"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında
Çap et

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına tapşırılsın:

2.1. büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirsinlər;

2.2. büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il aprelin 1-dək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər;

2.3. tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, aidiyyəti dövlət orqanlarının və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə təqdim etdikləri adlı siyahını 10 (on) gün müddətində icmallaşdıraraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

 

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın:

4.1. 10 (on) gün müddətində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı əsasında müvafiq məlumatları “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi alt sistemi”ndə olan məlumatlarla üzləşdirsin və bu barədə müvafiq məlumatları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

4.2. məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılsın.

 

6. Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 17 mart 2016-cı il

№ 132