"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının məbləğinin müəyyən olunması və onun ayrılması Qaydasının təsdiq edilməsi haqqında
Çap et

Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının məbləğinin müəyyən olunması və onun ayrılması Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli, 577 nömrəli Fərmanının 2-ci bəndinin 3-cü abzasının və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlәrin sosial – məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi təbdirlər haqqında" 2002-ci il 13 may tarixli, 700 nömrəli Fərmanının 5-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının məbləği hər ailəyə 1 (bir) milyon manat olmaqla müəyyən edilsin.

 

2."Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

3.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Neft Fondu bu qərarın icrasından irəli gələn məsələləri həll etsin.

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 19 noyabr 2002-ci il
№ 182

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 19 noyabr tarixli, 182 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması

 

QAYDASI

 

1.Bu Qayda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarında didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlәrin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli, 577 nömrəli Fərmanının 2-ci bəndinin 3-cü abzasına və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli, 700 nömrəli Fərmanının 5-ci bəndinə əsasən hazırlanmışdır və Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması mexanizmini müəyyənləşdirir.

 

2. Yuxarıda göstərilən fərmanlara əsasən torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının verilməsi məqsədi ilə vəsait həmin fərmanlara uyğun olaraq ayrılmış məbləğ daxilində Dövlət Neft Fondunun 2002-2003-cü illər üzrə təsdiq edilmiş büdcəsinin müvafiq xərc maddəsində nəzərdə tutulur və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Dövlətqaçqınkom) xəzinədarlıqda olan xüsusi hesabına köçürülür.

 

3. Aidiyyəti rayon icra hakimiyyəti orqanları yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımı verilməsi məqsədi ilə həmin məcburi köçkün ailələrinin ailə başçıları göstərilməklə təsdiq edilmiş adlı siyahısını 1 ay müddətində Dövlətqaçqınkoma təqdim edirlər.

 

4. Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımı bu məqsədlə təqdim edilmiş adlı siyahılara əsasən Dövlətqaçqınkom tərəfindən Birləşmiş Universal Səhmdar Bankının yerli filialları vasitəsi ilə, Dövlətqaçqınkomun və aidiyyəti rayon icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə ödənilir.