"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 171
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə gedib
Rəsmi xronika 14 Yanvar, 2022

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülmüşdü.

 

Dövlətimizin başçısını Ukraynanın xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşıladılar.

 

***

 

Yanvarın 14-də Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü olub.

 

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

 

Prezidentlər birgə foto çəkdirdilər.

 

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.

 

Sonra dövlət başçılarının təkbətək görüşü oldu.

 

Prezidentlər görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə etdilər.

 

***

 

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edərək dedi:

 

-Təşəkkür edirəm!

 

Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam. COVID həqiqətən ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək.

 

Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək.

 

Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.

 

Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil.

 

X X X

 

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

 

- Təşəkkür edirəm cənab Prezident, məni Ukraynaya dəvət etdiyiniz üçün Sizə minnətdaram. Şadam ki, yenidən gözəl ölkənizə səfər edirəm. Qeyd etdiyiniz kimi, bu gün keçirdiyimiz təkbətək görüş çox məhsuldar olub. Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik. İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var.

 

Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir.

 

Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı surətdə faydalı əlaqələr davam edir. Əminəm ki, bu səfərdən sonra biz əməkdaşlığımızın daha da dərinləşməsini, bütün sahələrdə dərinləşməsini görəcəyik. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

 

X X X

 

Görüşdə iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

 

***

 

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzaladılar.

 

Azərbaycan Respublikasının energetika naziri, Hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzaladılar.

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukraynanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.

 

***

 

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

 

Əvvəlcə Ukrayna dövlətinin başçısı bəyanatla çıxış edib.

 

Prezident Volodimir Zelenskinin bəyanatı

 

- Çox sağ olun.

 

Sabahınız xeyir, hörmətli jurnalistlər, hörmətli qonaqlar.

 

Hörmətli cənab Prezident.

 

Xanımlar və cənablar.

 

Bu gün mən məmnuniyyətlə Kiyev şəhərində bizim etibarlı tərəfdaşımız, mənim dostum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini salamlayıram. Onun səfəri böyük rəmzi xarakter daşıyır, xüsusi bir səfərdir. Əslində, bizim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər baş tutur.

 

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq.

 

Biz, həmçinin təbii ki, münasibətlərimizin gücləndirilməsinə xüsusi diqqət yetirəcəyik. Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır.

 

Əlbəttə, biz bilirik ki, pandemiya qlobal səviyyədə hələ davam edir. Lakin COVID-19-a baxmayaraq, əslində, 7 il ərzində ilk dəfə olaraq bizim ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər.

 

Biz, həmçinin bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəldik. Azərbaycan və Ukrayna prezidentləri bu məsələyə də öz dəstəyini veriblər. Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.

 

Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.

 

Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.

 

Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.

 

x x x

 

Sonra Azərbaycan dövlətinin başçısı bəyanatla çıxış edib.

 

Prezident İlham Əliyevin  bəyanatı
 

Hörmətli cənab Prezident.

 

Hörmətli xanımlar və cənablar.

 

Xoş sözlərə görə cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq.

 

Prezident qeyd etdiyi kimi, yaxın gələcəkdə biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik, fevralın 6-da. Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.

 

Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi, Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var. Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları istirahət edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq.

 

Bu gün geniş müzakirə etdiyimiz məsələlər haqqında Prezident artıq öz çıxışında bildirdi. Əlavə etmək istəyirəm ki, müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.

 

Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

 

Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.

 

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

 

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.

 

Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun.

 

***

 

Yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.

10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar
10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinə səfər edib
10 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
04 May, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
23 Aprel, 2022 / Rəsmi xronika Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib
21 Aprel, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin, Şuşada inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub
13 Aprel, 2022 / Rəsmi xronika Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib
08 Aprel, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib
11 Mart, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
26 Fevral, 2022 / Rəsmi xronika Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər
25 Fevral, 2022 / Rəsmi xronika BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin videoformatda çıxışı təqdim olunub
21 Fevral, 2022 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gəlib
14 Fevral, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar
04 Fevral, 2022 / Rəsmi xronika Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüş keçirilib
04 Fevral, 2022 / Rəsmi xronika Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib
20 Yanvar, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
01 Yanvar, 2022 / Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
28 Dekabr, 2021 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib
25 Dekabr, 2021 / Rəsmi xronika Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində olublar
25 Dekabr, 2021 / Rəsmi xronika Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak edib