"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında
Çap et

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. [1]

 

1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

 

1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin.

 

1-3. Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 22,0 (iyirmi iki) manat məbləğində müəyyən edilsin. [2]

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 yanvar 2017-ci il

    № 1206

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 14 fevral 2017-ci il tarixli 1243 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 187)

 

2. 16 aprel 2018-ci il tarixli 1920 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 671)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 14 fevral 2017-ci il tarixli 1243 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 187) ilə 1-ci hissədə “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra “(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

16 aprel 2018-ci il tarixli 1920 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 671) ilə 1-ci hissədə “36,0 (otuz altı)” sözləri “40,0 (qırx)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 fevral 2017-ci il tarixli 1243 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 187) ilə yeni məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilmişdir.

 

16 aprel 2018-ci il tarixli 1920 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 671) ilə 1-3-cü hissədə “20,0 (iyirmi)” sözləri “22,0 (iyirmi iki)” sözləri ilə əvəz edilmişdir.