"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Birləşmiş Millətlər Təşkilatı (BMT)
Çap et

Birləşmiş Millətlər Təşkilatı (BMT)

 

Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv olmuş və həmin ilin payızında BMT Bakıda öz ofisini açmışdır. İlkin mərhələdə BMT-nin fəaliyyəti Azərbaycandakı Nümayəndəliyi vasitəsilə fövqəladə humanitar yardımların göstərilməsi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən insanlara yardımların edilməsinə yönəlmişdir. Zaman keçdikcə, BMT-nin Azərbaycandakı fəaliyyəti öz məcrasını daha uzunmüddətli sosial-iqtisadi inkişaf ehtiyaclarının həllinə doğru dəyişmişdir.

 

1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələb olunur.

 

BMT-nin agentlikləri tərəfindən 1992-2015- ci illər ərzində Azərbaycanda humanitar və inkişaf layihələrinə təxminən 290 milyon ABŞ dollarından çox həcmində vəsait ayrılmış, ondan 115 milyon ABŞ dolları BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Azərbaycandakı Nümayəndəliyinin  xətti ilə, 100  milyon ABŞ dolları BMT-nin Qaçqınlar  üzrə Ali Komissarının (BMTQAK) Azərbaycandakı Nümayəndəliyi xətti ilə sırf qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan şəxslərin sosial müdafiəsinə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilmişdir. 

 

1992-2000-ci illərdə Azərbaycanda BMT-nin 9 agentliyi fəaliyyət göstərmişdir.   Hazırda isə ölkəmizdə 5 BMT agentliyi fəaliyyət göstərir:

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında keçirilən görüşlər:

 

2006-cı ilin iyulun 26-da BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru cənab Ceyms Morrisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin iştirakı ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir sıra kompakt məskunlaşma obyektlərində - Sabirabad rayonu ərazisindəki “Qalaqayın” çadır düşərgəsində, İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında və Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olub;

 

2007-ci ilin aprelin 2-6-da BMT Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi təyin olunmuş cənab Valter Kalinin Azərbaycanda rəsmi səfəri həyata keçirilmişdir. Səfər proqramına uyğun olaraq cənab V.Kalin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüşdür. Eyni zamanda, V. Kalinin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərində, Qaradağ, Sabirabad, İmişli və Biləsuvarda rayonlarında olmuş, bu rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb;

 

2010-cu ilin mayın 20 - də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ilə görüşüb. BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin 2010-cu ilin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə - əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxmışlar, daha sonra laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü ərazisinə səfər edib;

 

2010-cu ilin mayın 25-də Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb;

 

2010-cu il iyunun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu “Hyatt Regency” hotelində Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirmişlər. Keçirilən mərasimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Quterreşinin “İmkan yaratmalıyıq ki, onlar gələcəyini itirməsinlər”, xoşməramlı səfir Anjelina Colinin “Gəlin onlara kömək edək ki, evlərinə qayıtsınlar” fikirlərinin vurğulandığı videomüraciətlər, “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş etdirilib;

 

2011-ci ilin iyunun 17-də Azərbaycan və İsveçrə hökumətləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması – FAO təcrübəsinin ölkənin digər rayonlarında yeni salınan digər qəsəbələrdə təkrarlanma imkanları” mövzusunda konfrans keçirilib;

 

2014-cü ilin mayın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşüb;

 

2014-cü ilin mayın 20-də BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Ağdam rayonuna gəlib. Əvvəlcə qonaqlar rayonun Quzanlı qəsəbəsi yaxınlığında, yol kənarındakı çiy kərpicdən tikilmiş evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə və Ağdam rayonundan məcburi köçkün Aslan Rüstəmovun evinə gələn qonaqlar ailənin yaşayış şəraiti ilə tanış olublar. Sonra Çaloka Beyani 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gəlmişdir. Sonda BMT rəsmisi Ağdam musiqi kollecində olmuş və burada uşaq xor dərnəyinin ifasını dinləyib;

 

2014- cü ilin mayın 22-də Ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron rayonunun Masazır qəsəbəsində köçkün ailəsi üçün salınmış məhəllə ilə tanış olub. Çaloka Beyani Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında da olub;

 

2014-cü ilin iyun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdəki fəaliyyət müddəti başa çatmaqda olan BMT-nin «Uşaq Fondu» (UNİCEF) beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb;

 

2015-ci ilin dekabrın-11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və “İnkişaf Proqramı”nın Rezident nümayəndəsi Antonius Bruku qəbul edib;

 

2016-cı ilin martın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin “İnkişaf Proqramı”nın Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Ercan Muratı qəbul edib;

 

2016 iyunun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Azərbaycan Respublikasındakı yeni Rezident Əlaqələndiricisi və “İnkişaf Proqramı”nın Rezident nümayəndəsi Qulam İshaqzaini qəbul edib;

 

2017-ci ilin oktyabr 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb;

 

2018-ci ilin mayın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

 

2019-cu ilin iyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

 

2019-cu ilin iyulun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. 

 

2019-cu ilin oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb;

 

2020-ci ilin oktybarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə humanitar məsələlərin həlli və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib;

 

2021-ci ilin iyunun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə sədr Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb. BMT təsisatlarının əhalinin həssas kateqoriyalarından biri olan məcburi köçkünlərlə bağlı keçirilən layihələrinə görə təşəkkür bildirilib.

 

2021-ci ilin sentyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüşüb.

 

2022-ci ilin martın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) ölkəmizdə səfərdə olan icraçı katibi xanım Priti Sinha və Fondun baş müşaviri Zəkəriyə Fellah ilə görüşüb.