"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
ƏSASNAMƏ
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2005-ci il

№ 187

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında

 

ƏSASNAMƏ [1]

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. [2]

1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3.Komitə bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

1.4. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [3]

1.5. Komitə müstəqil balansa, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.6. Komitə Bakı şəhərində yerləşir.

 

2. KOMİTƏNİN ƏSAS VƏZİFƏLƏRİ 

 

Komitənin əsas vəzifələri aşağıdakılardır:

 

2.1.qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

2.2.qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək;

2.3.qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək;

2.4. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək;

2.5. qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq;

2.6. qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq;

2.7. qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək;

2.8.məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək;

2.9. qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək;

2.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [4]

2.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

 3. KOMİTƏNİN ƏSAS FUNKSİYALARI

 

Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir:

 

3.1.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; [5]

3.2.qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir;

3.3.qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verir;

3.4.qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir;

3.5.qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin açılması məqsədilə istehsal infrastrukturunun yaradılmasında müvafiq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir;

3.6.məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir;

3.7.müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların kiçik sahibkarlıqla məşğul olmaları üzrə tədbirlər görür;

3.8.qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir;

3.9.işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür;

3.10. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

3.11.müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;

3.12. "qaçqın" statusu alan şəxslərin yerli şəraitə uyğunlaşması və onların sosial problemlərinin həlli üzrə zəruri tədbirlər görür; [6]

3.13.qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir;

3.14.beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparır;

3.15.əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrı-ayrı şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə təmin edir;

3.16.qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir, analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlər, sorğu-məlumat bülletenləri və s. nəşr etdirir; [7]

3.17.məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir;

3.18.qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin layihələndirilməsi tapşırığını yerinə yetirir;

3.19.öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır;

3.20. qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumlan ilə qarşılıqlı əlaqədə həyata keçirir;

3.21.qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət orqanlarına təqdim edir;

3.22.qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir;

3.23. qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən konfranslarda, seminarlarda və başqa tədbirlərdə müzakirə edir;

3.24. tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir;

3.25. səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil edir;

3.26. qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir; [8]

3.27. qaçqınların və məcburi köçkünlərin ərizə və şikayətlərinə baxır və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür;

3.28. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

 

 4. KOMİTƏNİN HÜQUQLARI

 

Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün Komitənin aşağıdakı hüquqları vardır:

4.1. qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.2.Komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək;

4.3. qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;

4.4. Komitənin səlahiyyətlərinə dair məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;

4.5. məcburi köçkünlərin aylıq yemək xərcləri üçün nəzərdə tutulmuş müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət etmək, bu sahədə qanun pozuntuları aşkar edildikdə onların aradam qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və zəruri hallarda müvafiq orqanlara müraciət etmək;

4.6. qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət təşkilatlan ilə qarşılıqlı əlaqədə tədbirlər görmək;

4.7. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlamaq, onları müvafiq dövlət orqanları ilə razılaşdıraraq təsdiq etmək;

4.8. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

4.9. qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

 5. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

5.1.Komitənin mərkəzi aparatı, onun strukturunda olan regional şöbələr və digər qurumlar Komitənin vahid sistemini təşkil edir.

5.2. Komitənin ştat sayının həddi və onun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.  [9]

5.3. Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan sədr rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin, funksiyaların və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. [10]

5.5. Komitənin sədri:

5.5.1.Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir; [11]

5.5.4. Komitənin mərkəzi aparatının işçilərini, tabeliyində olan qurumların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür ; [12]

5.5.5 qüvvədə olan qanunvericilik əsasında icrası məcburi olan əmr və sərəncamlar verir.

5.6. Komitədə sədrdən, onun müavinlərindən, Komitənin rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. [13]

5.7. Komitənin kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.8. Kollegiyada Komitənin əsas fəaliyyəti və işinin təkmilləşdirilməsi məsələlərinə baxılır, qaçqın, məcburi köçkün və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə bağlı siyasətin həyata keçirilməsi, çıxarılmış qərarların icrası, kadrların seçilməsi, yerləşdirilməsi, tabeliyində olan qurumların fəaliyyəti müzakirə edilir və müvafiq qərarlar qəbul olunur.  [14]

5.9.  Kollegiya öz iclaslarında səlahiyyətləri daxilində digər məsələlərə də baxır.

5.10. Komitənin kollegiya iclasları üzvlərinin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Kollegiyanın qərarları bir qayda olaraq sədrin əmri ilə həyata keçirilir.

5.11. Kollegiya qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.12. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda, iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilər. [15]

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 2.4-cü, 3.3-cü, 3.10-cu, 3.11-ci, 3.13-cü, 3.14-cü, 3.20-ci, 3.27-ci, 4.1-ci, 4.3-cü və 4.6-cı bəndlərdə ", məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin" sözləri "və məcburi köçkünlərin" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 1.1-ci bənddə "qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi" sözləri "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi" sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 1.4-cü bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

1.4. Komitənin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

[4] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 2.9-2-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.1-ci bənddən “qaçqın” və ya” sözləri çıxarılmışdır.

 

[6] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.12-ci bənd çıxarılmışdır.

 

[7] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.16-cı bənddə ", məcburi köçkünlər və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə" sözləri "və məcburi köçkünlərlə" sözləri ilə əvəz edilmişdir.

 

[8] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.26-cı bənddə ", məcburi köçkünlərə və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə" sözləri " və məcburi köçkünlərə" sözləri ilə əvəz edilmişdir.

 

[9] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə 5.2-ci bənddə «Komitə sisteminə daxil olan təşkilatların» sözləri «onun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[10] 29 noyabr 2012-ci il tarixli 756 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti 4 dekabr 2012-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1116) ilə 5.4-cü bənddə “bir” sözü “iki” sözü ilə əvəz edilsin və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[11] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə 5.5.2-ci bənddə «onun tabeliyində olan təşkilatların əsasnamələrini» sözləri «qurumlarının əsasnamələrini (nizamnamələrini)» sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.5.2-ci və 5.5.3-cü bəndlər aşağıdakı redaksiyada verilmişdir

 

Əvvəlki redaksiyada deyilirdi:

 

5.5.2. Komitənin mərkəzi aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

5.5.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin mərkəzi aparatının və onun büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

 

[12] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.1-ci və 5.5.4-cü bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

 

[13] 29 noyabr 2012-ci il tarixli 756 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 noyabr 2012-ci il, № 267, “Azərbaycan” qəzeti 4 dekabr 2012-ci il, № 270) ilə 5.6-cı bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilmişdir.

 

[14] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə 5.5.4-cü və 5.8-ci bəndlərdə «struktur bölmələrinin» sözləri «qurumların» sözü ilə əvəz edilmişdir.

 

[15] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.12-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.