLİYEV: Ondan sonra laçınlılar gəldilər susuz səhraya, heç kim onlara baxmırdı, heç kim onların problemi ilə məşğul olmurdu. Qalmışdılar səhrada başlı-başına, susuz, şəraitsiz. Siz o ağır günləri yaşamısınız, o faciəni görmüsünüz. Cənnət ƏLİYEV: Cənab Prezident, o günlər getsin, gəlməsin. Məcburi köçkünlərə soyuq münasibətlə, problemlərimizlə əlaqədar mən dörd nəfərlə birlikdə komitə sədrinin qəbulunda oldum. Onlar hansı stulda oturduqlarını bilmirdilər. Həqiqətən bilmirdilər. Səmimi qəlbdən deyirəm. Möhtərəm cənab Prezident, ulu öndərimiz Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etdi. 1974-cü ildə də Laçın şəhərinin yaradılmasının 50 illiyi ilə bağlı qərar qəbul etdi. Bu qərarların hesabına Laçın sürətlə inkişaf etdi. İstər iqtisadi cəhətdən, istər abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında Laçın birinci yerdə dururdu. O vaxt məni Sizin rəhmətlik atanız Laçının 50 illiyi ilə əlaqədar təltif etdi. Siz isə 2009-cu ildə mənə mübarək imzanızla “Tərəqqi” medalı verdiniz. Prezident İlham ƏLİYEV: Bəli, görürəm. Cənnət ƏLİYEV: Ailəmiz adından, bütün əzizlərim adından Sizin əllərinizi sıxaraq bağrıma basıram və Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Prezident İlham ƏLİYEV: Çox sağ olun. Cənnət ƏLİYEV: Sizin beynəlxalq aləmdə olan nüfuzunuz bizi sevindirir. Ali Baş Komandan kimi güclü ordu yaratmısınız. Bu ordu gələcəkdə düşməndən qisasımızı alacaqdır. Biz öz torpaqlarımıza qayıdacağıq, Sizin rəhbərliyiniz altında öz yurdumuzda belə gözəl evlər tikəcəyik. Həqiqətən də soydaşlarımızın müvəqqəti şəraitini yaxşılaşdırmaq üçün gözəl işlər görürsünüz. Prezident İlham ƏLİYEV: Tamamilə haqlısınız. Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir. İndi baxın, son iyirmi il ərzində Azərbaycan nə qədər böyük uğurlu yol keçmişdir. İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Beynəlxalq təşkilatlarda nüfuzumuz, ölkə daxilindəki təşəbbüslərimiz, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı və güclü hərbi potensialın yaradılması deməyə əsas verir ki, biz bu işğala son qoyacağıq. Yəni bu, qaçılmaz bir həqiqətdir. Ermənistan və Ermənistanın indiki rəhbərliyi əminəm ki, bunu dərk edir. Bunun yeganə yolu vardır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilməlidir. Beynəlxalq hüquq normaları bunu tələb edir. Haqq-ədalət bunu tələb edir və Azərbaycan xalqı bunu tələb edir. Oraya qayıtmaq üçün indi biz diplomatik səylərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir, onda istənilən anda biz hərbi yolla torpağımızı qaytarmalıyıq. Beynəlxalq hüquq normaları bizə bu haqqı tanıyır. Sadəcə, biz çalışırıq ki, bunu hələ ki, danışıqlar yolu ilə həll edək və eyni zamanda, daha da güclənək. Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə. Bu da həqiqətdir. Gələcəyi böyük dərəcədə, əlbəttə ki, elmi-texniki tərəqqi və inkişaf, eyni zamanda, demoqrafiya müəyyən edəcəkdir. Bizim əhalimiz artır, Ermənistan əhalisi azalır. Azərbaycanda 9 milyon 300 min əhali var, Ermənistanda 1 milyon 8 yüz min. Bu ilin ilk yarısında onların rəsmi statistikasına görə - bu statistika həmişə saxtakarlıq üzərində qurulub, - 60 min vətəndaş bu ölkəni tərk edib. İl ərzində bu 100 mindən artıq olacaqdır. Beş-on ildən sonra orada 1 milyondan az adam qalacaqdır. Biz, işləməliyik, işləyirik, öz işimizi görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik. İndi bizim dünyadakı tərəfdaşlarımızın sayı artır. Ölkələr bizimlə dost olmaq istəyir. 155 ölkə Azərbaycanı dəstəkləyib. Dünyada 200–dən bir qədər az ölkə var. Onun 155-i Azərbaycana səs verib. İndi heç başqa ölkələr haqqında danışmaq istəməzdim. Ancaq bu, hər bir ölkənin işi deyil ki, 155 ölkə səs versin. Dünyada dünya problemlərini həll edən ölkələr var. Onlar 155 ölkənin dəstəyini ala bilərmi?! Heç vaxt! Azərbaycan gənc ölkədir, müstəqil ölkədir, cəmi 20 ildir dünya siyasi xəritəsində yerimiz var. 155 ölkə bizi dəstəkləyir və bu dəstək getdikcə daha da artacaqdır. Çünki növbəti iki il ərzində Təhlükəsizlik Şurasında bizə səs verən bütün ölkələr görəcəklər ki, onlar səhv etməmişlər. Çünki biz onların maraqlarını müdafiə edəcəyik, ədaləti müdafiə edəcəyik, qanunu müdafiə edəcəyik. Bizim əsas problemimiz nədədir? Çünki qanunlar vardır. Beynəlxalq təşkilatlar qətnamələr qəbul edir, amma onlar icrasız qalır. Bunun icrasını tələb edə biləcək ölkələr də susur. Mən də, ictimaiyyət də dəfələrlə bu barədə fikrimizi bildirmişik. Budur bizim problemimiz. Biz buna necə münasibət göstərə bilərik? Ancaq ölkəmizi gücləndirməklə. Ancaq! Başqa yol yoxdur. Biz, əlbəttə, indi danışıqları davam etdiririk və bir müddət davam etdirəcəyik. Ancaq biz siyasi-iqtisadi, hərbi gücümüzü, bölgədəki təsir imkanlarımızı, dünyadakı mövqelərimizi bilirik. Budur Qarabağ məsələsinin həllinə aparan yollar. Biz bu yollardan istifadə edəcəyik, edirik. Bizə əlavə güc verən xalqın bu siyasətimizə göstərdiyi dəstəkdir. Bu dəstəyi mən Sizdən alıram, görürəm. Bu, məni daha da ruhlandırır və bütün məsələlərdə ölkəmizin maraqlarını müdafiə etmək üçün daha da gözəl imkanlar yaradır. Cənnət ƏLİYEV: Gördüyünüz tədbirlər nəticəsində, respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib qurtaracaqdır. Respublikada sağlam müxalifət yaranacaqdır. Ali Baş Komandan kimi yaratdığınız güclü ordunun səyi nəticəsində sərhədlərimizin bərpası təmin ediləcəkdir. Biz buna inanırıq. Biz öz torpaqlarımıza qayıdacağıq. Mən evimin əziz qonağı olan Mehriban xanımın gördüyü işlər haqqında danışmağa ehtiyac duymuram. Ona görə duymuram ki, onu yaradan Allah Peyğəmbərə verilən qabiliyyətdən ona da vermişdir. Mən arzu edirəm ki, gələcəkdə o, Azərbaycanın kadrı kimi Nobel mükafatına layiq görülsün. Prezident İlham ƏLİYEV: Mehribanın onsuz da mükafatları çoxdur. Mehriban ƏLİYEVA: Çox sağ olun. Cənnət ƏLİYEV: Demək istəyirəm ki, mən Mehriban xanım xarici ölkələrdə danışanda onun dəyərli sözlərindən doymuram. Mən 1969-cu ildən ulu öndəri tanıyıram. O vaxt da respublikada anarxiya idi, xaos idi, qruplaşmalar var idi. Bundan istifadə edən Moskvadakı ermənipərəst qüvvələr Azərbaycanı vilayətə çevirmək istəyirdilər. Deyirdilər ki, Azərbaycan Respublikası dotasiya alır, heç bir şeyi yoxdur. Ulu öndərimizin hakimiyyətə gəlməyi heç vaxt yadımdan çıxmaz. Avqust plenumundan sonra qruplaşmalar dağıldı, Azərbaycanda sağlam, işgüzar əhval-ruhiyyə yarandı. Azərbaycan 14 dəfə SSRİ kimi hökumətin keçici qırmızı bayrağını aldı. Siz onun övladısınız. Qədirbilən Azərbaycan Sizin daxili və xarici siyasətinizi dəstəkləyir. Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Cənnət ƏLİYEV: 50 yaşınızı gəlib bizimlə keçirməyinizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz. Prezident İlham ƏLİYEV: Sizinlə bərabər. Qarabağda. Cənnət ƏLİYEV: Siz ki, məcburi köçkünlərin şəraitini yaxşılaşdırmağa bu qədər əmək sərf edirsiniz, onların qədrini bilirsiniz, Allah da Sizin qədrinizi bilsin, Tanrı Sizi qorusun. Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Prezident İlham ƏLİYEV: Mən adətən öz ad günlərimi qeyd etmirəm. Cənnət ƏLİYEV: Biz köçkünlərin yanına gəlmisiniz, bunun əvəzi yoxdur. Prezident İlham ƏLİYEV: Sizinlə birlikdə Qarabağ torpağında bu günü qeyd edək. Sonra dövlətimizin başçısı qəsəbənin sakinləri ilə görüşdü. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: -Sabahınız xeyir olsun. Hamınızı ürəkdən salamlayıram. Bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. Gözəl qəsəbədir, 552 ev tikilibdir, rahat, gözəl evlərdir, məktəbi vardır. Bütün infrastruktur yaradılıbdır - su, işıq, qaz. Yəni, bir sözlə, bu qəsəbənin yaradılması çox gözəl hadisədir. Birinci dəfə deyildir ki, biz məcburi köçkünlərlə yeni qəsəbələrin açılışlarında görüşürük. Belə görüşlər hər il baş verir, ildə bir neçə gözəl qəsəbə salınır. Bütövlükdə son illər ərzində 70 gözəl qəsəbə yaradılmışdır. Bildiyiniz kimi, vaxtilə çadır şəhərcikləri var idi. Onların hamısı 2007-ci ilin sonunda ləğv edildi. Onların yerində gözəl qəsəbələr yaradılmışdır. Bu qəsəbələrdə 100 mindən artıq məcburi köçkün məskunlaşmışdır. Bu gözəl təşəbbüs vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1990-cı illərin sonlarında Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun ilk ödəmələri məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xərclənmişdir. Bu siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin maddi imkanları daha da genişdir. Bizim böyük imkanlarımız vardır ki, bu proses daha da sürətlə getsin. Son illər ərzində onlarla yeni qəsəbələr salınmış, minlərlə insan yeni gözəl evlərə köçürülmüşdür. Ağcabədi rayonunda hazırda tikilməkdə olan 556 mənzildən ibarət qəsəbə mövcuddur. O qəsəbənin tikintisi ilə bu gün tanış olmuşam. Yəqin ki, gələn ilin əvvəlində məcburi köçkünlər o qəsəbəyə də köçürüləcəkdir. Mənə verilən statistik məlumatlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənmişdir. Onun 3,7 milyardı Azərbaycan dövləti tərəfindən xərclənmişdir. Həm Dövlət Neft Fondu və həm də Azərbaycan büdcəsi tərəfindən bu məsələlər həllini tapmışdır. Növbəti illərdə, xüsusilə gələn ildən başlayaraq daha da böyük məbləğdə vəsait nəzərdə tutulacaqdır ki, hazırda çətin vəziyyətdə yaşayan köçkünlərin problemlərini də tezliklə həll edək. Təbii ki, biz ilk növbədə, ən ağır vəziyyətdə yaşayanların problemlərini həll etmişik – çadır şəhərcikləri artıq ləğv edilib. İndiki mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxanalarda, hərbi hissələrin ərazilərində məskunlaşmış köçkünlərin problemlərini həll edirik. Siz də bu vaxta qədər fin qəsəbələrində çox ağır, çətin vəziyyətdə yaşamısınız. İndi isə bu qəsəbə salınıb. Burada yaşamaq üçün bütün imkanlar vardır. Ancaq bu da müvəqqəti yaşayış məntəqəsidir. Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik. Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq. Bunu etmək üçün bilirsiniz ki, danışıqlar aparılır, səylər göstərilir. Azərbaycan dövləti qarşısında bu məsələdən daha vacib məsələ yoxdur. Çünki bütün başqa sahələrdə ölkəmiz uğurla inkişaf edir. İyirmi illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bilməz. Azərbaycanda son illər ərzində yaşanan iqtisadi inkişaf dünya miqyasında nadir xarakter daşıyır. Nə vaxta qədər ki, danışıqlar prosesindəyik, Qarabağ məsələsində hər şey təkcə bizdən asılı deyildir. Çünki danışıqların iki tərəfi vardır – bir tərəf Azərbaycan, digər tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq format fəaliyyət göstərir. Minsk qrupu 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Amma heç bir nəticə yoxdur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsələ öz həllini tapmır. Çünki dünyadakı erməni lobbisi, ermənilərin havadarları, onlara dəstək verənlər buna imkan vermirlər. Biz görürük ki, erməni lobbisi bəzi böyük ölkələrin siyasətinə də öz təsirini göstərir. O ölkələrin öz maraqlarına zidd olan qərarların çıxarılmasına nail olur. Bu, həqiqətdir. Bizə qarşı təkcə Ermənistan mübarizə aparmır. Ermənistan bizim qabağımızda böyük qüvvə deyildir. Bizə qarşı dünya erməniliyi və onların çirkli pulları ilə idarə edilən riyakar siyasətçilər mübarizə aparırlar. Hər gün Azərbaycana qarşı mübarizə aparırlar. Məhz buna görədir ki, təxminən 20 il ərzində Minsk qrupu fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur. Nəticəni əldə etmək üçün çox böyük addımlara ehtiyac yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin və imkan versin Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın tarixi torpağıdır, - bunu biz hamımız yaxşı bilirik, – beynəlxalq hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Bəs nə üçün bu qətnamələr icrasız qalır?! Yenə də deyirəm, dünya erməniliyinin və onların arxasında dayanan antiazərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində bu məsələ bax belə dondurulmuş vəziyyətdədir. Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə demişəm, bu münaqişə dondurulmuş münaqişə deyildir və heç vaxt ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni tezliklə öz xeyrimizə ədalətli şəkildə həll edək. Bu məsələnin ədalətli həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və bərpa ediləcəkdir. İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcəkdir. Mən buna şübhə etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu, daha da tezliklə öz həllini tapsın, köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deməyə əsas verən bir neçə amil vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. Həm bizim artan siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu daha da artıracağıq, - artan əhalimiz vardır. Yəni, bütün bu regional geosiyasi məsələləri həll edən amillər bizim mövqeyimizi dəstəkləyir. İllər keçdikcə biz daha da güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır. Əziz dostlar, siz Laçın rayonunun sakinlərisiniz. Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu, belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq. Laçının işğal altına düşməsi, eyni zamanda, başqa rayonların işğal altına düşməsinə gətirib çıxarıb. Çünki 1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün sonra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi, əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən torpaqlar, o cümlədən Laçın Azərbaycan torpağıdır. Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan xanlığında da azərbaycanlılar yaşamışlar. İndiki Ermənistan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib çıxarmışdır. Mən tam əminəm ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin işğalına məruz qalmazdı. Düşmənlərimiz də bunu bilirdilər və ona görə Heydər Əliyev hələ Bakıdan Moskvaya işləməyə gedəndə ona qarşı kampaniya başlamışdı. Ləkələmə, qaralama, qarayaxma kampaniyasına başlamışdılar - həm ermənilər, erməni millətçiləri, həm də burada, Azərbaycanda yaşayan antimilli qüvvələr. Heydər Əliyev Siyasi Bürodan istefa verəndən bir neçə gün sonra ermənilər Qarabağ məsələsini qaldırmışlar və ondan sonra müharibə başlamışdır. Əfsuslar olsun ki, o vaxt Azərbaycanın başında dayanan insanlar xalqın etimadını nəinki doğrulda bilməmişlər, cinayət törətmişlər. İndi biz bu vəziyyətlə üzləşmişik. Mən bir daha demək istəyirəm ki, bu məsələ həll olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik. Biz bu məsələni öz xeyrimizə, ədalətli şəkildə həll etməliyik. Azərbaycan çoxmillətli dövlətdir. Heç vaxt Azərbaycanda milli, dini zəmində heç bir qarşıdurma olmamışdır. Dağlıq Qarabağda ermənilər də suveren Azərbaycan dövlətinin tərkibində yaşaya bilərlər və yaşamalıdırlar. Hazırda Azərbaycanda ermənilər yaşayırlar. Heç kim onlara bir söz demir, onlar bizim vətəndaşlarımızdır. Yəni, Azərbaycan tolerant, dözümlü ölkədir. Azərbaycan xalqı tolerant xalqdır. Dağlıq Qarabağ məsələsi yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Ondan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bir yerdə yaşayacaqlar. Azərbaycanlılar Şuşaya qayıtmalıdırlar, orada yaşamalıdırlar və yaşayacaqlar. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Əgər bu imkan mümkün olmasa, onda istənilən, lazım olan anda Azərbaycan Ordusu öz sözünü deyəcəkdir. Əziz dostlar, mən bu gün bir daha sizi salamlayıram. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq müvəqqəti yaşayış yeridir. Ancaq biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Hesab edirəm ki, burada yaxşı şərait yaradılmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bütün bu işləri çox böyük peşəkarlıqla, böyük məhəbbətlə görürlər. Biz daim əlaqə saxlayırıq, bütün bu layihələr məruzə edilir. Komitə tərəfindən irəli sürülən bütün təşəbbüslər mənim tərəfimdən dəstəklənir. Gələn il bu məqsədlər üçün - yeni qəsəbələrin salınması üçün daha da çox vəsait ayrılacaqdır. Azərbaycan Dövlət Neft Fondu da bu sahədə böyük işlər görür. Bu, bir daha onu göstərir ki, xalqın sərvəti olan neft və ondan əldə olunan gəlir insanların sərəncamındadır. Azərbaycanda bu gəlirlər ədalətli şəkildə bölünür. Neft Fondu artıq dünya miqyasında çox böyük nüfuza malik olan təşkilatdır. Neft Fondunun gəlirləri artır. Belə olan halda, əlbəttə ki, yeni qəsəbələrin tikilməsinə daha da böyük məbləğdə vəsait ayrılacaqdır. Bir daha sizi salamlayıram, sizə cansağlığı və uğurlar arzulayıram. Məcburi köçkünlər adından çıxış edən Əmirxan ZEYNALOV dövlətimizin başçısına minnətdarlıq edərək dedi: - Möhtərəm cənab Prezident! İcazə verin, bütün laçınlılar adından sizi salamlayım. Bizə bəxş etdiyiniz bu gözəl, yaraşıqlı, hər cəhətdən rahat qəsəbəmizə xoş gəlmisiniz, deyim. Cənab Prezident, Siz söylədiyiniz kimi, Laçının işğalı doğrudan da hamımız üçün ağır idi. O vaxtlar biz ağır şəraitdə yaşadıq. Ancaq inanın, bir dəqiqə də olsun Laçına qayıtmaq fikrindən dönmədik. Ulu öndər Heydər Əliyev o vaxt rəhbərimiz olsaydı, bizim bir qarış torpağımız da getməyəcəkdi. Heydər Əliyev Dağlıq Qarabağın bir qarış torpağını da verməzdi. Möhtərəm cənab Prezident, biz Sizin bütün işlərinizi diqqətlə izləyirik və alqışlayırıq. Dağlıq Qarabağ məsələsi sözsüz ki, ağır, problemli məsələdir. Siz çox gözəl dediniz ki, bu problemin həlli təkcə Azərbaycan xalqının əlində deyil. Əgər bütün dünya dövlətləri bu məsələdə bizim haqq işimizi dəstəkləsə, bu problem əlbəttə ki, həll olunacaqdır. Ancaq Siz ardıcıl olaraq, dönmədən, inamla elə siyasət aparırsınız ki, bütün dünya xalqları artıq Azərbaycanın haqlı olduğunu qəbul edir. Xalqımızın rifahının yaxşılaşdırılması yolunda fəaliyyətinizi dəstəkləyirik. Biz həmişə Sizinləyik. Hörmətli Prezident, həqiqətən Sizin apardığınız siyasət, tutduğunuz strateji mövqe nəticəsində dünya artıq demək olar ki, bizə olan münasibətini dəyişib. Məsələn, iki gün bundan əvvəl Meksikada Xocalı faciəsinin gündəmə gətirilməsi və bu faciəni törədən ermənilərin pislənməsi, Sizin apardığınız daxili və xarici siyasətin əməli nəticəsidir. Siz bu məsələni sülh yolu ilə çözmək istəyirsiniz. Bəli, əlbəttə ki, sülh yolu lazımdır. Mən də bir ağsaqqal kimi, bir ziyalı kimi, Sizin bu təklifinizi, yəni Sizin apardığınız bu yolu dəstəkləyirəm. Çünki əgər torpağımız sülh yolu ilə qayıdarsa, qan tökülməz, şəhid verilməz. Analar ağlamaz. Bax, buna görə biz sizi dəstəkləyirik. Cənab Prezident, Siz halal, haqq yolu ilə gedən bir insansınız. Apardığınız daxili və xarici siyasət bir daha sübut edir ki, biz o torpaqlarımıza qayıdacağıq. Əgər ermənilər Sizin insanpərvərliyinizlə, apardığınız siyasətlə barışmasalar, qoy özlərindən küssünlər. Biz Sizi gözləyirik, bütün laçınlılar, bütün Azərbaycan xalqı Sizin əmrinizi gözləyir. Əgər torpaqlarımız sülh yolu ilə azad edilməsə, Siz qərar versəniz ki, bu torpaqları hərb yolu ilə azad etməliyik, bütün Azərbaycan xalqı kimi laçınlılar da, cavanları da, yaşlıları da Sizi dəstəkləyəcəkdir. Mən də bir ziyalı kimi öz övladlarımla ön cərgədə olacağam. Cənab Prezident, bu müharibə mənim də ailəmdən yan keçməmişdir. İyirmi nəfərə qədər ən yaxın qohumlarım şəhid olmuşdur. Dərs dediyim şagirdlərdən on nəfəri torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparıb şəhid olmuşdur. Bir şagirdim, Oqtay Güləliyev ən yüksək ada, Milli Qəhrəman adına layiq görülmüşdür. Bəli, xalqımız vüqarlıdır. Xalqımız öz torpağını istəyəndir. Ancaq düşmənin arxası güclü olduğuna görə, biz o torpaqdan uzaqlaşdıq. Birmənalı demək olar ki, Siz və hörmətli xanımınız köçkünləri heç vaxt yaddan çıxarmırsınız. Bizə diqqət və qayğı göstərirsiniz. Yəni biz bir növ Vətəndən uzaq olan, necə deyərlər küskün, bir az məyus insanlarıq. Amma Sizi bu gün görəndə biz bütün dərdlərimizi unuduruq və fəxr edirik. Siz bizə diqqət və qayğı göstərirsiniz. Məsələn, dünən verdiyiniz Fərman, istər-istəməz hər bir laçınlını, hər bir Qarabağ müharibəsi veteranını sevindirir. Ona görə ki, həmin Fərmanla müavinətləri artırmısınız. Cənab Prezident, Sizin “Axı biz nə istəyirik?” sözləriniz heç vaxt laçınlıların yadından çıxmır. Bəli, biz nə istəyirik? Biz doğma ata-baba yurdumuzu istəyirik. Biz ora qayıtmaq istəyirik. Orada yaşamaq istəyirik. Bundan gözəl, bundan ülvi nə hiss ola bilər? Ona görə də Sizin apardığınız siyasəti biz dəstəkləyirik, Sizə inanırıq. İnanırıq ki, o torpaqları şəxsən Siz, İlham Heydər oğlu Əliyev qaytaracaqdır. Siz Laçını da, Şuşanı da, Dağlıq Qarabağı da azad edəcəksiniz. Bizimlə o torpaqda yaşayacaqsınız. O üç rəngli müqəddəs bayrağımızı Siz o dağların uca zirvəsinə taxacaqsınız. Cənab Prezident, Siz bu gün bizi çox sevindirirsiniz. Bizə ürək-dirək verirsiniz. Biz bilirik ki, Sizin bu gün əziz gününüz, ad gününüzdür. Əlli yaşınız tamam olur. Həmin günü Siz ailənizlə, övladlarınızla, gözəl nəvələrinizlə bir yerdə keçirə bilərdiniz. Amma görün Siz nə qədər həssas, nə qədər qədirbilənsiniz ki, köçkünlərin vəziyyətini nəzərə alırsınız, onların qəlbini sevindirirsiniz, onlara fərəh, sevinc bəxş edirsiniz. Biz laçınlılar heç vaxt bugünkü günü unutmayacağıq. Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Əziz Prezidentimiz, Siz xoşbəxtsiniz, Heydər Əliyevin varisisiniz, Azərbaycan xalqının qürurlu Prezidentisiniz. Siz xoşbəxtsiniz, gözəl ailəniz var, gözəl övladlarınız, nəvələriniz var. Bütün bunlar hamısı Allahın verdiyi bir hədiyyədir. Mən, Mehriban xanım Əliyevanın gördüyü işlərə az da olsa bir diqqət yetirmək istəyirəm. Mehriban xanım Əliyevaya, Azərbaycanın birinci xanımına gördüyü bütün işlərə, elmin, təhsilin, mədəniyyətin inkişafına verdiyi töhfələrə, ən gözəl ana olduğu üçün bütün Azərbaycan övladlarını doğma balası kimi sevdiyinə, onlara qayğı göstərdiyinə görə təşəkkür edirəm. Mehriban xanım Əliyeva Sizinlə çiyin-çiyinə fəaliyyət göstərir. Hara gedirsə orada azərbaycançılıq, Dağlıq Qarabağ məsələsi, o məsələnin həli yolları uğrunda gözəl addımlar atır. Məsələn, Mehriban xanım Əliyevanın dinlərarası toplantıda və yaxud da İtaliyadakı çıxışı, orada bir kilsənin təmirinə 100 min avronun ayrılması, dinlərarası, Siz dediyiniz kimi tolerantlığın ən yüksək zirvəsidir. Yəni Allah birdir. Ocaqlar müqəddəsdir. Qoy dindən pis niyyətlərlə istifadə etməsinlər, xalqlar azad və xoşbəxt yaşasınlar. Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah-təala Sizə xalqımızın arzusu ilə 100 il ömür versin, yaşayın, yaradın. Çox sağ olun. Sizə təşəkkür edirəm. Prezident İlham ƏLİYEV: Sağ olun. Xoş sözlərinizə görə minnətdaram. Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm. Bir daha sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm. Bir daha əminliyimi bildirirəm ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb